Bioloqun yazı masası - Seyran Səxavətdən HEKAYƏ

Bioloqun yazı masası - Seyran Səxavətdən HEKAYƏ
6 may 2016
# 11:24

Kulis.Az Seyran Səxavətin “Bioloqun yazı masası” hekayəsini təqdim edir.

– Bir, ikiii, üç!

Bu yazı masasını düzəldən usta, allah bilir neçə yüz il bundan qabaq bir ovuc torpağa çevrilib və bir ovuc torpağı qaldırmağa nə vardı ki...

– Bir, ikiii, üç!

– Bir, ikiii, üç!

Nər kimi kişilərin tər dabanlarından axırdı.

– Bir, ikiii, üç!.. Nooldu?

Hamısı birdən beton pillələrin üstündə oturdu.

– Bir az dincəlin.

Onlardan biri üzünü yazı masasının sahibinə tutub dedi:

– Çay var?

Yazı masasının sahibi çiyninə aşırdığı böyük termosun qapağını açıb çay süzdü: – Əlinizi yandırar, çox istidi, – dedi.

– Qənd yoxdu?

– Konfet var... – Yazı masasının sahibi cibindən konfet çıxartdı: – Moskovskidi.

Çay içən kişi konfetin birini ağzına qoydu və özündən asılı olmayaraq kağızın üstünü oxudu: «Meçta».

– Yaxşı konfetdi... – Yazı masasının sahibi növbə ilə onlara da çay verdi. Birinci çay içən kişi soruşdu:

– Sən allah, bunu, – başı ilə yazı masasına işarə elədi, – hardan tapıb gətirmisiniz? Elə bil zindandı...

– Bu mənim ulu babamdan qalıb? – Fəxrlə əlini yazı masasının üstünə çəkdi, elə bil körpə uşağın başını sığallayırdı.

– Ulu babanın adı nə olub?

– Vallah bilmirəm. Əgər sizə vacib lazımdırsa babamdan soruşaram. – Və başını qaldırıb babasını soruşanın gözünün içinə baxdı. Kimsə dedi:

– Yəqin adı Qulu olub. Ulu... Qulu.

– Bəlkə də... – Yalandan gülümsədi.

Birinci çay içən dedi: – Allah ona qəni-qəni rəhmət eləsin... Bu ağırlıqda şey olar? Elə bil daşdan yonublar.

– Daşdan yox... Dəmirdən... Dəmir ağacından. – Bir az susub əlavə etdi, – nadir ağacdı. İndi bu ağac ancaq Azərbaycanın Lənkəran...

Birinci çay içən onun sözünu kəsdi: – Yaxşı, uşaqlar, durun.

Üçü də qalxdı.

Yazı masasının sahibi ürəyində ondan incidi, bu, onun üz-gözündə hiss olunsa da özünü o yerə qoymadı, burnunun ucu azca qızardı. Keçib bir az aralıda dayandı, kişilər yazı masasına yaxınlaşıb hərəsi bir tərəfdən yapışan kimi:

– Bir, ikiii, üç! – dedi.

Birinci çay içən kişi çevrilib ona dedi:

– Sən sayma, özümüz sayarıq. «Bir, ikiii, üç!»

Yazı masasının sahibi pərt oldu, səsini kəsdi. O, öz aləmində onlara kömək eləyirdi və onun da gücü buna çatırdı.

– Bir, ikiii, üç! – Yazı masası sahibinin səsini birinci çay içən kişinin yoğun səsi əvəz eləmişdi.

– Bir, ikiii, üç!

– Bir, ikiii, üç!

Onlar birdən üçə qədər saya-saya pillələri bir-bir qalxırdılar. Birinci çay içən kişi yazı masasının sahibinə dedi:

– Müəllim, sən get aşağı, üçüncü mərtəbəyə çatanda çağıracam.

Yazı masasının sahibi bu dəfə heç nə başa düşmədi, üzündə küt ifadə əmələ gəldi, gözünü döyə-döyə onları üçüncü mərtəbənin yarısında qoyub dinməz-söyləməz aşağı düşdü, həyətdəki oturacağın üstündə əyləşdi, ayağını ayağının üstünə aşırıb gözlərini ikinci mərtəbə ilə üçüncü mərtəbənin arasına zillədi. Oradan birinci çay içən kişinin yoğun səsi gəlirdi:

– Bir, ikiii... üç!

Yazı masasının sahibi yarım saata qədər beləcə oturdu. Darıxanda durub gəzişməyə başladı. Təzə tikilmiş binanın kəllə tərəfinə keçdi. Burdan şəhər də, dəniz də ovucunun içindəki kimi görünürdü. «Yaxşı yerdə tikiblər evimizi». Geri qayıdıb əvvəlki yerində oturdu.

– Bir, ikiii, üç!

– Bir, ikiii, üç!

Ev əşyası ilə dolu yük maşınının gurultusu bu səsi batırdı. Yük maşını qonşu blokun qabağında dayanandan sonra yazı masasının sahibi başını qaldırıb üçüncü mərtəbəyə baxdı, səs gəlmirdi, yuxarı qalxmaq istəyirdi ki, birinci çay içən kişi başını blokun pəncərəsindən çıxarıb onu səslədi:

– Müəllim!

– Bu saat, gəldim...

O tələsik üçüncü mərtəbəyə qalxanda onlar bayaqkı kimi beton pillələrin üstündə oturmuşdular. Hamının susduğunu görəndə soruşdu:

– Yoruldunuz? – Bir-bir hamısının üzünə baxdı, heç kəs ona cavab vermədi, lap axırda birinci çay içən kişinin üzünə baxıb bu sözləri ondan «qoparda» bildi:

– O qədər də yorulmamışıq. – Və rahat oldu, rahat olan kimi kimsə dedi:

– Belə stolu heç yüz manata da qaldırmazlar, beşinci mərtəbəyə...

Yazı masasının sahibi dinmədi və bu sözü deyənə yox, birinci çay içən kişiyə baxdı, o da yüngülcə gülümsədi. «Deyəsən bunların içində ən mədəni adam elə budu...» Sonra da «ən mədəni adam» saatına baxıb dilləndi:

– Nahar vaxtıdı, müəllim!

– Hə... Bu saat... Qalxın beşinci mərtəbəyə...

– Yox... – Birinci çay içən kişi yoldaşlarını süzüb əlavə elədi: – Elə bura yaxşıdır.

Yazı masasının sahibi raşılaşdı. Beşinci mərtəbəyə qalxıb bir qazan paxla qovurması gətirdi. Birinci çay içən kişi çörəyi parçaladı. Kimsə dedi: – Müəllim, paxla yeməklə bu cür zindanı beşinci mərtəbəyə qaldırmaq olar?

Yazı masasının sahibi yenə birinci çay içən kişiyə baxdı, yüngülcə gülümsədi, sonra da paxlanın tarixindən, onun əhəmiyyətindən, ilk dəfə hansı ölkədə bitdiyindən və onun kim tərəfindən kəşf olunduğundan danışıb qurtaran kimi, birinci çay içən kişi soruşdu:

– İnstitutda dərs verirsən?

– Xeyr, Akademiyada işləyirəm.

– Nə iş görürsən?

– Bioloqam, bioloq... – Sözünün onlara o saat çatmadığını yəqinləşdirib əlavə elədi: – Biologiya keçməmisiniz məktəbdə?

Bu dəfə bığlı fəhlə cavab verdi:

– Niyə, keçməmişik. Biologiya heyvanlardan danışır…

Birinci çay içən kişi qəh-qəhə çəkdi, çeçədi və sonra üzünü yazı masasının sahibinə tutub dedi:

– Görürsən də, nə savadlıdı? – Sonra da üzünü yoldaşına çevirdi: – Sən dediyin zoologiyadı, heyvanlardan danışır... –Ağzındakı tikəni udub üzünu yenə ev sahibinə tutdu: – Düzdü, müəllim?

– Düzdü... – Gülümsədi.

«Gör nə iştahla yeyirlər. Bunları heç bir qoyun da doyurmaz». Utandı. Özü də onlara qoşulmaq istədi, özünə sığışdırmadı. Birinci çay içən kişi soruşdu:

– Sən orada nə iş görürsən?.. Belə əsas işin nədi?

– Mən akademiyanın əlyazmaları fondunda işləyirəm. Orda çox qədim əlyazmaları saxlanılır. Mən o əlyazmaların göbələk xəstəliyindən qoruyuram.

– Hə... heç göbələk qovurması yemisən? Göbələk qovurmasına heç nə çatmaz. Ət onun yanında heç nədi...

Yazı masasının sahibi gülümsədi:

– Bu, o göbələkdən deyil.

– Bəs, hansı göbələkdəndi?

Yazı masasının sahibi lap ciddi görkəm aldı:

– Bu göbələk kağızlarda əmələ gəlir. – Gülümsədi. – Ay səni, lap məzəli adamsınız.

– Sən də o göbələkləri kağızlardan təmizləyirsən?

– Bəli.

– Əcəb özünə asan iş tapmısan. Dünyanın bu vaxtında kağızda göbələk xəstəliyi axtarırsan... Hamı da bilir ki, sən bu işlə məşğulsan?

– Bəli... – Təəccübləndi.

– Bəh! Bəh! Bəh! – Əlini yellədi.

Yazı masasının sahibi bu fəhlələri kinostudiyadan gətirmişdi, fikirləşmişdi ki, oranın fəhlələri ilə dil tapmaq asandı, yazıçılarla, artistlərlə işləyirlər, kino çəkirlər...

– Müəllim, birdən elə allah eləməmiş kimi, taleyin elə gətirəydi ki, sən də fəhlə olaydın, onda neyləyərdin?

– Mən? – Yazı masasının sahibi qızardı və bir an özünə nəzər saldı.

– Hə, sən.

– Məndən fəhlə olar?

– Niyə olmur ki?

– A kişi, görmürsünüz ki, mən ayaq üstündə güclə dayanıram? Fəhlənin gərək qolu zorlu olsun, sizin kimi...

– Bağışla, müəllim – çeynəyə-çeynəyə dedi.

– Allah bağışlasın… Özü də bir az tez olun, – saatına baxdı, – saat dörddə elmi şuraya gedəsiyəm. – Bioloq qazanı götürüb yuxarı qalxdı.

– Bir, ikiii, üç!

Yazı masasının eni bir metrdən artıq, uzunluğu iki metr yarım olardı. Ortada iki gözü vardı. Orta gözünün sağ və sol tərəfində səkkiz nisbətən xırda gözlər vardı. Elə masanın yan siyirtməsinin üstündəki qəzəbli, oyma şir şəkli, yan gözlərin üstündəki «şirlərdən» iki-üç dəfə böyük idi. Elə bil bu «şirlər» masanın gözlərinin keşiyini çəkirdilər ki, açıb eliyən olsa üstünə tullansınlar.

Yazı masasının ayaqları da şir pəncəsinə oxşayırdı. Masanın başındakı şir kəlləsinin ağzındakı dişlər şəhadət barmaq boyda idi, əks tərəfində isə şirin quyruğu sol «ayağına» dolaşmışdı. Şirin dal ayaqlarının əzələləri əməlli-başlı görünürdü. Və bu yazı masasının baş və ayaq tərəfi bilinirdi. Yazı masasının rəngini isə heç nəyə bənzətmək olmazdı; Bakının Dağüstü parkından İçəri şəhərin rəngini hiss eləmisinizmi?.. İçəri şəhər rəngdə idi bu.

– Bir, ikiii, üç!

– Pahooo.

Dördü də çevrilib baxdı. Kök bir qadın əllərində tutduğu iri zənbillərlə dayanıb başını bulaya-bulaya onlara tamaşa eləyirdi. Orta boylu fəhlə yoldaşlarına dedi:

– Dayanın. – Dayandılar. Sonra da üzünü kök qadına tutub soruşdu:

– Burdan keçə bilərsiniz? – Stolun altını göstərdi. Kök qadın əvvəlcə gülümsədi, sonra qaşlarını çatıb sağ əlindəki zənbili yerə qoyan kimi dedi:

– Adam ələ salırsınız? – Yuxarı boylandı. Orta boylu fəhlə dedi:

– Allah eləməsin, ay bacı, nə danışırsınız?..

Bu vaxt bioloq yuxarıdan düşdü, gəlib yazı masasının altından çox asanlıqla keçdi, təzə qonşusuna yaxınlaşdı, bir anlığa onu süzəndən sonra stolun altına baxdı, üzünün tutqun və bir az da çaşqın ifadəsilə qadına dedi: – Gərək bağışlayasınız qonşu... – Bir də yazı masasının altına baxdı: «Yooox, bu ordan keçə bilməz...» – Bu saat, bu saat qurtararlar... – Fəhlələrə baxdı və özündən asılı olmayaraq dedi:

– Bir, ikiii, üç!

Birinci çay içən kişi baxan kimi bioloq səsini kəsdi və qonşusu ilə söhbət eləməyə başladı:

– Bağışlayın, harda işləyirsiniz? – və qonşusunun sol əlindəki zənbili də alıb ehtiyatla o birisinin yanına qoydu: – Nə gözəl almalardı, çox qəşəng almalardı, – dedi.

– Buyurun, qonaq olun...

– Yoox... Nə danışırsınız... Mən alma yeyən deyiləm.

– Bəlkə onlar yemək istəyir? – fəhlələri göstərdi.

Bığlı fəhlə dedi:

– İstəyirik, pis olmaz...

Kök qadın dörd alma götürdü, özü aparıb onlara verdi:

– Sən allah, bir az tez olun, – bioloq dedi və yenə qonşusundan soruşdu:

– Neçənci mərtəbədə olursunuz?

– Sizdən yuxarıda...

Bioloqun sifəti yenə tutuldu:

– Yaxşı mərtəbədi, biz də beşdə oluruq. – Qonşusunun başını qatmağa çalışırdı: – Axı, demədiniz harda işləyirsiniz?

– Evdar qadınam...

– Çox yaxşı... Bəs... bəs, niyə işləmirsiniz?

– Kişim qoymur. – Əyilib zənbildən iki alma da götürdü, birini bioloqa verdi, birini də şartıltı ilə dişinə çəkdi:

– Meyvə yaxşı şeydi... – dedi.

Bioloq meyvəni cib dəsmalı ilə siləndən sonra dedi:

– Deməli işləmirsiniz. Çox yaxşı.

– Hə... işləmirəm. Kişim qoymur. Deyir ki, kişinin arvadı işləməz... Bəri bax, sənin arvadın işləyir?

Bioloq almanın saplağını dişi ilə qoparıb atandan sonra dedi:

– İşləyir... – Burnunun ucuna qədər əlindəki alma kimi qızardı və qızara-qızara soruşdu: – Bağışlayın, kişiniz harda işləyir?

– Harda işləyəcək, zavodda! Fəhlə babadı.... Neçə uşağın var?

– Bir... Bir oğlumuz var... Bəs sizin neçə uşağınız var?

– Altı...

– Maşallah... – Bioloq gülümsədi.

Birinci çay içən kişinin səsi onların söhbətinə son qoydu:

– Bir, ikiii, üç!

– Bir, ikiii, üç!

– Aaaaaaaa!!! – Orta boylu fəhlə elə bağırdı ki...

– Vaxsey! A balam, nooldu orda? – Kök qadın qışqırdı. Bioloq onlara tərəf cumdu, masanın altından keçib orta boylu fəhləyə yaxınlaşdı, onun qan axan barmağını görən kimi yuxarı mənzilinə qalxdı, yod və bint gətirdi, onun barmağını sarıyıb qurtaradan sonra yenə yuxarı qalxdı, bir şüşə süd gətirdi və zorla orta boylu fəhləyə içirtdi, təxminən iyirmi dəqiqədən sonra fəhlə özünə gəldi, özünə gələn kimi də hirsləndi:

– Tfu!

Birinci çay içən fəhlə onu sakitləşdirdi. Bioloq isə ürəyini yedi: «Gərək on manat da artıq verəm... Yazığın barmağı...» Sonra da birinci çay içən fəhləyə baxdı: «Çox sağ olun... Amma bir az tez olun... Geciksəm...»

– Bir, ikiii, üç!

Orta boylu fəhlə pilləkənin üstündə oturub yaralı əlini ovcunun içinə almışdı. Bioloq ona tərəf baxmırdı da... Özünə yer tapa bilmirdi. Kök qadının yanına gəldi, üzünə baxmadan dedi:

– Qonşu yaxşı şeydi…

Kök qadın başını silkələdi, biodoq görmədi və bu dəfə onun üzünə baxıb təkrar elədi:

– Qonşu yaxşı şeydi…

Kök qadın bir az pörtmüşdü. Dedi:

– Qonşu yaxşı şeydi. Ancaq bir azdan mənim qonaqlarım gələcək... Təzə evə köçmüşük... Bizim kişi də hirsdi-havalının biri...

Bioloq elə bildi ki, kök qadın əri ilə onu qorxudur. «Bu da barmağını əzməyə vaxt tapdı. Camaatın yolunu kəsmişik...»

Yazı masasını bayaqkından da ağır-ağır qaldırırdılar. Kök qadın bioloqa dedi: – Zənbillərə bax, gedim kömək eləyim...

– Yox... Nə danışırsınız, razı olmaram.

– Onda özün get... «Kişi deyilsən, durub baxırsan?» Bunları da ürəyində dedi.

– Nə qalıb ki... Bu saat... – Yuxarı baxdı. – Bir mərtəbə yarım...

Bioloq yaxınlaşıb masanın bir tərəfindən yapışanda birinci çay içən kişi ona dedi: – Sən əl-ayağa dolaşma. – Bioloq da dinməzcə qayıdıb kök qadının yanında durdu:

– Uşaqlarınız böyükdü?

Kök qadın üzünu çevirdi: «Mərdimazar oğlu, mərdimazar». Və masanın altına baxdı: «Yox, məni iki yerə bölsələr də ordan keçə bilmərəm... Kişi gəlib atama od vuracaq... Abrımı bükəcək ətəyimə...»

Bioloq saatına baxdı, elmi şuraya gecikirdi. Üzünü birinci çay içən kişiyə tutdu: – Bu saat zəng eliyib qayıdıram. – Sonra da kök qadına baxdı və elə bil ondan da icazə aldı. Gedib-qayıtmağı on dəqiqə çəkmədi, yenə gəlib kök qadının yanında dayandı. Özünü itirmişdi. Kök qadına salam da verdi və yaxşı ki, kök qadın eşitmədi.

Yazı masası kotan kimi divarlarda cız aça-aça bioloqun mərtəbəsinə doğru yaxınlaşırdı.

– Hə... Yenə gələn var? – Kök qadın bioloqa dedi. Kiminsə ayağının taqqıltısı yaxınlaşırdı. Bioloq özlüyündə yəqin elədi ki, bu da gəlib burdan keçməlidi. «Görəsən bu da kökdü...» Birinci bunu fikirləşdi, kök qadına baxdı və aşağı boylanıb dedi:

– Hə... Bizim xanımdı.

Kök qadın da aşağı boylandı. Nazik, qara, şirin bir qadın onlara yaxınlaşıb salam verdi, sonra yazı masasına baxıb ayaq saxladı. Bioloq ortalığa dedi:

– Tanış olun. – Sonra süni mehribanlıqla kök qadına üzünü tutdu:

– Bu bizim Ləman xanımdı. Konservatoriyada işləyir... Sizin uşaqlardan çalıb-oxuyan varmı?

– Yox... Ataları onları kəsər...

Bioloq kök qadının əsəbləşdiyini görüb arvadının qolundan tutdu:

– Yaxşı, biz yuxarı qalxdıq.

İkisi də masanın altından çox rahat keçdilər. İki dəqiqə keçməmiş bioloq təzədən geri qayıtdı və heç nə demədən kök qadının yanından güllə kimi keçib aşağı düşdü.

– Bir, ikiii, üç!

Kimsə dedi ki, dincələk. Pillələrin üstündə oturdular. Kök qadın da oturdu. Sonra zənbilin dibini eşələyib kağıza bükülü qovrulmuş tum çıxartdı, çırtdadı, çırtdaya-çırtdaya o da üzünü birinci çay içən kişiyə tutdu: – Bu nədi belə? – Yazı masasını göstərib üzünü bozartdı, – hardan tapıb gətirib bunu?

– Nə bilim… Özü də elə bil zindandı. Bu boyda da stol olar? Deyir ki, ulu babamdan qalıb...

– Ay onun ulu babası gorbagor olsun... Kişi gəlib dünyanı dağıdacaq... – Ətrafına boylandı. – Soruşmadım da, görəsən harda işləyir... Bazburutundan müəllimə oxşayır.

Birinci çay içən kişi hiss elədi ki, allah bu kök qadını ürəyini boşaltmaq üçün yetirib. Dedi: – Müəllim olsaydı nə dərd...

– Bəs nəçidi?

– Göbələk yığandı...

– Nə? – Ağzındakı tumun qabığını o tərəfə tüpürdü. – Bu nə sözdü?

– Vallah özü deyir. Deyir ki, kağızları göbələk xəstəliyindən qoruyuram.

– Kül ona gələnin də başına... Su sonası kimi gəlindi, gör...

Yuxarı qapı açılan kimi kök qadın səsini kəsdi. Kimsə yuxarıdan soruşdu:

– Çay gətirimmi sizə?

Kök qadın səsi tanıdı, Ləman idi. Birinci çay içən kişi başını yuxarı qaldırdı:

– Gətirin, – dedi.

«Elə mənim də ürəyim yanır». Kök qadın fikirləşdi.

«Yox, heç bunlar çayı içiləsi adamlara oxşamırlar». Bunu da sonradan fikirləşdi. Ayağa durdu, bazardan aldığı təzə süpürgə ilə mərtəbənin kiçik meydançasındakı tum qabıqlarını bir yerə topladı, ovcuna yığıb blokun pəncərəsindən bayıra atdı. «Amma gəlin zalımın balası elə bil su sonasıdı, heç pis adama oxşamır, bir söz soruşsa mülayim cavab verəcəm».

Qapı örtülən kimi kök qadın dedi:

– Qurban olum ataların goruna, belə yerdə deyiblər də, deyiblər ki, meşədə armudun yaxşısını ayı yeyər.

Birinci çay içən kişi onun söhbətinə qoşuldu:

– Bəs armudun yaxşısını ayı yeməlidi də...

– Niyə ki? – Kök qadın soruşdu və həmsöhbətinə qulaq kəsildi...

– Ona görə ki, meşə ayının əlindədi.

Kök qadın razılaşdı, blokun rəng çilənmiş tozlu pənçərəsindən baxdı, üzbəüz binanın birinci mərtəbəsində iri hərflərlə yazılmış «Mebel» sözünü oxudu, bir daha yazı masasının sahibinə acığı tutdu. Kök qadın ömründə bu boyda masa görməmişdi.

Dərsdən qayıdan bir neçə uşaq səs-küylə gəlib yazı masasının altından keçdilər, yuxarı qalxdılar. Bir-iki uşaq da yuxarıdan düşürdü. Onlar masanın altından keçib dərsə getdilər.

İki qadın bir kişi nəfəsini dərə-dərə yuxarı qalxırdı. Onları görən kimi kök qadının çiçəyi çırtdadı:

– Belə də iş olar? Sən götür camaatın yolunu kəs ki, iş bilmişəm. Heç el yollunu da kəsərlər... Məətəl qalmalı işdi vallah.

Üç nəfərdən heç biri ona fikir vermədi, onların yazı masasından xəbəri yox idi. Kök qadın bir az pərt oldu.

Fəhlələr çay içib qurtaran kimi işə başladılar:

– Bir, ikiii... üç!

Böyrünə «Əhaliyə məişət xidməti» yazılmış bir maşın da gəlib blokun ağzında dayanandan bir neçə dəqiqə sonra aşağıdan səs-küy gəldi. Beş-altı cavan oğlan qara bir pianonu səs-küylə yuxarı qaldırırdı:

– Yavaş! Yavaş!

– Yuxarı!

– Saxla!

– Sən bu tərəfə keç! Keç! Keç!

– Hə, di götürün! Yavaş, sürtməyin!

Yazı masasını qaldıran fəhlələr də öz işində idilər:

– Bir, ikiii... üç!

Kök qadın indi qalmışdı yazı masası ilə pianonun arasında, iki qadına və hündür boylu, şlyapalı kişiyə ürəyini boşaldırdı. Ləman qapını azca aralayıb aşağıdan gələn səs-küyə qulaq asırdı. Bioloq elmi şurada heç nədən xəbərsiz çıxış eləyirdi. Pianonun dalınca «Zil» soyuducusu, bir cüt çarpayı, çarpayılardan sonra şifoner və iki nəhəng kreslo pillələrə düzülüb yazı masasına doğru hərəkət etməkdə idi.

Kök qadın samovar kimi dızıldayırdı. Hündür boylu, şlyapalı kişi ayaq üstəcə kitab oxuyurdu, iki qadın nə barədəsə çox mülayim söhbət eləyirdilər. Kök qadın yenə də yazı masası sahibinin qarasına bir-iki söz dedi, ona fikir vermədilər. «Bəxtəvər başınıza, gör hec veclərinə alıllar… elə bil evlərindədilər...»

Piano gəlib yazı masasına çatmışdı. Ondan iki-üç pillə aşağı «Zil» nər kimi dayanmışdı. Onun da dalınca o biri şeylər. İndi pillələrdə iynə atsan yerə düşməzdi. Pianonu qaldıranlar gəlib yazı masasına tamaşa elədilər. Hamısı da bu qərara gəldilər ki, nəhəng və nadir şeydi. Gözləri yazı masasında qalmışdı. İndi yazı masası ilə bioloqun mənzilinin arasında yarım mərtəbə qalmışdı. Bu masanı ancaq dörd adam qaldırmalı idi, beşinci adamın kömək eləməyi qeyri-mümkün idi. Çünki masanın böyürləri divara sürtünürdü, hər iki başından isə iki nəfər güc-bəla ilə yapışa bilirdi. Yoxsa çoxdan köməkləşib qaldırardılar.

Kimsə cavan bir kişi yuxarıdan tələsik düşdü, yazı masasına qədər gəldi, aşağı baxanda gözləri qaraldı, aşağı düşməyin çətin olduğunu görəndə pianonun yanındakı uzun, qəşəng oğlana üzünü tutub dedi:

– Ay qardaş, sənə qurban, kömək elə, təcili yardıma zəng eləmək lazımdı, xəstə var.

– Bu saat, – oğlan tez razılaşdı. – Familiyanız?

– Zeynalov.

– Mənzilinizin nömrəsi?

– 52.

Uzun, qəşəng oğlan əlini cibinə salıb iki qəpiklik tapdı, bir-iki pillə aşağı düşəndən sonra qayıdıb dayandı, üzünü yuxarı tutub hündürdən soruşdu:

– Ay oğlan, nə deyim, xəstəliyi nədir, yaşı neçədir?

– Yaşı iyirmi dörd... – Tələsik cavab verdi.

– Bəs xəstəliyi nədir?

– Uşağı olacaq...

Hamı gülüşdü, kök qadının da dodağına təbəssüm qondu:

– Sağ-salamat qurtarsın, – dedi.

Uzun, qəşəng oğlan zəng eləyib qayıdınca yuxarıdan boylanan cavan oğlan bir neçə dəfə içəri-çölə girib çıxdı, arxayın olan kimi mənzilinin qapısını örtüb içəri girdi. Kök qadın yanındakılara dedi:

– Təzə mənzil bunlara düşdü...

Yenə ona cavab verən olmadı.

Uzun, qəşəng oğlan pianonun yanına qayıtdı, yazı masasını yoldaşlarına göstərib dedi: – Beşinci mərtəbəyə qalxmaq aşağısı bir saat çəkəcək. – Aşağı boylandı, sonra pianonun qapağını qaldırdı. «Sarı gəlin» havası bloka yayıldı. Blokda səs-küy kəsildi, musiqinin içində əridi. Hamı yorulmuşdu. Sonra uzun, qəşəng oğlan «Tərəkəmə» çaldı. «Zil»in yanındakı cavan oğlanlar qol açıb oynadılar, bütün blok da onlara əl çalırdı. Kök qadının hər şey yadından çıxmışdı, hamı əl çalırdı. Bircə uzun, şlyapalı kişi kitab oxumağında idi.

– Yol verin! Yol verin! Ay bala, keç bu yana!

Üç nəfər ağ xalatlı, orta yaşlı kişi əllərində xərək özlərinə yol aça-aça gəlib yazı masasının altından keçdilər. Blokda milçək uçsaydı vızıltısı eşidilərdi. Pianonu, soyuducunu, şifoneri, kresloları bir kənara çəkdilər. Hamının gözü yuxarıda qalmışdı.

Qapı açıldı. Çıxdılar. Cavan qadını arxası üstə xərəyə uzatmışdılar, üz-gözündən ağrı tökülürdü. Xərəyi yazı masasının altından keçirmək istədilər. Xərək keçirdi, ancaq onu yazı masasının altından çıxartmaq üçün sola buranda pilləkənin əl tutacağına dirənirdi və çıxmırdı. Cavan ər özünü itirmişdi. İlk uşaqları olacaqdı. Masanın üstündən düşürtmək isə qorxulu idi, gərək lap yuxarı qaldıraydılar. Cavan qadın inildəməyə başlayanda kök qadın irəli yeriyib ağ xalatlıların üstünə qışqırdı:

– Nə gözlərinizi döyürsünüz? Dünya görməmisiniz? Görmürsünüz ki, bu saat...

Xərəyi geri çəkdilər. Kök qadın iməkləyə-iməkləyə yazı masasının altından keçdi, ayağa durdu:

– Götürün.

– Hara?

– Bizə!

Cavan qadını kök qadıngilə apardılar. Çarpayının üstündə yerbəyer eliyən kimi kök qadın onları bayıra çıxartdı. Üçü də, yanlarında da cavan qadının əri qapının ağzını kəsdirib dayandılar. Blokda tam sakitlik idi. Hamının qulağı səsdə idi.

Kök qadıngilin mənzilindən iki dəfə bərk qışqırtı gəldi. Bütün blok eşitdi. Hamı yerindəcə donmuşdu. Kimsə aşağıdan fit çala-çala daxil oldu, gözlərinə inanmasa da camaata qoşulub dayandı.

– Aaaaaaaaaaaaa!!!..

Hamı yuxarı baxdı. Uzun, şlyapalı kişi kitab oxumağında idi. Məktəbdən qayıdan uşaqlar da blokdakı adamlara qoşulmuşdular. İşdən qayıdan tək-tük adamlar da pillələrə düzülüb qalmışdı, onsuz da keçməyə yer yox idi.

Qapı açılan kimi kök qadın cavan qadının ərini qucaqlayıb üzündən öpdü, sonra üzünü aşağı tutub qışqırdı:

– Qızı oldu, qızı, qızı!

Blokdakıların hamısı bir ağızdan qışqırdılar:

– Ura!!! Ura!!!

Sonra da əl çaldılar. Kök qadın yüngülcə onlara baş da əydi. Uzun, cavan oğlan pianonun qapağını qaldırıb çaldı, «Evimizə gəlin gəlir..."

Ağ xalatlılar düşüb yazı masasının altından keçəndə barmağı yaralı fəhlə dedi:

– Ayağınız yüngülmüş... halal olsun...

Biri gülümsədi, ikisi tərs-tərs baxdı və blokdakıların gurultulu alqış sədaları altında blokdan çıxıb təcili yardım maşınına oturdular. Barmağı yaralanmış fəhlənin üzünə gülümsəyən dedi:

– Ömrümdə o boyda stol görməmişəm.

– Mən də...

Üçüncüsü isə dedi:

– Mən də ömrümdə hələ belə həngamə görməmişdim. – Siqaret yandırdı. O qız böyük adam olacaq... Bu hay-küynən dünyaya gəldi...

Ona fikir verən olmadı, sözü dəyişdi:

– Ancaq stola söz ola bilməz, çox qəşəngdi... Saxla! Saxla! Maşın dayanan kimi dedi: – Xərək qalıb.

Onlar geri qayıtdılar.

– Bir ikiii.. üç!

Bioloqun əsli İçəri şəhərdən idi. O, ata-baba evini kiçik qardaşına qoyub evdən çıxanda demişdi:

– İçəri şəhərdən doqquzuncu mikrorayona bircə bunu aparacağam. – Yazı masasını göstərmişdi. – Bir evin yaraşığıdı, – demişdi.

Müşavirədən sonra bioloq çox yorulsa da gəzə-gəzə gəlib bdokdan içəri girəndə gözlərinə inanmadı, adamların baxışlarından yayına-yayına birnəfəsə beşinci mərtəbəyə çıxıb yazı masasını qapının ağzında görəndə heç nə başa düşməyib, bir anlığa gözlərini döydü, yazı masasının üstünə çıxıb qapı zənginin düyməsini basdı. Qapı açılanda o, başını əyib içəri tullandı, bir-birinə baxıb gülümsədilər və bu, bir an çəkdi. Bioloq soruşdu: – Bəs, onlar hanı?.. – Çönüb yazı masasına tərəf baxdı və heç nə demədi. Həyat yoldaşı jurnal stolunun üstündəki kağızı gətirib ona verdi. Bioloq əvvəlcə eynəyini çıxartdı, sonra məktubu oxumağa başladı:

«Hörmətli müəllim!

Sizin bu stol içəri girmədi. Ya gedin upravdomun yanına deyin ki, sizə icazə versin qapını iki qarıc söksünlər, ya otuz manat da verin stolu aşağı düşürək. Bizdən inciməyin, biz sizdən razı getdik. Bacı da bizə yaxşı hörmət elədi. Gün o gün olsun oğlunun toyuna gələk. Toylarda...

İmza Bəbəş».

Bioloq arvadının üzünə baxandan sonra məktubu bir dəfə də ürəyində oxudu və «biabır olduq» – dedi. İndi neyləyək?.. Bilmirsən blokdakı şeylərin yiyəsi neçənci mərtəbədə?..

– Altıncı...

– Batdıq...

Qapının zəngi çalındı. Açdılar. Qapı açılan kimi uzun, qəşəng oğlan başını əyib içəri tullandı:

– Salam.

– Salam.

Üzünə səmimi ifadə verib astadan soruşdu:

– İndi biz neyləyək?

Bioloq dedi: – Siz allah bağışlayın... – bir an fikrə getdi. – Gəlin sizin şeyləri aşağı endirək... sonra bizim stolu düşürək... mən stolu qaytarım İçəri şəhərə, sonra da sizin şeyləri qaldıraq yuxarı.

Razılaşdılar. Onsuz da başqa əlacı yox idi. Oğlan yazı masasının üstünə çıxıb düşdü. Şeyləri aşağı daşımağa başladılar.

Bioloq məktubun axır sözlərini bir də oxudu: «İmza Bəbəş». Sonra arvadından soruşdu:

– Bəbəş adı eşitmisən?

– Yox...

– Heç mən də eşitməmişəm, – dedi.

1978

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #