Elis Munro: “O, düşünmürdü ki, yazmaq qadın işi deyil”

Elis Munro: “O, düşünmürdü ki, yazmaq qadın işi deyil”
18 avqust 2015
# 14:56

Kulis 2013-cü il, dekabrın 7-də Nobel mükafatının təqdimetmə mərasimində Elis Munronun verdiyi müsahibəni təqdim edir.

- Deyin görək siz hekayə nəql etməyi, yazmağı necə öyrəndiniz?

- Mən bütün günü hekayə uydururdum. Evimizdən məktəbə qədər olan yol uzaq idi, bu yolla gedib-gələrkən adətən hekayə quraşdırırdım. Böyüdükcə bu hekayələrin çoxu elə özüm haqqımda olurdu, yəni müəyyən situasiyalarda bu hekayələrin əsas qəhrəmanı elə özüm idim. Uydurduğum hekayələrin çap olunub dünyaya yayılmaması məni heç də narahat etmirdi. İndi xatırlaya bilmirəm, mən o vaxt uydurduğum hekayələrin insanlar tərəfindən oxunmasını yaxud çap edilib yayılmasını arzu etmişəm, ya yox. O vaxtlar uydurduğum hekayələr mənə kifayət qədər mənalı görünürdü. Hekayəmdəki su pərisi ağıllı, həyatını gözəlləşdirməyə qadir, artıq insanlar kimi tullana bilirdi və sair.

- Sizin qadın olmağınızın uydurduğunuz hekayələrə təsiri vardımı?

- Yox, qadın olmağımın hekayələrimə qəti dəxli yoxdu. İnanın ki, o vaxtlar qadın cinsinin nümayəndəsi olmağım barədə heç vaxt düşünməmişəm. Bununla belə, balaca qızlar və qadınlar haqqında çoxlu hekayələr quraşdırmışdım. Adətən yeniyetməlik yaşlarında qızlar həmyaşıd oğlanların sevgisini qazanmaq istəyirlər, mən heç vaxt belə etmədim. Bəlkə də buna səbəb o idi ki, mən Ontarionun elə bir hissəsində yaşayırdım ki, orada kişilər evdə tapılmırdılar, onlar vacib işlər görmək üçün çöldə-bayırda olurdular, qadınlar isə bir-biriylə söhbət edir, başlarına gələni danışırdılar. Demək olar ki, mən bütün günü evdə olurdum.

- Ətraf mühitin sizə təsiri necəydi, ilham alırdınızmı ətraf mühitdən?

- Bilirsinizmi, fikirləşmirəm ki, ilham almağa ehtiyac duymuşam. Düşünürdüm ki, uydurduğum hekayələr bu dünya üçün çox vacibdir. Mən hekayə quraşdırmaqda davam edirdim. Bu hekayələri kimsəyə danışmağa ehtiyac görmürdüm. Sonralar dərk etdim ki, başqalarının bu hekayələri oxumağı çox maraqlı olar.

- Hekayə yazarkən sizinçün ən vacib olan nədir?

- Hekayə yazdığım ilk vaxtlarda mənə görə ən vacib olan hekayəni nikbin sonluqla bitirmək idi. Sonu bədbəxtliklə bitən hekayələrə dözə bilmirdim. Xüsusən də, hekayəmin əsas qəhrəmanının heç cür bədbəxt olmasını istəmirdim. Sonralar mən Emile Brontenin “Wuthering heights” (“Uğultulu təpələr “) əsərini oxudum. Bu əsərdə çox, hədsiz bədbəxt sonluqlar vardı. Beləliklə də, mən öz ideyalarımı dəyişdim və faciəvi sonluqlu hekayələr yazmağa başladım, sonralar bundan həzz alırdım.

- Balaca rayonda yaşayan kanadalının həyatını necə təsvir edərdiniz?

- Bundan ötrü siz gərək orada yaşayasınız. Hər yerdə həyat maraqlıdır. Düşünmürəm ki, mən bu balaca rayonda yox, mədəni səviyyəsi yüksək olan insanlar arasında yaşasaydım, daha çox şey əldə edə bilərdim. Yox, belə düşünmək mənasızdır. Yaşadığım ərazidə özümdən başqa hekayə yazan tanımırdım. Düzdür, hələ o vaxtlar hekayə yazdığımı heç kimə deməsəm də bilirdim ki, ətrafımda olanlardan heç kim yazıçı deyil. Mənə görə dünyada məndən başqa hekayə yazan yox idi.

- Yazarkən həmişə özünüzə inamlı olursunuz?

- İlk vaxt çox inamlı olurdum. Ancaq böyüyəndən, bir neçə yazıçı ilə görüşəndən sonra özümə inamım çox azalmışdı. Onda dərk etdim ki, bu iş heç də düşündüyüm kimi asan deyil, ağır işdir. Bununla belə, yazmağı tərgitmədim, bu mənim işim idi.

- Hekayə yazmağa başlamazdan əvvəl plan cızırsır, süjet qurursunuzmu?

- Bəli, plan cızıram, ancaq yazarkən süjet tez-tez dəyişir. Yazarkən süjetlə başlayıram, prosesdə başqa hadisələr baş verir, süjeti dəyişməli oluram.

- Yazı prosesiniz necədir?

- Bütün qüvvəmi işimə sərf edirəm. Amma onu da deyim ki, həmişə uşaqlarım üçün yeməyi özüm hazırlamışam. Mən evdar qadın idim, buna görə də müəyyən vaxtlarda yazmağa fasilə verməli olurdum. Bu o demək deyil ki, yazmağı tamam atırdım. Vaxt olurdu ki, tamamilə ümidsiz vəziyyətdə olurdum. Çünki görürdüm ki, yazdığım hekayələr çox da yaxşı deyil, hələ çox şey öyrənməli olduğumu dərk edirdim, bu işin güman etdiyimdən də ağır olduğunu anlayırdım. Ancaq heç vaxt yazmağı dayandırmırdım, bu ağlıma da gəlmirdi.

- Hekayə yazarkən sizinçün ən çətin hissə hansı olur?

- Təsəvvür edin ki, hekayəni yazmağa başlayırsınız və hekayənin pis hekayə olduğunu hiss edirsiniz. Birinci hissə həyəcanlıdır, ikinci hissə çox gözəldir, amma bir səhər hekayəni oxuyub görürsünüz ki, “cəfəngiyat” yazmısınız. Bu halda yenidən başlamaq gərəkdir. Mənə görə elə belə də olmalıdır, əgər hekayə pisdirsə, bu mənim günahımdır, hekayənin yox.

- Bəs hekayə sizi qane etmirsə?

- Bu halda üzərində daha çox işləyirəm. Bunu izah etməyi çalışacam. Təsəvvür edin ki, hekayədə obrazlar var və siz bu obrazlara lazımı imkan verməmisiniz. Heç fikirləşməmisiniz ki, bu obrazlarla daha fərqli rəftar edə bilərdiniz. Yazmağa başladığım ilk vaxtlarda təsvirə çox yer ayırırdım. Sonralar yazdıqlarımdan bəzi şeyləri çıxarmağı öyrəndim. Hekayənin nədən bəhs etdiyi barədə çox, lap çox düşünmək lazımdır.

- Nə qədər hekayənizi cırıb atmısınız?

- Çox, lap çox. Cavan olanda elə hey cırıb atırdım. Son illərdə çırmamışam. Tədricən hekayələrimin yaşaması üçün nə etmək lazım olduğunu öyrəndim. Bəzən olur ki, hardasa zəif olduğunu başa düşürəm, anlayıram ki, bu belə olmamalı idi, amma sonra unuduram.

- Yazdıqlarınızı cırıb atandan sonra peşman olursunuzmu?

- Yox, deməzdim ki, peşmanlıq çəkirəm, çünki onları atmazdan əvvəl çox götür-qoy edirəm. Başa düşürəm ki, yazdığım əvvəldən düz alınmayıb. Amma bu hallar çox az olur.

- Yaşınızın artmağı yazı prosesinizdə nəyi dəyişib?

- Yazmağa başlayanda gənc şahzadələrdən yazırsan, sonra evdar qadınlardan və uşaqlardan, sonra isə yaşlı qadınlardan. Heç adam özü də bilmədən bu dəyişiklik baş verir, çünki təxəyyülü dəyişir.

- Necə bilirsiniz, evdar qadın olub yazmağı davam etdirməyinizlə siz başqa qadın yazarlara nümunə ola bilmisinizmi?

- Deyə bilmərəm. Ümid edirəm ki, az da olsa onlara təsir etmişəm. Cavan olanda başqa qadın yazarlarla əlaqəm vardı, bu da məni ruhlandırırdı. Ancaq mənim başqalarına təsirim olub-olmadığını deyə bilmərəm. Əgər qadınlar yazmağı ciddi iş hesab etsələr, onlara heç nə mane ola bilməz.

- Hekayənizi oxuyanlara, xüsusən də qadın oxuculara sizin hekayələrin hansı təsiri olubmu?

- Əlbəttə. İstəyirəm ki, hekayələrim oxucuları kövrəltsin, onlarda dərin təsir buraxsın. Bu halda oxucularımın qadın, yaxud kişi olmasının mənimçün heç bir fərqi yoxdur. İstəyirəm hekayələrim həyatın elə bir parçası olsun ki, onu oxuyanlar desin: “yox, bu həqiqət deyil” amma ürəklərində haqlı olmadıqlarını hiss etsinlər. Bu halda hekayənin nikbin, ya da bədbin sonluqla bitməsinin heç bir əhəmiyyəti yoxdur. Hekayə sona çatarkən oxucu təsirlənirsə, deməli hekayə az da olsa onu dəyişdirə bilib.

- Əgər universitetdə təhsilinizi başa vursaydınız bu sizin yazı tərzinizi dəyişərdimi?

- Əlbəttə, təsiri ola bilərdi. Belə olsaydı yazmağa ehtiyat edərdim, yazıçı olmaqdan qorxardım. Ola bilsin ki, bir müddət yazmağa ara verərdim, amma tamamilə əl çəkməzdim.

- Yazmaq bacarığınızı fitri istedad hesab edirsiniz?

- Bilmirəm, bəlkə ətrafımdakı insanlar mənim yazmaq bacarığımı fitri istedad hesab edirlər, amma mən belə düşünmürəm. Mənə görə bu sadəcə bacardığım bir işdir. Yox, əgər bu fitri istedaddırsa, bunu “üzüyola” istedad hesab etmək olmaz.

- Heç nə vaxtsa fikirləşmisinizmi ki, siz kifayət qədər yaxşı yazmırsınız?

- Həmişə! Həmişə! Mən çap etdirdiklərimdən daha çoxunu cırıb atmışam. 20-30 yaşımda olarkən bu daha çox baş verirdi. Bununla da istədiyim kimi yazmağı öyrəndim. Bu heç də asan deyil.

- Heç ananız sizi yazmağa həvəsləndiribmi?

- Bəli, həvəsləndirib. Ancaq bunu elə edib ki, mən hiss etməyim, ya da başa düşməyim. Yadımdadır, hələ hekayələri yazmazdan əvvəl, yəni uşaq vaxtı hekayə quraşdırarkən onları heç kimə söyləmirdim, heç anama da. Amma hekayələrimi yazandan sonra həm anam, həm də atam hekayələrimi oxudular. Məncə, anam mənim yazıçı olmağımı atama nisbətən daha rahat qarşıladı. O, fikirləşirdi ki, yazıçı olmaq maraqlı bir işdir. Ətrafımdakı adamlar bilmirdilər ki, mən yazıçı olmağı arzulayıram. İstəmirdim ki, onlar bunu bilsinlər. Çünki onların çoxu oxumağı xoşlamırdı, onlar həyatın praktik tərəfini üstün tuturdular.

- Bir qadın kimi hekayə yazmaq ağır deyilmi?

- Yox, bu mənim düşünmə yolumdur. Qadın olmaq heç vaxt məni bezdirməyib. Həm də mən böyüdüyüm mühitdə qadınlar kişilərə nisbətən daha çox oxuyurdular. Ətrafımda təhsili olanların çoxu qadın idi. Kişilər kənd təsərrüfatı ilə məşğul idilər.

- Siz müəyyən bir qrafiklə yazmağı xoşlayırsınızmı? Yoxsa uşaqlara qulluq etməyə, yemək bişirməyə vaxt ayırdığınız kimi yazmağa da ayrıca vaxt ayırırdınız?

- Nə vaxt imkanım olurdu, onda da yazırdım. Birinci ərim mənə çox kömək edib. Ona görə yazmaq maraqlı bir iş idi. O, bəzi başqa kişilər kimi düşünmürdü ki, yazmaq qadın işi deyil. Heç vaxt məni bu işdən çəkindirməyib.

- Cavan qadınların sizin kitablarınızı oxuyandan sonra həvəslənib yazmasını istəyirsinizmi?

- Kitabımı oxuyarkən onların özlərini necə hiss etmələri məni çox da maraqlandırmır. İstədiyim odur ki, onlar oxumaqdan həzz ala bilsinlər. Mən bunu istəyirəm, istəyirəm ki, hekayələrimi oxumaqdan həzz alsınlar, bəzi məqamlarda öz həyatları ilə əlaqələndirsinlər. Ancaq bu heç də əsas şey deyil. Həm də demək istəyirəm ki, mən siyasət adamı deyiləm.

- Bir dəfə hardasa oxudum ki, siz hər şeyin asan yolla izah olunmasını istəyirsiniz.

- Belə demişəm. Ancaq fikirləşmirəm ki, mən hadisələrin asanlıqla izah olunmasını istəyirəm, bu mənim yazı üsulumdur. Məncə, təbii qaydada yazıram, fikirləşmirəm ki, bu asandır, ya yox.

- Yazmadığınız vaxtlarda nə edirsiniz?

- Bəli, olub ki, yazmağı tərgitmişəm, deyəsən bir il əvvəl belə qərar vermişdim. Bu, sadəcə bir qərar idi. Bu o demək deyildi ki, yazmaq istəmirəm, ya da yaza bilmirəm. Bu qərara gəlməklə bir müddət dünyanın başqa adamları kimi olmaq istədim. Yazarkən başqaları sənin nə etdiyini bilmir, sən öz yolunu gizli bir dünyada tapırsan, sonra isə bu normal dünyaya qayıdırsan. Bu cür həyatdan yorulmuşdum. Bütün həyatım boyu belə olub. Hərdən bəzi yazıçılarla bir yerdə olanda çox həyəcanlanırdım, çünki bilirdim ki, onlar kimi yaza bilmərəm. Belə bacarığım yoxdur.

- Heç ağlınıza gələrdimi ki, nə vaxtsa Nobel mükafatı alarsınız?

- Yox! Yox! Heç vaxt! Mən qadınam. Düzdür, Nobel mükafatı alan qadınlar olub, bunu bilirəm. Mən şöhrəti sevirəm, amma bu heç ağlıma da gəlməzdi. Bəzi yazıçılar, özüm də daxil olmaqla öz əsərlərini lazımınca qiymətləndirmirlər, xüsusən də, yazıb qurtarandan sonra. Belə olduğuna görə onlar əsər yazıb qurtarandan sonra gedib dost-tanışlarına car çəkmirlər ki, filan əsərə görə Nobel alacaqlar.

- Əvvəlki kitablarınızı oxuyursunuzmu?

- Yox, yox! Səbəb odur ki, əgər oxusam mütləq nəyisə dəyişmək istəyəcəm. Bir az bu yerini, bir az filan yerini. Kitab şkafımdakı bəzi kitablarımda bu cür düzəlişlər etmişəm. Amma sonra başa düşdüm ki, bundan sonra düzəliş etmək faydasızdır, onlar bu cür yayılıblar.

- Stokholmda yaşayanlara nə demək istəyirsiniz?

- Onlara demək istəyirəm ki, mən bu mükafatı aldığıma görə çox sevinirəm. Həyatda heç nə, heç nə məni bu mükafat qədər sevindirə bilməzdi. Təşəkkür edirəm!

Müsahibəni apardı: Stefan Asberg, SVT

Tərcümə etdi: Sevil Gültən

Kaspi.az

# 1104 dəfə oxunub

Müəllifin son yazıları

# # #