Kastamonuda Anarın yubileyi keçirilib

Kastamonuda Anarın yubileyi keçirilib
19 aprel 2018
# 09:52

Xalq Yazıçısı, görkəmli ictimai xadim və ədib, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi münasibətilə daha bir tədbir türk dünyasının 2018-ci ildə mədəniyyət paytaxtı seçilmiş Kastamonu şəhərində keçirilib.

Kastamonuda türk dünyasının ədəbiyyat dərgilərinin IX konfransının açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Qazaxıstan Yazıçılar İttifaqının sədri Uluğbek Esdevlet, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu və başqaları Anarın yaradıcılığının bütün türk dünyasının ortaq dəyəri olduğunu bildiriblər. Çıxış edənlər yubilyarın həyatının müxtəlif məqamlarından və zəngin yaradıcılığından söz açıblar.

Sonra Xalq Yazıçısı Anara TÜRKSOY-un “Şərəf” medalı təqdim edilib.

Anar göstərilən diqqət və ehtirama görə, təşkilatçılara və iştirakçılara, bütün oxucularına səmimi minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları Kastamonu valisi Yaşar Qaradəniz ilə görüşüblər. Görüşdə Anarın türk ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs olunub və onun yaradıcılığı yüksək qiymətləndirilib. /azertag.az/

# 1246 dəfə oxunub

Müəllifin son yazıları

# # #