Elçin Şıxlı: “Mehdi Hüseyn dedi ki, səhv yaşamışam” MÜSAHİBƏ

Elçin Şıxlı: “Mehdi Hüseyn dedi ki, səhv yaşamışam” <span style="color:red;">MÜSAHİBƏ
3 sentyabr 2014
# 11:27

Kulis.Az Elçin Şıxlının müsahibəsini təqdim edir.

– Elçin müəllim üçün zaman necə keçir?

– Bir jurnalistin günü necə keçirsə, təxminən elə. Lakin önəmli olan bir məqam var. Günün necə keçməsi, xüsusən bu məqamla bağlıdır. İnsanın yaxşı mənada özündən razı qalması və xoşbəxtliyi üçün əsas şərt odur ki, səhər işə həvəslə və sevərək gələsən, eynilə də işdən evə ürəkdolusu rahatlıq və sevgi ilə qayıdasan. Bunları özündə tarazlaşdıra bilirsənsə, hər halda mənim aləmimdə xoşbəxt adam sayıla bilərsən. İzlədiyimiz filmlərdən də, adi həyatdan da bəllidir ki, bir çox ailələrdə bu problemlər yaşanır. Amma mənim bu sarıdan bəxtim gətirib. İşlə bağlı, yaxud işə getməklə bağlı evdə heç vaxt problemim olmayıb. Yəni gecənin bir yarısı durub deyə bilirəm ki, iş var, gedirəm, yaxud çox gec gələcəm. O söz-söhbətdən yoldaşım məni xilas edib. Təbii ki, o, qəlbinin dərinliyində fikirləşir ki, evdə çox olsam daha yaxşı olar. Amma istənilən halda o məni həmişə anlayışla yola salır və qarşılayır. Məhz ona görə mən işə gedəndə həvəslə gedirəm, evə qayıdanda da sevgi ilə qayıdıram. Yəni bu tarazlıq, göz dəyməsin (gülümsəyir), bizdə həmişə qorunub.

– O zaman xoşbəxt sayıla bilərsiniz?

– Xoşbəxtliyin elementləri çoxdu. Amma əsas məqam kimi bunu deyə bilərəm ki, insanın daxilində rahatlıq, tarazlıq varsa, yaxşıdı hər şey.

Mənəvi tarazlığını qoruya bilən insan xoşbəxt sayıla bilər mənim aləmimdə.

– Bir çox məqamlarda həyatda yola vermək prinsipi keçərli olur. Sizdə necə, yola verdiyiniz durumlar olubmu, bununla bağlı nə deyə bilərsiniz?

– Əlbəttə, bəzi anlarda bundan yan keçmək olmur. Məsələn, işimlə bağlı bəzən bir tədbiri, yaxud bir yazını, müəllifi yola verməli olursan. Qəzetimizin fəaliyyətə başladığı ilk illərdə kənddən bir müəllif gəlmişdi. Yazılarının bizim qəzetdə dərc olunmasını istəyirdi. Dedim ki, “imkan verin mənə oxuyum, sabah gələrsiz”. Yazıları ilə tanış olduqdan sonra gördüm ki, bizlik deyil. Amma, əslində, ümumiyyətlə, yazı da deyildi. Nə isə, indi yola vermək lazımdı bu adamı, bu mənada ki, insanı incitmək də olmaz. Xətrinə dəyməmək üçün çox mədəni şəkildə, “bilirsiniz, sizin yazılar yaxşıdı, normaldı, amma bizim qəzetin qayəsi başqadı, ona uyğun gəlmir” dedim. Baxdım ki, başa düşmək istəmir, yola verməkdən keçib, açıq-aydın ona dedim ki, sizin yazı yazı deyil və o məni tez başa düşdü...

Başqa bir məqam, uşaqlarım körpə olanda günümün çox hissəsi işdə keçirdi. İşdən evə qayıdanda artıq uşaqlar yatırdı, işə gedəndə onlar hələ də yatırdı… Sonradan, yəni bu son illərdə başa düşdüm ki, o zaman onların mənimlə ünsiyyətə daha çox ehtiyacı vardı. Amma mən günü və işi yola verməli idim. İndi mənim işim bir az azalıb deyə, onlarla daha çox ünsiyyətdə olmaq istəyəndə, rusların bir sözü var: “poezd uşol”, çünki onların, artıq öz aləmi var. Hərdən hiss edirəm ki, o zaman onlara verə bilmədiyimi indi onlardan istəyirəm, amma ala bilmirəm. Bəlkə də, belə olacağını bilsəydim zamanında yola verməzdim. Övladına daha layiqli həyatı, təhsili və s. təmin etmək üçün daha çox iş adamı olursan. Amma bəzən istəsən də, belə məqamlarda yola verməyə bilmirsən.

– Ailənizdə tənzimləyici rolunu kim oynayır?

– Yoldaşım (gülümsəyir və düşünmədən deyir). Bizim iki oğlumuz var. Onların sözləri olanda ötürücü kimi analarından istifadə edirlər. Diktator filan deyiləm, amma nəsə körpəlikdən anaları həmişə tənzimləyici olub evimizdə. Yoldaşım məni ev və məişət qayğılarından da azad edib. Sevinc xanım Leninqradda oxuyub, çox savadlı və fərqli dünyagörüşə malik bir insandır. Onun dünya görüşünə görə ailənin qoruyucusu xanım olmalıdır ki, özü də daim bu yanaşma ilə yaşayır. Uşaqların təlim-tərbiyəsində çox ciddi olub həmişə.

Təxminən 90-cı il olardı, məktəbdə dərs deyirdi və sinif rəhbəri idi. Valideynlər, müəllimlər, şagirdləri tez-tez zəng vururdu. Çox ünsiyyətcil adam olduğuna görə hamısına zaman və sevgi ayırırdı. Bir gün gəldi ki, “Elçin, mən özgə uşaqlarına tərbiyə verirəm, amma öz övladlarıma vaxt ayıra bilmirəm. Ona görə də işdən çıxmaq istəyirəm”. O zaman məvaciblər həddən artıq az idi, köhnə pul ilə desək “5 şirvan” maaş alırdı. Dedim ki, “5 şirvanı sənə ödəyərəm, belə qərara gəlmisənsə, çıx”. Sonra uşaqlar böyüdü, təhsil aldı və o yenidən işləməyə başladı. Yəni mənim ailəmdəki bu tənzimləyici roluna və hər şeyə görə ona təşəkkürüm sonsuzdur. (Öz xanımı haqqında danışanda Elçin bəyin gözlərindəki sevgi və sayqının parıltılarını izləmək xoş bir hiss oyadırdı məndə.)

– İsmayıl Şıxlının ailəsində böyümək sizə fərqli nə verdi?

– İsmayıl Şıxlı, ilk növbədə, mənimçün ata idi. Bu baxımdan elə bir fərq yox idi. Hamı üçün atası əzizdi və onun peşəsindən, tutduğu vəzifədən, cəmiyyətdə tanınıb-tanınma­ma­sın­dan asılı olmayaraq, ata bir valideyndir. Hər kəs üçün öz atası qüdrətli məxluqdur, Allah-taaladan sonra. Yəni hər kəsin atası onun üçün necə dəyərli idisə, mənim atam da elə dəyərli idi mənə. Böyüdükcə, yaşlandıqca cəmiyyətdə onun tutduğu yerin nə demək olduğunu başa düşdüm, yazıçı olduğunu anladım, ictimai xadim olduğunun fərqinə vardım. Atamın mənə fərqli ampluada yaşatdıqları, erkən yaşlarımdan cəmiyyətin tanınmış simaları ilə bir ortamda böyüməyim maraqlı xatirələrlə yaddaşıma həkk olundu. Məsələn: Bəxtiyar Vahabzadə mənim üçün Bəxtiyar əmi olub, sonra başa düşmüşəm ki, Vahabzadədir. İlyas Əfəndiyev mənim üçün İlyas əmi olub, sonra başa düşmüşəm ki, Əfəndiyevdir. Hər halda o binada yaşamışıq və mən o insanları əmi, dayı, atamın dostları kimi qavrayandan sonra başa düşmüşəm ki, onlar kimdir.

– Atanızın sizdən incidiyini xatırlayırsınızmı?

– Əlbəttə, olurdu. Bir də görürsən ki, hər hansı bir işimiz ürəyincə olmurdu, bizim hərəkətimiz, yaxud da gəldiyimiz nəticə onu qane etmirdi. O zaman deyirdi ki, dünya aləm gəlib məndən məsləhət alır, siz niyə gedib başqalarının məsləhəti ilə hərəkət edirsiz? İndi hər hansı bir samballı qərar verəndə, düşünürəm ki, görəsən, atam olsaydı mənə nə məsləhət verərdi?! Atam İ.Şıxlı olmasaydı, bəlkə də, qapıdan başqa cür çıxacaqdım, deyə hərdən düşünürəm… Yəni indi də, onun nə deyəcəyini düşünərək yaşayıram əslində. Burda yaxşı mənada İsmayıl Şıxlı yükü də var və sən də bu yükü daşımalısan, çünki vaxtilə o sənin məsuliyyətini daşıyıb. Çünki sən yanlış bir addım atanda onun adına çıxırdı ki, filankəsin oğlu gör neynədi... İstənilən ailədə bu münasibət var, sadəcə, mənim atam İsmayıl Şıxlıdır.

– Övladlarınıza qarşı necə, daha məsuliyyətlisiniz, yoxsa?

– İnsan gördüyünü götürər. Bu yaxınlarda bir fikir söyləmişdilər; bir rus aktyoru olub, o belə bir söz deyib; belə bir deyim var ki, övladlarımız bizim gələcəyimizdir. O isə tamam başqa bir fəlsəfi məqama toxunub, deyir ki, “valideynlərimiz bizim gələcəyimizdir”. Bu mənada ki, biz istər-istəməz yaşa dolduqca onları daha çox təkrarlayırıq.

– Əslində, ağıllı insanlar böyüklərdən yaxşıları örnək götürməlidir…

– Valideynlərin bizə ötürdüyü qan yaddaşı var. Sadəcə olaraq, o qan yaddaşı kimlərdəsə fəal olur, kimlərdəsə yatıb qalır. Ola bilsin ki, valideynlərimdən mənə ötürülən qan yadda­şında hər hansı bir məqam yatıb qalır, amma övladımda oyanır. Böyük oğlum bir az sərtdi, mən də ona əsəbləşirəm ki, dediyini de, amma bir az yumşaq formada. Sonra yoldaşım deyir ki, sənə oxşayıb. Onun mənə oxşamadığını deyəndə, yoldaşım “sən görmürsən, mən görürəm”– deyir. Amma kiçik oğlum eyni şeyi elə edir ki, heç kimin ruhu da incimir.

– Yaşama necə baxırsız, necə yaşayırsız, fəlsəfimi, praktikmi, yaxud hər ikisiyləmi?

– Sosialistlərin belə bir sözü var: “Proletariatın zəncirlərindən başqa itiriləsi başqa bir şeyi yoxdur”. Müəyyən qaydalar və təməl prinsipləri var. Tək fəlsəfə ilə doymaq olmur. Odur ki, fəlsəfə öz yerində, təməl prinsipləri də var. Onları qorumalı, onlara riayət etməlisən. Amma həyatın da diktə elədiyi əməli şeylər var ki, fikir verməsən fəlsəfə nəticəsində faciəyə gətirib çıxarar. Yəni hər şey tənzimlənməlidir.

– Sizcə, çox görən çox bilər, yoxsa çox oxuyan?

– Hər ikisi. Çox oxumaq lazımdır, amma o nəzəri tərəfidir. Əməli tərəfdən tamam başqa şeydi. Görməyin də əhəmiyyəti var. Məsələn, adi divarda sənətkar bizim görə bilmədiklərimizi görür. Sonradan onun gözü ilə baxanda hiss edirsən ki, doğrudan da, nəsə var.

– Bir çox filosoflar deyirlər ki, böyük insanların xoşbəxtliyi adi, faciəsi böyük olur. Böyüklüyün bir formulası varmı?

– O Henrinin bir hekayəsi var: “Son yarpaq”. Əsərin əsas qəhrəmanı qızdı. O, xəstələnir və beyninə salır ki, üzbəüz binanın divarındakı sarmaşığın son yarpağı düşəndə öləcək. Həkim fiziki cəhətdən heç bir problemi olmadığını, problemin onun beynində olduğunu deyir. Yəni yaşamaq eşqi itib, əgər yaşamaq eşqi bərpa olunsa, bu adam tam sağlamdır. Qonşuluqda həmişə bir şedevr yaratmaq eşqi ilə yaşayan, çörəyi cavan rəssamlara naturşiklik etməklə çıxan yaşlı bir rəssam olur.

O, bu hadisəni eşidir və anlayır ki, qız “sarmaşığın son yarpağı düşəndə öləcək”. Və qoca rəssam qışın oğlan çağında, şıdırğı yağışın altında gecəykən həmin son yarpağı çəkir. Belə qənaətə gəldim ki, həmin rəssam öz şedevrini yaratdı – bu qızın həyata olan eşqini bərpa elədi, amma özünü qurban verdi. Bax, o siz dediyiniz məsələyə gəlib çıxır. Ona görə də hər bir adam öz həyatının şedevrini yaratmalıdı.

Çox sevdiyim bir yazıçımız var – Mehdi Hüseyn. Onun qədər qüdrətli qələmi, dili olan yazıçımız azdır. Əsərlərinin əksəriyyəti mövzu etibarilə sovet dövrü və o həyatdan gələn hadisələrə həsr olunub. Atam danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır – “Bir ay və bir gün”. O, atama Əliağa Şıxlinskiyə görə, paşam deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən həmən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görəndə soruşub ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstüləndirib, paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam, deyib…

Atam özü isə sonuncu romanını yazanda yataqda idi, ancaq birinci fəslini özü yazmışdı, qalanlarını diktə etmişdi. Anam yazırdı, arada biz yazırdıq. Mart ayının 9-u romanı bir də oxutdurdu, müəyyən yerlərini dəyişdirdi və ondan sonra “indi rahat ölə bilərəm” – dedi. Sizi inandırıram ki, o əsəri bitirmək üçün daha yarım il lazım olsa idi, o adam yaşayacaqdı.

– Deyirlər ki, insan yanlışından doğrusunu çıxardır. Doğruları görmək üçün nə etmək lazımdır?

– Doğruları indi hamımız görürük. Ola bilsin ki, hər hansı məqamda səhv edə bilərik, amma əvvəl axır doğrunu görürük. Bir qədər müşahidə, bir qədər analiz etmək qabiliyyəti və bir qədər də dərk etmək varsa, doğru olan heç kimin gözündən yayına bilməz. Bir misal var, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Hər kəs qaşığına doğruların çıxmasını istəyirsə, məhz doğruları tökməlidir… İnsanları doğrularla yaşamağa vərdiş etdirmək lazımdır. Savadsız həkim 100 adamı şikəst edə bilərsə, savadsız bir müəllim bütöv bir nəsli şikəst edər. Mən 1985-ci ildə Maarif (indiki Təhsil Nazirliyi) Nazirliyində işləmişəm. Nazirin köməkçisi və kollegiya katibi idim. Bütün imzaya gedəcək sənədlər mənim əlimdən keçirdi, onları oxuyub redaktə edirdim. Həmin sənədlərdə nədənsə hamı “soba” sözü əvəzinə “peç” yazırdı. Hər dəfə səhvləri düzəldirdim, axırda özüm də çaşıb “peç” yazdım.

– Yazmağı çox sevirsiz, yoxsa oxumağı?

– Əslində, bəzən yazmağa belə, zaman olmur. Redaktor kimi bir sıra yazılarda bir abzas, bir fikir əlavə və redaktə edirsən, bununla da daxildə olan tələbatı müəyyən qədər ödəmiş olursan. Oxumağa gəldikdə isə işimdən asılı olaraq, istər-istəməz mən həmişə oxuyuram. Amma bədii ədəbiyyat oxumaq tamam başqadı, hər halda zövq alıram. Hər hansı bir əsəri ikinci dəfə oxuyanda ilk dəfə oxuyanda görmədiyim, başa düşmədiyim məqamları tapıram orda. Məsələn, Prosper Merimenin “Tamanqo” adlı əsəri var. Quldarlıq artıq qanunla ləğv olunub. Ancaq son dəfə qul alveri üçün ağlar Afrikaya gəlir. Burada bir qəbilə var, qəbilə başçısının adı isə Tamanqodur. O, fiziki cəhətdən və ruhən çox güclü bir insandır. Ancaq Tamanqo öz qəbiləsindən olan adamları içki və xırda-para məbləğin müqabilində ağlara satır. Ağlar da aldıqlarını aparıb gəmiyə mindirirlər, qandallayıb salırlar zirzəmiyə. Axırıncı səfər olduğuna görə, Tamanqo ilə alver edən quldarlar fikirləşirlər ki, Tamanqo özü çox güclüdür və daha baha satıla bilər. Buna görə də, Tamanqonu içirdib, başına dəyənəklə vurub, əl-qolunu bağlayıb atırlar gəminin zirzəmisinə. Tamanqo ayılanda gəmi doğma sahillərdən uzaqlarda dənizin ortasındaydı və o, nə qədər paradoksal olsa da, məhz özünün ağlara satdığı insanların köməyi ilə üsyan edib gəmini ələ keçirir və bütün ağları qırır…

Lakin gəmini idarə edə bilən olmadığından təxminən ay yarım dənizdə qalaraq hamı susuzluqdan ölür. Fiziki cəhətdən güclü olduğuna görə bircə Tamanqo sağ qalır. Başqa bir gəmi gəlib onu yarımcan halda xilas edir. Sonradan Avropada, Fransada, hardasa ömrünün axırınacan böyük bir hərbi orkestrdə təbil çalmaqla məşğul olur.

O zaman bizə belə deyirdilər ki, bu imperialistlər, yəni ağlar zənciləri, yəni afrikalıları qul edirlər. Qullarsa üsyan edir və qələbə çalır. Amma əsərin fəlsəfəsi tamam başqadır. Sən öz millətini satırsansa, sənin axırın onlardan da pis olacaq. Yəni hər dəfə hər hansı bir əsəri yenidən oxuyanda daha maraqlı bir baxış insana aydın ola bilir.

– Filosof Əbu Turxan deyir, “özünü tapmaq üçün gərək əvvəl özünü itirəsən”. Siz necə düşünürsüz?

– Mənə elə gəlir ki, özünü itirməməyə çalışsan, daha yaxşı olar, çünki sonradan tapmaya da bilərsən. Ola bilər ki, o, nəyisə nəzərdə tutub bu qənaətə gəlib, amma mən razı deyiləm onun fikri ilə. Çünki mənə elə gəlir ki, bizdə indi nə problem varsa, o özünü itirməkdən irəli gəlib. Çoxusu özünü itirib və elə bilir ki, itirməklə özünü tapıb. Amma əslində elə deyil. Adam özünü itirdiyini dərk edəndə gec ola bilər. İllərlə özünə ad qazana bilərsən, müasir dildə desək, öz imicini yarada bilərsən, amma bircə dəfə özünü itirsən, bununla da həmin illərin üzərindən xətt çəkə bilərsən. Məncə, özümüzü elə itirmədən tapsaq, yaxşı olar.

– Bəsirət gözünü açmaq üçün insana ariflərlə ünsiyyət önəmlidir. Sizə hansı arif insanlarla ünsiyyət yardımçı oldu?

– Bir çox maraqlı adamlar olub ki, onlarla görüşmüşəm, ünsiyyətdə olmuşam. Bayaq dediyim Bəxtiyar əmilər, İlyas əmilər və başqa adamların davranışlarını görmüşəm, danışıqlarını eşitmişəm. Bir dəfə bizdə yazıçı məclisi idi. Osman Sarıvəlli də gəlmişdi. Artıq yaşlanmışdı. Çox maraqlı söhbətlər edirdilər. Osman Sarıvəlli elə danışırdı ki, onun hər kəlməsindən nəsə öyrənmək olardı. İmkan olsaydı, onun səsini yazardım. Amma heyif ki, o dövrdə bizdə maqnitofon yox idi.

– Rahatlıqla özünüzə qapıldığınız, içinizi dinlədiyiniz zaman nə vaxt olur?

– Nadir hallarda olur. Belə bir deyim var: “Ağıllı olub hamının dərdini çəkməkdənsə, dəli ol, hamı sənin dərdini çəksin”. Amma bu qənaətə gəlirəm ki, dəli olmaq istəmirəm, yoxsa doğrudan, dəli olaram. Məsələn, kefli İskəndər ola bilmirəm.

– Nə vaxtsa ədəbiyyatın mövcudluğu bitə bilərmi?

– Mənim aləmimdə ədəbiyyat bitərsə, həyat da bitmiş olacaq. Çünki dünyanı ədəbiyyatsız təsəvvür edə bilmirəm.

– Gələcəkdən nə gözləyirsiniz?

– Düşünürəm ki, yaxşı olmalıdır. Çünki belə düşünməsəm nə işləməyin, nə yaşamağın – heç bir şeyin mənası yoxdu. Bu ümid və inam olmasaydı, ümumiyyətlə, heç kim, heç nə görməzdi. Bir fəlsəfə da var ki, “ancaq bu günlə yaşa”. Bu yaxınlarda Heminqueyin “Qoca və dəniz” povestini bir də oxudum. Əsərdə qoca gənc balıqçını sübh tezdən oyatmalıdı. Gənc balıqçı qocada zəngli saatın olmadığını deyir və onu necə oyadacağını soruşur. Qoca isə “mənim zəngli saatım mənim qocalığımdı” deyir. Görünür, qocalar ömürlərini bir az da uzatmaq üçün tez oyanırlar. Bir sözlə, rəhmətlik bibim demiş, həyat mübarizədir.

– Dəyər sizin üçün nədir?

– Bu qarşılıqlı prosesdir. İnsan özü özünə hörmət etmirsə, dəyər vermirsə, hərəkətlərini nizamlamırsa, onda digərləri də ona dəyər verməyəcək. Əgər sənin qiymətini, dəyərini vaxtında verə bilmirlərsə, o zaman bu, faciədir.

– Oxuduqlarınız, gördükləriniz, bildikləriniz yetirmi sizə?

– Xeyr, hər halda mənimçün heç vaxt kifayət etməyəcək, çünki balaca uşaqdan da nəsə öyrənirsən. Hər gün öyrənərək yaşayıram.

“Naşir” jurnalı, Gülnar Mayisqızı

# 2187 dəfə oxunub

Müəllifin son yazıları

# # #