Özünü bir avtobus uşağa qurban verən şair

Özünü bir avtobus uşağa qurban verən şair
11 noyabr 2016
# 15:07

Kulis.az Cahanxanım Seyidzadənin “Sonuncu Uçuş...” adlı yazısını təqdim edir.

Füruğ Fərruxzadın adına ilk dəfə Fərəh Pəhləvinin “Xatirələr” adlı memuarında rast gəlmişdim. Müəllif kitabın əvvəlində onun şeirindən bir parçanı epiqraf olaraq vermişdi:

Quş ölümlüdür, son uçuşu xatırla...

Onun barəsində axtarış aparmağa qərar verdim, lakin necə oldusa sonradan unutdum. Daha sonra yenə də bir türk filmində eyni misralara rast gəldim, amma tək kəlimə fərqiylə : “Kuş ölür, sen uçuşu hatırla”. Birində “son” birində isə “sən”, bir hərf mənanı necə dəyişə bilərmiş... Bu dəfə də unutdum, Füruğu... Lakin, o özünü xatırlatmaqda israr edirdi.

Bir neçə gün əvvəl Cahan Sədatın “Misirli qadın” kitabını araşdırarkən yenidən Füruğ Fərruxzadın eyni misralarıyla qarşılaşdım...

Bu dəfə unutmaq olmazdı, Füruğ Fərruxzadın uçuşunu izləmək qərarına gəldim...

Bir an, yalnızca bir an davam edəcək

sonra, sonra heç,

heç...

1967-ci il, soyuq və qarlı qış günlərindən biri... Qarşıdan gələn uşaqlarla dolu məktəb avtobusu ilə toqquşmamaq üçün avtomobilini döndərərək divara çırpan, nəticədə boynu sınaraq həyatını itirən bir gənc xanımın ətrafına yığışmışdı hamı... Amma mollalar bu xanımın cənazəsini götürməkdən imtina edirdilər, vəziyyət qəliz idi. Yalnız iki gündən sonra bir yazar dostu sayəsində cənazə namazı qılınaraq dəfn olundu. Halbuki, o, məktəbli uşaqları riskə atmamaqçün bir saniyə belə düşünmədən öz həyatını sonlandırmışdı. Lakin onun bu hərəkəti təəccüblü deyildi, ömrünün sonuna kimi doğma övladının həsrəti ilə yaşayan ana ancaq bu qədər fədakar ola bilərdi. Füruğ qadın olmanın cəzasını bütün həyatı boyu çəkdi. “İnanaq soyuq mövsümün başlanğıcına” adlı şeirində sanki öncədən görürmüş kimi qarlı qış günündə öləcəyini yazmışdı. Bu hamını təəccübləndirirdi. Bu isə onun nə qədər həssas bir qadın olduğunun bariz sübutu idi...

Və bu mənəm

Yalnız bir qadın

Soyuq bir mövsümün astanasında

Yer üzünün kirlənmiş varlığını anlamanın başlanğıcında

Və göy üzünün yalın və hüznlü ümidsizliyi

Və bu beton əllərin güçsüzlüyü

“bitdi artıq” dedim anama

Həmişə düşünmədən öncə olur olanlar

“Qəzetə başsağlığı elanı verməliyik” dedim

Bəlkə də gerçək o iki gənc əldi

O iki gənc əl

durmadan yağan qarın altında basdırılmış

Və bir il sonra, bahar pəncərənin arxasındakı

göy üzü ilə sevişdiyində

İnanaq soyuq mövsümün başlanğıcına.

Doğurdan da, o şeirində də qeyd etdiyi kimi anidən həyatını itirmiş və qarlı bir gündə dəfn olunmuşdu.

Eşqdəndir bütün yaralarım mənim...

Füruğ Fərruxzad XX əsr İran poeziyasının işığı idi... ( “Füruğ” farscada “işıq” mənasını verir). Füruğ Fərruxzad 5 yanvar 1935-ci ildə Tehran şəhərində çoxuşaqlı ailənin 3-cü uşağı olaraq dünya gəlmişdir. Atasının Rza Şahın ordusunda polkovnik olması, ümumilikdə Şərq aləminə məxsus patriarxal rejim Füruğun gənc yaşlarından müxtəlif basqılarla qarşılaşmasına və təzyiqlərə məruz qalmasına səbəb olurdu. Hər şərq qadını kimi onun da həyatının bir mərhələsi qapalı pəncərələr və qapılar arxasında keçmişdi. Xüsusilə, qardaşları ilə arasında fərq qoyulması onu şıltaq, heç nəyə məhəl qoymayan birinə çevirmişdi. Uşaq yaşlarından azadlığa meylli olması Füruğu digər qız yoldaşlarından fərqləndirən xüsusiyyətlərdən idi. Lakin onun azadlığa meylli olması erkən yaşda ailə qurmasına mane ola bilmədi. Hər nə qədər sevib ailə həyatı qursa da, bu ailə tezliklə onun barmaqlıqları olmayan həbsxanasına çevrildi. Öz dövrü üçün intellektual sayılan və kifayət qədər tanınan məzhəkəçi Pərviz Şapurla ailə həyatı quran Füruğ 2 ildən sonra ondan ayrılmalı olur. Səbəb isə Füruğun ilk şeiri olan “Günah” şeiri idi.

Həmin dövrdə yalnız kişilərin dilinə ala biləcəyi bir tərzdə açıq ifadələrlə yaşadığı hissləri şairənə təsvir edən Füruğ tezliklə ailəsi və toplum tərəfindən rədd edilərək tənqid olunmağa başlayır. Bundan sonra depressiyaya düşərək, hətta bir müddət xəstəxanada yatan Füruğ oradan çıxar-çıxmaz ərindən boşanır. İran qanunlarına görə isə azyaşlı oğlu Kamyar atasıyla qalır və Füruğ oğlunu bir də heç vaxt görmür. Lakin bu onu yolundan döndərmir. Çıxışlarının birində deyirdi: “Şeir həyatıma verilən cavabdır. Mənim şeirə bəslədiyim hörmət inanclı bir insanın dininə qarşı bəslədiyi hörmətdir”. Bu cümləsiylə əslində özünü şairliyə həsr edən Füruğ analığını qurban edərək ömrünün sonunadək şeirə ibadət edir. Lakin övlad acısı da daim onun qəlbində sağalmaz yara kimi qalır. Bu acını onun oğluna yazdığı şeirində daha qabarıq şəkildə hiss etmək olur.

Bu şeiri sənə yazıram

Susamış bir yaz günbatışında

Başlanğıcın bu uğursuz yarı yolunda

Bitməyən acının köhnə məzarında

Bu sənə son laylamdır, əziz balam

Beşiyinin yanında yırğalanan

Bəlkə bir gün bu yad çığırtım

Gəncliyinin səmalarında səslənər

Qoy, mənim bu avara kölgəm

Sənin kölgəndən uzaq və ayrı qalsın

Bəlkə bir gün qovuşarıq

Və o gün

Varsa aramızda sadəcə Tanrı qalsın...

Boşandıqdan sonra yeni həyata qədəm qoyan Füruğ daha çox inqilabi, mübariz və azad qadın imici formalaşdırır. 1956-cı ildə İtaliyaya gedərək orada 14 ay yaşayan Füruğ Tehrana qayıtdıqdan sonra XX əsr İran ədəbiyyatının kifayət qədər tanınmış və sevilən yazarı, eləcə də rejissoru İbrahim Gülüstanla tanış olur. Bu tanışlıq sonradan sevgi macərasına çevrilir və Füruğun yeni təhqir və təzyiqlərə məruz qalmasına səbəb olur.

Evli və 2 uşaq atası olan Gülüstanla ömrünün sonuna qədər birlikdə olan Füruğ cəmiyyət tərəfindən tamamilə rədd olunaraq lənətlənir. Lakin onlar arasındakı münasibət yalnız sevgidən ibarət deyildi, Füruğ, həmçinin, Gülüstanın film studiyasında çalışırdı və ondan kino sahəsinin incəliklərini öyrənirdi. Bütün bu bilgilər tezliklə öz bəhrəsini verdi. Təbrizdə olarkən təsadüfən cüzamlı xəstələrin saxlandığı ev ilə tanış olan Füruğ burada insanların necə əzab çəkdiklərini öz gözləriylə görür. Bu hadisədən təsirlənən şairə “Ev qaradır” və ya “Qara ev” adlı sənədli film çəkir. Onun filmi böyük rəğbətlə qarşılanır, hətta Almaniyada Oberhauzen film festivalında mükafata layiq görülür.

Füruğun üç kitabı “Əsir” (1955), “Divar” (1956), “Üsyan” (1958) və ölümündən sonra çap olunan kitabları patriarxal ənənələrlə formalaşmış ailə bağlarını qoparan, adı kimi işığa qovuşmağa can atan gənc bir qızın cəsur şeirlərindən ibarətdir. 1964-cü ildə çap olunan “Yenidən doğuş” adlı kitabı isə onun həyatında dönüş nöqtəsi rolunu oynadı. Tamamilə fərqli tərzdə və yeni tapıntılarla yaradıcılığına davam edən Füruğun bu macərası uzun sürmədi. Üç il sonra o faciəvi şəkildə həyatını itirdi.

Qadın olduğum üçün şanslıyam...

Yaşadığı qısa, amma rəngarəng həyat onun ətrafında bir sıra mübahisəli fikirlərin olmasını şərtləndirir. Belə ki, bir sıra tədqiqatçılar onu feminist şair adlandırarkən, digərləri bununla razılaşmır. Füruğun tədqiqatçılarından olan Mixael Hilman onu feminist hesab edirdi. Talatoff feminist perspektivin Füruğ yaradıcılığı üçün nə qədər lazımlı və keçərli olduğunu qeyd etsə də bildirir ki, o özünü yalnız qadın problemlərinə və məsələlərinə həsr etmiş sadiq bir feminist deyildir. Lakin digər tərəfdən Füruğun XX əsrdə şərq aləmində, xüsusilə İran kimi islami dəyərlərin yüksək inkişaf etdiyi və qadın hüquqlarının məhdudlaşdırıldığı bir ölkədə qadın olaraq şeir yazması özü bir feminist addım idi. Əslində Füruğ bir qadın olaraq özünü yazırdı. Məşhur meksikalı rəssam Frida Kahlo kimi o öz ətrafında gedən proseslər və həyatında baş verən çətinliklərin timsalında qadınlıq məsələlərinə toxunur, onları qabarıq şəkildə ifadə edirdi. Bir sözlə desək, Füruğ şeirlərində şərq qadının problemlərini, yaşadığı çətinlikləri, məruz qaldığı təzyiqləri və üzləşdiyi məhdudiyyətləri qələmə alırdı ki, həmin şərq qadını məhz onun özü idi. Yəni, Füruğ yaradıcılığının baş qəhrəmanı elə Füruğ idi. “ Əgər şeirimdə zərrə qədər qadınlıq varsa bu qadın olmamla əlaqəlidir. Qadın olduğum üçün şanslıyam. Lakin şeirim sənətşünaslıq meyarları baxımından təhlil olunacaqsa o zaman kütləvi cinsiyyət qavramını qəbul etmirəm. Əsas məsələ insan olmaqdır, kişi və ya qadın olmaq deyildir.” O, çox asanlıqla bütün fikirlərini dilə gətirir və yanlış anlaşılmaqdan çəkinmirdi. “Mən, bir gün doğulub və bir gün bu dünyadan keçib gedən və arxalarında bu gəliş-gedişdən hər hansı iz buraxmayan yüz minlərlə insan kimi yaşaya bilmərəm…”

Yaşamadı da ...

Quş ölümlüdü, sən uçuşu xatırla...

Əslində, Füruğ, sadəcə, İran cəmiyyəti və insanları üçün yazmırdı. O, bütün insanlar üçün yazırdı, düşünürdü, sevirdi, paylaşırdı və mübarizə aparırdı. Bu səbəbdən qorxusuz idi. Bəlkə də yalnız İran mühitini düşünsə müəyyən mənada çəkinər, bu cür risklərə getməzdi. Çünki müasir dövrdə də onun yaradıcılığını qəbul etməyən, hətta şeir festivallarında onun kitablarına və adının çəkilməsinə qadağa qoyanlar var. Lakin bu onun doğma vətənindən kənarda məşhurlaşmasına və sevilməsinə mane ola bilmədi. O cavan yaşda ölsə də dünya üzərindəki uçuşu, xüsusilə sonuncu uçuşu hər zaman yaddaşlarda yaşayacaq, xatırlanacaq. O bilirdi ki, bir gün mütləq onun səsini, çarəsizliyini eşidənlər tapılacaq. Özünün də dediyi kimi: “Mənə görə şeir ona yaxınlaşdığımda öz-özünə açılan bir pəncərədir və bu pəncərənin digər yanında bir varlıq olduğunu, orada bəlkə də 200 il, 300 il sonra yaşayacaq birinin məni dinlədiyini bilirəm...” Və budur, biz Füruğu dinləyirik...

Yenidən salam verəcəyəm günəşə

Gövdəmdə axan çaylara

Buludlar kimi uzanıb gedən düşüncəmə

Mənimlə birlikdə quru mövsümlərdən keçən

Bağçamdakı ağacların hüznlü böyüməsinə

Gecənin qoxusunu hədiyə edən qarğalara

Yaşlılıq halım olan və güzgüdə yaşayan anama

Təkrarlanan şəhvətimlə çoxalan yer üzünə

Yenidən salam verəcəyəm.

Gəlirəm, gəlirəm, gəlirəm...

Saçlarımla: yeraltı qoxuların davamı

Gözlərimlə: qaranlıq təcrübəsiylə

Divarların kənarından qopardığım budaqlarla

Və həyətdə gözləyən sevgi dolu qıza

Yenidən salam verəcəyəm…

# 1650 dəfə oxunub

Müəllifin son yazıları

# # #