Türk əsgərlərini xilas edən, "xalq düşməni" kimi güllələnən həkim - İlk Sovet uran yatağını kəşf edən alimin qardaşı

Türk əsgərlərini xilas edən, "xalq düşməni" kimi güllələnən həkim - İlk Sovet uran yatağını kəşf edən alimin qardaşı
11 yanvar 2024
# 15:00

Kulis.az Fidan Əzraqın Ağahüseyn Kazımov haqqında məqaləsini təqdim edir.

Bakıdakı 1 saylı şəhər poliknikası məhz bu şəxsin adını daşıyır.

Hacı Ələsgər kişinin oğlu doktor Ağahüseyn Kazımov 1892-ci ildə Bakıda doğulub.

1907-ci ildə altısinifli şəhər məktəbini bitirib və gimnaziyaya daxil olub. Təhsilini 1911-ci ildən Kiyev universitetinin tibb fakültəsində davam etdirib. Universiteti bitirən kimi cəbhəyə - baş cərrah Benyaminovun tabeçiliyinə verilib. Benyaminov də Kazımovu 15-ci qabaq səfin baş həkimliyinə təyin edib. 1916-1917- ci illərdə cəbhədə iştirak edən Ağahüseyn 1918-ci ildə Bakıya qayıdıb.

Onun Bakıya qayıtdığı dönəmdə müxtəlif siyasi firqələr yaranmışdı. 1918-ci ildə Kazımov həkim həmkarları Sultanməcid Əfəndiyevin və doktor İsrafilbəyovun (Qədirli) zəmanəti ilə “ Hümmət” firqəsinə üzv olub. Firqənin səhiyyə işlərində çalışıb. 1918-ci ildə törədilən mart qırğınlarında faciənin qurbanlarına, yaralılara yardım edib.

Belə ki, yaralıları 16-cı xəstəxanaya yerləşdirib, müalicələri ilə birbaşa özü məşğul olub.

Öz təşəbbüsü və firqənin sərmayəsi ilə 1-ci Xalq xəstəxanasını açmağa müvəffəq olub.
Osmanlı əsgərlərinin Bakıya yürüşü zamanı həmin xəstəxanada bir çox "qırmızı" əsgər gizlənib, həmçinin, doktor Kazımov ingilislər Bakıya gələrkən həmin xəstəxanada müalicə alan türk əsgərlərini də qoruyub.

1920-ci il aprelin 27-si, saat 9-da İbrahim bəy Heydərovla Sanıyev xəstəxanaya gələrək doktora Xaçmazın bolşeviklər tərəfindən işğal olunduğu haqqında məlumat veriblər. Mart hadisəsinin təkrarlanmaması və nahaq qan tökülməməsi üçün Kazımov dərhal Həmid Sultanovla görüşüb.

Ağahüseyn Kazımovun evində qurulan iclasda hökumətə qarşı ultimatum hazırlanıb. Ultimatumda qeyd edilib ki, Nəsib bəy hökuməti bolşeviklərə təslim etsin, nahaq qan tökülməsin. Nəsib bəy danışıq üçün Məhəmmədhəsən Hacınskini göndərib və birinci doktorun evində, sonra Cavanşir bəyin evində qızğın müzakirələr olub və nəhayət, Nəsib bəy hökuməti təhvil verib.

Ağahüseyn Kazımov 1920-ci ilin 28 aprelindən 1920-ci ilin 5 iyununadək Azərbaycan SSR Xalq səhiyyə komissarı müavini, 1920-ci ilin 5 iyunundan 1921-ci ilin 18 dekabrınadək Xalq səhiyyə komissarı olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində aktiv iştirak edib.

1937-ci ildə xalq düşməni kimi həbs edilərək güllələnib.

Cümhuriyyətin xaricə göndərdiyi tələbələrdən biri olan qardaşı Cəfər Kazımovun da taleyi üzünə gülməyib. O, əvvəl Xalq xəstəxanasında hesabdar, 1919-cu ildən partiyanın razılığı ilə Əmək Nazirliyinin katibi işləyib. Cəfər Kazımov hələ 1918-ci ildən sol eserlərin "Əkinçi" partiyasına üzv olub və burada Əli Bayramov, Ruhulla Axundov, Rəhim Hüseynov və başqaları ilə birgə çalışıb.

1919-cu ilin martında - sol eserlər kommunist partiyası ilə birləşəndən sonra, o, Suraxanı rayonuna təhkim olunub.

Almaniyada öncə azərbaycanlı, sonra isə zaqafqaziyalı tələbələrin kommunist təşkilatının katibi, Almaniya Kommunist Partiyasının üzvü, 1927-ci ildən 1930-cu ilədək Azərbaycan Kommunist Partiyasının qərarı ilə Nərimanov adına Sənaye texnikumunun direktor müavini vəzifələrində işləyib. 1920-1925-ci illərdə Frayburq Dağ-Mədən Akademiyasında mühəndislik təhsili almış Cəfər Kazımov 1933-1938-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialında Rəyasət Heyəti sədrinin müavini olub.

4 aprel 1938-ci ildə həbs edilib. O, həbs olunanda qardaşı artıq güllələnmişdi.
"Azərbaycanın yeraltı sərvətlər" monoqrafiyası müsadirə edilsə də, ona “xalq düşməni” damğasını vurmaq üçün heç bir dəlil tapa bilməyiblər.

Azərbaycan Xalq Daxili İşlər Komissarının müşaviri 1940-cı ildə Moskvaya ezam olunub və o dövr üçün görünməmiş dərəcədə uzanan bu işə, nəhayət, yekun vurulub.



Həmin il yanvarın 26-da "xalq düşməni" Cəfər Kazımova 5 il iş kəsilib və Uxta şəhərindəki Qütb düşərgəsinə göndərilib. Hər tərəf bataqlıq... hər tərəf buzla, maviyə çalan qarla örtülsə də, iş günü 12 saatdan az olmayıb.

Bir dəfə Cəfər Kazımovun milliyətcə polyak olan və Bakıda ən hörmətli cərrahlardan biri hesab olunan həyat yoldaşı Mariya xanım ərinə çəkmə, corab, isti paltar və çəkmənin dabanında 1000 rubl pul göndərib, ancaq təəssüf ki, Cəfər Kazımov o pulları tapa bilməyib.

M.Ağamirov və məşhur bakılı geoloq-alim V. Boqaçev ona bu illərdə mənəvi dayaq olublar.

Sonra Cəfər Uxta Kombinatının Mərkəzi elmi-tədqiqat laboratoriyasına elmi əməkdaş kimi cəlb olunub və 1945-ci ilə kimi orada işləyib. Həmin il Cəfər ilk dəfə tundra ekspedisiyasında geoloji axtarış işlərində iştirak edib.

1947-ci ildə eskpedisiya Qütb yaxınlığında ilk Sovet uran yatağını kəşf edib. Bu kəşfin əsas müəllifi Cəfər Kazımov hesab edilib.

1948-ci ildə Bakıya gəlməyə cəhd etsə də, ona icazə verilməyib.

Həmin il iflic olub və nəhayət, 1949-cu ildə Azərbaycana qayıdıb.

Ona Bakıda yaşamağa icazə verilmədiyinə görə Şamaxıda məskunlaşıb.

Bir neçə ildən sonra həyat yoldaşı Mariyanın sayəsində gizli şəkildə Bakıya gəlib və 1955-ci ildə bəraət alıb. 1967-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib.

O, 14 avqust 1968-ci ildə Bakıda vəfat edib və Yasamal qəbristanlığında dəfn olunub.

# 2993 dəfə oxunub

Müəllifin son yazıları

# # #