Çıxaq gedək işimizə - Mehman Qaraxanoğlu yazır

Çıxaq gedək işimizə - <span style="color:red;">Mehman Qaraxanoğlu yazır
29 yanvar 2016
# 11:58

Kulis tənqidçi Mehman Qaraxanoğlunun şair Zakir Məmmədin 60 yaşına həsr etdiyi “Çıxaq gedək işimizə” məqaləsini təqdim edir.

Bizi birləşdirən “Üzük qardaşlığı” deyil. Heç inanmıram bu olacaq. Çünki ədəbiyyat adamları Bir Üzüyün digər üzüklər üzərində hökmranlığını qəbul etmirlər. Heç ona qarşı mübarizə aparmaq üçün birləşmirlər də...

Ortaq nöqtələrimiz azdır. O məhz fərqliliyi ilə diqqətimi daha çox cəlb edir. Bu fərqlər nimdaş köynəyin tiftikləri kimidi – yuxarıya yox, daima aşağıya doğru gedirlər...

O, Şimaldan, mən isə Cənubdanam. Deyəsən, bu fakt da heç bir şey demir. Əgər qarı ağlımda tutmuşamsa, bu gün bizdə də yağır. Özü də quşbaşı qar! Burada da insani qəddarlığımız kodlaşıb: Niyə quş başı?!

Zakir Məmmədi tərifləmək fikrim yoxdu. Bunu etsəm, etməsəm də bir şey dəyişilməyəcək. Cənubdan Şimal necə görünürsə, onu da o cür görürəm. Daha doğrusu, görmürəm. Sadəcə, başımı qaldırıb Göyə baxır və onun OL-duğu istiqaməti təyin etmək istəyirəm.

Onun haqqında ən az söz demək səlahiyyətinə malikəm. Çünki bugünəcən görüşməmişik. Bu da mənə “xüsusi” bir imtiyaz verir: Səhv etmək imtiyazı! Bəd ayaqda deyərəm ki, tanımamışam...

Amma, deyəsən, doğru olmadı. Mətn belə bəhanələri bağışlamır...

... 65 yaşlı Midja kiçik əyalət şəhəri olan Kenqididə məktəbli nəvəsi ilə birgə yaşayır. O, çox həyatsevər bir qadındı, xarici görünüşünə xüsusi diqqət yetirir, rəngbərəng donlar və çeşidli şlyapalar geyir. Günlərin bir günü bir elanın izi ilə Mədəniyyət evində təşkil olunmuş “Poeziya” dərnəyinə gəlib çıxır. Burada şeir yazmağı öyrənirlər. Midja da iştirakçıların çoxu kimi heç zaman şeir yazmayıb. Dərnək rəhbəri “təsadüfən” əlinə keçən əşyanı dinləyicilərə göstərib onun zahiri ilə batini arasındakı sirli bağlantılara diqqəti yönəldir. Bu, Almadır...

Söhbət Cənubi Koreya rejissoru Li Çan Don-nun 2010-cu ildə çəkdiyi “Poeziya” filmindən gedir. O gündən Midja hər şeyə yeni gözlə baxır. Məlum olur ki, əvvəllər hər gün gördüyü predmetləri, sən demə, heç “görməyibmiş...”

Zakir Məmməd haqda düşünəndə niyə məhz bu film yada düşür?!

Əvvala, hadisələr əyalət şəhərində baş verir.

İkincisi, incəsənətin ilk atributlarından biri kimi Alma simvolikasından istifadə olunur.

Üçüncüsü, filmdə Ustad obrazı vardır.

Sonuncusu və başlıcası, söhbət Poeziyadan gedir...

Zakir Məmməd Əyalətdə yaşayır. Gördüyünüz kimi, “əyalət”i böyük hərflə yazdım. “Niyə”sini sonra deyəcəyəm...

Meqapolislər həmişə parlaq işıqları ilə diqqəti cəlb edir. Xatırladıram: Bakı gecələri haqqında nə qədər şeir yazılıb. Böyük N.Hikmət “buğda zəmisi”nə bənzədir Bakı gecələrini. Maraqlı təşbehdi. Əyalət belə teşbehlərdən çox uzaqdı...

Paytaxt yazarları haqqında yazan Z.Məmməd bircə dəfə də ağlında tutmur ki, filankəs, tutaq ki, bir “X” (məchul) yazar mərkəzdə yaşayır. Amma çox maraqlıdı, əgər həmin “X” “müəllim” Zakir Məmməd haqda yazası olsaydı, sövq-təbii onun əyalətdə yaşamasını qabardardı. Niyə? Bəlkə belə istedadlı adamlarla bir şəhərdə olmasını istəmirlər? Bəlkə özlərinin əvəzolunmazlığı, yeganəliyi haqda dolaşan söz-söhbətlərə o qədər aludə olurlar ki, kiminsə onların şöhrətinə “şərik” olacağını düşünürlər? Yəni “burda mənəm Bağdadda kor xəlifə” təfəkkürü...

Qoy Kor Xəlifə həmişəlik uzaq Bağdada qalsın...

İkincisi, əyələt yazarlarına Roma Papasına xas olan “şəfqət”lə yanaşmaq tentensiyasını formalaşdırmaqla əslində özlərinin nə qədər mərhəmətli və xeyirxah olmalarını əfkari-ümumiyə sırımaq istəyirlər. Yaxın keçmişimizdən qalan “Uğurlu yol”lar daha çox buna xidmət edir. Guya bu filankəs, filankəsin “tapıntısıdır” Bugünəcən də həmin nimdaş “Uğur”u əynindən çıxarmayıb paytaxtın küçələrini sərgərdan-sərgərdan gəzən yazarlarımız vardır...

Əyaləti məkan anlamında qəbul etmək olar. Məsələn, bu cür: Zakir Məmməd gözəl Qubamızda yaşayır. Və deməmək də olar. Söhbət ədəbiyyatdan gedirsə, buna nə hacət? Böyük ədəbiyyatdan danışmaq Göy-dən, Kosmos-dan danışmaqdı. Kosmosun isə nə Praqası, nə Parisi, nə də Bakısı olur...

Ən pisi isə əyalətdə yaşayanları “əyalət təfəkkürü” ilə suçlamaqdı. Bunu məhz acizlər edir. Xəstələr edir!

“Əyalət yazarı” ifadəsi Rusiyadan bizə adlayıb. Rusiya o qədər genişdi ki, bəzən yazıçıları xoş niyyətlə paytaxt və əyalətdə yaşayanlara bölürdülər. Biz də bunu məkrli niyyətlə öz xislətimizə uyğun “kopiya” eləmişik. Bunu da başa düşmək olar. Bəs bu fikirlə aranız necədir: Böyük ədəbiyyat əyalətdən görünə bilərmi?! Görünür, bütün rəngləri ilə görünür! Buna ən parlaq nümunə Zakir Məmməddir!

O, çağdaş yazarlar haqda bir-birindən gözəl Təhlillər ortaya qoyub. Birinə diqqətinizi cəlb etmək istəyirəm. R.Rövşən haqqında çoxu yazıb. Olsun ki, paytaxtın “tənqidçi professorları” da. Amma Z.Məmmədin yazdığı Qubanın ağ alması kimidi. Təmiz, şəffaf... O, alma tumu kimi mətnin içərisində gəzişir. Adama elə gəlir ki, R.Rövşənin şeiri dünyaya gələrkən o da orda olub. Bu halı Şair-lə bir yerdə yaşayıb... Durub o “professor”un mətninə baxanda isə hiss olunur ki, mətnətrafı (Olsun şəhərətrafı!) variasiyalar edir, özünü “xilas” etmək üçün ondan, bundan bol-bol sitatlar gətirir, amma yenə də mətnə girə bilmir, məcbur qalıb mətni misra-misra, bənd-bənd “sındırır” və özü də dağıtdığı mətnin xarabalıqları altında qalır...

“Əyalət”i Z.Məmməd kimi aydın düşünərlərin hesabına böyük hərflə yazmağın zamanı gəlib çatıb...

... Alma həmişə olduğu kimi, “Poeziya” filmində də önə keçib. Alma Adəmdən də, Həvvadan da öndədi. Alma Həvvanın və Adəmin İlk Şəklidi. Bunu Renessans rəssamları da, avanqardistlər də, daha çox sürrealistlər də öz rəsmlərində veriblər. Poeziya da öz başlanğıcını Alma-dan götürüb. Və poeziyanın özü də qadın başlanğıcıdır.

Düşünürəm ki, almanın çox olduğu yer həm Günah, həm də Nəşənin bol olduğu yerdir. Poeziya da bu İki-liklə nəfəs alır – İkikameralı Ürək kimi...

Zakir Məmmədin Qubası da Günah və Nəşəni yetirən ağacların bolluğu ilə seçilir. Həm də bu duallığın tən ortasında dayanan şairləri ilə - Ramiz Qusarçaylı, Aybəniz Əliyar, Sevinc Məmmədova, Zakir Məmməd və başqaları ilə...

A.Əliyar dik almanın gözünə baxır. Ramizin və Zakirin hədəfi ağacın özü və köküdür. Sevinc xanım “tərəddüd” edir. Amma hamının ürəyindən xəbər verən ümumiləşdirmə isə Z.Məmməddən gəlir:

Yeyək, bu meyvədən yeyək,

Üzüm olsun, göyəm olsun!

Qoy gedək, hələlik gedək!

Allan özü deyən olsun!

Buna deyərlər, Alma-dan ustacasına ağıllı “qaçış...”

Yenə qayıdaq filmə: Ustad, Müəllim obrazı filmboyu görünür. Çünki bunsuz mümkün deyildir. O da ola Şərq! Zənnimcə, Herman Hessenin “Şair” essesinə yenidən baxmağınız kifayətdi...

Xoşdur ki, Quba ədəbi mühiti də Zakir Məmmədi Ustad kimi qəbul edir. Cavanşir, Firəngiz Sabirqızı, Lətafət Abiyeva, Məmməd Qədir, Mürfəttar və başqaları... Vaqif Əlixanlı, Zakir Məmməd birliyi də ümumi işin xeyrinə çox gözəl tədbirlər həyata keçirirlər. Bunların hamısı sosial şəbəkədən izlədiklərimdi. Olsun ki, yanlışlığa da yol verə bilərəm. Amma görüb inandığım bir Həqəqət vardır: Quba ədəbi mühiti bugün çox fəaldır!

Zakir Məmməd haqqında düşünərkən “Köhnə Kişi” ifadəsi gəlib durur gözümün önündə. Elə bil pak, məsum bir uşaq əli onu havaya, boşluğa yazır. Bu kişilərdə söz çörək kimi, çörək söz kimi kəsilir. Kəsildimi, qurtardı!

Zakir Məmməd nə qədər istedadlı bir İnsan olduğunu ya görmür, ya da özünü “görməməzliyə” qoyur.

Bu, onun zəif yeridi!

Zalım dostlar da bu zəif yeri çox gözəl görürlər...

Ona görə də bəzən çörək kəsdiyi adamın zəif bir mətni haqqında orta əsr cəngavərləri kimi dəbdəbəli bir nitqlə danışır.

Bu, onun saflığını bir qədər də artırır...

Həmin mətn isə itirir... (Yanlış dedim, islanmışın yağışdan nə qorxusu?!)

Zakir Məmmədi tərifləmək fikrim yoxdu. Bunu etsəm, etməsəm də bir şey dəyişilməyəcək. Cənubdan Şimal necə görünürsə, onu da o cür görürəm...

Lap film kimi görürəm...

Qulağımın dibindəcə O-nun səsini eşidirəm:

Növbə ilə bu dünyanı,

Gəldik, vuraq dişimizə.

Daha belimiz ağrıdı,

Çıxaq gedək işimizə...

Nə deyirəm, çıxaq gedək...

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #