Kamal Abdullanın ilahi, Markesin cismani məhəbbəti

Kamal Abdullanın ilahi, Markesin cismani məhəbbəti
20 dekabr 2014
# 21:28

Kamal Abdullanın “Unutmağa kimsə yox”, Qabriel Qarsiya Markesin “Vəba günlərində eşq” romanlarının tipologiyası və Bəhram-Gülsüm-Mübariz (“Unutmağa kimsə yox”), Florentino-Fermina-Urbino (“Vəba günlərində eşq”) obrazları üçbucağının xarakter özəllikləri

İxtisarla

İnsan ömrünün ən böyük mənası ona verilən duyğular ölçüsündə ilahi bəxşiş olan həyatın sirli yönlərini üzə çıxarmaqdır. Axı, həyat kəşf edilməsi zəruri olan bir dəfinədir. Və yalnız insan düşüncəsi, insan duyğuları gizli bir dəfinə olan həyatı layiqi ilə duyur və təfəkkür edir...

Həyatın mahiyyəti və qayəsi, sirli həqiqətləri, acısı və şirini nəsildən-nəsilə yaşantının ifadə vasitəsi olan sözlə ötürülür, qorunur və saxlanılır...

Bir millətin fikir abidəsini, söz abidəsini yaratmaq isə həyatın özünün də qəribə bir sənət olduğunu müşahidə edə bilən fərdlərə nəsib olur. Hal-hazırda - XXI yüz ildə ”bir dünya ilə kifayətlənmək” istəməyən Kamal Abdullanın qələmində həyatın yeni bir sirli yozumu poetik-fəlsəfi iqtidar qazanır.

Nəsrimizdəki bu cür inkişaf və irəliləyişi Kamal Abdullanın “Unutmağa kimsə yox” romanında müşahidə edir və bu uğuru böyük ehtiram, sevinc hissi ilə qarşılayırıq. Və təsadüfi deyil ki, yazıçımızın romanını dünya şöhrətli yazıçı, “Nobel” mükafatı sahibi Q.Q.Markesin əsəri ilə qarşılıqlı müqayisə şəklində təhlil etmə zərurəti duyuruq: Kamal Abdulla “Unutmağa kimsə yox” romanında ”bir dünya ilə kifayətlənmə” tendensiyası ilə çıxış edir və bu qavram mətndə semantik mərkəz təşkil edir.

Alim yazıçının bu cür ədəbi qənaətini həm də nəsrimizdə yeni axtarış mündəricəsinin ilkin və əsaslı səhifəsi kimi qiymətləndirmək olar. Anar nəsrində psixoloji-intelektual keyfiyyətlər kimi təzahür edən, Sabir Əhmədli yaradıcılığında müəyyən axtarışlara səbəb olan, Yusif Səmədoğlu qələmində püxtələşən müasirlilik və intelektuallıq Kamal Abdulla romanında (“Unutmağa kimsə yox”) bədii-intellektual, elmi-virtual anlam kəsb edir. Yazıçı gündəlik həyatımızda təkrarlanan, müşahidə etdiyimiz fiziki hadisə və qanunları, tozlanmış, unudulmuş mifik yaddaşı, elmi təfəkkürü bəddi mətnin tikinti materialına çevirir: Mətndəki “paralel dünyalar”, “hadisələrin üfüqü”, “çiçəkli yazı”, “mağaranın ruhu”... kimi qavramlar təkrarlanan mifik qatda özünə yer edən, arxaikləşən məişətimizlə daima və sürətlə yenilənən müasir, virtual-intellektual həyatımızın tərkib hissələridir.

Sadəcə sənətkar bütün bu həyat ünsürlərini müəyyən termin və istilahlarla mətnin komponentləri kimi bizlərə təqdim edir. Bütün bu sadaladığımız keyfiyyətlər nəsrimizdə yenidir və bu özəlliklər mətnə ağırlıq gətirmir, əksinə əsəri maraqlı və oxunaqlı edir. Və yaxud göydən dəvələrin yağması, şirlərin üsyanı, Molla Güləlinin nəql etdiyi əsatirlər...(alternativ) real dünyamızda mümkünsüz görünsə də, ən azından virtual dünyada mümkünlüyün, zaman amilinə fərqli baxışın, donmuş, sitatik həyat tərzinə etirazın, “paralel dünyalar”ın təminatıdır...

Kamal Abdullanın Markesdən fərqli olan yazı üslubu, “Unutmağa kimsə yox” və “Vəba günlərində eşq” romanlarının fərqli struktur tipologiyası olsa da, romanlar bir nöqtədə birləşir, olduqca yaxınlıq kəsb edirlər. Lakin romanların oxşar yönünü izah etmədən öncə qısaca Markes yaradıcılığına - “Vəba günlərində eşq” romanın ümumi özəlliyinə nəzər salaq: Markes romanlarnda Latın Amerikası xalqlarının məişəti mistik bir biçimdə bədii inikasa çevrilir. Simvolizm, magizm ünsürləri Markes qəhrəmanlarının gündəlik həyatının da ünsürləridir. Qeyri-real anlayışlara bu nəsrdə gerçəklik donu geyindirilir. Özü də Markesin canlandırdığı obrazlar mistik, magik qavramları gündəlik, şərti həyat refleksləri kimi qəbul edirlər.

Yəni, fantastikadan fərqli olaraq magik realizmdə mistik ünsürlər gündəlik məişət həyatının bir parçasıdır. (“Yüz ilin tənhalığı” romanı buna ən böyük örnəkdir) Bu baxımdan Markes yaradıcılığının böyük bir qismini Latın Amerikası xalqlarının (XIX-XX əsrlər) həyatını bütün çılpaqlığı ilə ifadə edən ədəbi təsəlli və yaxud təsəlli verici etiraz adlandırmaq məqsədə uyğundur...

“Vəba günlərində eşq” romanında isə, yarım əsrdən çox bir müddətdə sevincli-kədərli eşq macərası yaşayan üç insanın sevgi, şəhvət və nifrət üçbucağında kəsişən həyatları ovsunlayıcı və axıcı bir üslubda əks olunur. Yazıçının bu romanı digər romanlarından kəskin şəkildə fərqlənir. Markesin digər əsərlərində olan kəskin ictimai-siyasi problematika, mistik və qeyri-mistik paradoksallıq, simvolik ümumiləşdirmə, süjet xəttində və obrazların həyatındakı çox şaxəlilik kimi özəlliklər bu romanda fərqli bir dəyər qazanır.

“Vəba günlərində eşq” romanı daha çox lirik-psixoloji nəsr nümunəsi kimi təzahür edir. Roman Markes təhkiyə üslubuna xas konkretlik və heyrətvericiliyi saxlayır. Təsvirlərdə isə, həyat gerçəkliklərini, təbiliyi obrazların həyat tərzinin bir parçası kimi təqdim etməyi bacarır və bu baxımdan təsvir və təhkiyə bir-birini tamamlayır. Sənətkar naturalizmə xas uzun-uzadı həyat hadisələrinin ifrat bir şəkildə verilməsinə ehtiyac duymur, bədii ümumiləşmə, simvolika kimi ədəbi priyomlarlardan məharətlə istifadə edir.

Nümunə üçün Florentinonun Ferminaya aşiq olması vəba xəstəliyi zamanı baş verir və bu həyat faktını yazıçı simvolik bir biçimdə təqdim edir. Eşqin vəba xəstəliyi kimi yoluxucu və ağrılı olması ifadə olunur, üstəlik Dr. Juvenal Urbinonun əsas personaj kimi əsərə daxil olmasında, vəba xəstəliyinin böyük rolu var. Əlbəttə ki, bu cür xüsusiyyətlər əsas ədəbi meyarlar kimi dəyərləndirilmir, lakin mətnin ümumi qurluşuna təsiri də az deyil... Romanın məziyyətlərindən biri də budur ki, mətn əvvəldən sona kimi xəfif lirizmə və zahirən sadə batinən mürəkkəb psixologizmə əsaslanır. “Vəba günlərində eşq” romanında eşq anlayışı həm cismani- şəhəvani, həm də ruhani- ilahi yöndən paradoksal psixologizmə, yumoristik-faciəyə əsaslanan xəfif lirizm üzərində köklənir...

Hər iki romana qısa da olsa, nəzər saldıqdan sonra bu nəticəyə gəlmək olar ki, “Unutmağa kimsə yox” əsəri roman içərisində romanları ehtiva edən müasir intellektual nəsr nümunəsidir, “Vəba günlərində eşq” romanı isə, paradoksal məzmunlu lirik-psixoloji nəsrin magik realizmə xas bəzi özəlliklərini özündə cəmləşdirən məhəbbət hekayətidir. Lakin “Unutmağa kimsə yox” romanına daha dərin mühakimə və estetik zövq ölçüləri ilə yanaşanda əsərin ən böyük məziyyətinə şahid oluruq. Özü də bu məziyyət hər iki romanı bir nöqtədə birləşdirir, bir-birinə yaxın edir.

“Unutmağa kimsə yox” romanında K. Abdullanın ən böyük uğuru mürəkkəb məzmuna malik bir mətn daxilində müasir məhəbbət dastanı yarada bilməsidir. Romanlar məhəbbət mövzusunda bir-birinə yaxın olsalar da, ifadə etdikləri məhəbbətin məzmunu baxımdan çox incə fərqlər var: K. Abdullanın Bəhram və Gülsüm obrazları bir-birini qarşılıqsız, saf, məsum bir arzu ilə sevən, milli psixologiyamıza uyğun əda və davranışlar sərgiləyən, əsrlər keçsə də, yaddaşlardan silinməyəcək xarakterlərdir. Gülümsər Gülsüm təbəssümlü çöhrəsindən tutmuş, Bəhrama olan sevgisini qəlbinin dərinliklərində əsl qadın əxlaqı ilə saxlamasına qədər yaddaşlara həkk olunur.

Bəhram dayı isə, dolğun, təmkinli xarakterə malik olmaqla yanaşı, müasir dünyagörüşlü lakin milli psixologiyanın daşıyıcısı olan real, canlı bir obrazdır. Hörmətli yazıçımızın roman yaradıcılığının ən uğurlu, ən koloritli obrazı Bəhram dayıdır. “Vəba günlərində eşq” romanında Florentino və Fermina xarakterləri isə, bir-birilərinə olan sevgiləri baxımından olduqca ziddiyyətli xarakter sərgiləyirlər. Fermina obrazı Florentinonu sevdiyi halda daha yaraşıqlı və zəngin Dr. Urbino ilə ailə qurur. Eyni ziddiyyətli məqama Florentinonun sevgisində şahid oluruq. O, Ferminaya qovuşmaq üçün Urbinonun ölümün arzulayır və bunun üçün 51 il 9 ay 4 gün gözləyir. Lakin bu yarım əsrlik zaman müddətində altı yüzdən çox qadınla münasibətdə olur ki, bu gerçəklik isə, onun eşqinin daha çox cismani xarakter daşıdığını göstərir. Dr. Urbinonun ölümündən sonra Florentinonun yetmiş altı yaşında yetmiş iki yaşlı Ferminaya qovuşması Latın Amerikasındakı eşq anlayışının bizim düşüncə dünyamızdan nə qədər fərqləndiyinə əyani sübutdur.

Hər iki romanda aşiq və məşuqdan başqa üçüncü bir şəxs, əğyar da var. Ancaq “Unutmağa kimsə yox” romanında Gülsüm nə Bəhrama nə də ki, Mübarizə qismət olur. Başqa biri ilə ailə quran Gülsüm ömrü boyu Bəhramı unutmur, onu gənclik dövrlərində birgə oxuduqları “Ovod” romanını dönə-dönə oxumaqla xatırlayır...

Bəhram da öz növbəsində əsl kişi dəyanəti ilə Gülsümü sevir, lakin Florentino kimi Gülsümün həyat yoldaşının ölümün arzulamır və ömrü boyu ailə belə qurmur. Hətta, Gülüsümdən ayrılmasına səbəb olan Mübarizə kin bəsləmir, əksinə dostluq-yoldaşlıq münasibətlərini qoruruyub-saxlayır. Bəhram-Gülsüm-Mübariz obrazları üçbucağında sevgi, hörmət, dostluq münasibətləri kəsişir. Florentino-Fermina-Urbino üçbucağında isə, sevgi, şəhvət, sərvət hərisliyindən doğan davranışlar toqquşur.

Fermina həm Florentinoya, həm də Urbinoya “qismət” olur. Gülsüm isə, nə Bəhrama nə də Mübarizə qismət olmasa da, onlar heç biri Gülsümə qarşı cismani qovuşma arzusunda olmurlar... Hər iki romanın məziyyətlərinə, mahiyyətlərinə xarakterlərin davranışları prizmasından yanaşanda “Unutmağa kimsə yox” romanı daha dolğun və doğma təsir bağışlayır. Və K. Abdullanı oxuyarkən Markesi unutmuş oluruq. Hər iki roman haqqında qənaətimizi elmi araşdırmalar və rəylər aspektindən dəyərləndirmək üçün tezisdən kənara çıxmağımız gərəkir: Dünya mətbuatına nəzər saldıqda “ Vəba günlərində eşq” romanı haqqında məşhur amerikan yazarı Tomas Punçonun, yapon əsilli Amerika tənqidçisi Miçoko Kakutaninin elmi-ədəbi meyarlara əsaslanan rəyləri, Azərbaycan mətbuatında isə, Elnarə Tofiqızı, İradə Musayeva, Niyazi Mehdi kimi ədəbiyyat və fikir adamlarının “Unutmağa kimsə yox” romanına baxışları qarşılıqlı şəkildə təhlil olunduqda əsər bu məziyyətinə o qədər də diqqət çəkilmir. (Elnarə Akimovanın “Daşlaşmış sevgilərin tarixi” məqaləsi istisnadır) K. Abdulla “Unutmağa kimsə yox” romanında Bəhram-Gülsüm münasibətlərinə digər romanın obrazlarının həyatına nisbətdə çox az yer ayırdığı halda hamımızın-bütün insanlığın nüvəsində yerləşən saf, məsum, ilahi (mahiyyət etibari ilə- Ü. B) məzmunlu və lakin bir o qədər də real məhəbbət dastanı yaradıb ki, əsərin digər məziyyətlərin kölgədə qoyur. Markes isə, Florentino və Ferminanın həyatına dörd yüz səhifədən çox həcm arealı və geniş zaman şəridi ayırdığı halda daha çox cismani məzmunlu məhəbbət macərasına şahid oluruq və bu da yaddaşımızda ötəri bir iz buraxır...

Ülvi Babayev, Qafqaz Universiteti Dərnəklər Koordinatoru, araşdırmaçı asistent

# 2003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #