Vəba qoxulu eşq məktubu

Vəba qoxulu eşq məktubu
28 mart 2016
# 12:48

Sena çayının sahillərini birləşdirən körpülərin üzərindən səs-küylü bazarlar, poçt məntəqələri, lombard dükanları görünür. Bura Parisdir. Fəqət klassik rəssamların solğun tablolarında əks olunan şəhər deyil. Tutqun rənglər əlvan çalarlarla əvəzlənib. Əfsanəvi məhəbbət hekayələrinə şahidlik etmiş zəngin şəhər, həm dünyanın ən xoşbəxt qadınını, həm də ən bədbəxt kişisini xatırladır. Həqiqi eşqlər tükənmək üzrədir. Zira, bir zamanlar canlı sevgilər yaşayıb bu şəhər. Dekorativ baxımdan mükəmməl quruluşa malik şəhərin Pyer adlı səfil sakini var. Sent- Şapel kilsəsinin qarşısında dayanan gənc düşünür:

- Deyəsən, Didro Sofi Valona ünvanladığı ilk sevgi məktubunu burada yazıb. Bəlkə mən Laraya yazacağım son məktubu burada yazım. Yəqin ki, Didronun ruhu mənə ayrılıq məktubu yazmağa yardım edər. Həyat bəzən materialisti ruhun mövcudluğuna inanmağa məcbur edir. Bəlkə Notrdam kilsəsinə - Hüqonun izdivac qurduğu yerə gedim. Lənətəgəlmiş serroz məni məhv edir. Laranın kobud səs tembri Pyerin eşqinə kölgə salmışdı. Xırıltılı səsi Pyeri qıcıqlandırırdı.

- Şərab gənclik atəşimi söndürdü. Tezliklə öləcəm. Məktubu yazmağa tələsməliyəm.

“Əzizim Lara, səni itirsəm, mənim təsəllim nə olacaq? Əgər sən məni qazansan sənin uğurun nə olacaq? Serroz məni öldürür. Ömrümün sonuna çox az zaman qalıb. Sənə zamanında həqiqəti deməyə cəsarətim çatmadı. Yalvarıram, məni bağışla. Mən zamanı itirdim. Həyat məni sərxoş olmağa məcbur etdi. Mən dünyaya ayıq gözlərlə baxa bilmədim. Mən klassik adamam. Keçmişdə olmalı idim. Dörd əsr öncə yaşasaydım, daha xoşbəxt olardım. Əgər bacarsan, məni əfv et!”

Dörd əsr əvvəl Parisə səyahət edən ispan rəssamı Serxio Qonzalez fransız gözəli Laranın rəsmini çəkmişdi. İncəsənət muzeyində tablonu görən Pyer qadına aşiq olmuşdu. Xəyalında onunla sevişmiş, birlikdə teatr tamaşalarına baxmışdı. Pyer canlı dünya ilə xəyali həyat arasındakı fərqi müəyyən edə bilmirdi. Lara dörd əsr öncə vəbadan ölmüşdü. Məktubda Pyer öz evinin ünvanını da qoymuşdu. Elə bilirdi ki, Lara ilə qanuni ər-arvaddırlar. O bir daha evə qayıtmayacaqdı. Onu heç kim gözləmirdi. Pyersə elə düşünürdü ki, Lara onu gözləyir. Sevdiyi qadının qəlbini qırmamaq üçün evə dönmürdü.

# 1196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #