Müqəddəslik  qurtaran yerdə... dünyanın qara yelləri əsir

Müqəddəslik  qurtaran yerdə... dünyanın qara yelləri əsir
26 yanvar 2015
# 17:39

Yazıçı Natiq Məmmədlinin “Körpüdə ümid” romanını oxuyub tamamlayıram və səmimi etiraf edim ki, bu zaman səhifələrin necə çevrildiyinin, hadisələrin bir-birini necə əvəzləndiyinin fərqində olmuram. Obrazların söhbətlərindən, düşüncələrindən təsirlənirəm. Xarakterlərin yaşadıqları dəhşət, ağrı, təlaş, qorxu... kimi hisslərin təsiri altında son dərəcə həyati, canlı mənzərə gözlərim önündə canlanır. Daha çox uşaqlıq, gənclik illəri yada düşür... Kəndimizdən dəstə-dəstə adamların yaxın-uzaq pirlərə, müqəddəs yerlərə ziyarətləri yaddaşımda vərəqlənir... Başqalarını deyə bilmərəm, ancaq mənim qənaətimdə ocağa qədəm basan elə o andaca həmin məkanın aurasının, ab-havasının qəribəliyini, özünəməxsusluğunu duyur. Bunun sirrinin isə müxtəlif yozumlarla açıqlanmasına cəhd göstərilir. Fikirimcə, bu, ilk növbədə hansısa dərdinə əlac axtaran Allah bəndəsinin o ziyarətgahda itən, sovulan ümid-inamının yenidən göyərməsi, pöhrələməsilə bağlıdır... Sonra nə olacaq, nələr baş verəcək, onu o bir Yaradan bilir... Burada o da sirr deyil ki, müqəddəs məkana ümid ardınca gələnlər arasında bu dünyanın his-pasına bulaşmayanlarla, nahaq çəkdiyi əzablardan, həyatda üzləşdiyi haqsızlıqlardan xilas olmağa cəhd göstərənlərlə yanaşı, halalı harama qarışdırıb yoğuranlara da, içlərindəki xıltı, kiri təmizlərin üzərinə tökənlərə də rast gəlinir. Bax, qəribədir ki, ikincilər birinciləri həmişə üstələyir, ikincilər birincilər üzərində həmişə ağalıqlarını qoruyub saxlayır... Belə də zaman-zaman o ucalıqlar kiçilir, o müqəddəsliklərə ləkə düşür...

Mən bir oxucu olaraq bu qeydləri “Körpüdə ümid”lə bağlı təəssüratlarımın girişi kimi anladığım, duyduğum şəkildə qələmə alıram. Qaldı adı çəkilən romanın tənqidçilər, tədqiqatçılar tərəfindən necə, qarşılanacağı, yozulacağı, o da zamanın ixtiyarındadır. Bütün hallarda əminəm ki, bu əsər tarixdə əsl ədəbiyyat nümunəsi kimi qiymətini alacaq. Ancaq hansı məqamdasa, mənim düşüncəmlə razılaşmayanlar da ola bilər. Bu, təbiidir. Axı, bədii sənət nümunəsi-əsl ədəbiyyat müxtəlif fikirlərin, mübahisələrin, müzakirələrin qarşılığından, doğulmasından araya-ərsəyə gəlir...

... «Körpüdə ümid»i oxuduqca, əks qütblü adamların (qəhrəmanların) düşdüyü vəziyyəti anladıqca, çətin, yorucu dağ çığırları ilə birtəhər gəlib ümid yerinə-pirə yetişən adamların düşüncələrilə tanış olduqca bir az əvvəl dediyim o ab-havanın, o auranın gücü duyulur, hiss edilir. Həm də bütün bunlar yazıçı təxəyyülünün, fantaziyasının “məhsulu” kimi yox, reallığın, gerçəkliyin təsviri, “rəsmi” təsiri bağışlayır.

Əsərdə Ümidqovan kəndindəki Ümid Pirinin yaranışı barədə müxtəlif fərziyyələr, fikirlər söylənilir. Bunların arasında bir yozum da belədir ki, bu müqəddəs ocağı dünyanın çox-çox uzaq bir məntəqəsindən çay ağuşuna alaraq indiki yerə-hündür bir məkana gətirib. Niyə, nə səbəbə, bilinmir. O da bilinmir ki, dərədən axan çay piri Ümidqovanın ən uca nöqtəsində necə “məskunlaşdırıb”. Təkcə heç kəsin şübhə etmədiyi həqiqət odur ki, ocağın yerini bu cür dəyişməsinin kökündə müqəddəsliyin ləkələnməsi dayanır... Başqa sözlə, yerdəyişmə Uca Yaradanın icazəsiylə, məsləhətiylə baş verib. Allah o pirin ilkin ünvanında təmizliyin, ülviliyin naqisliklə, əyriliklə üz-üzə qalmasını, dayanmasını rəva görməyib, ona görə də “kükrəyib daşan dağ çayı, lap uzaq torpaqlardan, kirlənmiş, azğınlaşmış adamların yaşadığı yerlərdən piri xilas eləmək üçün onu sularının qabağına qatıb dünyanı gəzdirib, çox yerlərdən keçsə də, pir heç yanda bənd olmayıb; nə qədər axarlı-baxarlı ölkələrdən adlayıb, insanlar Allaha yalvarıb ki, çayın gətirdiyi müqəddəs onların torpağına səmt gəlsin, amma pir dayanmayıb, çay da yatağından çıxıb dünyanın bütün bəndini-bərəsini yuyub, nəhayət, Ümidqovan kəndinin yanından keçəndə, pir seçimini edib, sıx meşəli, sıldırım qayaların arasına sığınmış dağ kəndi xoşuna gəlib. Pirin dayandığını görən çay da toxtayıb, müqəddəsi hələ insan övladının cığır açmadığı yerlərə təslim edib, sıldırım qayaları, sıx meşələri ona keşikçi qoyub, sakitcə öz yatağına çəkilib. Beləliklə, çayın gətirdiyi möcüzə barlı-bərəkətli Ümidqovan kəndinin də torpağını müqəddəsləşdirib, əli qabarlı, beli bükülü kənd camaatının da eynini açıb, ümidi kəsilmiş insanların ürəyində ümid çırağı yandırıb...”.

Amma müəyyən vaxt keçəcək, Ümidqovanda da, bu kəndin beş addımlığındakı pirdə də vəziyyət dəyişəcək: ocağa qurbanlıq gətirənləri, nəzir-niyaz verənləri qarşılayaraq “kitab oxuyan” Qırmızı Xudu, “özünün başa düşdüyü dildə dodaqaltı pıçıltıyla nəsə oxuyub onunla üzbəüz bardaş quran adamın başının üstündən boş havanı üfürən” Yoğun Minə, ziyarətçilərə dua yazan Qələm Bəkir, “əllərini ziyarətçilərin kürəyində, sinəsində, qollarının, ayaqlarının büküşlərində gəzişdirən” Burun Qasım... əməllərilə bu müqəddəs yeri murdarlayacaqlar. Təmizlik, paklıq isə murdarlıq götürmür: su murdarlananda bulağın gözü tutulur, halala haram qatılanda bərəkət tükənir, yalanla, hiyləylə iş aşırılanda tikilən, qurulan ev aşır, dağılır... Hə, o zaman yetişir... dünyanın ən təmiz, ən pak ünvanlarından biri olan Ümid Pirinin böyür-başı “kirlənmiş, azğınlaşmış adamlar”la dolur... Ancaq bu ləbələb murdarlığı təmizləməyə buranın “gecə sakini” Pirdəlinin, Dilsiz Uşağın, “suyuşirin, xoşxasiyyət, gözəgəlimli olsa da, nədənsə ərə getməyən”, “bu kəndin bəlkə də yaşı ötüb evdə qalan yeganə qızı olan”, niyyət tutub pirə gələnlərə dəmlədiyi ətirli çay süzüb verməklə “ölənlərinə rəhmət oxuyan” Qız Tellinin gücü-qüvvəsi çatmır...

Onların (Dilsiz Uşaq, Pirdəli və Qız Telli) qeyri-adi, bir az da izaha gəlməyən hərəkətləri, düşüncələri ilə zamanın ağrı-acıları, təzadları, nizamsızlığı ifadə edilir. Onların söhbətlərindən yazıçının aşılamaq, oxucuyla bölüşmək istədiyi məna, məram açılır. Başqa sözlə, həyatın hər addımında nəzərə çarpan naqisliklər, pisliklər və bunların ucbatından insan inamının sarsıdılması, ümidinin sındırılması, müqəddəsliyə kölgə salınması... göstərilir.

“Кörpüдя цмид”ndə yazıçı qayəsinin, məqsədinin daşıyıcıları da, fikrimcə, elə Dilsiz Uşaq, Pirdəli və Qız Tellidir. Dilinin açılması üçün pirə gətirilən Dilsiz Uşaqla fərqli düşüncəsinə, fərqli baxışına görə Ümidqovandan “dəli” adıyla didərgin salınan, bu səbəbdən də ocaqda ancaq gecələr görünən və “uşağın boğazında söz qalıb, düz söz, onu deyən kimi dili açılacıq”- deyən Pirdəli ilə, Qız Telli ilə “ürək söhbətləri”ndə həyatın, zamanın bütün real görüntüləri, insan xarakterinin, xislətinin qəribəlikləri, təbəddülatları, təzadları açıq-aydın, heç bir uydurmaya, bəzək-düzəyə yol verilmədən sərt şəkildə nəzərə çarpdırılır.

...Dilsiz Uşaq dili ilя yanaşı, yaddaşını da itirmişdi. Görünür, dillə bərabər yaddaşın da itməsi heç də adi bir təsadüf, bəxtə, taleyə yazılan xəstəlik, mərəz deyildi. Bu, onu gələcək bəlalardan, qarşıdurmalardan, intriqalardan uzaq saxlamaq üçün İlahinin bir “hədiyyəsi”ydi. Bu, ona Pirdəli, Qız Telli vasitəsilə “ötürülən”, gələcək sarsıntılardan “üzüağ” çıxmasına kömək edəcək, yol göstərəcək “bəxşiş”ydi...

Dilsiz Uşağın Pirdəli ilə, Qız Telli ilə münasibətləri istiləşdikcə biz bunun şahidi oluruq... Pirdəli Dilsiz Uşaqdan adını soruşur. Lakin o nə qədər cidd-cəhd göstərsə də adını xatırlaya bilmir. “Utandı ürəyində “adım yadımdan çıxıb” - desin. “Heç belə iş olar, adım dilimin yaddaşından pozulsa da, ürəyimdə qalmalıydı. Necə oldu adımı unutdum?”

Pirdəlinin cavabı bu müşkülə aydınlıq gətirir: «...Görünür, adında nəsə ləkə varmış, ya da sənə layiq deyilmiş deyə adını yadından çıxardı. Bilirsən, öz adına layiq olmayan, öz adına yaraşmayan milyonlarla insan gəzir yer üzündə. Pir səni onların cərgəsində görmək istəmədi. Sən artıq başqalaşırsan».

Yeri gəlmişkən, Dilsiz Uşağın təmizliyi, paklığı onun dilinin açılmasına, yaddaşının bərpasına təsirsiz ötüşmür. Onun dilinin açılmasının, yaddaşının bərpasının bir səbəbi də o olur ki, Ümid Pirini naqisliklərdən xilas etsin, təmizləsin, sönən ümid ışığını yandırsın- “Ümidqovanda təzə gün başlayanda” adamların itən inamını qaytara bilsin...

Onu da deyək ki, yaddaşsızlıq heç də Dilsiz Uşağın üzləşdiyi bir patoloji hal deyil. Belə yaddaşsızlıq, təəssüf ki, dünən də, bu gün də yüzlərlə, minlərlə insanı cənginə alıb. Səbəb... Bir vaxtlar, yəni uzaq keçmişdə damarlarından qeyrət, namus qanı axanlar bunun kökündə haramın, tamahın dayandığını deyirdilər. Elə indi də, fikrimcə, belədir. Halal ocağa su əndərən, haram tikəni halal malı kimi içəri ötürən bəndə elə o andan, o zamandan yaddaşsızlıq bəlasıyla üzləşir. İnsan cildində olan o canlı “qəbir evinədək” Allahın bu “bəxşişi”ylə (cəzasıyla) -yaddaşsızlıqla çarpışa-çarpışa qalır... Yaddaşsızlığın yurd-yuvanın dağılması, torpağın zaman-zaman itirilməsi, tarixin tarixdən pozulması, silinməsi, yadın, yabançının sənə tarix yazması... kimi acı, təəssüf doğuran nəticələri heç kəsə sirr deyil.

Burada bir məqam da maraqlıdır... İnsan o zaman güclü, qüdrətli olur ki, xəstəliyə, düşmənə, təbiət hadisələrinə... qalib gəlir ki, onda, onun daxilində ümid, inam hissi güclü olur. İnsan o zaman güclü, əzəmətli olur ki, içi, daxili kin-küdurətdən, paxıllıqdan, xəbislikdən uzaq olur, torpaq, yurd sevgisi ev-eşik sevgisindən uca olur. Belə də onu sındırmaq, məğlub etmək mümkün deyil. Vay o gündən ki yaddaşsızların qarşısında aciz qalasan, uduzasan, səndəki o ümid, inam hissi də ölə. Onda müqəddəs sayılan yerlər, ocaqlar da köməyə yetmir, imdada çatmır... Amma həyatın, ömrün hansı dönüm-döngəsindəsə, o öləziməkdə olan ümid güclənə, qüdrətlənə bilər-təki qarşına yaddaşlı adam, yaddaşını qoryub saxlamağa iqtidarı çatan (tamahına, nəfsinə “dur” deməyi bacaran) bəndə çıxa... Dilsiz Uşağın da bəxti onda gətirir ki, Qırmızı Xududan, Yoğun Minədən, Qələm Bəkirdən, Burun Qasımdan... daha çox Pirdəliyə, Qız Telliyə meyl göstərir. O Pirdəliyə ki Ümidə- “...Vətən” sözü, əslində, sözlərin içində ən düzüdü, bəlkə də düzlükdə birincisidi, amma yararsız adamların dilində o qədər çox işlənir ki, düzlükdən çıxır, qədir-qiyməti olmur; onu o qədər çeynəyiblər ki, məqamı gələndə də dilinə gətirmək istəmirsən, qorxursan ki, sən də dönüb olasan haray-həşirin bir tayı. İçi boş gurultulu sözlərdə heç vaxt səmimilik olmayıb, onların hamısı özlərində olmayan şeylərdən danışırlar. Vətəndən danışan, xala xətrin qalmasın onun qabağına bir “ana” sözü də artırıb ağzı köpüklənən adamların dərhal ürəyinə boylan, orada qorxaq, hürkək, riyakar, üzə bir astara iki sifətlər, hazırlanıb öz növbəsini gözləyən min cür maskalar görəcəksən. O adamlardan uzaq gəz, o adamlara qarşı çıx, yalanlarını üzlərinə de, qoy qızarsınlar, qoy bozarsınlar... Dediklərimi eləsən torpaq da səndən razı qalar, heç olmasa təsəlli tapar ki, üstündə qədir-qiymətini bilən damazlıq adam gəzir”-deyir.

Təbii ki, Ümidin içindəki saflığı, təmizliyi də onu Pirdəliyə yaxınlaşdırır. Bu yaxınlaşma, təmas isə Dilsiz uşağın dilinin açılmasından daha çox ona lazım olan yaddaşının bərpasına kömək edir. “Mənim adım Ümiddir” - uşağın ürəyinə sərinlik çökdü. “Şükür, adım yadıma düşdü”. Pirdəli isə-“Yox, bu, dədənin sənə qoyduğu adın əvəzinə pirin sənə verdiyi təzə addır. Görünür, sənə inanmağa başlayır, öz adını sənə verdi”, -deyir.


Romanda situasiyalar elə ustalıqla, sənətkarlıqla dəyişir ki, bir daha təkrar edirəm, oxucu hərəkətə (baş verən hadisəyə) yazıçı təxəyyülünün, fantaziyasının “məhsulu” kimi yox, reallığın, gerçəkliyin ifadəsi olaraq yanaşır. Məsələn, Dilsiz uşağın daxilində birdən-birə yaranan kəskin dəyişiklik baş verənlərin ümumi fonunda məntiqi nəticə kimi diqqət çəkir: “Aman!.. Çiyinlərimdən ağrı tutdu. Of… ayaqlarım da yeriyə bilmir… Of… Bu nə ağrılardı. Dözə bilməyəcəm… Mədəm də alovlanır, elə bil içimdə ildırım çaxır… Niyə axı birdən-birə bütün bədənim əsməyə başladı...”.


“Bu, gələcəyin ağrılarıdı” - Pirdəli geri dönüb Ümidə tərəf baxdı – “Döz, bu ağrılara dözmək lazımdır, ancaq fikirlərini ayıq tut ki, özünü itirməyəsən, ürəyinsə məndə olsun. Çiyinlərin gələcəkdə daşıyacağın yükün ağırlığını göstərir, görünür, pir öz adını sənə elə-belə verməyib, həm də öz yükünü bölüşmək istəyir. Çiyinlərinə ağır yük qoyub ki, onun adı insanlara insan olduqlarını xatırlatmaq yüküdür. Onu ömrü boyu daşımalı olacaqsan. Ayaqların getmək istəməsə də gedəcəksən, hamıdan irəlidə getməyə məhkum olmaq təkcə şan-şöhrət üçün yox, həm də hamının əvəzinə düşünmək üçün lazımdır. Mədəndə çaxan ildırım nəfsini doğrayıb-tökür, pirin yükünü daşımaq sənə asan gəlməsin”.

...Və təkrar edirəm, dili tutulan uşaqla -“tər-təmiz, çirklənməmiş, ağ kağız parçası kimi saf bir ürək”lə Pirdəlinin bir-birinə bağlanmalarının, bir-birinin “içlərini” oxuya bilmələrinin, “ürək pıçıltılarını” eşitməklərinin səbəbi aydındır: ikisi də hələ bu dünyanın “kirlənmiş, azğınlaşmış adamlar”ının əclaflıqlarına bulaşmayıb, saflığı, təmizliyi qoruyub saxlayıb.

Pirdəlini elə bu fövqəl keyfiyyətinə (adamların ürəklərini oxumaq, bunu qışqıra-qışqıra demək gücünə) görə də bir vaxtlar Ümidqovandan qovub çıxarıblar. Gəlib Pirə-müqəddəs ocağa sığınıb, çünki bura onun üçün toxunulmazdı. Təqib olunanda Pirə qaçır və ocağın qorxusundan ona xətər toxundurulmur.

***

...Biclik meydan açanda haqq-ədalət, abır-həya, namus-ismət, saflıq-təmizlik qaçaq düşür, mizan-tərəzi itir, paxıllıq, xəbislik, qısqanclıq başa keçir...

... Riyakarlıq yaşam tərzinə çevriləndə, ömür rişxənd və qəhqəhə içində boğulanda ümidlər, xəyallar qırıqlanır, dağılır...

... Hiyləgərlik yalana həqiqət donu geydirəndə, həqiqətsə dərd-bəlanın içində it-bata düşəndə onun yiyəsi avaraya, sərsəriyə dönür, təklənir, tənhalaşır.

İnsan təklənəndə, tənhalaşanda, nadanlar, namərdlər inam-ümidləri çilikləyəndə isə dərdə uduzur, dərdə tab gətirmir. O zaman ən dəhşətli, vahiməli olan odu ki, doğmaların, əzizlərin də səni unutsunlar, səndən üz çevirsinlər... O zaman, bax, “gülüşündən kirpiklərin yan-yörəsi, dodaqlarının böyür-başı qırış bağlasın, ürəyində ağlayasan, öz içində göz yaşınla nisgil göyərdəsən...”.

Romanda “öz içində göz yaşıyla nisgil göyərdən” Telli kəndin (Ümidqovanın) özünün yaşı ilə bir ölçülən tarixini nənəsinin dililə danışdıqca gözlərimiz önüdə Ümidqovan kəndi boyda, ağırlıqda bir dərd yığnağı canlanır, bicliyin, riyakarlığın, hiyləgərliyin meydan suladığı bir məkan görünür. Əslində bu dərd, nisgil Telli üçün, dünyaya onun gözü ilə baxanlar üçün kədərli tarix sayıla bilər. Qırmızı Xudu, Burun Qasım, Qələm Bəkir üçün isə həyatları boyu yaşam prinsipi, əxlaq norması olub. İkiüzlülüyə, simasızlığa adi norma kimi yanaşılıb. El qınağı, töhməti peysərə yüklənib, hallarına zərrəcə təfavüt eləməyib.

Pirdəli də bicliyin, riyakarlığın, hiyləgərliyin qarşısında aciz olduğundan, təkləndiyindən, tənhalaşdığından Qırmızı Xudunun (bəli, məhz Qırmızı Xudunun) kəndində-Ümidqovanda duruş gətirə bilmir, Pirə sığınır. Burda da gündüzlər Qırmızı Xudunun gözünə görünməkdən çəkinir, gizlicə, xəlvətcə ziyarətə gələnləri “oxuyur”, təmizini, safını, dərd ortağını axtarır, “amma özlərindən xəbərsiz kimin ürəyinə baş vurdusa, dərhal diksindi, heç birinə yaxın getmədi. Bircə bu gün on iki yaşlı çəlimsiz, qarayanız uşağı görəndə anladı ki, artıq özünü tapıb, indi pıçıltıyla olsa da, onu başa düşən birisiylə danışa bilər. Adam başa düşüləndə nə qədər yüngülləşərmiş, milyon nəfərdən biri səni başa düşürsə, özün kimi anlayırsa, bu, elə xoşbəxtliyin əlifbasına yazılan qaydadır. Vay o gündən fikrən təklənəsən… Başa düşülməmək dərdi - bütün dövrlərin ağlı başında olan adamlarının əsas bədbəxtliyi deyilmi?”.

Bəli, vay o gündən fikrən təklənəsən, tənhalaşasan. Qırmızı Xudusa cəmlənəndə, artanda, çoxalanda cəmiyyətin faciəsi başlayır: dəyərlər itir, söz çəkisizləşir, torpaq, vətən tamah, iştah, nəfs anlayışlarından sonra gəlir, ürək-iç bomboş boşalır. İnsan, insanlıq Yoğun Minənin timsalında təsəvvür edilir... Bunu deyəndə əsərdəki bir məqamı xatırlayıram. Artıq Ümid də Pirdəli kimi ürəklərdən xəbər tuta bilir. Və o, çox çalışsa da təkcə Yoğun Minənin ürəyini oxuya bilmir. Çünki Minənin içi bomboş idi. Belə bomboş, hissiz, duyğusuz ürək həm də qaranlıq, zülmət olur... Sadəcə ürək Yoğun Minənin yaşatmaq üçün gərəkliydi. Ona görə də o ürəkdə yaşanılmayan olmuşlar barədə nə danışmaq olardı, axı?!. Ümid dərk edirdi ki, “boş ürəkləri oxumaq sadəcə mümkün deyil və buna cəhd eləmək də axmaq işdi”.

...Ümid düşünürdü və düşündükcə sarsılırdı: görəsən, Ümid Piri bu haqsızlığa, ədalətsizliyə necə baxır, necə dözür?.. Dözə bilirmi?.. Görəsən, müqəddəs ocaq niyə Yoğun Minənin, Tellinin alın yazılarına düzəliş etmir? Axı “Minə içində boşluğu, qaranlığı, belə gözəlsə, dərd sandığını gəzdirir. Bu, haqsızlıqdı. Ümid Piri, gözünün qabağında bunu görmürsənmi?”.

Ümid Piri insanı, insanlığı qiymətdən, dəyərdən salan hər şeyi görür. Və elə buna görə də bir vaxtlar içərisinə atılan məktubların hamısını bayıra tullayır. Bacasını da bağlayır... Bu, müqəddəsliyin yox olmasından (ərşə çəkilməsindən), dünyanın qara yellərinin əsməsindən xəbər verir...

Bu məqamda Ümidlə dədəsinin söhbətindən kiçik bir hissəni xatırlatmağım yerinə düşər:

-... Tay müqəddəslik qurtardı…
-Ə, heylə şey olmaz? Bəs, indən belə nağayrajıyıx? Ümid Piri olmayanda hardan alajıyıx ümidi?
-Ay dədə, çox ürəyinə salma, bəlkə, hər şey ümid qurtarandan sonra başlayır, nə bilirsən?!.

...Doğrudanmı ümid tükənəndə, qurtaranda ölüm qapıdan boylanır. Doğrudanmı hər şeyin-sədaqətin, etibarın, düzlüyün, saflığın... bütün müqəddəsliklərin təzədən görünməsi ölümdən sonraya qalır. Doğrudanmı elə ona görə insanın ümidlərini öldürmək, məhv etmək mümkün deyil... Bəlkə də həyatın, dünyanın şirinliyi qarşılığında ölümə hazır olanlar, ölümün gözünə dik baxmaqdan belə çəkinməyənlər bu həqiqəti, bu fəlsəfəni dərindən-dərin dərk edənlərdir.

***

Ümid Pirinə gələnlər onun bacasından içəri yazılı kağızlar atardılar. O kağızlarda arzu-istəklər, niyyətlər öz əksini tapardı. Həmin yazılardan biri məzmununa görə fərqlənir. Ölümün yolunu gözləyən ağbirçək arvadın “məktubuna” onun xahişilə Ümid bir cümlə də əlavə edir: ”Ümid Piri, Qarabağ amanatı”.

...Gün gəlir, bacasından içəri atılan bütün kağızları (niyyətləri) pir çölə (bayıra) səpələyir. Təkcə ”Ümid Piri, Qarabağ amanatı” yazılan ağbirçəyin “məktubu” bacanın ağzında ilişib qalır.

...Həmin vaxt Ümid o arvadın “məktubundakı” digər cümlələri də xatırlayır. “Qarı uzun-uzadı yalvar-yaxarlı cümlələrlə pirdən yalnız bir şeyi istəyirdi - ölməyi. Kəfəni də hazır idi, qəbiristanlıqdakı yerinin də behini vermişdi, amma ölməyin yolunu-yolağasını bilmirdi. Ümid məktuba diqqətlə baxdı, srağagün yazdığı sözlərin az qala hamısını xatırlasa da, kağızda onların yerində sadəcə nöqtələr vardı, bütün hərflər heç nəyi ifadə eləməyən mənasız-məzmunsuz nöqtələrə çevrilmişdi, yalnız kağızın lap axırında bütün nöqtələr qurtarandan sonra ikicə söz ilişib qalmışdı: “…Qarabağ amanatı…”. Ölümə tələsən qadın bu sözləri, pirin bacasına çatar-çatmaz ağlına nə vermişdisə, geri qayıdıb yazdırmışdı. Ümid o vaxt bunun mənasını başa düşməmişdi, sadəcə, Qız Telli belə yozmuşdu ki, görünür, ölümə qənşər adamlar ruhları üçün də vətən axtarırlar”.



***

...İndi mən məcburam ki, min illərlə hesablanan tarixin gərdişindən xəbərdar olan, başımızın üstə dayanıb bizə baxan o Kişiyə “bu dünya nə vaxt düzələcək?” sualını verəm.

Düşünürəm ki, belə halda- “həyatda nə qədər ki, Qırmızı Xudu, Yoğun Minə, Qələm Bəkir, Burun Qasım... var, dünya düzəlməyəcək, heç cür düzəlməyəcək...” cavabını eşidərəm...

Vaqif BAYRAMOV

«Ədalət» qəzeti 23-24 yanvar 2015

# 1066 dəfə oxunub

Müəllifin son yazıları

# # #