Anam evdən getdiyi gün – Aqşin Evrənin uşaqlıq fotosu

Anam evdən getdiyi gün – <span style="color:red;">Aqşin Evrənin uşaqlıq fotosu
12 avqust 2016
# 11:59

Şəkillərdə yaxşı düşür uşaqlıq – LAYİHƏ

Kulis.az “Şəkillərdə yaxşı düşür uşaqlıq” layihəsində məşhurların uşaqlıq şəkilləri və bununla bağlı xatirələrini təqdim edir.

Aqşin Evrənin uşaqlıq fotosu.




Burda 3 yaşım var.

Bu şəkil albomumuzda salamat qalan yeganə ailəvi şəklimizdir. Həmişə anamla atam dalaşanda anam şəkilləri qayçı ilə iki yerə ayırırdı. Yəni şəkildə ayrılırdılar. Tez-tez albomu açıb şəkillərə baxırdım, hamısında ayrı idilər, bircə bundan başqa.

Bu fotonun mənim üçün bir əhəmiyyəti də ondan ibarətdir ki, burada atamın sağ əlinin barmaqlarını görürəm. Atamın sağ əli bircə bu şəkildə bütövdür. Ağdam döyüşlərində yaralanandan sonra onun sağ əlinin barmaqlarına ancaq bu fotoda baxa bilirik. Vallah, dəfələrlə oturub bu fotoya hansısa maraqlı cizgi filminə baxırmış kimi baxmışam.

Albomda bircə bu foto qayçı görməyib. Ancaq mənə elə gəlir ki, bu şəkil onsuz da çəkildiyi gün kəsilib, onsuz da yarımçıqdır. Məncə, elə anam da məhz buna görə kəsməmişdi bu şəkli.

Bircə bu şəkildə ayrılmamışdılar... Sonra elə oldu ki, onlar təkcə şəkillərdə yox, həyatda da ayrıldılar...


Və sonra:

Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev
Həsrət qaldıq evimizə...


...Bir də çox sevinirəm ki, atam bu fotoda mənim əlimdən sağ əli ilə tutub. Bu, mənə nəsə müdhiş rahatlıq, hüzur verir. Nə vaxtsa mən atamla sağ əllə görüşmüşəm, salamlaşmışam!

Yadıma gəlir, atam əlini həmişə suya (sonralar öyrəndim ki, “marqanis” imiş) qoyurdu. Dəfələrlə anamdan soruşurdum ki, onun əlinə nə olub? Demirdi, ya da əzilib deyirdi. Bir dəfə dedi ki, “bax, əgər dibçəkdəki gülə su verməsək, o da böyüməz. Atan uşaqlıqda əlini yumadığı üçün onun barmaqları çıxmayıb. Əgər sən də həyətdə oynayandan sonra əlini yumasan, barmaqların atankı kimi balaca qalar”.


Yadıma gəlmir, onun bu möhtəşəm yalanına inanmışdım, ya yox. Amma nə yalan deyim, neçə dəfə ağlımdan keçmişdi atamın əlini suya qoymaq. Hətta o yaralı əlini marqanisə qoyanda elə bilirdim ki, bunu məhz əlinin böyüməsi üçün edir.

Sonra nələrsə oldu, tarixə çalın-çarpaz iki dağ çəkmiş XX əsr bitdi, böyüdük, atam bizə döyüş yolunu, yaralanmasını, dəfələrlə ölümün əlindən qaçıb yaxa qurtarmasını danışdı.

Böyüdük... Başa düşdük ki, atalar övladlarından həmişə ikiəlli yapışırlar. Tək əlləri olsa belə.

# 1275 dəfə oxunub

Müəllifin son yazıları

# # #