O məktublarında arvadına “meymun balası” deyirdi FOTOLENT

O məktublarında arvadına “meymun balası” deyirdi FOTOLENT
26 avqust 2013
# 13:41

Qalmaqallı "Lolita" əsəri ilə tanınmış Vladimir Nabokovun ailə həyatının uğurlu olduğunu birmənalı şəkildə demək olar. O, ideal qadınla evlənmişdi. Yazıçı özü xanımı haqqında deyirdi: "Arvadım olmasaydı, bir roman da yaza bilməzdim".


Romançı Herber Qoldun fikrincə, Vera yazıçı arvadları arasında dünya çempionu adına layiq görülə bilərdi. O, əri üçün ideal qadın, sevgili, ilham pərisi, ideal oxucu, katibə, makinaçı, redaktor, korrektor, tərcüməçi, biblioqraf, ədəbi agent, təsərrüfatçı, məsləhətçi və hətta... sürücü idi. Qadın həyat yoldaşına elmi araşdırmalarda və mühazirələrdə assistentlik edirdi və bəzən onun yerinə leksiya da oxuyurdu. Bir sözlə, rus ədibləri arasında nadir istisnalardan olan bu ailə xoşbəxtliyin simvolu sayıla bilərdi.

Vera sürücü qismində ərini universitet mühazirələrinə gətirir, onu auditoriyayadək müşayiət edir və ərinin nitqlərini dinləyir; əsərlərini tərcümə və redaktə edir, makinada yığır, onun yerinə müqavilələr bağlayır, hətta Nabokovun növbəti əsərləri üçün material toplayırdı.

Maskalı qadın

Veranın özü də etiraf edirdi ki, onadək Nabokovun evlənmək istədiyi üç, ya dörd namizəd olub.

Amma Nabokovu arvadında heyran edən əsas cəhət Veranın onu qeyri-adi həssaslıqla anlaması idi. Onların, sanki, bədənləri deyil, fikirləri də qovuşmuşdu: həm kağızda, həm də gündəlik ünsiyyətdə. Üstəlik, Vera ərinin az qala bütün şeirlərini əzbər bilirdi.

Arvadına həsr olunan şeirlərinin birində Vladimir yazırdı:

Danışsam, cavab verirsən
sanki şeirimi bitirirsən.

Yazıçının söylədiyinə görə, onlar Berlində xeyriyyə ziyafətlərinin birində tanış olmuşdular. Və yəqin ki, elə bu səbəbdən Vladimir Veraya yazdığı məktublarda maska amili tez-tez xatırladılır (təbii ki, sözün hərfi mənasında).

İlk görüşlərinə də Vera qara ipək maskada gəlmişdi. Ola bilsin, qadın xarici görünüşünün onları söhbətdən yayındıracağını düşünürmüş, ola da bilər ki, sadəcə, gözəlliyinin yazıçıda o qədər də xoş təəssürat yaratmayacağından qorxurmuş. Amma ağıllı qadın yazıçının başını gicəlləndirməyin ən dəqiq və uğurlu yolunu tapmışdı:

Vera Vladimirə onun özünün yazdığı şeirləri oxumağa başladı. Və məqsədinə nail oldu: yazıçı onda ruhi doğmalıq sezməyə başladi. Onlar çox tez və asanlıqla bir-birilərinə isinişdilər və Nabokovun yaradıcılığı bütünlükdə Berlində yaşanan bu sevginin zərifliyinə büründü. Təsadüfi deyil ki, onun ilk məktubları oxuculara tanış gəlir – çünki Nabokov bu hissi təkrar-təkrar romanlarına köçürürdü.

"Lolita”nın xilaskarı

Vera görüşə maskada gəlsə də, onun xasiyyətində birbaşalıq vardı, bu qadın gündəlik ünsiyyətdə uzun müqəddimələri və əhəmiyyətsiz təfsilatları sevmirdi. Yəqin ki, bu yazar qadını üçün yeganə qüsur idi. Əlbəttə, əgər belə demək olarsa.

Verayla evlənməmişdən yazıçı anlayırdı ki, ədəbi tərcüməçi ilə ünsiyyət zamanı sözləri incəlik, dəqiqlik və ilhamla seçməlidir. Başa düşürdü ki, bu qadınla qeyri-adi dərəcədə gözəl danışmaq lazımdır. Bəzən ona elə gəlirdi ki, telefon söhbətlərində çox köntöy görünür və bu zaman o, dəstəyi lənətləyirdi. Qadını "yöndəmsiz nəvazişi ilə” incitməkdən qorxurdu. Veranın sözləri dəqiqliklə tələffüz etməsi Vladimiri heyran edirdi. Hələ saitləri gözəl səsləndirdiyinə görə heç bir qadın onun ərindən eşitdiyi qədər bol iltifata layiq görülməmişdi.

Vera ərinin dünyada məşhurlaşmasına yardım etdi və "Lolita”nı əlyazmasının yanıb külə dönməkdən qurtardı. Onun sinədaşında belə yazılıb: "Həyat yoldaşı, ilham pərisi və ədəbi agent”.

"Lolita”nın əlyazması üzərində işləyən yazıçı əsərin necə qəbul ediləcəyi ilə bağlı şübhələrdən təngə gəlib onu sobaya atanda bu ədəbiyyat şedevrini Vera xilas elədi.

Sənət əsəri olan ailə

Dostları onları siam əkizləri adlandırırdılar və deyirdilər ki, hələ bir-birinə belə bağlı olan ərlə arvada rast gəlməyiblər.

"Biz səninlə tamamilə qeyri-adi adamlarıq; bizim anladığımız möcüzələri başqa heç kəs anlaya bilməz və heç kəs bizim sevdiyimiz kimi sevə bilməz”. Nabokovun başqa bir məktubunda Veraya yazdığı bu sözlər keçici hissin ani qığılcımları deyildi. Məsələ burasında idi ki, onların zövqləri qeyri-adi dərəcədə üst-üstə düşürdü. Vladimir və Vera Nabokovların ailəsi özü sənət əsəri idi və ya onların xeyir-duasını sənət özü vermişdi.

Amma onların emosional qavrayışlarında fərqlər vardı. Bunsuz olmazdı. Daha doğrusu, bunsuz xoşbəxt olmaq olmazdı. Vera hadisələrdə və adamlarda ilk olaraq mənfi cəhətləri görürdü, Vladimir isə bəzən onu açıq-saçıqlıqda və vulqarlıqda ittiham etsələr belə, işığa daha çox meyl edirdi.

Yazıçının Veraya yazdığı məktublar (1923-1975) onların yarım əsrdən çox birgəliklərinin detallarını əks etdirir. Bu məktublarda onu bəzən "meymun balası” adlandırırdı. Hətta bir dəfə sevgilisini əyləndirmək üçün yazıçı məktubuna özünün tərtib etdiyi kəpənəkşəkilli krossvordu da əlavə eləmişdi.

Tədqiqatçıların sözlərinə görə, Nabokovun erotik fantaziyaları həyatdan daha çox ədəbiyyatda təcəssüm olunurdu ki, bu da Veranın onun üçün yaratdığı xoş mühitin nəticəsi idi.

Bununla belə, bu ideal nikah az qala pozulacaqdı. Vladimir arvadı ilə məşuqəsi arasında seçim edə bilmirdi. O, bütün qəlbi ilə sevirdi, amma problem bu idi ki, o kimi sevdiyini müəyyənləşdirə bilmirdi. Amma Vera bir yazıçı üçün ideal qadın idi.

Kişi, yoxsa yazar? Sevgi, ya ədəbiyyat? Təbii ki, Nabokov ikincini seçəcəkdi...

Vera ərinin xəyanətindən xəbərdar olsa da, ondan ayrılmadı, əksinə düşündü ki, günah özündədir və nikahlarına "ikinci həyat” bəxş etmək üçün cəhdlərə başladı. O, Vladimirdə özünəinam yaratdı və beləliklə, onun yeganə arvadı olmağı bacardı.

Hazırladı: Rəbiqə

ANN.Az

# 1709 dəfə oxunub

Müəllifin son yazıları

# # #