Ən çox da anam ağlayırdı - HEKAYƏ

Ən çox da anam ağlayırdı - HEKAYƏ
18 iyun 2015
# 11:52

Kulis gənc yazar Ayxan Ayvazın “Mövcudluq oyunu” hekayəsini təqdim edir.

Atama və anama

Gecənin içindən keçdik. İşıqlar vardı haradasa. Qapalı yerdən çölə baxırdım. Qarşımda atam və qardaşım durmuşdur. Onların sifəti boz idi. Elə bil üçümüz də bir-birimizi tanımırdıq.

Maraqlı idi hər şey. Gedirdik. Arxada dişlərini qıcamış maşınlar üstümüzə şığıyırdı. Qorxurdum. İçimdə çarəsizlik əzilib qalmışdı. Kimsə mənim əvəzimə danışırdı.

Qorxu indi gəlib çatdı, gözlərimin iriləndiyini təcili yardım maşınının güzgüsündə gördüm. Dəyişmişdim. Kim idi aynadakı? Bizi hara aparırdılar?

- Oturun aşağı – kimsə əli ilə çiynimə toxundu.

Yenə qorxu. İçimdən titrəmə keçdi. Maşın silkələnə-silkələnə, sirena verə-verə sola buruldu.

Qardaşım donuq gözləri ilə pəncərədən çölə baxır, ötüb-keçən mənzərələri yaddaşına köçürürdü. Atam yanında oturmuş həkimə nəsə danışırdı. Duyulmurdu onun sözləri.

Bayırda maşınlar elədən belə, belədən elə şütüyürdü. Biz susmuşduq. İşıqlar gözümə dəyirdi. Sevdiyim qızın səsini eşitdim: “Hara gedirsən?” Ətrafıma döyükdüm. O burda olmalı idi. Hara apardınız onu? Ayağa durdum. Bu dəfə sanitar məni otuzdurmadı.

Maşın dayandı. Düşdük. Kimsə məni içəri dürtdü, divarlar gözümün qabağında durdu. Ətraf bulanıq göründü. Əlimdən yad bir əl tutmuşdu. Aralıq qapıdan kimsə çıxdı. Mənə irəlidə qaranlıq bir şey göstərdi. Tək getmək istədim. Qoymadılar.

Dəmir qapı açıldı. Tez də kilidləndi. Birdən hər şeyin arxada qaldığını anladım. Geri qayıtmaq istədim. Dayandım. Qorxu içimi titrətdi. Sonra nəsə qəribə bir hiss məni ağuşuna aldı, kürəyimdə istilik hiss etdim. Boğazıma qəhər doldu, ağladım. Yerə çömbəlib gözümün yaşını axıtdım. Gözümün önündən bulanıq, ağ xətlər keçirdi.

***

Palataların qapıları taybatay açıqdı. Xəstəxanadan kif iyi gəlirdi. İçəri keçəndə burdakı xəstələri, yəni dəliləri gördüm. Onlar şaşqın baxışları ilə məni süzürdülər. Özü də hamısı bir-birinə oxşayırdı. Elə bil onları qəsdən, əvvəlcədən gətirib bura düzmüşdülər. Üstlərində köhnə, nimdaş paltarlar vardı. Çoxusu mayka geyinmişdi. İlk dəfə bu cür insanların olduğu məkana düşmüşdüm. Özümü necə aparacağımı bilmirdim, həm də bu baxışlardan usanmışdım. Divarları dağıdıb çıxmaq istəyirdim.

Birinci gün məni sakitləşdirə bilmirdilər. Dəhşətli anlar keçirirdim. Bağırır, ardınca ağlayırdım. Qarşımdakı dəlilər sanki heç nə olmamış kimi eyni ifadə ilə üzümə baxır, heç qıllarını qıpırdatmırdılar. Onların bu halı məni daha da qəzəbləndirirdi.

Hər tərəfdən məni ağ adamlar yaxaladılar. Çırpındım, qurtulmaq istədim. Alınmadı. Sonra kimsə qoluma iynə sancdı, isti bir şey vücuduma dolanda yüngülləşdiyimi, enerjimin sona çatdığını hiss etdim.

Səhər yuxudan oyandım. Başımın üstündə biri durmuşdu. Key-key üzümə baxırdı. Elə bil burdakı hər kəs dilsiz, ağızsız idi. Danışmaq belə istəmirdilər. Sükut bütün palatalarda hökm sürürdü.

Pəncərələrə yanaşdım. Burdan yalnız bir parça göy üzü görünürdü. Biri qulağıma pıçıldadı: “Ora həsrət qalmışıq. Bizi çölə buraxmırlar. Ordakı insanlar nə edir?” Cavab vermədim. Çöldə isə insanlar qaynaşırdı. Onların da içində qapalılıqlar, kimsəsizliklər dolanır. Bu şəhərdə hər kəs dustaqdır. Biri çöldə, biri də bizim kimi türməyə oxşayan bu xəstəxanada.

Yenicə tanış olduğum Anar bura necə düşdüyündən, xəstəxanadan danışdı. Danışdıqları uydurmaya oxşayırdı. Amma mən onları həqiqət kimi qəbul edirdim. Onu anlamasam da, razılıqla başımı tərpətdim.

Axşam yata bilmədim. Həkimlər iynə gətirdilər. Onlara başıma gələnləri nağıl etdim. Dinləyir, tez-tez əlləri ilə alnımı yoxlayırdılar.

- Yorulmusan – deyən həkim qoluma iynə vurdu. Yenə eyni hiss: istilik və boşluq içimə axdı. Anladım ki, həyatımda dərin bir uçurum var. Mən daim dibsiz dərinliklərə yuvarlanmaqla məşğulam. İçimdə böyük bir tənhalıq oturub, onu özümdən uzaqlaşdırmağı bacara bilmirəm. İçim qara qutu kimidir: nə kilidi var, nə deşik yeri. Ona görə məni anlayan, çözən adam azdı. Bəzən hər şeyi danışsam da heç nəyi deyə bilmədiyimi gözəl anlayıram.

***

Dəlilər yeməkxanada oturub domino oynayırdılar. Qarşılarında dəftər var idi. Ora nə isə yazır, sonra təzədən oyuna girişirdilər. Başlarının üstündə durub onları izləyirdim:

Get də, qaqaş – onlardan biri əli ilə məni itələdi.

- Mənim üçün oynayırsız? – deyib yerimdən qımıldanmadım.

- Get də... – o təzədən dilləndi.

- Baxıram da... – mızıldandım.

- Bax, amma danışma...

Onlar mənim üçün oynayırdılar. Bunu dəqiq bilirdim. Daşlarda mənim gələcək həyatım dururdu. Heç kimə bənzəmirdim. Hey insanlardan qaçırdım. Elə bil çıxıb getmək hər şeyi həll edəcək. Onsuz da insanlar hər yerdə var.

Domino daşlarının üstündə keçirdiyim həyatın acıları həkk olunmuşdu. Onlar dəftərə nəsə yazdılar, yazılan mənim taleyim idi. Heç vaxt oyun oynamırdım. Əslində? oyun deyilən bir şey yoxdur. Əsas kiminsə qalib gəlməsi deyil, öz qalibiyyətini təsdiq etməkdir.

Mən qələbə çalırdım. Onlar oynayır, oynamadığım oyunda məni qalib çıxardırdılar. Dəftərdə alnıma yazılmayan, mənim olmayan tale vardı. O, mənə bəxş edilmişdi. İçimdə əzabdan qurtulma hissi gəzirdi. Onu anladım ki, hər şeyi qazansam da, itirmək mənim qədərimdir.

Dəhlizə çıxdım. Burda dəlilər çömbəlib siqaret çəkir, yuxarıda, divarın üstündəki televizora baxıb aralarında nə isə gap edirdilər. Onlara qoşulmaq istədim, axı, hər halda mən də burdaydım, gərək onların qurduğu cəmiyyətə daxil olaydım. Palaza bürün, elnən sürün. Yalan ha deməyiblər!

Qaqaşların birindən siqaret istədim. O, cibindən deyil, damağından yarıya qədər çəkilmiş siqareti mənə uzatdı. Dodağı filtri selikləmişdi. Amma iyrənmədim. Son zamanlar bu hiss də mənə yad idi.

Burdakı oğlanlar öz həyatlarından danışırdılar. Bilmirdim, düz danışırlar ya yox. Ancaq qulaq asmağı sevirdim. Həmişə başqalarının xoşbəxt talelərini dinləyib içimdə sürünən kədəri bir anlıq unudurdum. Mən başqa insanları, başqa taleləri burda yaşadım.

Həkim ağlamağımın yaxşı hal olduğunu deyirdi:

- Belə olanda psixoloji sarsıntıların aradan çıxır. – o öz çirkli, kif iyi gələn otağında eynəyini burnunun üstünə gətirib danışırdı. – Gərək çox ağlayasan, ağlamaq xeyirdir.

Hər gün ağlayırdım, səbəbsiz, anlamını bilmədən. Televizorda göstərilən ölkələrdə adamlar ölürdü. Uzaqdan izlədiyim ölüm xəbərləri məni sarsıdırdı. “Belə xəbərlərə qulaq asma” – həkim böyrümdən çıxıb məsləhət verirdi. Ancaq o xəbərlər idi məni ağladan. Tanımadığım, heç vaxt getmədiyim yerlərin, görmədiyim insanların ölüsünə baxıb ağlayırdım. Eynən arvadlar, uşaqlar sayaq. Ağlamaq məsumluğumun, çarəsizliyimin ifadəsi idi.

Atam, anam, qardaşım hər gün yanıma gəlirdilər. Yemək, ailə doğmalığı, sevinc və göz yaşı gətirirdilər. Onlar üçün darıxdığımı indi anladım. Darıxmaq hissini də burda kəşf etdim. Məncə, darıxmaq göyün buludlu olub yağa bilməməsidir.

Onların gələ bilməmək ehtimalına ağlayırdım. Onlar məni kiridirdilər:

Hər gün gələcəyik...

Doğurdan da hər gün gəlirdilər. Əllərində həminki şeylər: yemək, doğmalıq, sevinc, göz yaşı... Ən çox da anam ağlayırdı. Onun gözlərində həmişə kədər hiss etmişəm.

Hamı çıxıb getdi. Yenə tək qaldım. Arxada onların olmadığı həyat təzədən öz qapısını üzümə açıb məni gözləyirdi. Yalnız saat çıqqıltısı mövcudluğumun təsdiqi idi.

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #