Bu gün tanınmış şair Şaiq Vəlinin anım günüdür.
Kulis.az "Günün şeiri" layihəsində onun "Meyxanəçi" şeirini təqdim edir.
Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, meyxanəçi!
- Murad Köhnəqalanın oğlu oldu
- Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
- Xalq artistinin səhhətində narahatlıq yarandı
Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, meyxanəçi!
Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, meyxanəçi!
Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, meyxanəçi!
Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, meyxanəçi!
Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım?
Puç, puç, meyxanəçi!