İnsan necə intihar edir? ŞEİRLƏR

İnsan necə intihar edir? <span style="color:red;">ŞEİRLƏR
29 avqust 2014
# 14:31

Kulis.az Səid Əliyevin yeni şeirlərini təqdim edir

İntihar

İnsan dağının baş adlanan zirvəsinə

yayın cırhacırında

duman çökür,

qar yağır.

Həmin zirvədə heç kəsin yaşamadığı

bir koma var.

Bacasından xəyallar tüstülənir.

İnsan – rejissor

öz beyin – tetarında tamaşalar qurur

xəyali aktyorlarla.

ssenarisiz, məşqsiz.

Nə əl çalan olur,

nə aktyorlara gül verən.

İnsan ürəyində illərdən bəri

ölən ümidlər yerdə qalıb.

Ümidlər yiyəsiz,

Qatillər cəzasız...

Günlərin birində

teatr bağlanır,

sonuncu ümid də ölür

və insan baş adlanan zirvədən özünü atıb intihar edir.

Əlin alnımda.

Əlin alnımda,

düz bəsirət gözümün üstündə.

Səni əlindəki həyatdan tanıdım.

Axı, yalnız sənin əlindədir həyatım

Əlin alnımda,

Başımdakı havanın hərarətini ölçürsən.

Yüksəkdir deyəsən...

Halım da dəyişib,

indi başqa haldayam,

başım kimi başdan-başa havalıyam.

Əlin alnımda,

Nədənsə tanınmaz oldun.

Əldən verdin həyatımı...

Əlin alnımdan

yavaş-yavaş aşağı sürüşür,

əvvəl bəsirət gözümü bağlayır,

sonra bioloji gözlərimi

Qıymadın mənə adi həyatı,

qıymadın...

# 2141 dəfə oxunub

Müəllifin son yazıları

# # #