“Sevdiyim şair Cəlil Cavanşirdir” - OXUCU

“Sevdiyim şair Cəlil Cavanşirdir” - <span style="color:red;">OXUCU
6 iyun 2017
# 16:49

Kulis.azın “Oxucu” layihəsinin qonağı neft mühəndisi Şəkər Yusiflidir.

- Neçə yaşından kitaba marağınız var?

- Çox erkən yaşlarımdan. Ümumiyyətlə, valideynlərimə inansam, doğulandan bizə kitab oxuyublar. Özümsə oxumağı öyrənəndən kitab oxumuşam.

- Əsasən hansı kitabları oxuyursuz?

- İşimə görə indi əsasən neftçıxarma ilə bağlı kitabları oxumalı oluram. Amma ciddi olsam, fantastika və detektivdən başqa hər mövzuda oxuyuram.

- Müasir yazarlarımızı mütaliə edirsizmi? Kimləri bəyənirsiz?

- İmkan daxilində müasir yazarları mütaliə edirəm. İşdə də bütün günü kitablayam deyə, fiziki cəhətdən imkan olmur çox bədii kitab oxumağa. Müasir yazarlarımızın əməyini çox qiymətləndirirəm. Onlar əsasən tənqid hədəfi olsalar da, mən məsələyə belə yanaşmıram. Müasir yazarlar bizim indiki və gələcək ədəbiyyatımızı formalaşdırırlar. Kimləri bəyənirəm desəm inciklik yaranar. Bütövlükdə azdır, fraqmentlərlə çoxunu. Məsələn, mən Hacı Hacıyevin təkcə "Şampun" hekayəsini oxumuşdum və çox bəyənmişdim.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Kitab insanı zənginləşdirir. Birmənalı olaraq. Dəyişirmi? Bilmirəm. Mən Anarın qəhrəmanlarından ən müxtəlif istiqamətli bir çox şeylər öyrənmişəm, məsələn. Kitabın məni dəyişdiyini bilmirəm. Uzun müddət təsirindən çıxa bilmədiyim kitablar var bir neçə. İmamverdi İsmayılovun, bir povest və ya roman idi, hətta adı belə indi yadımda deyil, ailə başçısını itirmiş bir ana və onun övladları haqqında idi, çox təsir etmişdi mənə. Bernard Şlinkin "Qiraətçi" romanının təsirindən uzun müddət çıxa bilmirdim və s.

- Evdə kitabxananız var? Nə qədər kitab olar?

- Evdə kitabxanamız təbii ki var. Saymaq lazımdır, bilmirəm sayını.

Əsas odur ki, atamın zəngin kitabxanası, saysız-hesabsız kitabları var və mən o mühitdə böyümüşəm.

- Əsasən, hansı dildə oxuyursunuz və Azərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

- Əsasən rus və Azərbaycan dillərində oxuyuram. Azərbaycan dilinə tərcümələri obyektiv qiymətləndirə bilmirəm. Çünki mən kitabların orijinal dillərini bilmirəm. Məsələn, bizim neft sahəsi üzrə elmi kitabların rus dilindən tərcümələri qətiyyən ürəkaçan deyil. Ancaq ədəbiyyatda, məsələn, Nodar Dumbadzenin "Mən, nənəm, İliko və İllarion", "Ağ bayraqlar" əsərlərinin tərcüməsi görünür çox mükəmməldir ki, mən bu qədər çox sevirəm onları.

- Daha çox roman oxuyursuz, ya hekayə kitabları?

- Fərqi yoxdur roman, ya hekayə. Oxumağa başladımsa, bitirirəm.

- Deyirlər, indi kitab oxunmur, sizcə?

- Mən düşünmürəm ki, indi kitab oxunmur. Kitab oxumaq ağıllı adamların işidir də (gülür). Cəmiyyətdə bu nisbət necədirsə, elə o qədər də oxuyan var.

- Ən çox sevdiyiniz roman, hekayə, şeir.

- Belələri çoxdur. İlk ağlıma gələn ən gözəl roman İsmayıl Şıxlının "Dəli Kür"ü, ən gözəl hekayə Anarın "Gürcü familiyası", ən gözəl şeir Vaqif Səmədoğlunun "Sən gələndə" əsərləridir.

- Şairlərimizdən kimləri bəyənirsiz?

- Sözsüz Vaqif Səmədoğlunu. Məmməd Arazı. Bəlkə də o qədər fərq etməyib oxucular - Cabir Novruz çox səmimi şeirlər müəllifidir. Və dostum Cəlil Cavanşiri. Yəqin indi adı yadıma düşməyən başqaları da var.

- Özünüz nəsə yazmaq istəmisiniz nə vaxtsa?

- Erkən gəncliyimdə düşünmüşəm nəsə yazım. Sonra gördüm ki, bu çox çətindir. Beynində yüzlərlə ideya ola bilər, amma bunu bir düzənə qoymaq, buna bir axıcılıq vermək asan deyil. Düşündüm ki, oxumaq daha yaxşıdır.

- Saytlarda bədii əsərlər oxuyursuz?

- Bədii əsərləri indi onsuz da əsasən saytlardan oxuyuram. Baxmayaraq ki, biz öz yazarlarımızın istədiyimiz kitablarını alırıq evə.

- Son olaraq kitab sizin üçün nədir?

- Kitab işıqdır, gözəllikdir, həyatımın önəmli bir hissəsidir.

# 1121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #