Sevdiyi insanı itirən vaxtdan... - Gunel Natiq YAZIR

Sevdiyi insanı itirən vaxtdan... -  <span style="color:red;">Gunel Natiq YAZIR
30 noyabr 2015
# 21:00

Kulis "Gecə oxusu" rubrikasında Günel Natiqin “Hər şey və heç nə haqqında” yazısını təqdim edir

Kimsə dedi ki, şərab bu halları aradan qaldırır. İçkiylə arası yox idi, amma hər şeyi unudacağını düşünəndə içəcəyini öz-özünə söz verdi. İçki məclislərini xatırladı. Özlüyündən çıxıb özgələşən insanlar gəldi durdu gözünün önündə. “O dərəcədə özgələşməyə gərək yoxdu”, - deyə düşündü. Bir az unutsa bəsidir.

Heminqueyi psixoloji vəziyyətdən çıxarmaq üçün yaddaşını silmişdilər, ondan sonra o yaza bilmir və həkimləri günahlandırırdı. Elə intihara səbəb də bu olmuşdu. “Hər şeyə dözərəm, yaza bilməməyə isə- heç vaxt!”

Əvvəllər intihar edənlərə içində kin tuturdu. Yəni insan o dərəcəyə gəlib çata bilər ki? Güclü olmalıydı insan. Buna borclu idi.

Amma elə şeylər var idi ki, insan xəbərsiz idi. Özü-özünü bilsəydi, tanısaydı insan. Bircə özünü bilsəydi...

İnsan dünya kimi qəliz və dünya kimi sadə idi, amma bu sərhədləri müəyyən edə bilmirdi. Gölməçədə boğulurdu, dərin dəryalarıysa üzə-üzə keçirdi. Hər şey o qədər mürəkkəb və o qədər sadə idi ki.

...Şərab əldə etmək çətin olmadı. Elə bil dostu əvvəlcədən bilmişdi, Tiflisdən əsl gürcü çaxırı alıb gətirmişdi. O da çantasına qoyub qohumlarının bağına yollamşdı. Yolboyu çaxır çalxalanr, qoxusu yan-yörəyə yayılırdı. Titrəyən əlləri ilə çantanı dimdik tutub çaxırı dağılmaqdan qoruyurdu.

Açıq pəncərənin qabağında oturmuşdu, təmiz hava üz-gözünü oxşayır, xəfif göz yaşlarını qurudurdu.

Bir əli ilə içində çaxır olan çantanı tutmuşdu, digər əli ilə pəncərənin kənarından tutub özünü sakitləşdirməyə çalışırdı.

Əslində hər şey təzə başlamışdı. Bir neçə ay əvvəl sevdiyi insan yanındaydı, onun həyata gəlişi nağıla oxşayırdı. Ya da ona elə gəlmişdi. İndi həyatı uşaq vaxtı oxuduğu qorxulu nağıllara bənzəyirdi. O nağılların birində qəhrəman ürəyini şeytana satmışdı, əvəzində həyatdan istədiklərini almışdı. Bütün həyatı boyu həmin nağılı xatırlayırdı. Qəlbini itirməkdən hər şeydən çox qorxurdu.

Bircə hər şeyi unutsaydı. Bircə yaddaşını silə bilsəydi.

...Bağ evinə çatanda qaş qaralırdı. Hamı meynəli tağın altındakı masanın ətrafına yığışmışdı, gülüb-danışırdılar, o da ikinci mərtəbəyə çxıb əlləri əsə-əsə şərabdan qurtum-qurtum içməyə başlamışdı. Şərabın qapağı yolda açılmışdı, azca çantasına dağılmışdı. Indi onun üçün bunun fərqi yox idi. Bircə qorxulu nağılların əsirliyindən qurtulsaydı.

Tərs kimi toyuqların arasına xəstəlik düşmüşdü. Hər gün bir-iki toyuğu kəsirdilər, “onsuz da xəstəlik düşüb canlarına, saxlamağın xeyri yoxdur”. Hər dəfə canına üşütmə düşürdü, elə bil onun ətini kəsirdilər. Hər toyuqdan tüksüz balaca ətcəbalalar qalırdı. Bunları görəndə özünü ikinci mərtəbəyə salıb çaxır torbasına əl atırdı.

Üstəlik, qohumu ona demişdi ki, hər toyuq kəsiləndə həyətdəki xoruz necə özünə əl qatır, lap insan kimi şivən salır... Arxasını eşitməmək üçün tez ikinci mərtəbəyə qalxırdı. ..

Hər gün kəsilən bir toyuq həyatın puçluğunu bir az da xatırladırdı. Həyat bir az da uzaqlaşırdı. Elə bil onu anladıqca uzaq qaçırdı ondan.

Bir neçə gün orda qalmışdılar. Heç nəyə baxmayaraq təmiz hava bir az xeyrinə olmuşdu. Beyni bolluca oksigen almışdı. Dənizin sahilində oturub gözlərini uzaqlara zilləmişdi. Uşaq vaxtı bu yerlər onu həyata qaytarmışdı. Xəstəhal uşaq idi, dərmanlar kömək etməyəndə kimsə Abşeronun qumunu məsləhət görmüşdü. Bu yerlərin dənizi, qumu sağaltmışdı onu. Yenə də kömək etməliydi həmin dəniz, həmin hava, həmin qum. Hökmən kömək etməliydi.

Dava-dərman yazan həkimini xatırladı. Dərdinə çarə tapmaq ümidilə həkimin qəbuluna getmişdi, həkimin dərdi isə dava-dərmanı onun hansı aptekdən alacağı dərdiydi. “Bax o yaşıl apteki görürsüz? Dərmanları ordan alın”. “O daha təsirlidir”? -Sadəlöhvcəsinə soruşmuşdu. Həkim əlini alnına çəkib “həm də daha ucuzdur”,- demişdi. O da xatırlamışdı ki, həkimin vəziyyəti bəlkə də digərlərindən fərqli deyil, neçə ailə onun əlinə baxır, həm şəhərdəki, həm kənddəki qohum-əqrəbanı onun qazancı həyatda saxlayır.

Sonra həkim onu gözlərinə heç baxa bilməyəndə kirimişcə durub çıxmışdı otaqdan. Elə həmin aptekə gedib almışdı dərmanları. Alanda gözünün qabağına həkimin əlinə baxan uşaqlar və qocalar gəlmişdi.

Amma dərmanlar öz təsirini çoxdan itirmişdi. O, sevdiyi insanı itirən vaxtdan bəlkə də. O dərmanlar xəstəyə kömək edə bilərdi. O isə xəstə deyildi. Özü boyda bir quyuda idi. İstəsə özü də çıxardı - bunu yaxınları deyirdi - əgər istəsə.

Gecələr sabahın açılacağını, səhərlər axşam düşəcəyini ümidlə gözləyərək bir neçə günü beləcə yola vermişdi. Çünki başqa ümidi yox idi.

Sonra şəhərə qayıtmışdılar. Şəhərdə gürcü çaxırı yox idi. Əvəzində dəniz və qağayılar yaddaşında idi, dəniz havası bədəninə və ruhuna hopmuşdu; o dəniz, o hava və o qağayılar ki, şərabdan daha çox köməyinə gəlirdi. (Ordan gətirdiyi şərabı anası köhnə kompot bilib çoxdan atmışdı).

Sonra kimsə gəzməyin, yol getməyin faydasından danışmışdı. Uzaq yerlərə getməyə qorxurdu. Həyətdə gəzişib gəlirdi. Sonra məsafəni bir az da artırmışdı. Çalışırdı bacardığı qədər uzağa getsin. Yolda gül mağazalarına tamaşa edir, bəzən yaxınlaşıb əliylə oxşayır, yenidən yoluna davam edirdi. Əslində yolu da yox idi, eləcə gedirdi. Hara gedəcəyini bilmədən, yolunu yenidən tapacağına ümid etmədən gedirdi.

Oksigen üçün almanın faydalı olacağını eşitmişdi. Yoldan iki kilo alma alır, elə torbayla gəzinirdi. Saçlarını bir neçə ay idi ki, daramırdı, makiyajdan danışmağa dəyməzd, nə geyindiyinin də fərqi yox idi onun üçün, əlinə keçəni üstünə atıb yola çıxırdı. Əlində meyvə torbası dalandan-dalana keçir, heç nə barədə düşünməməyə, xatırlamamağa çalışırdı.

Ümidlər hər şeyini alıb bu meyvə torbasını vermişdi əlinə. Fikirləşirdi ki, indi evə qayıdacaq, meyvələri doğrayıb kompüterin önünə keçəcək və yazacaqdı. Bütün ümidləri bu torbada idi. Bəzən əlindəki meyvə torbası ağırlıq edirdi, amma bərk-bərk torbaya qısılıb yol gedirdi. Bəlkə də sehr olacaq və torbadan meyvə yerinə itirdikləri çıxacaqdı.

Hər gün yolu bir az da uzaqlara düşürdü, ümidlər torbanın ən dərin yerində gizlənir, heç bir ovsunla ordan çıxmırdı.

Hər gün intihar barədə xəbərlər çıxırdı. “İnsan güclü olmağa borcludur”, - yenə deyirdi öz-özünə. Hərçənd dediklərinə özü də artıq inanmırdı, amma bunu hər şeydən çox istəyirdi...

Uzaq başı dəniz, qağayılar vardı həyatda. Uzaqbaşı gürcü çaxırı vardı. Uzaqbaşı meyvə torbasında öz müqəddəratını gözləyən almalar vardı. O almalar ki, hər nağılın sonunda bir də göydən düşürdü...

# 973 dəfə oxunub

Müəllifin son yazıları

# # #