“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası
17 iyul 2025
# 14:48

1991-ci ildə Həsən və Ənvər Əbluc qardaşlarının quruluş verdiyi “Pəncərə” filminin çəkilişlərindən 34 il keçir.

Kulis.az film haqqında materialı təqdim edir.

1991-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Pəncərə” filmini istehsalata buraxdı. Yazıçı, dramaturq İsi Məlikzadənin ssenarisi əsasında çəkilən filmə Həsən və Ənvər Əbluc qardaşları quruluş verdi.

Məzmunu: Sosial dram janrında çəkilmiş “Pəncərə” filmi qanunsuzluq, qəddarlıq hökm sürən, əslində, yetim evi olub internat adlanan məktəbdə “tərbiyəçi”-müəllimlərlə “tərbiyə olunan” – şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir.

Ənvər Əbluc: "Povestin kino dilinə çevrilməsində Ramiz Rövşənin də rolu oldu"

“Pəncərə” filmi Həzrəti Məhəmməd peyğəmbərin(S) aşağıdakı kəlamları ilə başlayır:

“Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana Allah-Təala qiyamət günü əzab verməz".

Əslində, elə zamanında çəkilən "Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişməsinə çağırır.
Filmin çəkildiyi il digər respublikalarla yanaşı, Azərbaycanda da durum çox ağır idi. Kino sahəsində olan acınacaqlı vəziyyət isə o an üzə çıxdı. Ancaq belə məqamda hər şeyi sakit şəkildə müşayiət etmək o qədər də asan məsələ deyildi. Rejissor Ənvər Əbluc əksər həmkarları kimi cəmiyyətdə baş verənləri sakit müşayiət etməkdənsə, üstünlüyü dövrün nəbzini tutan əsərlərdən birinin ekran variantını yaratmağı düşünür və buna nail olur da.

Ənvər Əbluc film haqqında danışarkən öncə rejissor işini xüsusilə qeyd edib:

“Filmin görən gözü, çəkiliş vaxtı aktyora istiqamət verən, onun diqqətini hər hansı bir məqama yönəldən rejissordur. "Pəncərə" filmi mən deyərdim ki, tragikomediyadır. Filmdə kimsəsiz, atılmış uşaqların acı taleyindən bəhs olunur. Filmin yaranma tarixinin çox maraqlı tarixçəsi var. Xatırladım ki, rejissor kimi sərbəst olaraq quruluş verdiyim "Qara gölün cəngavərləri" tam da olmasa müəyyən mənada uşaq filmi hesab olunur. Çünki filmin əsas qəhrəmanları uşaqlardır. Bu film məni yalnız Azərbaycanda deyil, eyni zamanda Moskvada uşaq filmlərinin rejissoru kimi tanıtdı".

Yalnız bir filmlə uşaq filmləri rejissoru kimi tanınan Ənvər Əblucun yaradıcılığı yazarların da diqqət mərkəzində dayanıb:

“Günlərin birində kinostudiyanın həyətində görkəmli yazıçı İsi Məlikzadə ilə qarşılaşdım. hal-əhvaldan sonra yazıçı "Ənvər, hazırda maraqlı bir povest üzərində işləyirəm, istərdim ki, onun ekran vraiantı sən yaradasan. Ona görə ki, sən uşaq filmldərini yaxşı çəkirsən" deyə təkliflə mənə müraciət etdi. Təklif məni sevindirdiyi qədər də, təəccübləndirdi. Çünki o vaxta qədər mən yalnız bir uşaq filmi çəkmişdim".

Yeri gəlmişkən, İsi Məlikzadə ilə Ənvər Əblucun bu söhbəti 1987-ci ilə təsadüf edib. Və yazıçının yazdığı povest onun tərəfindən "Dolaşaların Novruz bayramı" adlandırılmışdı. Povestin qələmə alınması uzun bir vaxt apardığı kimi onun ədəbi ssenari və sonrakı rejissor ssenarisinə çevrilməsi də bir neçə ilə başa gəlib.

Bir 11 nəfər şəkili ola bilər

Rejissor deyir ki, o dövrdə "Azərbaycanfilm" kinostudiyasının direktoru Ramiz Fətəliyev, baş redaktoru isə Ramiz Rövşən idi:

“Povestin kino dilinə çevrilməsində Ramiz Rövşənin də rolu oldu və beləliklə bir neçə il povestin üzərində iş prosesi getdi. Əsərdən fərqli olaraq onun ədəbi variantının işləndiyi məqamdan tutmuş rejissor ssenarisinin işləndiyi və çəkiliş prosesinin başlandığı məqamlardan ssenari üzərində bir çox dəyişikliklərin olması təbiidir. Hazırlıq prosesində ekran əsərinin inkişaf dövrü olur. Məhz bu inkişaf dövründə artıq hansı səhnələri çəkib-çəkməməyinə qərar verirsən".

Filmdə baş qəhrəmanlardan biri bıçaq düzəltməkdə mahirdir və daima da cibində bıçaq gəzdirir. İsi Məlikzadənin qələmə aldığı əsərdə bıçaq məsələsi elə cibdə də qalır. Ancaq əsərdən fərqli olaraq filmdə bıçağın qınından çıxarılmasına ehtiyac olub:

"Çexovun belə bir fikri var: "Tamaşanın əvvəlində divardan asılı vəziyyətdə görünən tüfəng son səhnədə mütləq atılmalıdır". Ancaq "Pəncərə" filminin ədəbi ssenarisində bıçaq elə cibdə olan formada təqdim olunurdu. Bu səhnəni işləyərək bir qədər dəyişdirdik. Qəhrəmanın canı boğazına yığıldığı bir məqamda o, bıçağı tərbiyəçi-əslində isə internatda qaniçənlik edən Nəsibin qarnına soxmaqla bir növ qisas alır”.

Filmdə rejissor ssenarisində olan əlavələrdən biri də qızın oğlanla birgə qaçdığı səhnədir. Rejissor deyir ki, qıznan oğlanın görüşü və onunla birgə qaçması səhnəsini bir növ xəyali formada hazırladıq. Yəni qəhrəmanımız bu səhnəni bir növ, xəyalında canlandırır.

Bir 2 nəfər, buşlat və palto şəkili ola bilər

Həsən Əblucun rejissor kimi filmə hər hansı bir əlavəsi olmayıb

1987-ci ildən hazırlıq prosesi başlayan ssenarinin çəkiliş prosesi 1990-cı ilin qanlı yanvar hadisələrindən bir neçə ay sonra baş tutub. Yaradıcı heyət müəyyənləşdirilən zaman Həsən Əbluc da filmə rejissor kimi dəvət olunur.

Ə.Əbluc deyir ki, filmin istehsalata buraxıldığı illərdə həsən Əbluc çalışdığı teatrda böhranlı günlər yaşayırdı, lar doğrsunu desəm, bir rejissor kimi sıxışdırılırdı. Ancaq heç vaxt gileylənməzdi. Sadəcə olaraq Həsənin simasından, davranışından hiss edirdim ki, çox sıxılır. Ona təklif etdim ki, gəl, filmi birgə işləyək. Təklifim Həsəni uşaq kimi sevindirdi. Əslində isə hələ prosesinə hazırlaşdığım zaman Həsənin könlündən keçib ki, o da rejissor işinə kömək etsin. Ancaq bunu dilinə gətirməyə cəsarət etməyib. Çünki xasiyyəti belə idi, ürəyindən keçəni dilinə gətirmirdi. Ancaq mən qərarımı vermişdim. Çıxardığım qərar barədə kinostudiyanın direktoru Ramiz Fətəliyevə də məlumat verdim. O, "ixtiyar sahibi özünsən, kiminlə istəyirsən onunla da işlə" deyə mənə dəstək olduğunu bildirdi”.

İki qardaşın birgə rejissor ssenarisində nə kimi fikir ayrılıqları olub və yaxud əksinə, bu da çox maraq doğurur. Ancaq Ənvər müəllim deyir ki, filmin rejissor ssenarisini özü işləyib və Həsən Əblucun da rejissor kimi hər hansı bir əlavəsi olmayıb. Yalnız bir təklifdən başqa:

"Buna təklif də demək olmazdı. Ssenariyə əsasən filmdəki uşaqlardan birinin - Rövşənin atası bir vaxtlar içkiyə qurşanmış, sonralar isə peşmanlıq hissləri ilə oğluna dönərək onunla yenidən birgə yaşamaq arzusunda olduğunu bildirir. Baxmayaraq ki, Rövşənin atası roluna aktyor təsdiq etmişdim. Ancaq bu rolu oynamaq yox, məhz yaratmaq Həsənin könlündən keçdiyi üçün o bu barədə mənə dedi. Etiraz etdim və "filmi birgə çəkirik, bu kifayətdi. Həsən mənim etirazıma qarşı susdu. Bu söhbətdən 5-6 gün sonra Həsəni saqqal buraxmış vəziyyətdə gördüm. Onu da hiss etdim ki, artıq rəftarında da dəyişikliklər var”.

Bu da o demək di ki, sözlə qardaşını, həmkarını başa salmaq iqtidarında olmayan Həsən Əbluc görünüşü ilə Rövşənin atası roluna hazır olduğunu və bu obrazın məhz onun ifasında dolğun alınacağını sübut etmək istəyirdi:

"Ola bilsin ki, belə idi. Ancaq mən yenə də özümü başa düşməz vəziyyətdə saxladım. Sonra gördüm yox, filmin rəssamından, operatorundan tutmuş az qala bir hissəsi mənə qarşı çıxaraq etiraz etdilər. Onların hər biri Həsənin ata obrazına çəkilməsini təkid etdilər və onu da qeyd etdilər ki, "görmürsən, artıq o obraza hazır vəziyyətdədir". Etiraf edim ki, çox inadkar olduğum üçün sözü yalnız bir dəfə deməyi xoşlayıram. Xoşbəxtlikdən bu dəfə inadkarlığım tutmadı və Həsənin epizodik olan ata roluna çəkilməsinə razılıq verdim".

Bir 2 nəfər və palto şəkili ola bilər

Çəkiliş vaxtı bəlkə də Həsən Əbluc qədər obraza ürəklə yanaşan aktyor olmayıb. Səbəb məlum idi, aktyor çəkiliş prosesinə artıq əvvəlcədən özünü hazırlamışdı. Ssenariyə əsasən uşaqların tərbiyə olunduğu internat məktəbində ikili xarakter daşıyan bir direktor obrazı olub. Hazırlıq proseslərində bir çox aktyorlar direktor obrazı üçün yoxlansalar da, onların oyunu rejissoru qane etməyib. Və sonda Ə.Əbluc belə qərara gəlib ki, direktor obrazını özü oynasın. Qeyd edək ki, Ə.Əbluc Moskvada rejissorluqdan əvvəl aktyorluq fakültəsini bitirib və tələbəlik illərində bir çox rol oynayıb:

"Aktyorluq dirlomumun olmasına baxmayaraq direktor rolunun yaratmaqda bir qədər tərəddüd keçirsəm də sonda Həsənin rejissor işinə olan arxayınlığım qəti qərar qəbul etməyə vadar etdi. Onu da qeyd edim ki, tələbə vaxtı kurs işində də məcbur olub özüm rol oynamışdım".

Filmə baxanlar Ənvər Əblucun ifasında direktor obrazının ilk epizodlarda nə qədər çox həlimlik, qayğıkeşlik nümayiş etdirsə də sonrakı epizodlarda uşaqların haqqının tapdanması, onları vəhşicəsinə döydürdüyü zaman özü sakit halda durub tamaşa etməsi və s. kimi məqamlar necə də təbii alınıb.

Rejissor deyir ki, çəkilişdən əvvəl tanıdığım məktəb direktorlarından birinin fəaliyyəti ilə yaxından tanış olmuşdum:

“Şahid olub görmüşdüm ki, həmin məktəb direktorunun rahat şəraitdə fəaliyyət göstərməsinə imkan vermirlər, tez-tez ondan rüşvət alırlar və s. Və direktor da rüşvət verdiyi üçün məcbur olub rüşvət də alır. Bütün bunları görə-görə artıq öz qəhrəmanımın obrazını dolğunlaşdırdım. Mənim qəhrəmanım da siz qeyd etdiyiniz kimi əvvəlki səhnələrdə uşağın cibinə pul qoyub başını sığallayır, bu biri tərəfdən isə uşaqların zəhmətindən istifadə edir. Əslində isə pul heç onun cibində də qalmır, rüşvət verilir. Çox təəssüf ki, bu kimi hallara tez-tez rast gəlirik”.

Filmdə tərbiyəçi rollarından birinə Yaşar Nuri çəkilib.

Aktyoru kinostudiyaya dəvət edən rejissor birbaşa "Yaşar, bizim filmimizdə bir tip var, sən də tipsən, bu rolu oynayarsan? deyə soruşu. Hazırcavablığı ilə seçilən aktyor "mən tip deyiləm, ancaq filmdəki tipi oynayaram" deyə rejissora cavab verir.

Bir 3 nəfər və uşaq şəkili ola bilər

Filmdə əsas qəhrəman rollarında uşaqlar çəkilib

Filmin çəkilişləri bir çox məkanlarda-Qaradağda, Şəkidə, kinostudiyanın pavilyonunda lentə alınıb:

"Filmdəki internat məktəbi Qaradağ rayonunda yerləşən internat məktəbində çəkmişik. Əsas rollardan başqa, digər epizodda iştirak edən uşaqların hamısı həmin internatın uşaqlarıdır. Bundan başqa, valideynlərdən birinin mətbəxə keçərək qazanları yoxladığı epizodda yeməklər haqda məlumat verən qadın internatda dərs hiscə müdiri vəzifəsində çalışır. Hətta o yerə kimi filmdə çəkdik ki, uşaqlara stəkan əvəzinə bankada kompot verirdilər".

Rejissor onu da qeyd edir ki, çəkiliş vaxtı filmin 90 faizi internatda lentə alınıb.

Çəkiliş vaxtı Əhsən rolunda çəkilən İlham Babayevin xəyalən özünü öz yurdunda-meşəlikdə təsvir etdiyi kadrlar Şəkidə lentə alınıb. Hətta filmin xəyələn təqdim olunan kadrlarında atdan da istifadə olunub:

"Çəkiliş vaxtı xəyal səhnəsində at lazım idi, ancaq o dövrdə atlar sanki qeybə çəkilmişdi. Nəhayət ki, atı Şəkidə tapdıq. Oğlanın bir tərəfə çəkilərək xəyala daldığı səhnələr kinostudiyanın pavilyonunda çəkmişik".

Qeyd edək ki, film üçün seçilən əsas qəhrəman rollarında əsasən uşaqlar çəkilib. Etiraf etmək lazımdır ki, filmdə uşaqların oyunu bir-birini tamamlamaqla yanaşı onların üzündə olan ifadələr də sanki kimsəsiz qalan uşaqların durumunu özündə əks etdirirdi.

Rejissor deyir ki, uşaqların hamısı çəkiliş vaxtı artıq o əhval-ruhiyyə üzərində köklənmişdilər. Uşaqların lap kiçiyi Vasif rolunun ifaçısı mənim oğlumdur.

Filmdəki epizodların birində Vasif rolunu oynayan Abbasqulu Əbluc dizlərini yerə qoyaraq quzu kimi mələməsi və uşaqların da onun səsinə səs verərək mələşməsi çox canlı alınıb.

Adətən, uşaqlarla işləyən rejissorlar çəkiliş vaxtı bir çox vasitələrdən istifadə etməklə uşaqlara bir növ psixoljci təsir edirlər ki, nəticədə də onların oynadıqları rollar təbii çıxır. Ancaq Ənvər Əbluc uşaqlarla işləyən zaman hər hansı bir vasitəyə əl atmır:

"Sadəcə uşaqlarla ümumi dil taparaq onlarla işləyirəm. Çəkiliş vaxtı oğlum(filmə çəkiləndə 8 yaşı olub) digər uşaqlara qoşularaq oynayırdı. Birdən ona acıqlanaraq "Abbas, özünü yaxşı apar” deyə ona acıqlandım. Baxıb görürəm ki, axşam evdə anasına şikayət edir. Sonra ona başa saldım ki, sənə acıqlandım ki, digər uşaqlar da özlərini yığışdıraraq bir qədər davranışlarına fikir versinlər. Uşaqların üz ifadələrindən məlum idi ki, onlar "öz oğluna belə deyən əlbəttə ki, bizə qarşı da sərt olacaq" demələri aydın idi".

Bir 4 nəfər və mətn şəkili ola bilər

Filmdə uşaqların peşəkarcasına siqaret çəkdiklərinə heyrətlənməmək olmur. Fikirləşirsən ki, bu uşaqlar ya əvvəlcədən siqaret çəkən olublar, ya da bu pis vərdişin günahkarı rejissor olub.

"Bir dəfə filmdək baş rolun ifaçısı Ruslan Nəsirovla rastlaşdım. Fikir verib görürəm ki, siqaret çəkir. Ona xitabən "Axı mən vicdan əzabı çəkirəm, sənə siqaret çəkməyi öyrətdiyim üçün". Cavabında "Ənvər müəllim, mən o vaxtacan başlamışdım siqaret çəkməyə" dedi.

Qeyd edək ki, filmin adı üzərində bir çox fikir ayrılıqları olub. Əslində, "Pəncərə" adının bir çox məna çalarları var. Pəncərə simvolik məna daşıyıcısı kimi də işlənə bilər və yaxud xəbərdarlıq kimi də. Ənvər Əblucun bu ada yanaşması bir növ ölümə işarə kimi təqdim olunur. Filmdə pəncərənin o biri üzü elə o biri dünyaya işarə kimi görünür.

Rejissor bu fikirlə razılaşır:

“Bu adı məhz İsi Məlikzadənin təkidlə edilən xahişindən sonra qəbul edərək filmə verdim. Pəncərənin o tərəfi artıq ölümdür, necə ki, sonuncu səhnədə uşaq özünü pəncərədən ataraq intihar edir. Bu xəbərdarlıq xarakeri də daşıyır. Yəni, baş verən faciəli hadisənin bir də baş verməməsi üçün gələcəyimiz hesab etdiyimiz uşaqları qorumalıyıq".

Film yüksək səviyyədə qarşılansa da, geniş tamaşaçı kütləsi qazana bilmədi:

"Çünki elə bir dövr başlamışdı ki, artıq geniş tamaşaçı auditoriyasını itirmişdik".

Buna baxmayaraq, rejissora ünvanlanan tamaşaçı fikirləri bir daha sübut edir ki, film zamanında çəkilmiş və internat məktəblərində mövcud olan problemlərin hamısını olmasa da, bir qismini özündə əks etdirə bilmişdir ki, bunda da Ənvər Əblucun böyük rolu olmuşdur.

Bir 2 nəfər rəngsiz şəkli ola bilər

Filmin yaradıcı heyəti;

Ssenari müəllifi İsi Məlikzadə, quruluşçu rejissorlar Həsən və Ənvər Əbluclar, operator Elxan Əliyev, rəssam Rafiq Nəsirov, bəstəkar Mobil Babayev, səs operatoru Akif Nuriyev, quraşdırma çəkilişlərin operatoru Həmzə Əhmədoğlu, rəssam Rauf Dadaşov, II rejissor Mayak Kərimov.

Rollarda iştirak edirlər: Yaşar Nuri(Nəsib), Ənvər Əbluc(direktor), Valeh Kərimov(Əhsənin atası), Həsən Əbluc(Rövşənin atası), Elxan Quliyev(milis kapitanı), İlham Babayev(Əhsən), Ruslan Nəsirov(Köçəri), Abbasqulu Əbluc(Vasif), Təvəkkül İsmayılov(Burxan), Zemfira Əliyeva(Sultannisə), Fikrət Məmmədov(milis leytenantı), Emil Bayramov(Qurban), Simuzər Atakişiyeva(Nərminə), Rövşən Cahangirov(Səməd), Xəlil İsmayılov(Ceyhun) və b.

aki.az

# 196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #