Gözlərini qapayırsan, açırsan, eyni... – YENİ İMZA

Gözlərini qapayırsan, açırsan, eyni... – <span style="color:red;">YENİ İMZA
27 oktyabr 2017
# 17:00

Kulis.az "Yni imza" layihəsindən Fərid Həsənzadənin şeirlərini təqdim edir.

***

Sən yağış yağanda şeir deyirdin,

Sən şeir deyirdin, yağış yağırdı.

Payız tükənmişdi, indi kənardan

Bir qış boylanırdı, bizə baxırdı.

Pozmaq istəmirdi ahəngi, ritmi,

O qədər saf idin, dupduru idin.

Heç cür anlamırdın, nə hikmətdisə,

Şəhər islanırdı, sən quru idin.

Həyatı o qədər unutmuşdun ki,

Hərdən heca idin, hərdən söz idin.

Sən şeir deyirdin, başının üstə

Tutduğum çətirdən xəbərsiz idin.

***

Həsrətindən yıxılmışam,

elə yorğunam, elə yorğunam.

Gəlib alın yazında

gözlərimi yummuşam,

bəlkə yuxu tutar,

orda qalaram deyə.

***

Bu zindanda yaşamaq olmur,

ya da çətindir.

Bilmirəm neçə ilim qalıb.

Bircə onu bilirəm ki,

ömür gedib, ölüm qalıb.

Bu dünyanın

gözüm yoxdu qarasında, sarısında,

Dayanmışam gözləyənlər sırasında.

Həyat adlı bu qapının arasında

əlim qalıb.

***

Sevinc, kədər, gülüş və ah.

Eyni yöndə axır bu arx.

Neçə ildi dönür bu çarx,

Ayaq gedir, baş gəlir.

Özümüzü qara-qara

Düşünüb, salırıq tora.

Elə ki öyrəşdin, sonra

Ta ağrı da xoş gəlir.

Yaşamaq - doğru yol təkcə,

Adam doğulur öldükcə.

Yaş üstünə yaş gəldikcə,

Yaş üstünə yaş gəlir.

***

Bir az qəmdi, bir az nəmdi görürsən həyat,

Gözlərini qapayırsan, açırsan, eyni.

Dərdlər isti-isti, təzə, sevinclər boyat,

Sən dərdlərdən aralanıb qaçırsan, eyni.

Gülüşündə gizlətdiyin şəkillər indi,

Gözlərinin içindəki kədərdən bəlli.

Ömür ölüm adlananla həmişə təndi,

Müvəqqəti ağrı kəsir bəzən təsəlli.

Əllərini üşütməsin deyə boran, qar

Gələndə də asta gəlir, barmaq ucunda.

Bu həyata atılmağın öz qaydası var,

Sən özünü saxlamısan qarmaq ucunda.

Sən mənimçün doğmasan ki mən sənə yadam,

Neyləsən də xatirələr silinmir, qalır.

Bir az yorğun, bir az qəddar olanda adam,

Ürəyindən keçənləri təxirə salır.

Elə biz də qəribəyik bu həyat kimi,

Yəni çox da həvəslənib sinənə döymə.

Mütləq bir gün getməyin də gələcək dəmi,

Nə özünün, nə özgənin xətrinə dəymə.

Boşla getsin, yaşa getsin, nə uzaqları,

Nə də sənə pərçimlənmiş yaxını düşün.

İllah nəsə düşünəcəm deyirsən, barı,

Uşaq vaxtı kövrəldiyin nağılı düşün.

İndi daha kövrək gəlməz o nağıl sənə,

Daha səndə o əvvəlki uşaq deyilsən.

Axı indi durum verim nə ağıl sənə,

Sən işığı gəzdirənsən, işıq deyilsən.

Gəl bağlayaq bu söhbəti, bu sözü, nə qəm,

Xatirələr irəlidədir bizdən bir qarış.

Boşla getsin, yaşa getsin, bir də deyirəm,

Gözünü yum düşünməyə macal tapmamış.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #