Qaçmaq istəyən qıza o oğlan mane oldu

Qaçmaq istəyən qıza o oğlan mane oldu
18 sentyabr 2013
# 11:18

Bəraət

Bu əhvalatın baş verəcəyi məkanı mənim başqa bir hekayəmdən artıq tanıyırsınız. Bircə günün içində dünya kommunizminin və Sovet ideologiyasının iki nəhəng dayağının – Leninlə Stalinin heykəllərini kefli traktorçunun səhvi ucbatından öz kolxoz parkından silib-süpürüb Qarasuyun dərin lillərinə qərq eləmiş, bununla da Azərbaycan tarixini düz otuz il qabaqlamış Qaltan kəndi məzəli heykəl əhvalatından dörd il əvvəl başqa və son dərəcə ciddi bir sensasiyanın sarsıntısını yaşamaqda idi.

Müharibədən əvvəl bu torpaqdan siyasi səbəblərə görə sürgün edilmiş Süleyman kişinin oğlu Temirxan qəfildən Qaltanda peyda olmuş, gəlib xalası Qızyetərin evinə – kəndin kənarındakı yeraltı daxmaya çıxmışdı. Ata-baba yurdu Kürün o üzündə olan Temirxan bir həftə idi bu kənddə, camaatın gözü qabağında idi və yeddi yaşı olarkən sovet hökumətinin qatı düşməni kimi dünyanın o başına sürgün edilmiş insanı indi hökumət heç itirib-axtarmırdı. İşin dolaşıq tərəfi isə bu idi ki, hökumətin qorxusundan qohum-əqrəba onun yanına ürəklə gələ bilmirdi, görüşməyə gələn də qorxa-qorxa gəlib, tez qayıdırdı. Temirxan bəraət aldıqlarını, azad edildiklərini dönə-dönə təkrarlasa da, bu müəmmadan axıradək baş açan yox idi. Onda 1957-ci ilin yayı idi.

Qızyetər səhər obaşdan kolxoz işinə, taxıl biçininə getmişdi. Günorta qayıdıb, axşam sərinində bir də gedəcəkdi. Temirxan qara damın - Qızyetərin evinin qabağında, tut ağacının kölgəsində öz əli ilə sahmanladığı taxtın üstündə əyləşib, xalasının kiçik qızı Çiçəklə ordan-burdan söhbət eləyirdi. Sabahın gözü hələ yenicə açılmışdı. Hərdən günbatan tərəfdən meh vurur, kəndin kənarındakı taxıl zəmisindən kövşən iyi Temirxanın burnuna heç unuda bilmədiyi yeddi yaşlı uşaqlığının qorxusunu gətirirdi.

- Xeyirə də gülürsən, şərə də. Heç boş yerə deyil, vallah, səndə bir iş var, a xalaqızı... – Temirxan sözləri duruxa-duruxa deyirdi. (Onu da deməyin yeri var ki, Temirxanın danışığında rus sözləri çox olsa da, oxucuların rahatlığını nəzərə alıb, onun nitqini xeyli “təmizləmişəm”).

- Məndə nə iş olacaq - işin yekəsi səndədir. Sən allah, ətraflı danış, o yad eldə rus qızını necə bişirib başdan çıxartdın?

- Başına ayrı söhbət qəhətdi? – Temirxan dilli-dilavər xalası qızının şıltaq gülüşlərinin müqabilində utanan kimi oldu. – Mənim arvadım rus qızı deyil. Don kazaklarındandır. Bizim kimi onları da Qazaxıstanın o başına – Ayaquz deyilən yerə sürgün eləyiblər. Ukraynadan. Qəşəng qız idi, gözüm tutdu, xoşum gəldi, aldım...

- Götürüb qaçdın?

Temirxanın içdən gələn gülüşündən yoldan keçən atlının atı diksindi, at oynaqlayıb yorğa yerişə keçdi.

- Bu kimdi belə, neçə gündür buradan salamsız-kəlamsız keçir?

- Kolxoz sədrimizdir.

- Qurumsağın nə gözəl atı var!? - Temirxan səsinin gur yerinə salıb yenə ürəkdən güldü.

- Sözün arasına söz qatma. Qızla aranı necə açdın, onu evinizə necə gətirdin?

- Ata-analarımız bir-birini yaxşı tanıyırdı. Ora təzə düşəndə, ən çətin vaxtlarda bir-birlərinə çox köməkləri olmuşdu. Bir gün onlar tərəfə gedəndə gördüm, gözüm tutdu. İmkan tapıb, özünə dedim ki, səndən xoşum gəlir. Əvvəl bir söz demədi. Sonra hər dəfə bir bəhanə tapıb, tez-tez görüşdük.

- Elə kəndin ortasında, camaatın gözünün qabağında?

- Bəs harda? Söz təzə açılanda xalan bir az hoppanıb-düşdü: özümüzünkülərdən olmağını istəyirdi...

- Özümüzünküləri niyə bəyənmədin ki?

- Orda özümüzünkülər var? – Temirxan sərtləndi. – Sən də lap elə xalan kimi danışırsan...

- Bəs qız evindən nə dedilər?

- Nə deyəcəkdilər? Din söhbəti eləmişdilər: onlar müsəlman, biz xristian...

- Bəs toyu necə elədiniz? Rusfason?

- Sürgündə nə rusfason, nə müsəlmanfason? Sürgünfason oldu, xalaqızı. Oranın da öz xeyir-şər adətləri var. Toy çox yaxşı keçdi. Ertədən əl-ələ tutub gəldik bizə. Axşam da yemək-içmək, hay-küy, çal-çağır. Qız tərəfdən də gələnlər olmuşdu. Kazaklar da elə bizim camaat kimi yaxşı yeyib-içən millətdir... Yedilər, içdilər, sonra da oxuya-oxuya dağılışıb hərə öz evinə getdi.

- Nə yaxşı? – Çiçək qibtə hissini gizləyə bilmədi. – Bizdə heç o da yoxdur. Adam kimi toy eləməyə kimin imkanı var ki?! Mən yaşda olanların çoxunun atası davadan qayıtmayıb. Kimdi yetimə toy eləyən? Sən sürgündə böyüsən də, atan-anan yanında olub, dədəm tutulandan sonra burada biz sizdən də ağır günlər gördük. Günümüz göy əskiyə düyüldü. Gərək elə bizi də sizə qoşub aparaydılar, hamımız bir yerdə olardıq...

- Sənin də vaxtındır, qoşul get birinə, evdə qalıb un çuvalına tay olmayacaqsan ki?. – Qəfildən söhbətin səmtini dəyişən Temirxan lap ciddi deyirdi. – Gözün-başın qaynayır, adamın olmamış olmaz – Temirxanın sərt baxışlarında qəribə bir işıq oynadı.

- Ədə, sənin başına hava gəlib?.. – Çiçək söhbətin belə tezliklə mətləb üstünə gəldiyindən çaşmışdı. – Qardaşımın biri əsgərlikdə, o biri uzaq yerdə (Çiçəyin böyük qardaşı əsgər getməmək üçün Gürcüstan tərəfə qaçmışdı. Yerini dəqiq bilən yox idi, orada gürcülərin qoyununu otardığını söyləyirdilər), əl çatan deyil, ün yetən deyil. Anam da tək arvad...

- Mən burdayam, bacın evi burdadır, qohum-əqrəban var...

- Vallah, rusların içində böyüyüb əməlli-başlı ruslaşıbsan. Beynin rus beyni kimi işləyir. Ədə, məni zornan evdən qovub ərə vermək istəyirsən?

- Niyə zornan?! İki sözünün başı ərə getmək, arvad almaq deyilmi? Halallığını verirəm, get... – deyib, Temirxan zabitəli ahənglə dərhal da əlavə elədi: – Qardaşlarının adından da halallıq verirəm. Burda utanmalı bir şey görmürəm. Get, vaxtında ailə-uşaq yiyəsi ol. İndi zəmanə dəyişir.

Çiçək xeyli susandan sonra düz xalası oğlunun gözünün içinə baxdı:

- Bu gün məni aparsalar, neyləyərsən? Əlindən xata çıxmaz ki?!.

Buradaca söhbətə bir aydınlıq gətirim ki, Çiçək həmin yay günləri yol üstə idi. Qoşulub qaçmaq planını da üç gün əvvəl həyata keçirilməli idi. Bu iş Temirxanın bütün Qaltan əhlini heyrətə salan qayıdışına görə qalmışdı. Ancaq dünən axşam “o tərəfdən” söz gəlmişdi ki, daha məsələni sonraya saxlamağın mənası yoxdur, kənd yeridir, gündə bir iş çıxır: qonaq bəlkə beş ay burda qalacaq.

Çiçək artıq öz tərəfindən razılığını vermişdi, indi xalası oğlunun “halallığı” lap yerinə düşürdü. Günorta anası işdən gələndən sonra çay-şəkər almaq adı ilə evdən gedəcək, müəmmalı şəkildə “yoxa çıxacaq”, axşam da kəndə qaçırıldı xəbəri yayılacaqdı. İki ailənin arvadları arasında səs-küydən, söyüş-qaxıncdan sonra hər şey yoluna düşəcəkdi. Vəssalam. Qaltan kəndində o vaxtın evlənmə adəti belə idi...

Temirxan xalası qızının nə demək, nə eləmək istədiyini qaynar gözlərindən lap aydın oxuyurdu.

- Bura bax, gəl bu işi mən burda olanda eləmə. Necə olmasa da, ad-san məsələsi var. Yaxşı düşməz. Xalam gəlsin, görüşüm, elə bu gün tanış uşaqlardan birini yanıma alıb meşədən Kürün o tayına keçəcəm. İncə dərəsinə dəyməliyəm. Anamın diləyidir - Hacı Əfəndinin türbəsini ziyarət eləyəcəm. Sonra da gedib İncəli Qaçaq Məhəmmədin yurdunda qalanlarla görüşəcəm.

- Qaçaq Məhəmməd dediyin Qara Xozu deyilmi? O ciyəri yanmışı hardan tanıyırsan, olmaya, gedib oralara da çıxıb?

- Müharibədən sonra onu da sürgün eləyib, bizim olduğumuz yerə göndərmişdilər. Bayaq salamsız-kəlamsız keçən atlını görəndə Qaçaq Məhəmməd yadıma düşdü. İgid kişidir. Deyirdi müharibə vaxtı eşitdim kəndlərdə kolxoz sədrləri camaata zülm eləyir, müharibəyə kömək adına ataları davaya getmiş yetimlərin malını əlindən alır, dul arvadların yorğan-döşəyini sökdürüb içindəki yunu çıxardılar. Dözməyib gecə dağdan aşağı endim. Bir gecədə atımı düz üç kolxoz sədrinin qapısına sürdüm. Köməksiz arvadlara əl qaldıran namərdlərin üçü də qorxusundan evdən eşiyə çıxa bilmədi, arvadlarının ətəyinin altında gizləndilər. Gözlərinin qabağındaca atlarının yalını-quyruğunu qırxıb, elə həmin gecə meşəyə, ordan da dağa qalxdım...

- Dediyi kəndlərdən biri də elə bizim Qaltan olub. Onda buranın kolxoz sədri Aləhmədoğluydu. Qara Xozu kişinin gözünü nə təhər qorxutdusa, o hadisədən sonra ortalığa, adam arasına çıxmağa üzü gəlmədi. Elə o gün də sədrlikdən getdi. Bu kənddən o gedən oldu, bir də geri dönmədi. Yalanmı-gerçəkmi, deyirdilər, ərizə verib davaya gedib. Di gəl ki, yerinə gələn qurumsaq ondan beşbetər oldu. Aclıq vaxtı yerə düşən sünbülü yerdən götürüb yemək istəyənin ağzından saldırırdı...

***

Çiçəyin başı yemək hazırlamağa, biş-düş eləməyə qarışmışdı, anası işdən gələcəkdi. Temirxan da nəsə yeməli idi.

Temirxan tut ağacının altında quraşdırdığı taxtın üstündə ayaqlarını irəli uzadıb, kürəyini ağaca söykəmişdi. Özünü köklü ağac kimi hiss edirdi. O burda ola-ola qızın qoşulub qaça biləcəyindən ehtiyatlanırdı. Xalası oğlanlarına görə də yaxşı düşməyəcəkdi. O biri tərəfdən də baxanda Çiçəyin evdə qalmasını heç istəmirdi – gözəgəlimli uşaqdır, sonra nə olar, nə keçər, yanından kim adlayar, qarşısından kim çıxar... Bunu düşünə-düşünə çoxdan arzuladığı vətən torpağında möhkəm darıxdığının fərqinə vardı...

***

Deyəsən, taxtın üstündə gözünə çimir getmişdi. Birdən xalasının qışqıra-qışqıra, söyə-söyə gəldiyini eşidib, yerindən dik atıldı.

- Qudurub köpək oğlu. Gözü ayağının altını görmür...

- Nolub, a xala? Kimdi gözü ayağının altını görməyən? Bu saat gedib göstərərəm ona ayağının altını, - həmişə duruxa-duruxa, təmkində danışan ağırtaxtalı Temirxanın səsindəki sərtlik vahimə yaratdı.

- Qurban olum, Temirxan, qabağında ölüm, heç kimlə işin olmasın... – Temirxan ayağa duranda birgə şey aydın görünürdü ki, bu görkəmdə adama kəndin yarısı yığışsa belə bir şey eləyə bilməz. Çiçək qorxulu-qorxulu Temirxanın qolundan yapışdı. Boyu iki metrə çatan gen sinəli Temirxanın çit köynəyinin altından əzələləri səyriyirdi...

Qezyetər vəziyyətin qəlizləşdiyini görüb həqiqətən də qorxdu.

- Yerində otur, – dedi. – Özüm payını verdim. Qulaqları eşidə-eşidə yeddi arxa dolananını yaxşıca yuyub-sərdim.

- Kimdi yuyub-sərdiyin? Axı nə qələt eləyib?

Temirxanın sərt səsindən və bədheybət görkəmindən Qızyetər başını itirmişdi.

- Canına azar eləyib, boğazına da boğma eləyib, – dedi. – Yerə tökülən sünbüldən bir ovuc yığıb önlüyümün arasına qoymuşdum. Qurumsaq köpək oğlu atın üstə yellənə-yellənə gəlib, önlüyü belimdən açdırdı, sünbülləri yerə dağıdandan sonra da önlüyü dartıb ortasından cırdı.

Temirxan “qurumsağın” kim olduğunu dərhal kəsdirdi, hisli-hirsli gülümsündü:

- Mən də deyirəm nə olub? Ver o önlüyü mənə, indi aparıb kasınka kimi başına bağlayacam o padlesin!.. Zaraza köpəyoğlunun...

Vəziyyətin “ruscaya” keçməsi Çiçəyin vahiməsini daha da artırırdı. Qızyetərlə Çiçək bir yandan, yoldan səs-küyə qanrılan Qızyetərin biçin yoldaşları – qonşu qadınlar da o biri yandan Temirxanın üstünə tökülüşdülər: yarım arşın köhnə əskiyə görə gedib özünü xataya salmağın bir mənası varmı? Qoy onun cəzasını-bəlasını Allah versin. Verəcək də! Allah hər şeyi göydən görür! – Qaltan arvadlarının qəti əqidəsi belə idi...

- Mən bu gün gedirəm, xala. Bir köpək oğlu çibin olub, bu damın üstündən uçsa, gəlib atasının torpağını dalına şələləyərəm. Xalq yiyəsiz, sahibsiz deyil. Olan olub, keçib, indən belə heç kim sizə hökumətin düşməni kimi baxa bilməz. Daha dünya dəyişib! Bizim hamımıza bəraət verilib. Qoy bunu bu kənddə hamı eşitsin! – Temirxanın səsi kəndin ətəyindəki saqqız ağaclarına dəyib, əks-səda verdi.

Temirxanın sözü həqiqətən də kənddə hamıya çatacaqdı. İldırım sürətilə ağızdan-ağıza ötürüləcək, hamı bir-birinə yayacaq, qulaqları ilə eşitməyənlər bir azdan eşidəcəkdilər. Çoxdan Qaltan kəndinə danışmağa söz lazım idi və artıq bir dastanlıq söz bu kəndə öz ayağı ilə gəlib çıxmışdı. Temirxan isə Çiçəyə verdiyi sözü tutub, tezliklə xalası evindən ayrılmaq, Kürün o tayına keçmək istəyirdi: təki hər şeyi göydən görən Allah bu köməksiz qız uşağının bəxtini-iqbalını ağ, yolunu açıq eləsin...

***

Temirxan birdən əlini gözünün üstünə qoyub, saqqızlığa – arxın qarşı tərəfinə boylandı. Cavan bir oğlan uşağı “qurumsağın” – Eyyuboğlunun atını yedəyində gətirib arxın qaşına hörüklədi. Atın yəhəri belində idi. Yəqin bir azdan Eyyuboğlu bura gələcək, atı buradan minib, iş sahəsinin üstünə gedəcəkdi. Temirxan zabitəli səslə xalasına:

- Qırxılıq hardadır? – dedi. Sonra da cavab gözləmədən çardaqdan qara dama keçdi. Damın taxçasından paslı qırxılığı götürdü.

Temirxanın üzündə elə bir sərtlik, hərəkətlərində elə bir qətiyyət vardı ki, bir kimsə onun qabağına durmağa, onu çəkindirməyə cəsarət eləmədi. Ətrafdakıların hamısı boynunu ona tərəf döndərib, böyük maraqla bu işin nə ilə nəticələnəcəyini gözləyirdi və lal baxışların altında atın hörükləndiyi səmtə, saqqızlığa doğru iti addımlarla div görünüşlü nəhəng bir adam yeriyirdi. Sonradan Qaltan camaatı danışacaqdı ki, həyət-bacada olanların hamısı daldaya çəkilib gizlindən bu işin nə ilə bitəcəyini gözləyirmiş...

Temirxan ata yaxınlaşdı. Belinə çərkəzi yəhər qoyulmuş hündür kəhər at Temirxana köhnədən tanıyıb ayrıldığı simsar adam təsiri bağışlayırdı. Bir anın içində hirsini udub, əlini nəvazişlə yaraşıqlı ərəb atının yalmanına uzatdı. Bəlkə də Temirxanın qeyri-adi əzəmətli görkəminin, ya da çapıq sifətindəki sərt ifadənin sehrindən idi – başqa vaxtlar həndəvərinə yad adam buraxmayan, oyur-oyur oynayan at da onu eyni simsarlıqla qarşıladı, dərhal ona tabe oldu. Temirxan sol əliylə atın qaşqasını, boynunu, yaraşıqlı yalmanını tumarlaya-tumarlaya sağ əlindəki ağzı koruş qırxılığı işə saldı. Atın yalını dibindən qırxandan sonra arxa tərəfinə keçdi, qalın və sərt quyruğunu əlinə dəstələyib, dibindən kəsdi. Sonra da əlindəki uzun at quyruğunu atın belindən çərkəzi yəhərin qancıbağına bənd elədi. Qayışları açıb, yəhəri səliqə ilə atın belindən götürdü, sağ qoltuğuna vurub, ağır addımlarla xalasının evinə – tut ağacının altındakı önü çardaqlı qara yer damına tərəf yeridi. Ətrafda heç kim gözə dəyməsə də, daldadan ona çoxlu gözlərin tuşlandığını lap dəqiq hiss eləyirdi və həmin gizli baxışlara görk eləmək üçün asta-asta, ağır-ağır, aram-aram, ləngərlənə-ləngərlənə yeriyirdi ki, hamı onu görsün. Və doğrudan da hamı onu görürdü.

Yeddi yaşında bu torpaqdan “siyasi dustaq” kimi sürgün olunmuş, 20 ildən sonra 27 yaşında olmayan “günahına” görə bəraət almış pəhləvan görkəmli cavan oğlan indi Qaltan kəndinin sakinlərinin böyümüş gözləri önündə Aşıq Avdının söylədiyi dastan içindən gəlmiş həqiqi bir qəhrəman idi: qılınckəsməz, oxbatmaz. Sonradan Qaltan kəndində danışılacağına görə, Eyyuboğlunun özü də evinin pəncərəsinin arxasından bu mənzərəni öz gözləri ilə əvvəldən-axıra qədər izləmiş, yerindən tərpənməyə ürək eləməmişdi...

Temirxan yəhəri gətirib, qara damın həyətində, tut ağacının kölgəsində quraşdırdığı taxtın (gecələr özü bu taxtda yatırdı) üstünə qoydu. Üzündə böyük bir razılıq, ürəyində qəribə bir buz soyuqluğu, baxışlarında adamı ortadan kəsən bir itilik vardı. Elədiyi hərəkətin nə nəticə verəcəyi, bundan sonra başına nə iş gələcəyi barədə düşünüb-daşınmırdı. Harasa qaçmaq fikri də yoxdu:

- Kişiliyi var, gəlsin yəhəri burdan özü götürsün! Gəlsin görüm! Mən də kişi deyiləm yəhəri onun belinə qoyub, minməsəm...

- Səni aparsalar, qabaqda özüm gedəcəm! – səsində qürur hissi duyulan Qızyetər də Temirxanın hərəkətindən olduqca məmnun görünürdü. Əri 1937-ci ildə həbs edilib gedər-gəlməzə göndəriləndən bəri Qızyetər özünü bu qədər arxalı, qürurlu və güclü hiss eləməmişdi. Gözünün qabağına “qırmızıpapaq” hökumət adamlarını gətirir, ancaq heç özünə də aydın olmayan bir arxayınlıqla bundan qətiyyən qorxmur, təlaşlanmırdı.

Həyətdəki qadınlar dərhal yoxa çıxmışdılar. Hamı bu işin axırından qorxub vahiməyə düşmüşdü. Kənddə müharibədən əvvəlki kimi yeni bir “təmizləmə” əməliyyatının keçiriləcəyini gözləyənlər, gözləməsə də bunu düşünənlər vardı.

- Mən bu axşam heç yana getməyəcəm. Qoy yəhər yiyəsi gəlib, yəhərini aparsın. Şəxsən qarşımda o qurumsağın özünü görmək, hesabımı özündən soruşmaq istəyirəm...

- Qeyrətinə qurban olum, – Qızyetər toxtaq səslə dedi. – Səni mənə yetirən Allaha qurban olum. Allah göydən hər şeyi görür...

***

Qəribədir ki, Qaltan əhlinin böyük həyəcanla gözlədiklərinin heç biri olmadı. Nə o axşam, nə də sabah Qızyetərin qapısına yəhər dalınca heç kim gəlmədi. Lənət nişanəsinə çevrilmiş köhlən at gecəyə qədər arxın üstə, camaatın gözünün qabağında hörükdə qaldı, qaranlıq qarışanda bilən olmadı kim gəlib apardı – Eyyuboğlunun yalı-quyruğu qırxılmış atını apardılar və bir də o atı o eldə-obada gördüm deyən olmadı.

İki gün gözləyəndən sonra Temirxan muraz üstə olan Çiçəyə “şərait yaratmaq” üçün yəhəri də götürüb kənddən çıxdı. Yəhəri meşədə qabağına çıxan bir Şıxlı çobanına peşkəş elədi.

Eyyuboğlu həmin gecə kənddən biryolluq çıxdı. Deyilənə görə, heç yerə şikayət eləməyib Bakıya getmiş, oradan da qonşu rayona meşə idarəsinə yeni vəzifəyə göndərilmişdi.

Çiçək Temirxan gedəndən sonra gözaltısına xəbər göndərdi ki, mənim dağ boyda yiyəm var və onu basıb heç kəslə qaçası deyiləm. Üç-dörd ay qalıb, qardaşım əsgərlikdən gələr, el adətincə nişan taxıb, toy eləyib məni urvatla gəlin apararsınız. Qaçhaqaç deyil ki...

Elə də oldu, Çiçək qardaşı əsgərlikdən gələnə qədər gözlədi. Neçə dəfə fürsət düşsə də, gözaltısı onu qaçırtmağı heç ağlından belə keçirmədi, borc-xərc eləyib nişan tədarükünə başladı. Bir az da qabağa gedib, deməyi lazım bilirəm ki, bu əhvalat Qaltan kəndinin evlənmək adətində xeyli dəyişiklik yaratdı, ondan sonra Qaltanda atasız böyümüş cavanların bir-birinin ardınca toyları oldu.

Temirxan bir aydan sonra yenidən Qazaxıstana – sürgün yerinə qayıtdı. Axır vaxtlar hamıya oradakı şəraitin buradan yaxşı olduğunu deyirmiş və həmişəlik orada qalmağa qərar veribmiş.

O, Qaltan kəndinə bir il iki ay sonra – 1958-ci ilin payızında Çiçəyin toyuna gəldi. Arvadını da gətirmişdi. Çiçək o gündən bu günə fikirləşir ki, Temirxanı doğma elə-obaya qayıtmağa qoymayan, əbədi sürgünə məhkum eləyən istəkli arvadı – hündür boylu, mavi gözlü, qarayanız xaxol qızı oldu...

7-12 sentyabr 2013

# 3397 dəfə oxunub

Müəllifin son yazıları

# # #