Bu yazıçılarımız intellektual nəsr yazıblar- SORĞU

Bu yazıçılarımız intellektual nəsr yazıblar-<span style="color:red;"> SORĞU
12 oktyabr 2016
# 11:42

Ədəbiyyatda “intellektual nəsr” anlayışı var. İntellektual nəsr daha çox Qərb ədəbiyyatı ilə bağlıdır. Herman Hesse, Tomas Man, Ceyms Coys, Umberto Eko kimi yazıçılar bu təsnifata daxil edilir. İntellektual nəsr haqda buradan oxuya bilərsiz.

Bəs bizim ədəbiyyatda intellektual nəsr nümunəsi varmı? Hansı əsərimizi intellektual nəsr hesab etmək olar?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Əsəd Cahangir

İsa Muğannanın “İdeal” romanı. Çünki həqiqi intellekt metafizik düşüncə ilə bağlıdır. "İdeal" bizim ən metafizik romanımızdır. Metafizik düşüncəyə bağlı olmayan bilik intellekt yox, sadəcə savad, yəni erudisiyadır.

Bu anlamda Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Baş”, Kamal Abdullanın “Unutmağa kimsə yox” romanları da intellektual romanlardır.

Etimad Başkeçid

Mənə elə gəlir ki, biz “intellektual proza” anlayışını bir qədər fetişləşdiririk. Sanki, başqa tip proza ikinci dərəcəliymiş kimi. Halbuki bu, sadəcə mətnin özəlliyini bildirən anlayışdır. Məgər Tomas Mann bu anlayışı dövriyyəyə buraxdıqdan sonra klassik ədəbiyyatdan nəsə əskildi?

Bir şey doğrudur ki, bu tip tekstlərin şərhi və ya interpretasiyası dəyişən zamanla ayaqlaşan lazımi intellektual baqajın olmasını tələb edir.

İsa Hüseynovun “Teleqram”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Maestro”, Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərləri, Saday Budaqlının, Nəriman Əbdürrəhmanlının, Qan Turalının, Şərif Ağayarın bəzi hekayələri öz intertekstuallığına, forma və ifadə vasitələrinin seçimi ilə bağlı ədəbi eksperimentlərə meylliliyinə, üslub çeşidliliyə və s. görə, sözsüz, intellektual prozadır.

Tehran Əlişanoğlu

İntellekt var ki, prozası da olsun?! Bu mənim sualım. Cavabım isə: bir az cavanlıqda Anarda vardı, bir az Nərmin Kamalda cəhd var. Bir az da Qan Turalının “Mustafa”sında. Əsasın soruşursunuz. Cavab sizdə: proza təsvir etmir, əks etdirmir, proza birbaşa düşünür. Həm də orijinal düşünür. Bir intellektual proza deyim sizə, gedin oxuyun. Aydın Talıbzadənin “Moramor” romanı. Belə...

Elnarə Akimova

Məncə, sovet dövründə düşüncə qatının inikas planını üstələdiyi müəyyən əsərlərə rəğmən (İsa Hüseynovun “İdeal”ındakı Qapalı dünya ilə bağlı hissələr, Anarın “Sizsiz”indəki fəlsəfi sıçrayışlar, Çingiz Hüseynovun “Fətəli fəthi” romanındakı, Mirzə İbrahimbəyovun “Truskavetsə kim gedəcək” povestindəki şüuraltının dərinlərinə işləmək özəlliyi və.s), müstəqillik illərində intellektual nəsrin ən dolğun nümunəsini Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı verir. Məsələ heç də intellektual nəsrin əsas xüsusiyyətlərindən sayılan bir çox məqamların - mətnlərarası əlaqəlik, çoxqatlı, mürəkkəb hadisələr axarında üzə çıxarılan fərqli dünyagörüşlərin, şərti-metaforik ünsürlər və virtual reminissensiyaların mövcudluğunda deyil. Heç məzmun və mahiyyəti romanda uğurla sərgilənən “obrozovannı” mühitin də bunda rolu yoxdur. Səbəb budur: yazıçı sirli yazılarla əhatələnmiş mağaranın haqqındakı əsatirlə oxucunun qarşısına problem qoyur: mif bilgi kimi, sevgi bilgi kimi, yaddaş bilgi kimi. Çiçəkli yazının mənasında gizlənmiş sirlər və onların faş edilməsinə aparan yollar axtarışı oxucunu özü ilə bərabər müxtəlif mədəniyyət qatları ilə bahəm, həm də müxtəlif düşüncə qatlarına aparır. Bu qatlarda isə kosmik, mifik və ilahi elementlərin məkanı olması baxımından fərqli bir dünya yaradıcı mexanizm ehtiva olunur. Bu fərqlilik çağdaş insanın düşüncə sferasına daxil olmağa imkan verməklə yanaşı, əsərdəki “fikir axını”nı da izləməyə şərait yaradır. Ədəbiyyatın əsas təcəssüm predmeti olan İnsan bu əsərdə sözün həqiqi mənasında kainatın bir parçasına çevrilir. Və məhz, bu xüsusiyyətlə, roman nəinki özündən əvvəlki əsərlərdən, hətta müəllifin bundan əvvəlki məşhur romanlarından belə ayrılıb özünün ayrıca nəsr məkanını yaradır.

Qismət

Əvvəlcə onu deyim ki, "intellektual proza" ifadəsi XX əsrdə ortaya çıxıb, hafizəm məni aldatmırsa, Tomas Mannın bir məqaləsində. Yəni “intellektual proza” artıq özlüyündə bir janr hesab edilir və burdan elə başa düşülməməlidir ki, kim bura aid deyilsə, intellektsizdir. Bir balaca əvvələ getsək, öz təyinatına görə, Hötenin “Faust”tunu da (şeirlə yazılsa da) intellektual ədəbiyyata aid etmək olar. İntellektual prozanın nümayəndələri daha çox modernistlərdi: Tomas Mann, Herman Hesse, Robert Muzil, Prust, Coys. Amma ötən əsrin son qərinəsində həm modernizmə, həm də postmodernizmə də aid edilən müəlliflər var ki, onların təyinatını müəyyənləşdirmək çətin olanda çıxış yolu kimi “intellektual proza” deyiblər. Məsələn, Borxes hara aiddir? Amma konkret janr kimi götürəndə “intellektual proza”nın mənə görə, ən böyük nümayəndələrindən biri Con Faulzdur. Fikrimcə, XX əsrin 70-ci illərindən sonrakı yazıçılar tarixdə heç vaxt olmamış qədər hazırlıqlı, oxumuş, hətta əksərən elmi fəalliyyətlə də məşğul olan müəlliflərdi. Buna görə də, Orxan Pamukun dediyi mənada, artıq doğuşdan bütün istedadlı adamlarda olan və qorunub saxlanması gərəkən “saflıq” artıq XIX əsrdəki kimi bəs eləmir, dünyanın mürəkkəbliyinə nüfuz etmək üçün “düşüncə”yə ehtiyac var. Yəni artıq konseptual olmayan yazıçı ədəbiyyatda duruş gətirə bilmir. Bizdə məncə intellektual prozaya ən çox Kamal Abdulla uyğun gəlir. Onun yazdıqları bütün ömrünə yayılan akademik fəaliyyət ilə bədii yaradıcılığının qovşağındadır.

# 1351 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #