Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
30 aprel 2018
# 17:33

Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini hər birinci gün təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevirilib və "Xəzər" jurnalında çap edilib.

Əvvəli burda

Sonra isə, vücudumun başqa hallarıyla bağlı xatirələr oyanmağa başladı: divar bir başqa səmtə sarı uzanıb gedirdi, mən kənddə öz otağımda, xanım de Sen-Lunun yanındaydım. İlahi! Saat on bir olmalıydı; görünür, artıq şam yeməyini yemişdilər! Görünür, mən xanım de Sen-Lu ilə adi axşam gəzintisindən, yəni frak geyməzdən öncə həyata keçirdiyim gəzintidən sonra, uzun müddət yatmışdım. İllər öncəsi, biz gəzintidən Kombreyə gec qayıdanda, pəncərəmin şüşələrində qürub şəfəqlərinin müxtəlif çalarlarını görürdüm. Tansonvildə, xanım de Sen-Lugildə tamamilə başqa həyat tərzi sürürlər; haçansa gün işığında sevinclə keçdiyim yol boyunca axşamlar ay işığında gəzməkdən xüsusi həzz alırdım; biz qayıdanda, mən uzaqdan, öncə yatacağım, sonra oyanıb şam yeməyinə getmək üçün əynimi dəyişəcəyim otağımı görürdüm; mənim otağım lampamın işığına – gecənin zülmətindəki yeganə mayakın işığına qərq olmuş şəkildə görünürdü.

Dumanlı xatirələrin zühur etməsi hər dəfə bir neçə saniyə davam edirdi; dəfələrlə qısa zaman kəsimində harada olduğumu anşıra bilmirdim, onun nədən ibarət olduğunu sezməyim kinotoskopda qaçan atı ayırd edə bilmək səviyyəsindən də aşağı olurdu. Bununla belə, mənə yaşamaq nəsib olmuş gah bir, gah da digər otağı görürdüm, ən azından ayılaraq, uzun müddət arzularıma qapılırdım, hər şeyi sonunacan xatırlayırdım; budur, bax, bu, qış otağıdır, orada yatağa girincə üzüqoylu bir yuvaya qısılırsan, sən o yuvanı cürbəcür şeylərdən: yastığın bir küncündən, yorğanın üst tərəfindən, mələfənin bir ucundan, çarpayının bir qırağından, qəzetdən düzəldirsən, sonra bütün bunları quş üsuluyla hörmələyib-bərkidib qeyri-müəyyən vaxt ərzində onun içində yerlənib-yataqlanırsan (dəniz qaranquşları da eləcə, yerin dərinliklərində, torpağın isti qucağında özlərinə yuvalar qururlar); xüsusilə, soyuqlarda dünyadan təcrid olmağının ləzzətini hiss etdiyin qış otaqları – o otaqlar ki, bütün gecə uzunu buxarısı alovlanırdı, qığılcımların uçuşduğu isti və tüstülü geniş hava bürüncəyi altında, xəyallara sığmayan bir taxtda, otağın içində qazılmış isti bir oyuqda, yerini dəyişən sərhədlərin yandırıcı zolağında, üzümüzü şəfəqləndirən və həm də otağın buxarıdan aralı, pəncərəyə yaxın küncündən əsən, buna görə də xeyli soyuq olan hava axınına bürünərək yatırdın; budur, bunlarsa yay otaqlarıdı: bu otaqlarda isti gecələrlə həmahəng olmaq canayatımlı olur; burada aralı qalmış pəncərə örtüyündən düşən ay işığı çarpayının ayağınacan öz sehrli nərdivanını uzadır; burada, təmiz havada, günəş şüasının ucunda küləkdən yırğalanan arıquşu sayağı yatırsan; bəzən, XVI Lüdovik üslubundakı bu otaq o qədər şən olur ki, hətta mən birinci gecə özümü burada bədbəxt hiss etməmişdim, bu otağın tavanını çiyinlərində rahatca saxlayan nazik sütunlar çarpayı üçün yer etməyə mane olmamaqdan ötrü incəliklə aralanıb yol verirdilər; bu otaq – balaca və hündür tavanlı, bir hissəsi qırmızı ağacdan ikimərtəbə hündürlüyündə düzəldilmiş və ilk saniyələrdən nard çiçəyinin tanış olmayan ətriylə ruhən zəhərləndiyim və bənövşəyi pərdələrin yağı kəsildiyinə inandığım, sanki mən burada yoxammış kimi divar saatının etinasızcasına işlədiyi bu ehram bəzən tamamilə özünə oxşamırdı; burada hər şeyə yad və amansız olan, otağın künclərindən birini çəpinə kəsmiş kvadratşəkilli, ayaqlı güzgü öz sükunətiylə mənim öyrənib bildiyim, dinclik dolu və daim gözlənilməz təəssüratlar doğuran boşluğa çırpılırdı; burada otağın dəqiq görünüşünü qavramaqdan ötrü saatlarla diqqətimi cəmləyərək ucalara can atmağa yönələn düşüncələrimlə onun qıfşəkilli nəhəng quruluşunu ağzınacan doldurmaq üçün əzablı gecələr uzunu iztirab çəkirdim; bu zaman gözlərim açıq, ürəyim çırpıntı içində uzanır, qulaqlarımı şəkləyib ətrafa qulaq kəsilir, vərdişim ucbatından pərdələrin rəngi gözlərimdə dəyişməyənə qədər, saatı susmağa məcbur etməyənədək, çəp və amansız güzgüyə əzab çəkməyi təlqin eləməyənəcən burnumla nəfəs almamağa çalışırdım, bu isə, nard çiçəyinin ətrini yumşaltmır və göz görəsi tavanın diqqətəçarpan ucalığını azaltmırdı. Bu vərdişə söz ola biməzdi, amma o məni hədsiz dərəcədə astabasar bir gözəlik yaradıcısına çevirmişdi! Bu vərdişlə, öncə müvəqqəti məkanımızda həftələrlə şüurumuzun tabladığı əzablara fikir vermirdim, amma hesab eirdim ki, bu vərdişə yiyələnən xoşbəxtdi, yoxsa heç kim öz gücüylə bir mənzili belə yaşayış üçün yararlı edə bilməz.

Artıq tam ayılmışdım, bədənim hansı mühitə uyuşduğunun hayındaydı və mehriban inam mələyi otağımdakı hər şeyi durdurmuşdu: yorğanı üstümə çəkmişdi, qaranlıqda pal-paltar dolabını, yazı masasını, buxarını, küçəyə baxan pəncərələri və iki qapını yerlərinə az-çox düzgün qoyaraq bərqərar etmişdi. Görünüşü mənim üçün kifayət qədər aydın olmayan, indi gözümün önündə ürkək oyanışlarıyla canlanan və yaddaşıma təkan verməklə o yerlərdə də ola biləcəyimə işarə edən mənzillərdə daldalandığımı bilsəm də, adətən dərhal yatmağa cəhd etmirdim; demək olar ki, bütün gecəni Kombredə, Balbekdə – nənəmin anasıgildə, Parisdə, Donsyeredə, Venesiyada və digər şəhərlərdə necə yaşadığımızı xatırlayır, həm də məkanları, özümün orada tanıdığım, macal tapıb göz qoya bildiyim və haqqında başqalarından eşitdiyim insanları yada salırdım.

Kombredə toranlıq qarışanda, nənəmdən, anamdan uzaqlarda, uzanmağım lazım gələn vaxta qədər yuxusuzluqdan üzüldüyüm yataq otağım mənim üçün həyəcanlarımın ağırlıq mərkəzinə çevrilirdi. Axşamlar görünüşümdən bədbəxtlik yağdığına görə, kimsə mənim üçün əyləncə tapmışdı: şam yeməyi öncəsi lampama sehrli fanar bərkidirdilər, bu fanar qotik dönəminin şüşə üzərində ilkin memar və rəssamları kimi xəyali işıq çalarlarının içindən keçilməz divarlar, fövqəltəbii rəngarəng görüntülər, göz vuran və dəyişən şüşədə yazılmış diri əfsanələr canlandırırdı. Amma bu şeylərdən mən yalnız kədərlənirdim, çünki, hətta işıqlandırılmanın dəyişdirilməsi belə mənim otağa isnişmək hissimi alt-üst edirdi, yəni isnişmək dedikdə, yataqda uzanmağın əzabını nəzərə almasaq, özümü burada babat hiss etməyimi deyirəm. İndi mən öz otağımı tanıya bilmirdim, özümü burada ilk dəfə birbaşa qatardan düşüb girdiyim mehmanxana nömrəsindəki və ya "alaçıqdakı" kimi rahatsız hiss edirdim.

Öz qəzəbli niyyətilə linc olmuş Qolo atın belində qorxu içindəydi; o, təpəliyin yaxasını tünd yaşıl məxmər kimi örtmüş üçbucaq şəkilli kiçik meşəlikdən çıxaraq, həyəcan içində bədbəxt Cenevyeva Brabantskayanın[1] qəsrinə doğru yollanırdı. Qəsri gözəl kəsib düzəltmişdilər, sadəcə oval şəkilli şüşənin kənarlarını çərçivəyə keçirmiş və fanarın arakəsmələrinin boşluqlarına salmışdılar. Bu, yalnız qəsrin bir hissəsiydi, onun önündə çəmənlik uzanırdı, çəmənlikdəsə, mavi kəmərli don geymiş Cenevyeva xəyallara dalmışdı. Qəsr də, çəmənlik də sarı rəngdəydi və fanarda mənə göstərilənə qədər bunları artıq bilirdim – mən "Brabant" sözünün səslənişində onların qızılı çalarlarla bərq vuran rəngini aydınca görürdüm. Qolo dayanaraq böyük xalamın[2] ucadan oxuduğu şərhi kədərlə dinləyirdi, görünür, bu, ona tam aydın idi; belə ki, o, mətnə uyğun əzəmətdən məhrum edilməmiş bir duruş almışdı; sonra isə, yenə qorxdu. Və elə bir qüvvə tapılmazdı ki, onun kiçicik löhrəm atını dayandıra bilsin. Fanarı tərpətsəydilər mən Qolonun atının pəncərə pərdələrinin qırışlarının qabartısında və çöküntüsündə necə qalxıb-enərək getdiyini görərdim. Qolonun öz cismi də atınınkı kimi qeyri-adi bir nəsnədən idi, hər cür materialların maneəsinə, yolunu kəsən hər bir əşyaya yön tutub uyğunlaşırdı: onları özünə çevirir, belə demək mümkünsə, özüylə doldururdu; hətta qapıların dəstəyində belə onun qırmızı geyimi və ya eynən eləcə kədərli və zərif olan, həm də axıcı olduğundan qətiyyən təlaş keçirdiyi hiss edilməyən solğun üzü bircə anlığa da olsa canlanırdı.

Aydındı ki, mən ətrafımda qədimliyin sirli çalarlarını çiləyən, merovinq keçmişini[3] əks etdirən işıq təsvirlərində bir gözəllik tapmışdım. Amma otağa müdaxilə etmiş sehrin və gözəlliyin məni necə həyəcanlandırdığını təsvir edə bilmirəm; o sehr gözəllik nəhayət, məni öz "mən"imlə o dərəcədə tamamlaya bildi ki, axırda özümdən daha çox ona diqqət ayırası oldum. Öyrəşdiklərimin ağrısının keyi açılan kimi, qəmli düşüncələrim və kədərli hisslərim üstümə qayıtdı. Otağımın qapısının dəstəyi mənim üçün başqa qapı dəstəklərindən seçilirdi; o, sanki tərəfimdən heç bir cəhd olmadan özünün çevrilməsiylə fərqlənirdi və bu hal son dərəcə şüursuzluq içində baş verirdi; indi isə, budur, Qolonun astral vücudunu[4] təmsil edirdi. Hər axşam şam yeməyinə çağıran zəng səslənincə, tavanından böyük bir çırağın asılmış olduğu yeməkxanaya qaçırdım, Qolo barədə, Göy Saqqallı barədə heç bir təsəvvürüm olmasa da, əvəzində doğmalarımı tanıyırdım, buğa verilmiş ət haqda məlumatlandırılmışdım və oraya yetincə, anamın ağuşuna atılırdım – Cenevyeva Barbantskayanın bədbəxtliyi məni ona daha çox bağlayırdı, Qolonun bədxahlığı isə, məni öz vicdanımı daha böyük işgəncələrlə sorğu-sual etməyə məcbur edirdi.

Əfsus ki, şam yeməyindən sonra mən anamın yanından ayrılmalıydım, o isə, hava yaxşı olanda – bağda başqalarıyla söhbət etməliydi, hava yağmurlu, çiskinli olandasa, hamısı kiçik qonaq otağına yığışırdı. Hamısı yığışırdı, bircə nənəmdən başqa; o, "kənddə bürkülü otaqda oturmaq təəssüf doğurur" fikrini səsləndirirdi, xüsusilə də yağışlı günlərdə atamla bitib tükənməyən mübahisələr edirdi, atamsa mənə öz otağıma gedib kitab oxumağımı göstəriş verirdi. "Bu gedişlə, sizin bu uşaq heç vaxt möhkəm və enerjili olmayacaq, – deyə nənəm hüznlü bir şəkildə bildirirdi, – onun əmələ gəlməsi və özündə iradə qüvvəsi tərbiyə etməsi vacibdi". Atam çiyinlərini çəkib barometrə baxırdı – o, metereologiyayla maraqlanırdı, anam isə onun xətrinə dəymək qorxusundan səs-küy qaldırmırdı, nəvazişli bir ehtiramla ona nəzər salırdı, amma onun sirli aləminə nüfuz etməsin deyə, elə də diqqət yetirmirdi. Əvəzində nənəm hansı havada olursa olsun, – hətta yağışlar çıləyəndə də və Fransuaza bahalı toxunma kürsünü islanmasın deyə aparmağa tələsəndə də, – boş bağda şıdırğı yağış altında da öz çallaşmış birçəklərini geri yığaraq gəzir, alnını həyatverici yağışa və küləyə tuturdu. "Nəhayət ki, nəfəs almaq olar!" – deyirdi nənəm və atamın səhər havanın açılıb-açılmayacağını soruşduğu, təbiəti duymaq hissindən məhrum yeni bağbanın düzəltdiyi hədsiz simmetrik olan islaq cığırlara baş çəkirdi, qəlbində tufan həzzinin, sağlam həyat tərzinin, eləcə də mənim tərbiyəmin və səliqəli bağın mənasızlığının yaratdığı ən çeşidli hisslərlə idarə edilən bir coşqunun həyəcanı içində yaş cığırlarda hoppana-hoppana gəzirdi, öz bənövşə rəngli ətəyini palçığa bulaşmaqdan qorumağa çalışırdı, qulluqçunu məyus etmək üçün bilərəkdən sıçrantıların daha da yuxarılara düşməsinə hiyləgərliklə çalışmaq hissi isə ona yad idi.

Davamı


[1] Cenevyeva Brabantskaya – hersoq Brabantskinin qızı, italiyalı aqnoqraf Yakopo de Voraqinenin öz redaktəsində orta əsrlərdən (təxminən 1260-cı il) "Qızıl əfsanə" toplusu vasitəsilə bizə qədər gəlib çatmış, V və ya VI əsrlərin əfsanə qəhrəmanı. Müharibəyə yollanan Trev əyanı Ziqfrid öz arvadı Cenevyevanı saray qəyyumu Qoloya tapşırır. Qolo onu yoldan çıxarmağa cəhd göstərir. Uğursuzluğa düçar olduğu üçün böhtan ataraq ərinin qarşısında onu şərləyir, Ziqfrid isə, arvadına ölüm hökmü kəsir. Hökmün icrası tapşırılmış muzdlu qatillər Cenevyevaya rəhm edərək onu meşəyə buraxırlar. O, köklər və meyvələrlə bir neçə il burada qidalanaraq yaşayası olur. Əhliləşdirdiyi bir xallı maral onun körpəsini əmizdirir. Ziqfrid bir dəfə ov zamanı həmin xallı maralı təqib edərkən, maral onu arvadının yanına gətirir. Cenevyeva öz günahsızlığını sübut edərək Qolonun iç üzünü açır. Amma qadağalar ucbatından əldən düşüb üzülmüş qadın tezliklə ölür.

[2] burada nənəsininin bacısı nəzərdə tutulur – tərc.

[3] merovinq keçmişi – Frank kral sülaləsinin Merovinqlərə aid olan dönəmi – V-VII əsrlər.

[4] Qolonun astral vücudu – mistik təsəvvürləri özündə ehtiva edən, axirətlə bağlı elmlərdə ruh və bədən arasında birləşdirici bağlar, hardasa, insanın cismini bürümüş gözə görünməz halə.

# 1641 dəfə oxunub

Müəllifin son yazıları

# # #