Nəyə görə məhz roman? - SORĞU

Nəyə görə məhz roman? - <span style="color:red;">SORĞU
17 aprel 2017
# 15:19

Roman janrı həmişə daha çox sevilir. Ən populyar janrdır. Bəs səbəb? Niyə roman janrı daha cəlbedicidir?

Kulis.Az bu barədə ədəbiyyat adamlarından münasibət öyrənib. Cavabları təqdim edirik.

Tehran Əlişanoğlu

- Ona görə ki, oxucunun həyatına birbaşa müdaxilə edir, dialojidir, oxucu ilə dialoqa girir. M.Baxtin nəzəriyyəsinə görə belədir. Praktika da bunu təsdiq edir.

İradə Musayeva

- Bu gün bütün dünyada roman janrı cəlbedici olmaqdan daha çox gərəkli, ictimai-siyasi həyatın problemlərini geniş şəkildə ifadə etmək gücündə olan yaradıcılıq forması, xüsusi təfəkkür tərzidir həm də. Roman estetikası hər an dəyişən, sürətlə inkişaf edən rəngli, rəngarəng aləmin palitrasını əks etdirmə işində daha əlverişlidir. Janrın aktuallığı zamandan, dövrün sosial-siyasi mənzərəsindən, cəmiyyətin mədəni-ictimai düşüncə fəallığının tələbatından asılıdır. Ziddiyyətlər, təbəddülatlarla dolu dövr, zaman və cəmiyyətlər var ki, onun problemini ifadə etmək üçün yalnız roman janrı məqsədəuyğun hesab edilə bilər. Roman janrı ictimai-siyasi, sosial ziddiyyətlərin kəskinləşdiyi, hadisələrin fərdi, şəxsi sferadan çıxıb milli və qlobal problemlərlə əlaqələndiyi məqamlarda aktuallaşır.

Bu gün öz tarixinin ziddiyyətlər, qalmaqallar, itkilər dövrünü yaşayan Azərbaycan cəmiyyəti və onun fərdi üçün də roman janrı əlverişlidir.

Və ən pisi odur ki, yazarlarımız mövzu qıtlığı olduğunu düşünürlər, halbuki, Tolstoy romanlarına mövzu ola biləcək bir həyatın, zamanın tam içərisindədirlər...

Elçin Hüseynbəyli

- Əslinə qalsa dünyada roman janrı elə də populyar deyil. Bu ölkəyə görə dəyişir, birində çox sevilir, digərində az. Sadəcə bizim ölkədə bir ara roman bumu yaşandı deyə bu janr önə çıxdı. Ən çox da cavanlar arasında yazıldı romanlar. Onlar da sadəcə “mən də roman yazmışam” adı ilə yazdılar. Bu baxımdan roman janrı cəlbedici oldu. Ancaq gəlin baxaq, onların yazdıqları romandırmı, arxasında hansı ideya dayanır və s. Məncə, gənc yazıçılar arasında roman janrı cəlbedici ola bilər. Oxuculara sualla müraciət eləsək ki, roman janrı daha cəlbedicir, ya yox, inanın müsbət cavab ala bilməyəcəyik. İndi oxucular interaktiv yazılara, köşələrə, kiçik həcmli hekayələrə maraqlıdırlar. Romanı da alıb vərəqləyərlər, onu cəlb eləyirsə, oxumağa davam edərlər. Yoxsa Facebook statusu kimi yazılan roman kimə lazımdır?

Şərif Ağayar

- Mən romanı nasirin gəlib yetişdiyi ən yüksək məqam və ən azad zona hesab edirəm. Fiziki və intellektual cəhətdən yazmaq çətin olsa da, o biri janrlara nisbətən rahatdır. Gəzişmək, eksperimentlər etmək, hətta artıq-əskik yazmaq imkanı var. Yeri gəlmişkən, deyim ki, biz romanın bu rahatlıq müstəvisinə hələ də gəlib çatmamışıq. Yazıçılarda da, oxucularda önyarğı güclüdür. Mən son vaxtlar çoxlu müasir romanlar oxuyuram və bu romanlarda diqqətimi çəkən yazıçıların azadlığıdır. İnanın, misal üçün, Varqas Lyosanın “Nağılçı” romanını mən yazsaydım, heç kim yox, elə öz dostlarım yüz qənbərqulu çıxardacaqdılar. Və bu da məni kənardakı rəylə hesablaşmağa vadar edir, azadlığımı məhdudlaşdırır. Düzdü, yekə-yekə demək olar ki, kiminsə fikri mənim vecimə deyil. Vecimədir axı. Vecimizədir axı! Niyə yalan danışaq? İndi o zaman deyil ki, məni əlli il sonra anlayacaqlar deyib bir siqaret tüstülədək.

Məncə, romana bundan da artıq axın olmalı, dayanmadan yazılmalı, bir növ janrın bütü sındırılmalıdır. Bundan sonra tədricən maraqlı nümunələr yaranacaq. Qorxmaq lazım deyil. Önyarğı ilə yazmaq və oxumaq lazım deyil. Bundan xilas olmalıyıq. Bizdə sanki yazıçı da, oxucu da nəyəsə nail olmaqdan çox özünü göstərməyə çalışır. Yazıçı gücənə-gücənə özünü məşhur birinə oxşatmaqla, oxucu isə bəyənməməklə poza göstərir, mən də varam demək istəyir. Ədəbiyyatsa bir az daha rahatlıq, bir az daha azadlıq istəyir. Rahat olaq, azad olaq, durmadan yazaq və oxuyaq. Alınacaq. Sizi əmin edirəm.

Sevinc Elsevər

- Mənim üçün janrın əhəmiyyəti yoxdu. Bir romana dəyən şeirlər var. Amma nəsə romançının nüfuzu daha böyükdü. Xüsusən ədəbiyyat adamları arasında. Dünyada da belədir. Roman elədi ki, bir qəhrəmanın bütöv bir həyatını göstərə bilir. Bəzən bütöv bir tarixi dövrü. Bu baxımdan da cəlbedici ola bilər. Hekayələr olub ki, oxumuşam, qəhrəmanın sonrakı taleyi sual qalıb. Amma romanda belə deyil. Ən azı sonluq barədə nəsə qənaət əldə edə bilirsən. Amma bu o demək deyil ki, ancaq güclü yazıçılar roman yaza bilir. Bizdə gənc yazıçıların çoxu bu həvəslə roman yazmağa girişdilər. Sanki ağırlıq qaldırma yarışıdır. Kim ən ağır yükü qaldıracaq deyən kimi. Bir dəfə Murad Köhnəqala ilə telefonda danışırdım. Onda da “Qanun” nəşriyyatı ən yeni ədəbiyyat layihəsini yeni atmışdı ortaya. Məndən soruşdu, neynirsən? Dedim, roman yazıram. Dedi, bəs Nərmin neynir? Dedim, o da roman yazır. Bəs Aqşin? Dedim, o da. Şərif? O da roman yazır. Murad qayıtdı ki, sən ölməyəsən, uşaqlar hamısı romana kürt yatıb! O qədər güldüm Muradın bu sözünə. Bu pis deyildi, əlbəttə. Roman yazmaq cəhdi, istəyi, arzusu. Amma həyatı boyu heç roman yazmayan dahilər var. Məsələn, Çexov, Rafiq Tağı.

Sahilə İbrahimova

- İstənilən əsərə alışmaq çətin olur. Romanın əvvəlini oxumaq, ortasını oxumaqdan daha çətindir, məsələn. Mənim üçün belədi. Hekəyənin, qısa həcmli əsərin əhvalına köklənən kimi yazı bitir. Yəqin budur adamların bəyənmədiyi. İnsanlar ən az bir neçə gün tapdıqları yeni ortamın seyrçisi olmaq istəyirlər. Bu baxımdan, hekayə yazmaq daha çətindir deyirlər. Bəlkə də doğrudan da, hekayə romandan o baxımdan güclü sayılır ki, birinci film, ikinci seriala oxşayır. Seriala baxan kateqoriya nisbətən az intellektual sayılır. Nadir hallarda dəyərli sənət yükünə sahib seriala rast gəlmək olur. Hekayə topluları romanlar qədər sevilmir. Belə kitablarla doğmalaşmaq olmur. Əziz Nesin tipli yazıçıların kitabları xaric. Onların yazıçı enerjisi bütün kitab boyu hiss olunur.

Cavid Zeynallı

- Açığı, romanın yazıçılar, xüsusən, gənc yazıçılar üçün nəyə görə cəlbedici olması haqqında dərindən düşünməmişəm. İndi düşünürəm və səbəbini özüm üçün tam, izahlı və əsaslı aydınlaşdıra bilmirəm. Təhtəlşüurumda belə bir fikir var: roman yazmaq daha ciddi işdir, yazıçı romanla ortalığa çıxıbsa, deməli, nəfəsi genişdir, obrazlı desək, böyük dənizlərdə üzməyi bacarır. Əlbəttə, bu düşüncə qüsurlu görünə bilər, sadəcə, əminəm ki, romanı gənclərə cəlbedici edən tərəf həm də budur. Əlbəttə, roman yazmaq əziyyətli işdir, yazıçıdan böyük zəhmət, istedad, xarakter yaratmaq, süjet qurmaq, hadisələri idarə etmək bacarığı tələb edir.

Şübhəsiz ki, roman yazanlar çoxdur, amma biz həqiqi bədii istedadı olan yazıçıdan danışırıq. Həvəskarlar, diletantlar müzakirə mövzusu deyil. Məncə, bu gün roman janr olaraq aktualdır, belə deyək, ədəbi günün dəbidir, ifadə formasıdır. Vaxtilə mənzum pyeslər yazılırdı, tamaşaları anşlaqla keçirdi, amma təsəvvür edirsiniz, kimsə ilin-günün bu vaxtında Səməd Vurğun kimi mənzum dramlar yazsın? Bu, sadəcə, dəb deyil, vaxtı keçib, istifadə tarixi bitib. Bu gün istifadə tarixi davam edən janr romandır. Ona görə də gənclər daha çox romana meyllənirlər.

Cəlil Cavanşir

- Təxəyyülün və təfəkkürün geniş şəkildə nümayiş etdirilməsinə görə roman daha cəlbedicidir. Məncə, bu geniş ərazilərdə at çapmağa bənzəyir. İmkanlar hüdudsuz görünür sən isə atın nəfəsi çatdığı qədər yol qət edirsən. At qaranəfəs olmasa özünü göstərmək imkanların genişdir.

# 1525 dəfə oxunub

Müəllifin son yazıları

# # #