Bir kişinin aldatdığı qadın idin – Yeni İmza

Bir kişinin aldatdığı qadın idin – <span style="color:red;">Yeni İmza
13 iyul 2018
# 17:30

Kulis.az "Yeni imza" layihəsindən gənc şair Əli Əsgərin şeirlərini təqdim edir.

Metro

Qaranlıq vaqonlar kimi idi

Ömrümüzün başlanğıcı

28 Mayda əllərimi buraxdın

İçərişəhərdə tutmaq ümidi ilə

Ah bu yol ayrıcı, bu yol ayrıcı

Gözlərimi açmaq istədin telefonun kilidi ilə

Darıxdın?

Bilirsən?

Bu qatarda havasız qalmaq deyildi

Sənin yanında oturmamaq idi boğulmaq

Qapılar açıldı

iki yaşlı uşağın üzündən bir şey oxudum

Təxminən belə deyirdi;

Doğulmaq var, doğulmaq

Eynən sən də hər zəngimi açanda

Dəstəyin arxasında bu cümləni deyirəm

Səndən nə istəyirəm?

İcazə ver, unudum

Axmaq.

Bu nə söz oyunudur

Nə də oxucu aldatmaqdı

Ya da elə qapıya söykənib yatmaqdı

Vaqonda tək darıxmaq

Unutmaqdı, unutmaqdı

Gəl sənə bir sirr verim

Metro stansiyaları mənim üçün

28 Mayda buraxdığım əli

İçərişəhərdə tutmaqdı.

Görüşəndə utanıram

Mən o qədər kasıbam ki,

Nə gözlərini doyduracaq qədər ürəyim

Nə də ürəyini dolduracaq qədər sevgim var

Nə yalandan deyim?

Əlçatmaz bir arzudu bahalı restoranlar.

Sənin sevgi anlayışın,

Endirimdə olan bütün ətirləri hədiyyə etməyimdi

Mənim sevgi anlayışım

Səndən çıxıb getməyimdi

Biz dil tapa bilmirik

Hərəmiz öz gözümüzdə ayrıyıq

Yollarımız ayrıdır, özümüz də ayrıyıq

Sənin yolun hansısa bir ziyafətə

Mənim yolum kasıb məhəlləyədi

Sənə arxamca gəl deməmək səbəbim

Topuqların qırılacaq deyədi

Gəl bu dəfə bir dəfəlik sağollaşaq

Elə bil heç həyatına gəlməmişəm

Narahat olma, taksi ilə gedəcəksən

O qədər də ölməmişəm.

Qadın var ki

Qadın var ki,

Sevmədiyi kişinin yatağında can çəkir

Uşağının atasızlıq dərdi olmasın deyə

Hər yastığa baş qoyanda yatmır ölməsin deyə

Amma ölür baxışları gözləri də qan çəkir

Qadın var ki,

Qapı bilməz nə üçündü evə gələn olmasa

Pəncərədən çölə baxmır, onu özgə tanımır

Mətbəxdəki qab-qacaqdan ayrı güzgü tanımır

Saçlarının olduğunu unudar, əl vurmasa

Qadın var ki,

Sevə-sevə evləndiyi adam xəyanət edir

Ürəyinə sözü keçmir, unudur, bağışlayır

Və elə bir barışıqdan sonra nələr başlayır

Ruhu bədəndən küsüb, sağollaşmadan gedir

Qadın var ki,

Ətrafına qarşı bütün hisslərini itirir

Ayrıldığı adamı ilim-ilim axtarır

Ayağına yaraşan bir cüt ölüm axtarır

İlk girdiyi mağazada tapır, bəxti gətirir

Qadın var ki,

Qayğıya ac, sözə toxdu

Qadın var ki,

Bir də görürsən yoxdu.

Qız

Vaxtın varsa gəl, görüşək

Fikirləri dağılan, qız

Evdə könlün açılırmı?

Ay boğaza yığılan, qız

Niyə ölmək istəmirsən?

Yaşamağa bir səbəb de

Deyirəm ki, səbrin var e

Yeddi aya doğulan, qız

İndi o, bir qaşıq su da

Vaxt aparar ölmək üçün

Onsuzda ki ölür hər gün

Bir nəfəsə boğulan qız

Hələ ümid edirdim ki

Bəlkə birdən qayıtdın

Qaranlığa imza atdın

Gəlinliyi ağ olan, qız

Ölsən belə yadda saxla

Biz varıqsa sən də varsan

Şeirlərdə yaşayarsan

Şairləri sağ olan, qız

Xoşbəxtliyə əl uzatma

Tüpür bəxtə, qədərə də

Eşqə baxan pəncərədə

Barmaqları sıxılan, qız

Gözlərimi doldurursan

Boşluğuma yıxılan, qız

Qızım

Palatanın qapısında,

Əllərini belində,

Göz muncuğunu əlində saxlayan ata

Qızını gözləyirdi

Səni gözlədiyim kimi, qızım.

Sənin yoxluğun bələyindən başladı

Allahın mələyindən, səmimi qızım.

Yaşasaydın

Bir ananın "atan gəlsin alarıq" dediyi qız

Bir atanın pulsuzluğunu gizlədiyi qız idin

Kapitalizmin mağazaların önündəki sütunlardan

Baş qaldırdığı ölkədə

Bir məktəblinin ilk sevgisi

Bir kişinin aldatdığı qadın idin bəlkə də

Heç bunlar da baş verməzdi

Kaş,

Yorulanda qollarını boynumdan asaydın.

Hərdən düşünürəm ki,

Səni də düşmən gülləsi yox,

Düşmən təcavüzü öldürə bilərdi

Qarabağda bakirəliyini torpağa tapşıran qızlar oldu,

Xalqın qan yaddaşını yazanlar

mənim üçün sənin yoxluğunun acısı qədərdi

Qızı zorlanan atanın çəkdiyi ağrı.

Bu döyüş təbili deyil

Bu bir növ yaddaşa çağrı

Burda günahkar udanlar deyil

Uduzanlardı, uduzanlar.

Heç cənazə namazları qılınmadı.

Allah, qızımı yaşatmaq istədin

Alınmadı....

# 1463 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #