Seyran Səxavət: “O məktubun içi məni yandırırdı, çölü başqalarını”

Seyran Səxavət: “O məktubun içi məni yandırırdı, çölü başqalarını”
25 aprel 2016
# 11:12

“Ədəbiyyat qəzeti” “Mən necə yazıçı oldum” layihəsində Seyran Səxavətlə söhbəti təqdim edir.

- Seyran müəllim, necə yazıçı oldunuz?

- Bu sualın iki cavabı var. Biri onun ilahi tərəfidir, digəri texniki tərəfi. Görürsüz ilahi və texniki tərəfi arasında nə boyda fərq var? Mən elə balaca vaxtımdan, üçüncü-dördüncü sinifdən yazırdım. Əlbəttə o, ədəbiyyat deyildi, ağzıma nə gəlirdi yazırdım. Yəni qəlbimə gələndən çox ağzıma gələni yazırdım. Çox israrlıydım. Yazılarımı da o vaxtları başqa redaksiyalara yox, nəyə görəsə Yazıçılar İttifaqına göndərirdim. Mənə də mütləq cavab gəlirdi. Özü də iri, dördkünc konvertdə gəlirdi cavab. O vaxt da dünyanın elə vaxtı idi, o konvert bizim böyük kəndin camaatını təəccübləndirirdi; bu bir əlçə uşağa nə boyda məktub gəlir!

O vaxt məktubların çoxu üçkünc olurdu. Mən bir ucdan göndərirdim, onlar da bir ucdan cavab yazırdılar ki, yazınız bədii cəhətdən zəif olduğu üçün çap edə bilmədik. Artıq mən məktubu alanda şəklindən bilirdim ki, yaradıcılığım barədə qara kağızdır. Yəni bu məsələnin dərinliyinə getmək olmur. Bilirsən, quyu qazanda balta elə bir suxura ilişir ki, dərinə getmək heç cür mümkün olmur. Amma ora qədər deyil, bəlkə də hər şey, yaradıcılıq o baltanın suxura ilişdiyi yerdən sonra başlayır. Mən də bax bu cür, usanmırdım, bir ucdan yazıb göndərirdim. Hətta bir dəfə bizim poçtalyon dedi ki, a bala, oxu görək sənə nə yazıblar. Bəlkə də mənə gələn on beşinci, iyirminci məktub idi. Məktubun üstünə də yazılırdı: Azərbaycan Yazıçılar İttifaqı. Məktubu açdım, ta cümləni oxumadım, elə şəklindən bildim ki, həmişəki qara xəbərdir. Mən də özümdən belə bir mətn quraşdırdım: “Hörmətli Seyran, Bakıya gələn kimi gəl məni tap. Səni özüm instituta qoyacam. Sənin böyük gələcəyin var. Səməd Vurğun kimi sənin də “Pobeda”n olacaq. Hörmətlə: Mirzə İbrahimov.”

Yalandan bu cür bir mətn quraşdırdım. İndi düşünürəm ki, mənə gələn o cür məktubların uşaq hissiyyatımla bəraətini təşkil elədim. Görün mənə kim, nə yazıb... Yenə də deyirəm, o məktubun içi məni yandırırdı, çölü başqalarını.

Yəni yazmaqla bağla ilkin ağlıma gələn bunlardır. Mən yazmağın bir az texniki, bir az da ruhi tərəflərini dedim sənə. Amma sizin sualınıza dəqiqliklə cavab verə bilmərəm ki, necə yazıçı oldum. Niyə? Mən bilən heç bir yazıçı buna sərrast, dəqiq cavab verə bilməz. Bu dediyimin də bəraəti ondan ibarətdir ki, mənə elə gəlir, insan dünyaya gəldiyini heç cür xatırlaya bilmədiyi kimi necə yazıçı olduğunu və niyə yazıçı olduğunu da heç vaxt xatırlaya bilməz. Bəlkə də xatırlamaq hər şeyi zədələyə bilər.

- Sizin üçün yazmaq nədir? Niyə yazırsız?

- Mən yazmağın nə olduğunu sonralar başa düşdüm. Uşaqlıq, gənclik vaxtı yazanda mən bunları yəqin ki, duymamışam. Əksini desəm də sizi aldatmış olaram. İndi başa düşürəm ki, mənim üçün yazmaq nədi. Uşaq vaxtı arzulayırdım ki, velosipedim olsun. O velosiped alınana qədər mən çox narahat idim. Elə bilirdim içimdə böyük bir yük var. Elə bilirdim ki, arzum köçüb yurdu qalıb. Əlbəttə mən bunu indiki ağlımla deyirəm. Amma nəhayət, uzun mübarizələrdən, çəkişmələrdən sonra mənə velosiped aldılar. Ondan sonra rahat oldum. Bax yazmağı da o hissə bənzədirəm. Necə ki, velosiped alandan sonra rahat oldum, hər bir yazını yazandan sonra da o rahatlığı xatırlayıram.

- Seyran müəllim, bəs içinizdə məşhur olmaq, dünyada tanınmaq hissi olubmu?

- Kişi kimi boynuma alım. Düzünü demək lazımdır. Məşhur olmaq istəyi ilk şeirlər yazmağa başladığım vaxtdan məndə olub. O vaxtı hələ kəndimizdən qırağa çıxmamışdım, amma “Qızıl meydan”, Moskva, Lenin babamız haqqında şeirlər yazırdım. Bax mən o cür şeirlər yazmağa başlayanda da həmişə gözümün altına almışam ki, məşhur olacam. Məşhur deyəndə, o vaxt hələ məşhurluq nə deməkdir bilmirdim. İlk şeirlərimi yazandan düşünürdüm ki, şair olacam, hamı məni tanıyacaq və bir yana gedəndə hamı deyəcək ki, filan şair bizim kəndə gəlib. Ayağımın altında qoyun kəsəcəklər. Əgər bu dediyim məşhurluq hikkəsidirsə məndə bu şəkildə olub.

- Markes deyir külək olmasaydı dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, siz bu barədə nə düşünürsüz?

- Markes qırmızı yalan deyir. Əgər ədəbiyyat olmasaydı biz bu gün söhbət edəndə qəfildən mövzunu dəyişib Markesdən söz salmazdıq. O qeyri-səmimidir.

- Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq.

- Burda artıq mən öz təcrübəmdən, öz mətbəximdən çıxış eləyib bəzi şeyləri deyə bilərəm. Yazmaq üçün hər şeydən əvvəl mühit lazımdır. Mənim aləmimdə allah insanı toxum kimi yaradıb. Hansısa romanımda da demişəm ki, Allah bir ovuc toxum atdı Yer kürəsinə, ondan da bəşəriyyət törədi. Yəni əslində dünyadakı bütün insanlar istedadlı doğulurlar. Bəşəriyyəti möhtəşəm bir roman kimi təsəvvür eləyə bilsək, mütləq razılaşmalıyıq ki, bunun müəllifi də Allahdır. Allahın da ola bilməz ki, bir cümləsi zəif olsun, o bir cümləsi güclü və yaxud sözlər yerinə düşməsin. Bu mənada Allah bütün insanları toxum kimi yaradıb. Ona görə də mənim üçün hər şeydən əvvəl mühit lazımdır. Ola bilər sən elə bir şəraitdə doğularsan ki, orda yazıçı olmaq üçün yüz faizlik şərait var. Ola da bilər ki, müəyyən müddətdən sonra mühit sıradan çıxar. Onda istedadlı adam da çaşa bilər. Ətrafdakı insanlardan, onların davranışından çox şey asılıdır. Burda həm mənəvi mühitdən, həm də coğrafi mühitdən söhbət gedir. Mən başı buludlu dağlardan, buz bulaqlardan danışmıram. Özümdən misal çəkim. Bizim Yağlıvənd kəndi Füzulinin üçüncü ən böyük kəndidir. Evimiz də lap kəndin qırağında idi. Ağdam-Füzuli yolundan baxanda bizim ikimərtəbəli daş evimiz görükürdü. Oraları tanımayan da elə bilirdi orda tək ev var. Amma kənd bizim evdən başlayırdı. Mənim doğulduğum ev də qəbiristanlıqla üzbəüz idi. Arada bir qobu vardı. Mənim dünyaya gəldiyim o “vağzal”la, o evlə son mənzil arasında hava yolu heç 200 metr olmazdı. Qəbiristanlıqla üzbəüz doğulmağımın mənə çox böyük təsiri oldu. Təbii mən bunu bir az sonra dərk etdim. Ona görə də mən bir romanımda yazmışam ki, dünyaya dörd yaşımda gəlmişəm. Sonra da bunu izah eləmişəm. Dörd yaşım vardı. Uşaqlarla oynayırdıq. Gördük ki, qəbiristanlığa ölü aparırlar. Getdik ora. Böyük adamların ayaqlarının arasından baxıb gördük ki, adamı qazılmış yerə qoyub üstünü basdırırlar. Mən ilk dəfə onda ölüm qorxusunu hiss elədim. O qorxu həmişə canımda qaldı. Yəni bax görürsən coğrafi mühitdən gələn sonra da mənəviyyata çevrilən qorxudur bu.

- Yazıçı vərdişiniz, ritualınız varmı ki, onun eləməmiş yaza bilmirsiz?

- Əlbəttə. Mənim bir saatım var. Bir də o vaxt İranda işləyəndə aldığım, üstündə Təxti-Cəmşid əks olunan qızıl üzüyüm var. İşləməmişdən qabaq saatı qoyuram stolun üstünə, onun da üstünə üzüyü qoyuram. Siqaretim bol olmalıdır. Başqa vərdişim yoxdur. Sənə deyim ki, bütün il boyu işləmək olmaz. Cabbar Qaryağdıoğlu bütün il boyu oxumayıb və yaxud Şalyapin və ya başqaları. Mən bütün il boyu yazmıram. Sərin vaxtlarda, bir də bütün qışı, özü də gecələr işləyirəm.

- Mərdəkanda bağda işləyirsiz?

- Müxtəlif yerlərdə işləmişəm. O vaxt Pribaltikada SSRİ Yazıçılar İttifaqının yaradıcılıq evləri vardı. Orda işləmişəm. Sonra Peredelkinoda işləmişəm. Evdəysə çox az işləmişəm. Mənim aləmimdə yazıçılıq intim peşədir. Ona görə bu peşə ilə evdə, ailə içində, qohum-əqrəba içində, cəmiyyət içində məşğul olmaq olmaz.

- Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi? Bəs sizcə yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz?

- Folkner mənim çox sevdiyim yazıçıdır. O, bir mənada son dərəcə düz deyir. Bu bəlkə də məğlub olmaq deyil, müvəqqəti tükənməkdir. Bəlkə də bu fikir o tükəndiyi anda, hələ dolmağa başlamadığı zaman kəsiyində ağlına gəlib. Sənət Allah vergisidir. Amma sənə bir söz deyim. Bu artıq neçə illərdi mənim ürəyimdədi. Allah adama vergi verir - mən bunu öz şəxsimdə müşahidə eləmişəm - bəzən sevinə-sevinə, bəzən ağrıya-ağrıya, bəzən gedib o dünyanı görüb təzədən bu dünyaya qayıtmaq səviyyəsində mən bir şeyi hiss eləmişəm və ona inanmışam ki, Allah yazıçıya, lap elə konkret götürək Seyran Səxavətə vergi veribsə - bunu mən cəsarətlə deyirəm, çünki duyğum belədir - yüz qat əvəzini alıb. Təkrar edirəm: Allah Seyran Səxavətə vergi veribsə, ondan yüz qat əvəzini alıb.

- Mario Varqas Lyosa özünün Nobel nitqində deyir: “Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və "İliada"nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu öyrədib.” Sizin üçün belə ustadlar varmı və kimlərdir? Mümkündürsə Azərbaycan və dünya nəsrini ayrı-ayrılıqda sadalayardız.

- Mənim əlbəttə dünyada sevdiyim yazıçılar var; Folkner, Mopassan, Cerom Sellincer, alman yazıçısı Ziqfred Lens... Çoxdu. Bunları oxuduqca müəyyən təsirlər də olub. Bax heç Nodar Dumbadzenin adını çəkmədim. Mənim ürəyimə bəlkə də ən yaxın yazıçı Nodar Dumbadzedir. Hətta mənə elə gəlir ki, mən gürcü olsaydım elə yazardım və yaxud o azərbaycanlı olsaydı mənim kimi yazardı. Yəni belə yazıçılar çoxdur. Hamısından təsirlənirsən. Amma Lyosanın fikrinə mənim yanaşmam bir az başqa cürdür. Bir misal çəkim. Bilmirəm siz oxuyan vaxtı necəydi, biz oxuyan vaxtı birinci sinifdən dördüncü sinfə qədər bir müəllim dərs verirdi. Mənim də bax bu illər ərzində bir müəllim olub – həyat, ünsiyyət. Həyat elə müəllim deməkdir.

- Özünüzü hansı cəbhədə hesab edirsiz: Dostoyevskiçi, yoxsa Tolstoyçu?

- Bu sualına belə cavab vermək istəyirəm. Mənim üçün xeyli vaxtdır belədir; janrlar ədəbiyyatşünaslar üçündür. Mənim üçün ədəbiyyatda bir janr var. Bu da sözdür. İstəyirsən məclisdə de, istəyirsən tost şəklində de, istəyirsən dramaturgiyada de, mənim üçün bir janr var - söz. Qaldı o dediyin bölgüyə, ona da janr bölgüsü kimi baxıram.

- Hansı bədii əsərdə yaşamaq istərdiniz?

- Mən sənə səmimi və bir az da yumorla deyim. Ədəbiyyat həyatın kserokopiyasıdır. Mən elə də hərf deyiləm ki, orijinalı qoyub kopiyada yaşayım. Lap uzaq bir kəndin çovustanında yaşamaq kimlərin-kimlərin əsərlərində yaşamaqdan yaxşıdır. O çovustanda həyatın içindəsən, əsərlərdə isə ən azı bir köynək həyatdan aralısan.

Ədəbiyyat qəzeti

# 1081 dəfə oxunub

Müəllifin son yazıları

# # #