Kulis.az Taleh Yüzbəyovun “Orta statistik Rasim” filmində baş Rollardan birini – Rasimin həyat yoldaşını oynayan aktrisa, radio aparıcısı Kəmalə Onurla film haqda söhbəti təqdim edir.
- Kəmalə xanım, özünüzü peşəkar saymırsınız, amma bildiyimiz qədər, İncəsənət Universitetini bitirimisiniz...
- Bəli, əslində İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil almışam. Fərhad İsrafilovun və Azərpaşa Nemətovun tələbəsiyəm. Özü də İncəsənət Universitetində təhsil almaq üçün bir xeyli mübarizə aparmışam. İlk diplomumu Azərbaycan Dillər Universitetindən alsam da, ikinci təhsilə evdəkiləri razı salmaq üçün xeyli əziyyət çəkdim. Üç dəfə yaxşı bal və qiymətlərlə Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum, amma ikinci təhsil ödənişli olduğu üçün oxuya bilmirdim. Yadımdadır, qabiliyyət imtahanında hər il mənə “beş” yazan Kamal Xudaverdiyev, axırda dedi, adaş, bir də imtahana gəlsən, sənə qiymət yazmayacam. Universitetdə oxuduğum dövrdə Azərbaycan teatrı və kinosu kifayət qədər böhranlı bir dövrünü yaşayırdı. Nə maaş qane edirdi, nə də yaradıcılıq üçün geniş şərait vardı. Həmin dövrdə incəsənət sahəsində qala bilən adamların fədakarlığı qarşısında baş əyirəm. Mən bacarmadım və o vaxt üçün daha yaxşı maaş təklif edən, həm də yaradıcılıq imkanı olan başqa bir sahəyə, radioya üz tutdum. Radionu çox sevsəm də, aktyorluq mənim ilk eşqim olub! Bəlkə elə ona görə, universitetdən ayrılandan sonra da həmişə bu mövzuda oxuyub, öyrənmə ehtiyacım olub. Özümü peşəkar saymamağıma gəldikdə isə, məncə insanı təcrübə peşəkar edir. Kənardan asan görünə bilər, birinin yaxşı, ya pis oyununu müzakirə etmək də çətin bir şey deyil. Amma mən bu işin peşəkarıyam demək üçün ən azı kamera ilə dost ola biləcək qədər təcrübə vacibdir. Bir də aktyorluq formada qalmağı tələb edən, daim üzərində işlənməli bir sənətdir. Mən isə bu işin sadəcə nəzəriyyəsini bilirəm.
- İlk rolunuz da yəqin tələbəlik illərinə təsadüf edib. Necə xatırlayırsınız?
- İlk rolum tələbə olmağa cəhd etdiyim vaxtlara təsadüf edir. Vaqif Mustafayevin “Yoxlama” filmində bir epizoda çəkildim, ordan aldığım qonorar isə mənim İncəsənət Universitetində ilk ilimin təhsil haqqını ödəməyə kömək etdi.
- “Yüz” prodakşnla işləmək təklifi necə gəldi?
- Taleh Yüzbəyov mənim qrup yoldaşım olub. Universitet illərindən tanışıq. O, məndə olan sənət sevgisini ən yaxşı bilən adamlardandır. Həmişə deyirdi ki, səni çəkəcəm. Bir gün də zəng elədi ki, yarım saat vaxtın var, hazırlaş, gəl, reklam çəkirik. Sonra ötən ilin ən çox baxılan reklamlarından birinə - “Kart” reklamına dəvət etdilər. Əsəbi bir kassir obrazı tapşırdılar, sağ olsunlar, sayələrində düz bir il hansı marketə girirdim kassirlər incik-incik deyirdilər ki, bəyəm biz eləyik? (Gülür). Sonra başqa bir reklam, beləliklə, yavaş-yavaş “Yüz” prodakşın ailəsinin bir üzvünə çevrildim.
- Necə oldu ki, məhz sizi seçdilər?
- Reklam çəkilişləri vaxtı Taleh tez-tez deyirdi ki, serial çəkəcəm. Xalası qızı ilə evlənib bədbəxt olan bir kişinin dramı, sən də məni bədbəxt edəcəksən. Məncə bu səndə yaxşı alınar. Bu potensialı məndə gördüyü üçün Talehə xüsusi minnətdaram).
- Deyəsən, reklam və tanıtım çarxlarından sonra ilk filminiz “Orta statistik Rasim” oldu.
- Bəli, “Orta statistik Rasim” ilk filmdir. Ssenarisini oxuyanda çox təsirləndim. Film adı mənimçün böyük məsuliyyətdir. Bilirdim ki, Talehin başqa işləri kimi baxılacaq, müzakirə olunacaq. O qədər həyəcan keçirirdim ki, izaha gəlməz. Filmin çəkiliş prosesi də vaxt və resurs azlığından xeyli əziyyətli oldu. Ona görə, məncə, maraqlı təcrübədir.
- Facebookda və efirdə sizi çox mülayim, mehriban insan kimi tanıyırıq. Amma filmdəki rolunuz tam əks bir obrazdır...
- Filmdəki Kəmalə ilə fərqimiz çoxdur, bəli. Mən məsələlərə pozitiv baxan, deyib-gülməyi sevən, kimisə incidə bilməyən, yumşaq adamam. Amma hamımız yüzdə yüz gözəl xüsusiyyətlərdən ibarət deyilik. Demək, mənim də duyğu, davranış yaddaşımda belə xüsusiyyətlər varmış ki, lazım olanda üzə çıxdı.
- Diqqət etdinizsə, bu obrazınızı da sosial şəbəkələrdə reklamdakı kassir kimi qınayanlar oldu. Bu, rolun uğuru deməkdir, yəqin ki...
- Məni daha çox kişilər qınayır. Çünki, heç kim onu anlamayan həyat yoldaşı istəmir. Xüsusilə Azərbaycan kişiləri fədakar qadınları sevir. Rasimin həyat yoldaşı Kəmalə isə məişət problemlərindən yorulmuş, hər şey üçün qardaşına ağız açmaqdan bezmiş qadındır. Öz ərini daha fərasətli görmək istəyir, daha yaxşı yaşamaq, uşağını xoşbəxt etmək kimi arzuları var. Bir sözlə, onun da öz həqiqətləri var. Sosial şəbəkələrdə qınanmağıma baxmayın, yolda, ictimai nəqliyyatda mənə yaxınlaşıb haqq qazandıranlar az deyil. Hətta bir neçə gün əvvəl bir orta yaşlı qadın dedi ki, hamı Rasimə acıyır, mənimsə sizə yazığım gəldi, elə kişi ilə bir gün də yaşamaram mən. İstənilən halda, filmə hərə öz pəncərəsindən baxıb, öz ağrıları ilə yanaşır deyə hamını anlayıram. Müzakirə olunması isə filmin uğurudur.
- Özünüz öz rolunuza necə qiymət verdiniz?
- Filmə baxanda çox həyəcanlı idim. Zemfira Abdulsəmədova, Hikmət Rəhimov, Səmimi Fərhad, Elcan Rəsulov, Rauf Şahsuvarov kimi peşəkarlarla eyni filmdə oynamaq elə də asan deyil. Hətta, əvvəlcə axıra qədər baxa bilmədim. Film yayımlanandan sonra o qədər xoş söz eşitdim ki, ürəkləndim. Filmi bəyəndim, etmək istədiklərimi etmişdim, amma Talehə də dedim ki, daha yaxşı ola bilərdi. Bəlkə, kamera ilə doğmalaşdıqca daha rahat olacaq mənim üçün, bunu da zaman göstərəcək.
- Taleh tanınan və sevilən aktyordur, onunla tərəf-müqabil olmaq çətin deyil ki?
- Taleh çox ağıllı və həssas tərəf-müqabildir. Tamaşaçıya ötürdüyü doğma enerjidən bizə də xeyli pay düşür. Səmimiyyəti oynayanlardan deyil. Onunla işləmək həm maraqlıdır, həm əyləncəlidir. Ciddi işlə yanaşı o ki var deyib-gülürük də. Ümumiyyətlə, komanda çox əladır. İşgüzar, istedadlı, ağıllı və zövqlü adamlarla işləməkdən kim şikayətçi olar ki?
- Çox güman əməkdaşlığınız davam edəcək. Konkret dəvət almısınızmı növbəti seriyalara?
- Hələ növbəti seriyanın ssenarisindən xəbərim yoxdur. Yəqin, əməkdaşlığımız davam edər. Mənim üçün çox maraqlı və zövqlü işdir, ona görə davamlı olmasını istərdim.
- Aktrisa kimi özünüzü sübut etsəniz hər şeydən ayrılıb bu sənətin ardınca gedərsinizmi?
- Zamanında mənə mane olan səbəblər aradan qalxsa, maraqlı işlər təklif olunsa, eyni zamanda bu, həm də məni maddi cəhətdən təmin etsə, böyük zövqlə bu işlə məşğul olaram. O qədər etmək istədiyim şeylər, qeydlər, yaşantılar, müşahidələr var ki, o günləri gözləyən. Amma bu məsələlər bir az da şansa bağlıdır. Mən radionu sevirəm. Bu gün sadəcə filmdən danışdıq. Radioda da kifayət qədər faydalı və maraqlı işlər gördüyümü düşünürəm. Nəyin ardınca gedəcəyimizi isə həmişə özümüz təyin etmirik. Qarşımızda görünən yoldan da çox şey asılıdır. Odur ki, qismət...
- Müsahibə üçün təşəkkürlər.
- Mən təşəkkür edirəm, həm sizə, həm oxucularınıza.