Həqiqət axtaran damcı – Yeni Hekayə

Həqiqət axtaran damcı – Yeni Hekayə
31 may 2018
# 17:30

Kulis.az gənc yazar Ceyhun Zərbəliyevin “Sirri bilənlərin əhvalatları” silsiləsindən “Damcı” adlı növbəti hekayəsini təqdim edir.

Ona kiçicik damcı olduğunu öyrətmişdilər. Hüdudsuz okeanın dərinliklərində sağa-sola üzür, bu damcı varlığına anlam verməyə çalışırdı. Hərdən daha üst qatlara çıxmağa cəhd edir, lakin çox qorxurdu. Digər kiçik damcılar kimi, ona da okeanın səthinə və sahilə tərəf üzmək çox təhlükəli olduğunu öyrətmişdilər. Onu işığa doğru aparacaq gedə biləcəyi sonsuz sayda yollara həsrətlə baxır, titrəyən işıq zərrəciklərini çox uzaqdan heyran-heyran izləyirdi.

Okeanın dibində - yarıqaranlıqda digər damcılar üçün işıq əhəmiyyətsiz idi. Amma o, böyük maraqla işığın özünü axtarırdı. Burada sonsuz sayda damcılar var idi. Görünüşcə bir-birilərinə oxşasalar da, fərq onların arzularında idi.

Okeanın üst qatlarının olduğunu, üst qatların üzərində də daha neçə-neçə bilinməyən üst qatların olduğunu yaşlı damlalardan öyrənmişdi. Tufanlar, qasırğalar görmüş, neçə-neçə sahilə uğramış, gəmilərin batmasına şahidlik etmiş, buxarlanaraq geri dönmüş susqun müdrik damlalardan da dəfələrlə nələrisə öyrənməyə çalışmışdı.

Anlamışdı ki, SİRRİ bilənlər həqiqəti heç vaxt birbaşa demirlər. Yanlış anlaşıla biləcəyinin məsuliyyətini dərk edir, axtarılan bilgilərin damcılara doğru zamanda müxtəlif yollarla, bəzən də işarətlərlə gələcəyindən əmin idilər.

İdrak edə bilmədiyi BÜTÜNÜ hiss etmək üçün yanıb-tutuşurdu. Əslində nə olduğunun, necə göründüyünün fərqinə varmaq istəyirdi. Bunun üçün sahillərə çırpılmağı, böyük çoxluğa əks getməyi də gözə almışdı.

Öncə qorxularını aşmağa çalışdı. Zamanla anladı ki, qorxularını sevsə və qəbul etsə, aşmağa bir şey qalmayacaq. Beləcə arzuladığı yola çıxa biləcək. Bir gün çox daha fərqli olaraq geriyə və özünə qayıdacağına əmin idi. Daha hüzurlu, daha rahat... Və inanırdı ki, ÖZünə qayıdarsa, heç cür izah edə bilmədiyi bu boşluq dola biləcək. Güvənib hörmət etdiyi bütün bilgə damlalar da onun tapmaq istədiyinin ÖZündə olduğunu deyirdilər. Seçimlər tamamilə ondan asılı idi.

Image result for dalğa

Və bir gün içindəki boşluğun böyüməkdə olduğunu hiss etdi. Nəsə etməli idi, nəyisə, nələrisə dəyişməli idi. Belə davam edə bilməyəcəyini və bu boşluğun çox böyük BİR İŞIĞA aid olduğunu anladı.

Elə həmin gün də yola çıxdı. İçindəki müdrikliyə güvənib, illər uzunu ona aşılanan qorxuları qəbul edib, elə hey üzdü... Sahilə tərəf və yuxarı... Üzdükcə yeni-yeni aləmlər kəşf etdi. Üzdükcə ona oxşayan və oxşamayan sonsuz sayda varlıqlarda özünü gördü.

Okeanın səthinə - işığa doğru yaxınlaşdıqca gözləri qamaşırdı. Zühurunun şiddətindən sevgi ilə gizlənən, hələ də tam olaraq nə olduğunu bilməyən günəşin varlığını bədənində hiss edirdi. Bir damcı bədəndə bildiyi və bilmədiyi aləmləri hiss etmək...

Özündən süzülüb ÖZünə çevrilmək...

Qəribə duyğular idi... Üzdükcə hiss etdiklərini, yaşadıqlarını özü üçün ifadə etməyə gərək duymadan o boşluqda əbədi varlığa doğru gedirdi...

Və budur... Güclü külək onu okeanın üst qatlarında digər onun kimi dəyişimi seçmiş, ÖZünü bilməyi əbədi arzuya çevirmiş digər damcılarla birgə hündür bir dalğaya çevirdi. Göyə qalxdı və baş verənlərə anlam qata bilmədi - sahildəki qaya parçası ilə güclü çarpışmanın təsirindən ətrafa - illərlə görməyi arzuladığı mənzərəyə, işığa diqqət verə bilmədi. Və geriyə okeana qayıtdı.

Növbəti güclü dalğada varlığını unudub ətrafa - səmaya, günəşə, buludlara və özünə baxdı. Sonra okeanı gördü. Titrədi, günəş şüaları altında bədənindən inancları, qorxuları, narahatlıqları, zehni tökülürdü... Özündən ÖZünə dönürdü... Bütün bildiklərini unutdu - bu, daha çox heç nəyi yada salmaq istəməməyə bənzəyirdi. Günəşin şüaları altında hava zərrəciyinə çevrilib geriyə - okeana doğru yol aldı. Tamamilə boş idi. Onu ÖZü olmağa qoymayan hər şeydən, bütün tutunduqlarından vaz keçmişdi. Təslimiyyətlə, sevgiylə... Zərrə dedikləri ÖZündə günəşi, işığı, okeanı, havanı daşıdığının fərqində idi. İndiyədək hiss etmədiyi var olma hissi... Anladı ki, o, heç kim və heç nə idi... Və həm də anladı ki, o hər şey idi...

Yenidən okeanda idi. Doğma məkanda artıq heç nə ona əvvəlki kimi gəlmədi. Özündən süzülüb ÖZünə keçid tamamlanırdı. Yeni və heyran edən bilgi ilə - HƏQİQƏTLƏ...

Özünə, okeana sevgi ilə sarıldı. Fərq qoymadan hər damcıya qucaq açdı.

İçindəki boşluq işıq və sevgi ilə dolmuşdu...

Image result for ceyhun zərbəliyev

# 1334 dəfə oxunub

Müəllifin son yazıları

# # #