25 ildən sonra tapılan YAZI

25 ildən sonra tapılan YAZI
18 iyun 2014
# 16:19

Kulis.az Xalq Yazıçısı Mövlud Süleymanlının “Ev ruhları” yazısını təqdim edir.

Müəllifdən: Tələbə vaxtı indiki Ermənistan ərazisindəki Qaraxaç (Qarakas) yaylalarından yazdığım yazını itirmişdim. İyirmi-iyirmi beş illik bir keçmişdən ürəyimə yazının nisgili sızırdı... İmkan düşdükcə axtarırdım. Axır ki uzun illərdən sonra tapdım. Xeyli vaxt keçmişdı, içimdə də çölümdə də çox şeylər dəyişmişdi, amma yazıda toxunduğum dərd dəyişməmişdi; dərd dərddi, dərdin ağı- qarası olmur, təzəsi-köhnəsi olur...

Bu köhnə dərdin bugünkü, yəni təzə havasından da çilədim bir az, bir də adını dəyişməli oldum. Əvvəlki adı “Evimiz haqda nağıl”dı.

O vaxtlar, yəni 1960- cı illərdə yaşadığım ağrıya belə bir ad qoya bilərdim; “...nağıl...” 1990-cı illərdəsə düşündüklərimin, məni ağrıdan düşüncələrin nağıl olmadığını anladım. Nə isə...yazını dönə-dönə oxudum, torpaqla, yurdla bağlı bu dərdlər, bu sıxıntılar çox tanışdı...

Dərdin tanış gəlməyi necə olur?!

Yəni, dərd ağrısıyla yada düşər, dərdi ağrısıyla tanıyarlar. Bu ağrını da tanıdım, bu dərdin də kökü tanışdı. Ağlım kəsəndən bəri göynərtisini çox yaşamışam. Bu yurd ağrısıdı. Ağrını içimizdə gəzdirə-gəzdirə qorxaqlıq deyim, kütlük, köləlik, ürək açıqlığı, yoxsa adicə, əh, deyim, əh, deyirəm...-Əh,- dedik, yurdlarımızı, torpaqlarımızı itirdik, yurdlar yağılara qaldı.

Bizim xasiyyətimizdə-xarakterimizdə köləlik çalarları yoxdu, kinsiz- hikkəsiz, nifrət etməyi, bicliyi, şeytanlığı, araqarışdırmağı, altdan- altdan birləşməyi, iş görməyi bacarmayan xalqıq. Nə dedilər inandıq, hara dedilər, üz tutduq, “...yalan aparar, qaytarmaz...” Biz belə qayıtdıq. İtkilərimiz böyük, qazandıqlarımız az, əli boş, düşüncəsi qanlı...

Beləcə, 1967-ci ildə yazdığım yazını 1993-cü ildə “ Ev ruhları” adıyla bir də işlədim, Sizə təqdim etməyi gərəkli bildim...

Ev ruhları

...Şəhərin uca binalarının arasında, heç nə anlatmayan, heç nə deməyən bu səs-küyün içində yığılıb, sıxılıb bir qırıq olmuşam; kəndimizi xatırlayıram. Kəndimizin kişiləri bircə-bircə evlərinin görünüşündə-görkəmində gözlərimin önünə gəlir... Bu mənim uşaqlıq xasiyyətimdi: evi yiyəsinə oxşadıram, hələ ayaqqabılarını da... Gerçəkdi hər halda, boş yerə deməyiblər ki, mal yiyəsinə oxşayar.

Kəndimiz gözlərimin önündədi, darıxa-darıxa, qəribsəyə-qəribsəyə evimizi xatırlayıram. Atam davaya gedib, qayıtmayıb. Atamın üzünü görməmişəm, ona görə də evimizi babama oxşadıram...

Babamın üzüylə üz gətirən,

otu, çiçəyiylə söz gətirən,

suyu, bulağıyla göz gətirən,

kökü içimdən bitən yurdum.

Ağ qarda- göy buzda itən yurdum,

yumdum gözlərimi, səni gördüm...

Dağların ucalığında,

suyların aydınlığında,

yemlikdə, yarpızda qalan,

Vətən içində Vətən yurdum.

Səni ellərə verdim,

boyuma boz ip ölçəsən,

özümə kəfən yurdum...

Yerişim qədər önümdə,

qanım qədər dərində olan.

Görməyim qədər çölümdə,

3

özüm qədər məndə olan.

Qurdların səsiylə ulayan,

yuxularımı, ruhumu dalayan,

teleqraf telləriylə göynəyən,

sularıyla qaynayan,

yelləriylə ötən yurdum...

Su üstündə sındırılmış sənəyinə,

əmcəyi kəsilmiş inəyinə,

qapında yiyəsiz ölən itə,

yəhərsiz, yüyənsiz qalan ata,

döşündən əmdiyim südə,

And olsun!

Nəvəmə, nəticəmə,

kötücəmə, iticəmə,

yeticəməcən uzansam da

sənə çataram...gözlə!

O yumşaq, o sərt,

o mübarək torpağına

bükülüb yataram...gözlə!

***

Hər axşam nərdivanımızla

yol qırağına çıxır evimiz,

tüstü əlini uzadıb göyə, yollara baxır evimiz...

Səsim yox, sorağım yox,

dayanıb yol qırağında, gözləyir...

4

***

Bir gün evimizlə ələ- ələ tutduq,

- Ya, lələ,- dedik, getdik kəndimizdən.

Bütün ağrıları, ayrılıqları unutduq.

Evimiz yol boyu bayatı dedi...

Sözləri nəmliydi.

Bu quyruğu uzun dünya,

yalmanı, yallığı qızıl dünya

gəlimli- gedimliydi...

Otu bitirdi, suyu axırdı yenə,

gedənin dalınca, gələnin yanınca

baxırdı yenə.

Yenə yaxşını pisdən irdələyirdi,

pislər qalırdı yenə, yaxşıları dənləyirdi.

Qazanı qaynamış kimiydi,

əppəyi bişmiş kimi...

Minillik söz vardı dilinin ucunda,

eşələnib özünə yer eləyirdi,

qırt düşmüş kimi...

cücə çıxaracaydı.

Hər cücə bir baş daşının

yanında durub adam çağıracaydı...

Hələlik dərə xəlvətdi, tülkülər bəy,

Yurdda kölgələr qaynaşırdı.

Soy-soy olmuşdu, toy- toy,

yel vururdu, yengələr oynaşırdı...

5

Biz evimizlə tutduq əl- ələ,

- Ya lələ,- dedik,

çıxdıq kəndimizdən.

Dünya böyük bir oyundaydı,

İrişə-irişə alıb aldadırdı yenə,

gün bir çatı boyundaydı,

xoruzların beli boşalmışdı,

adamları banladırdı yenə...

Gəldiyimiz yeri unuda- unuda, getdiyimiz yerdən qorxa- qorxa, az getdik, uz getdik, tərs getdik düz getdik, rast gəldik Qarakəlləoğluna. Bura qançanağı Ağrıdağdı...

Qarakəlləoğlu qoyun otarırdı, bizdən aralı,

Qoyun deyildi otardığı, ağrılarıydı,

Sərmişdi güneyə ağlı- qaralı...

Evimiz onu səslədi:

- Yurdun qaz örüşüymüş, Qarakəlləoğlu,

yol azığın yoxmu?

Yerişin ördək yerişiymiş, Qarakəlləoğlu,

yaxının, uzağın yoxmu?

Oturdun nə anladın, dağılmışın oğlu...?!

Sazla dediyimiz kimi sözlə də dedik. Dedik: -gəldiyi yeri bilməyən, getdiyi yeri bilərmi? Hardan gəldiyini niyə bilmirsən, bə? Ağlaya- ağlaya daşlara nə yazırdın, iki min il qabaq, Gün Təkin adında... Öz yazdığını özün niyə oxumadın, ay, daşlara dönmüş, ay yıxılmışın oğlu? Gəldiyin yollar, qoyduğun adlar dəyişmədi, sən niyə dəyişdin bə?

Götür tütəyini, bir hava çal.

Qarakəlləoğlu güldü:

- Yenə hara belə,- dedi,-ay saqqalı çal, saçı çal?

Uşaq şəhərə gedir,-dedi, evimiz,- yola salıram.

Qarakəlləoğlu bir hava çaldı,

Evimiz birdən-birə döndü yumağa,

Gözümün önündəcə qocaldı...

Tütək ağladı, elə bildim mən ağlayıram...

- Aslanların mahnısını bilirsənmi?-soruşdum.

Gözləri yol çəkdi, Qarakəlləoğlunun,

qoyunları ayaq döydü,

quzuları mələdi.

Aşağıda səhənglərini qoyub

oynadı qızlar...

Evimiz onlara əl elədi.

Tütəyin səsi

qırdı pencəyimin düymələrini,

açıldı döşlərdə çiçək- çiçək...

Evimiz dedi:

- Niyə qırdın düymələrini,

şəhərdə sənə soyuq dəyəcək...

Az getdik, uz getdik, yenə dərə- təpə düz getdik. Getdik bir dəyirmana çatdıq...

Qazlıq dağından azca aralıydı,

Bir dəyirman, divarları uçuq, yaralıydı...

Sak Mödü dən üyüdürdü,

dən deyildi, dərd idi,

ət kimi çəkib, dən kimi seçib dərdini üyüdürdü,

dərdi ağlı, qaralıydı...

Evimiz dedi:

- Nə üyütdüyünü bilirsənmi, Sak Mödü?

Dərd dərddi, dərdin ağı, qarası,

qanlısı, qansızı yoxdu.

Sən dərdi dərddənmi seçə bilərsən,

başına gələnlər haqdandı, haqdı.

Bir vaxt ki, özünə dərd əkərdin

özün əkdiyindi, biçə bilərsən...

Bu çarx qana dolanır, Sak Mödü,

Dərddə su olmaz, qanlıdı, qanlı.

Ah-fəğan tutubdu, dörd yanı,

dərd də canlıdı, canlı...

Niyə daş atdın qardaşına,

yağı ki doluydu?

O yol ki, getdin özbaşına,

şeytan yoluydu...

Bu qanın üstündən keçmə,

tapmazsan yurdunu daha.

Dərdi qanlıya qansıza seçmə,

üyüt, üyüt dərdini daha...

Eey, özünə yağı, yadlara qul,

bilirsənmi hardadı yurdun?

Axtar, ancaq özündə bul,

Qanına gedən yoldadı yurdun...

Gəlib Sak Mödünün çənəsinin altını kəsdirdim, hara baxdığı bilinmirdi. Deyilənləri eşitdimi, eşitmədimi, nədisə bir əldən dəyirmanın dənliyinə atırdı. Barmaqlarının arası qanlıydı, dırnaqlarını gəmirib yediyindəndi yəqin. Bir də soruşdum:

- Aslanların mahnısını bilirsənmi?

Sak Mödüyə noldu, birdən birə?

Off, əzəldən sür- sümükmüş demə,

vaxt ötdü, quruca sümüyü qaldı.

Yoxluqdan asılmış bir tükmüş demə,

dünyanın tozuna yüklənib qaldı...

Getdik, gördük balaca bir qız yolda bardaş qurub beşdaş oynayır.

Ağ daş, qara daş,

Allah mənə bir yoldaş...

Gülüşü ölmüşdü dodaqlarında,

özündən aralı gülümsəyirdi.

Qəbri asılmışdı ayaqlarından,

ovcuna hovxururdu, üşüyürdü...

Kölgəydi başındakı, saçları yoxdu,

biz yalandıq, O, haqdı...

Əlləri cənnət quşu kimi ötürdü, çiçək qoxusu gəlirdi, nəfəsindən.

Gözləri də yoxdu,

aylı bir qaranlıq baxırdı, gözlərinin yerindən...

Ah, bu hancarı duyğudu ki,

nə qalan yaddadı, nə ölən...?!

Ay evim, ay lələm, ay başına dönüm,

beləmi olurmuş haqdan gələn?

Evimiz dedi, Sak Mödünün qızı Tutudu. Bu öləndə sən uşaqdın. Sözlə dediyini sazla da dedi:

Bir qara dam vardı, içində Tutu,

böyüdü, Mödünün əlindən tutdu,

-Akka,- dedi, ayaqlarını yudu...

Çəliyi çiçək-çiçək çiçək açdı əlində.

Bir qara dam vardı, içində Tutu,

bir çimdik səsdən də yırğalanırdı,

hərdən səslənirdik, dar ayağında,

bir azca da döz, o ki, dözmüsən,

günaha batarsan qoca çağında.

Deyirdi, ürəyimi tutub yıxılacağam,

Tutunu qurtarın, nə qədər sağam...

Bir gün hay düşdü ki, Sak Mödünün evi yıxılıb, Sak da Tutu da altında qalıb. El yeridi, onları torpağın altından çıxartdı; Tutu ölmüşdü, Sak Mödü yox...

Üzdü göz yaşında, üzdü bir gəmi,

qovdu onu oxşamalar, ağılar,

hönkürtülər oldu yelkəni,

insanlar ardınca verdi səs- səsə.

Bir soluq nəfəs tək gedirdi Tutu,

Üzürdü gəmiylə gedər gəlməzə...

Başımızı qaldırıq ki, Tutu yoxdu. Bizdən aralı bir uşaq gülümsəyirdi. Evimiz soruşdu: - kimin qızısan? -Qız deyiləm, oğlanam,- dedi uşaq.- Qarakəllənin oğluyam...

- Ay, batala qalsın, Qarakəlləoğlunu, qoyun otarmaq deyil onunku, özünü otarmaqdı. Şəhərdən küsüb, kənddən niyə küsür, deynən qayıtsın kəndə...

Beləcə, orda ayladıq, illədik, burda iclaslar dinlədik, onu orda soyub, bunu burda döyüb, yersizi yerlinin yerinə qoyub, əlimiz tüklənənəcən, ətimiz tökülənəcən, içimiz kirlənənəcən aldıq verdik, qapını bağladılar, bacadan girdik, ayağı başda, başı ayaqda gördük, axşamnan yeriha- yeri, səhər hamıdan geri, əlimizdə ikinin biri, atdıq atana, durğuz yatana, günaha batana, evindən itənə, oba satana, aftafa tutana dəyə- dəyə gəldik, bir kəndə çatdıq.

Yolsuz- yolağasız bir kənddi,

ölüsü dirisindən çox.

Beş evi vardısa min qəbri vardı,

xırdası irisindən çox...

Nə gerisi bəlliydi, nə irəlisi,

min ağıllısına dəyərdi, bir dəlisi.

Hamının buynuzu vardı, amma içəridə,

nə ərsizdilər, nə ərdə.

Düz oturub əyri qandırandılar,

nə od vardı, nə ocaq,

yalan yandırandılar...

Bir- birini suya aparıb

susuz gətirirdi.

Torpaq yalançı olmuşdu,

yalan bitirirdi...

Yellənçək asılmışdı içlərindən,

şeytanlar yellənirdi.

Erkəklər dəmlənə- dəmlənə enlənir,

Dişilər güllənirdi.

Itləri vardı, süfrə başındaydı,

qızları qeybətdən qarı yaşındaydı...

- Var olmayasan səni, belə kənd...! Qum kimi qıvrılasan, saman kimi sovrulasan, sümükdən ayrılasan...!- dedi evimiz.- Ocağın sönər, dibin görünər, çörək tutar səni, oğlun atar səni, qotur tapar səni, dırnaq tapmazsan. Hanı tüstün, viran qalmış? Bu nə havadı oynayırsan?! Kimin havasıdı? Anasız qalarıq...yalanı söz üstündən, çörəyi diz üstündən götür! Gedən gəlməyəcək, əlini göz üstündən götür...!

Eey, Tanrı dağlarını aşanlar,

Dağları aşdız da pozduz səfləri,

Getdi ardınızca yolu çaşanlar,

Sizi qəhr olasız, kafir evləri...

Kafir evləri dönüb baxdı,

baxdılar evimizin üstündəki yamağa,

güldülər göbəyi qalxa- qalxa...

Evimiz utandı əyin –başından,

Utanma,- dedim,- qardaşım işləyir daha, sənə təzə divar alacaq...Sonra dönüb bütün evlərin başı üstündən qışqırdım:

- Eheeey, aslanların mahnısını bilənlər...!

***

Səsim boşluqlara düşüb heç nə anlatmadan əriyib getdi... Boşluqdu çünki, baba gətirdiyini nəvə götürmədi, ağırdı, dedi. Adın ağırdı, saqqalın ağırdı, çayda balıq yan gedır, onlar da bir-birinə sürtüşə-sürtüşə quru yolu yaş bilib yan getdilər...

Nə adları qaldı, nə saqqalları; yada oxşamaq asandı, yada oxşaya-oxşaya on beş-on altı yolun (respublikanın) ayrıcında “Urrraa” deyib o yan bu yana qaçışırdılar. Hamı qalstuqlu, kostyumlu idi, ayıb yerləri görükürdü, amma...Millət axı, öz abrına bükülər.

Abır da tarixdi, tarixi də bilmədikləri üçün onun –bunun gözünə kül üfürə-üfürə çırt atırdılar.

Yenə var gücümlə qışqırdım...

- Heey...! Aslanların mahnısını bilən varmı?!

Gəlib əlimnən-ayağımnan yapışıb yellədilər. Yellədilər- yellədilər, dayanıb yuxarı baxdılar. Yuxarıdan səs gəldi:

- Aparın, köpəklərə atın, çox aslan, aslan deyir, atın, deyin, Tanrı dağları köpəklərin qarnındadı, köpəklər yeyib Tanrı dağlarını, get axtar!

Qanlı bir ağız yaddaşımda mahnı oxumağa başladı...

Hey, hey, yağılarım, heey,

Hanı nər oğullarım?

Cənnət qoxuyan çöllərim hanı?

Hanı, yuxumun yuvası düzlərim?

Hey, hey yağılarım he- eey,

Hanı aslan südlü qızlarım?!

Tanrı dağlarını aşanlar hanı?

Hanı Tanrı uğuruyla qoşanlar

Hey,heyy,yağılarım,hee-ey,

Yurdum, soyum, ilkim hanı?

***

Bu qanlı ağzımla haykırdığım,

Sazım, sözüm, türküm hanı?

Uzaqdan qatarın fit səsini eşitdim...Belə səslər dağlar arasında fəryada oxşayır. Qatarın tüstüsü burula- burula buludlara qalxırdı, adama elə gəlirdi ki, tüstü deyil, bu da səsdi, qatarın səsi...

Çatdıq qatara,

Qatar hara, biz hara...

Bilmədim, hardansa bir daş atdılar,

sındı evimizin şüşə gözləri.

Başladı qaçmağa vağzaldakılar,

qanla doldu, bütün ayaq izləri...

fit verdi qatar bir də,

ayaq izləri yuyuldu.

Baxdım qatarın pəncərəsindən,

Evimiz bir andaca yox oldu...

Görürsənmi, 1963-cü ildə yazıb yaşadıqlarıma bir də 1993- cü ildə qayıtdım, amma bu ağrını unutmaqdımı? Yox, yurd ağrısını, ayrılığını başacan yaşamaq olmur, ona görə ki, yurd quruca torpaq deyil, yurd quruca torpaq olsaydı, ölməklə bitirmək olardı. Yurd Vətəndi. Vətən də elə belə yaranmır, yəni qurulmur, tikilmir, uşaq kimi bətnə düşür, doğulur...Sənin hisslərindən, duyğularından doğulur. Onunçün də Vətən başqasının ola bilmir, minillər boyu yad əllərdə qalsa belə Sənə bənzəməyini itirmir, çünki Səni gözləyir. Unutma gözləyəcək...!

Ömrüm boyu bu ağrı mənimlə qaldı, indi də mənimlədi, sözə, dilə gətirdim, amma yurd insan deyil ki, ağrısını çəkib, ayrılığını yaşaya biləsən....yaşaya bilmədim, ağrılara qayıdıb 2006- 2007- cı illərdə də “ Yarpaqsızlığ”ı yazdım...

YARPAQSIZLIQ...

Kimə axır çayımız, görəsən?

Görəsən, körpüsündən keçilirmi?

Səhəng salınırmı,

arat alınırmı görəsən...?

Görəsən, suyu içilirmi?

Əslində çıxıb getdiyimiz

yolların səsini axır, çayımız...

başından ayağınacan ayrılığımızdı,

ardımızca balıq kimi baxır, çayımız.

Axır, ağzıayrıq dərələrdə

başını daşlara döyə- döyə...

Axır, yadları-yağıları yuya- yuya.

Biz də axdıq, xəcalət təri kimi

İndi ruhumuz ulaşır orda...

Yuxularımız daşlara dolaşır orda...

Göy üzündə gözlərini döyür quşlar,

mat-məətəl...

Daha dağları aşmır yoxuşlar,

qanrılıb geri baxır:

- Gəəəl...!

Özünü qayadan atdı,

yurdda qalan at da...

Qızlarıyla özünə qəsd etmiş

Gültəkin ana kimi...

İtimiz anlamadığı ayrılığı yaşadı,

boynunda zəncir,

sümük olana kimi...

Daşlara qamçı kimi dəyir, bizsiz,

Günəşin istisi.

Hələ yurdun üstündədi,

getmir heç yana,

soyumuş ocaqların tüstüsü...

İndi küləklərin ağzıyla

yiyəsizlik, yalqızlıq ulayır, orda,

gicitikanları bizi boyda olub

öz-özünü dalayır, orda...

Qayıtmağımız yaşayır içimizdə,

qaranlıqlar boyu

Ay süzən kimi...

Üzüm aşkara gülür,

fikrim oralarda gəzən kimi...

Öləziyir ocaq yerləri,

qaralır, sönür ovcumda,

yanığı ürəyimdədi,

iyi burnumun ucunda...

Bütün günahları yer örtər,

yurdu itirməyi yox...

Ayıbımızı yer gizləməz,

yurd bizsizdi,

yerdən götürəni yox...

Kimə axır görəsən çayımız...?

Gecələri qara paltardı, bilirəm,

içi boşluqlarla dolu...

Eləcə uzana qalıb

körpülərin qolu...

Getməz üstündəki yük,

gözləri yurd yerlərindən böyük...

Bir kərə qardaşımla vurdular məni,

bir kərə dayımla öldüm,

bir kəz əmimlə...

Yedim qələmimi, uddum...

Doğrayıram içimi indi, qıyma- qıyma, qələmimlə.

Yedim qələmimi çeynədim, uddum...

Özümü kafir bazarında adımı satarkən tutdum...

Elə bil əllərə geyiblər məni,

əlcək kimiyəm...

elə dinc, elə rahat, elə yurdsuz,

böcək kimiyəm...

Kimə doğur Günəş,

kimə baxır...?

Qamçı səsi çıxardır istisi,

boşluqlara dəyməkdən...

Yiyə səsi eşitmir,

ağaclar qaldı, böyüməkdən,

gözüm kəlləmə çıxıb,

qüssə ögüməkdən...

Dünyanın qurdu ulayır,

Tayı ölmüş qurd kimidi yurdlar...

Yurd yoxdu deyən,

ata oğula yaddı,

Biz ölmədiyimizçün ölüyük...

Öləcəkdik,

Allah səbr verə- verə başımızı qatdı...

Səbrimizi də qoyduq qaçdıq, qəbrimizi də,

xortdamış kimiyik, indi.

Bir idik, bütöv idik,

partlamış kimiyik, indi...

Nolsun, güllə boşaltmırıq hirsimizə,

Nolsun, özümüzü o yerə qoymuruq,

Nolsun, tətiyə doymuruq...

Su keçməzdi aramızdan,

adalar kimi bölündük, qaldıq,

ruh idik, dolaşırdıq yurd boyu,

yad eldə göründük, qaldıq...

Ata deyil, qul olam,

Ana deyil, baş əyəm...

Allah deyil, yoxluqda olduğunu anlayam,

yurddu, yurddu bu...!

Dərmanı qanımızdadı,

bütün dərdlərə dərddi bu...!

Bayraq kimi ucalmalıykən

yad əllərdə gördüm yaralarımı...

Özümü gizlətməkçün

divar tək hördüm yaralarımı...

Hördüm yaralarımı,

qala divarları tək,

qollarım mənim deyil,

batmış qayıq avarları tək...

İşsiz, yiyəsizdi əllərim,

mənim deyilmiş kimidi.

Ağlayın əzələlərimə,

içi yeyilmiş kimi,

ruhu əyilmiş kimidi...

Bağla yollarımı, atam,

hara getdiyimi bilənəcən.

Gedib- gedib itəcəm...

“Kəndigəlmə” yabanı bitgilər tək

düşmən səmtə bitəcəm...

Çevir gülməyimi o biri üzünə,

mənim gülməyim deyil...

Anlat, anlat ki,

bu boyda ölümlər,

hələ ölməyim deyil...

Ey, yurd itirmiş...!

Külək kimisən,

bağlı qapılara dəyib

əsib gedəcəksən, eləcə...

Ey, yurdsuz- yuvasız yurd qızı...!

Sən də çiçək kimisən, amma yarpaqsız,

çılpaq görünəcəksən, eləcə...

Tökdüyün qanlarla güclüsən, bil,

hörmə yaralarını,

yarpaq açacaqsan,

yaralarını yaşa, ağrılarında görün...!

yoxsa çılpaq qalacaqsan,

yurda bürün...

Yazılma tarixi: ÖMÜR BOYU

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #