Toyda tanqo – hekayə

Toyda tanqo – <span style="color:red;">hekayə
3 mart 2018
# 16:00

Kulis.az Qəfər Rüstəmin “Toyda tanqo” hekayəsini təqdim edir.

Burun pərlərini titrədən xırıltılı nəfəsi qulağında cingildəyirdi. Yumşaq vəzifə kreslosuna yayxınıb fikrə getmişdi. Son vaxtlar özündə deyildi, beləcənə gözlərini bir nöqtəyə zilləyib hey fikrə gedirdi.

Koppuş, ətli barmaqlarını üz-gözündə gəzdirib fikrini cəmləmək istədi. Qabağında bir yığın sənəd imza üçün qalaqlanmışdı.

Hündür qapı sakitcə açıldı. İri dodaq, qələm qaş katibə bədənini əsdirə-əsdirə otağa daxil oldu. Sinəsinə sıxdığı bir qalaq kağız-kuğuzu ehmalca Ziyəddinin masasına qoydu. O, baxışlarını zilləyib katibənin dekolteli paltarından görünən şux sinəsini yaxşıca süzürdü. Katibə öyrəncəli olduğu bu həris baxışları bir az daha üzərində gəzdirmək üçün stolun üstünü səliqəyə salırmış kimi bir müddət orda qurcalandı. “Nəsə bir əmriniz var?” iri gözlərini onun qırışlarla örtülü gözlərinə dikib soruşdu. Ziyəddin katibəni eşitmirmiş kimi gözünü məchul səmtə dikmişdi, torbalanmış gözlərinin əti arabir səyirirdi. Başqa vaxt olsaydı nə istəyəcəyini çox yaxşı bilərdi. İndi isə... “Yox, çıxa bilərsən” dedi pıçıltılı səslə.

Katibə yeridikcə iri yançaqları əsim-əsim əsir, adamı məst edən qadın qoxusunu, özüylə götürüb aparırdı. O, uzaqlaşıb gedən bu gözəlliyə, cazibəyə əli-qolu bağlı baxırdı.

Əliylə paçasının arasını yoxladı. Əsəbindən yumruğunu masaya çırpdı. Boğulurdu. Qalstukunu açıb bir neçə dəfə dərindən nəfəs aldı. Bütün kağızları götürüb divara tolazlamaq istədi. Əsəbi-hikkəsi keçmirdi.

Keçib divana uzandı. Gözlərini yumub sakitləşmək istədi. Ancaq mümkün deyildi. “Artıq sizə Viaqra olmaz” sözləri beynində gəzinib bütün sinirlərini xıncım-xıncım edirdi. Nanəcib həkim bu sözləri düz üzünə demişdi.

Düz əlli il bundan əvvəl on beş yaşından kənddən çıxıb Bakıya gəlmişdi. Dayısı o vaxtlar yaxşı vəzifədə idi. Nazirlikdə şöbə müdiri idi. O da elə bilirdi ki, dayısı nəsə yanında işdən-zaddan verəcək. Ancaq elə olmadı. Fələk başqa şey saydı...

Dayısı onu dəmiryolunda işə düzəltdi. Ordakılara bərk-bərk tapşırdı ki, ona çoxlu iş versinlər.

Kənddən çıxmış mağmın uşaq, illərdir dəmir yolunda hər cür hoqqabazlığı bilən qurdların içinə düşmüşdü. Onu gecə gündüz işlədirdilər. Bütün günü belində yük ora-bura qaçır, perronunun künc-bucağını silib süpürür, üstəlik də, hər gün danlaq yeyirdi. Axşamlar daş divarlı kiçik daxmada yatırdı. Hər gecə sızım-sızım sızıldayan bədənini yerə sərdiyi kartonun üzərində o tərəf-bu tərəfə çevirəndə əsəbindən, ağırdan ağlayardı.

İnadından evlərinə məktub yazmırdı. Ürəyində hamıya söyürdü. Artıq nə ata-anasını, nə də dayısını görmək istəyirdi. Bircə məqsədi vardı. Nə bahasına olursa-olsun, dövlət dəmir yolunda yuxarı vəzifəyə gəlmək.

Telefon səsiylə xatirələr silinib getdi. Donquldaya-donquldaya ayağa qalxdı. Telefonun dəstəyini qulağına yaxınlaşdırıb “Alo” dedi. Danışan arvadı idi: “Sürücü nə vaxt gəlsin, mən hazıram, çıxa bilərəm.” O, bir anlıq arvadının nə soruşduğunu anlamadı, anlaqsız halda donub qaldı. “Alo, Alo, toyu deyirəm, nə vaxt gedək, gec getsək, yaxşı çıxmaz.” Arvadının səs tonundan onun nəyə eyham vurduğunu anladı.

Bugünkü toy yüksək ranqlı məmurun oğlunun toyu idi. Həmin məmur ona həmişə qahmar çıxmışdı, çətinə düşəndə əl tutmuşdu. Bir-birlərinin cikini-bikini bilirdilər. Belə bir toya gecikmək olmazdı. “Gəlin, mən hazıram” telefon dəstəyini yerinə qoyub köks ötürdü. Otağın içində gəzişdikcə ayağının altındakı yumşaq xalıdan kal xışıltı gəlirdi.

Qarderobda asılı duran köynək və qalstukları bir-bir gözdən keçirdi. Avropadan xüsusi gətizdirdiyi kostyuma uyğun qalstuk axtarırdı. Tünd zəfəranı qalstuku götürüb aynanın önünə keçdi.

Laçın kimi oğlan idi. Dövlət Dəmiryolunda təmizlikçi işləyən Adiləni sevirdi. Qız bir müddət naz-qoz eləsə də, evlənməyə razı olmuşdu. Hər iksi qarın toxluğuna çalışırdı. Adilə başıaşağı, müti qız idi. Çox keçmədən dalaşmağa başlamışdılar. Üstəlik, Adilə ona uşaq verə bilmirdi.

Evlənəndən altı-yeddi ay sonra Ziyəddini kassaya keçirdilər, bilet satırdı. Şüşənin arxasından ona uzanan əlləri gördükcə fərəhlənirdi. Bəzən məmur ədasıyala qaş-qabağını yığır: “Bilet yoxdur” − deyirdi, insanların yalvarıb-yaxarmağından xoşhallanırdı.

Maaşı da gözgörəsi artmışdı, ayın axırında cibində beş-on manat qalırdı.

Adilə ilə daha çox dalaşırdı. Yumurtlamayan toyuq görürmüş kimi əsəbiləşirdi. Çünki elə bilirdi ki, evlənən kimi totuq-motuq oğlu olacaq, o da oğluyla fəxr edəcək. Adiləni nə qədər müalicə etdirsə də, xeyri olmadı. Artıq boğaza yığılmışdı, evə gəlmək istəmirdi. Həm də ki, artıq gözü açılmışdı. Bir az ətli-budlu qız görən kimi yaxınlaşıb tanış olurdu. Beşi “yox” desə də, biri “hə” deyirdi. Yaman aludə olmuşdu. Ev-eşikdən tamam soyumuşdu.

Adilə gözü yaşlı, əli boş çıxmışdı evdən. Binəva hara getdi, taleyi necə oldu heç vaxt bilmədi. “Adilə”− dedi, özü-özünə. Nəfəsi daraldı. Qaramat şeyləri, peşmanlıqları ömürbillah sevməzdi. Nə vaxt yaddaşında belə şeylər xortlasa, iş-güclə başını qatardı. Bu dəfə güzgünün qabağından tərpənə bilmədi. Ətli sifətində gizlənmiş bəbəklərində elə bil Adilənin şəkli asılmışdı.

Taleh nə müəmmalı şeydi, İlahi. Adilə gedəndən sonra onun bəxti açılmışdı. Yaxın dostu yüksək vəzifəyə keçəndən sonra onu da yanına aparmışdı. Artıq relsə düşmüşdü. Pul öz ayağıyla gəlirdi. Əyinti işlərindən yaxşı başı çıxırdı. Həlləm-qəlləm işləri elə düz-qoş edirdi ki, elə bil qanadsız mələkdi. Nə qədər audit−yoxlama gəlsə də, heç bir nöqsan tapa bilmirdilər.

Pul artdıqca tülkü kim hər gün bir hindən çıxardı. Hallıca, dulluca arvadları, üz görməmiş bakirə qızları tovlayıb girvəyə salır, bir az əylənəndən sonra başından rədd eləyərdi.

Telefon zəng çalan kimi bildi ki, zəng edən yoldaşıdı. Demək yaxınlaşırdılar. Üst-başını səliqəyə saldı. Boy aynasında yenə özünü süzdü. Əvvəlki təpəri qalmamışdı, xərifləmişdi. Aynada bir yığın qocalmış ət parçası görəndə əsəbiləşdi. Geniş, boş otaq, dar qundaq kimi sıxıb ürəyini darıxdırırdı. Növbəti zəngi gözləməyib həyətə düşdü.

Qapının önündə dayanan qarovulçular onu görən kimi düzlən vəziyyətinə keçdilər. Üz-gözündən zəhrimar yağırdı. Adəti idi, vəzifəsi yüksəldikcə sir-sifətinin zabitəsi, zəhmi bir o qədər artardı. “Qara camaata, kiçik məmura gülsən qanın getdi. Başına çıxacaqlar,” − deyirdi, dostu.

Qara “Mersedes” düz binanın girişində dayandı. Qarovulçu cəld yaxınlaşıb qapını açdı.

Sevil tovuzquşu kimi bəzənib maşında oturmuşdu. Qapı açılan kimi parfüm qoxusu küçəyə səpələndi.

Lal-dinməz oturmuşdular. İkisi də danışmağa bir şey tapmırdı. Ziyəddin son vaxtlar arvadını görəndə nədənsə əsəbiləşirdi. Elə bil çoxdandır ürəyində yuvalanmış qubar yavaş-yavaş dəbrəşib oyanırdı.

Adilə gedəndən sonra ilk dəfə qorxmuşdu. Boş ev, soyuq yataq onu ürpərtmişdi. Evdə tək yatanda uşaq kimi yorğanı başına çəkib eləcə yuxuya gedərdi. Pulu artdıqca, mənsəbi yüksəldikcə qorxusu daha da artırdı. Bala toplaşan qarışqalar kimi insanlar ətrafına toplanırdı, yeni qohum-əqrəba törəyirdi, köhnə dostlar gəlib onu tapırdı. Başqa vaxt olsa bununla fəxr edirdi. Ancaq kəsb etdiyi şeylər onun yalnızlığını, tənhalığını artırırdı. Adilədən sonra evdə hiss etdiyi qorxu, vahimə hər keçən gün daha da dərinləşir, dözülməz olurdu. Yatağını isitdiyi qadınlar onun iztirablarını, kədərini azaltmırdı.

Məmur dostu: “Evlən, rahatlayarsan. “Oğul-uşağın olsa, başın qarışar” − demişdi.

Adilədən sonra evlənməyə həvəsi qalmamışdı. Uşaqsız, oğulsuz evlənməyin nə mənası var. İstəmişdi ki, oynaşlarının hər hansı birindən uşağı olsun. Kim ona oğul versə, onunla evlənməyə razı idi. Nə illah eləsə də, heç biri uşağa qalmamışdı. Ziyəddin uşağı olacağına naümid idi, ancaq yenə də axtarışa davam edirdi. Ta ki, Sevili tapana qədər.

Sevil bir uşağı ilə dul qalmışdı. Ziyəddinin katibəsi kim işə başlamışdı. Ədalı-əndamlı qadın idi, baxan deyərdi, dişlənməmiş almadı. Ziyəddin onu görən kimi ovsunlanmışdı. Onu görən kimi əl-ayağı dolaşır, özünü itirirdi.

Çox keçmədən Sevillə açılışdı, işdən sonra görüşürdülər, bir müddət sonra da evinə gedib-gəlməyə başladı. Bütün dərd-sərini Sevilə açırdı, ürəyini boşaldardı.

“Fazil də gəlir?” Ziyəddin sükutu pozdu. Sevil iri dodaqlarını saymazyana uzada-uzada cavab verdi: “Bilmirəm, yəqin, gələr.”

Ziyəddin: “Fazil, Fazil” − deyə öz-özünə təkrar etdi. Onu qucağına alanda o qədər sevinmişdi ki, bütün şübhələri, nigarançılığı keçib getmişdi. Oğul sevinci, övlad nəşəsi nə yaman şeydi, İlahi. Ziyəddin on-on beş yaş cavanlaşmışdı. Elə bil ona yeni ömür bəxş etmişdilər, elə bil ömrünə ömür calanmışdı, ölümsüzlük iksiri tapmışdı.

Qeyri-rəsmi işlərini Fazilə və ögey oğlu Səttara tapşırmışdı. Bütün işləri tendersiz-filansız oğlunun şirkətlərinə verirdi. Pul sel kimi axırdı. Qısa zamanda şirkətlər holdinqə çevrilmişdi. Ziyəddin bir də başını qaldırıb baxmışdı ki, bir vaxtlar yuxusunda belə görməyəcəyi sərvətə, güc-qüvvətə qovuşub.

Sevilin telefonuna arxa-arxaya gələn mesajlar əsəbinə toxunurdu. Qısqanc deyildi, bu yaşda kimi qısqanasan. Ancaq onu bir şey narahat edirdi. Necə olmuşdu ki, heç bir qadın yox, məhz Sevil ona uşaq vermişdi? Sevil onu aldada bilərdi? Belə bir şey fəlakət olardı. Pəncərəni açıb təmiz havanı sallaq dodaqları ilə sümürdü. Üzü yanırdı. Əsəbi olanda həmişə sir-sifəti belə pörtdəmə qızarardı.

Onlar şadlıq sarayına çatanda qonaqlar hələ təzə-təzə yığışırdı. Ziyəddinə ən başda yer ayırmışdılar.

Qadınlar podiuma çıxmış gözəlçələr kimi bir-birindən füsunkar, bir-birindən çılğın dekolteli paltarlar geyinmişdilər. Sevilsə kübarlığı, gözəlliyi ilə bütün kişilərin diqqət mərkəzində idi. Ona baxan qadınlar əsəbi halda üzünü başqa tərəfə çevirir, qısqanclıqlarını cilovlamağa çalışırdılar. Ziyəddin də bunu hiss edirdi. Belə bir cövhərə sahib olmaq ona hədsiz fərəh hissi verirdi.

Bir az sonra Fazil qolunda bir qızla içəri daxil oldu. Ziyəddin bu qızı ilk dəfə görürdü. Fazil hamıya gözucu salam verib şəstlə atası oturan masaya tərəf yeridi. Ziyəddin onu görəndə qeyri-ixtiyar gülümsündü. Həmişə belə oğul istəmişdi. Başına buyruq, saymazyana, kişi kimi biri olsun istəmişdi Fazil. Fazilsə onun arzusundan da betər olmuşdu. O gün olmurdu ki, polisdən şikayət gəlməsin, prokurorluqdan narazılıq eşitməsin.

Fazilin yanındakı qız gözəllik yarışmasında birincilik qazanmış ədalı-əndamlı qız idi. Ziyəddin onu görəndə yaman tutuldu. Belə gözəl qız ömründə görməmişdi. Fazil həmişəki kimi atasını dilucu salamladı. Gələn kimi önündəki çərəzdən bir neçəsini ağzına atıb əsəbi halda çeynəyirdi. Sevil gəlib-gedənlərə nəzakətlə gülümsəyir, bir tərəfdən də oğlunun yanındakı qızı eyhamla süzürdü.

Ziyəddin toya gələn qonaqlara göz qoyur, vacib insanlarla mütləq salamlaşırdı. Lənət şeytana, bu nə fikirlərdir belə. Fazilə əsəbiləşirdi. Gələn qonaqlar birinci Fazillə görüşür, onun qabağında əzilib büzülürdülər. Gözəl xanımlar Fazilə həsrətlə baxırdı.

Manıs “bəh-bəh” deyə-deyə Fazili rəqsə dəvət etdi. Fazil dodağının kənarı ilə fəxrlə gülümsünüb qol götürüb oynamağa başladı. Qoca-cavan hamı ortalığa tökülüşüb onunla rəqs etmək üçün yarışırdı. Sevil də oğlunun başında pirin-ocağın başında fırlanırmış kimi fırlanıb rəqs edirdi.

Ziyəddinin arabir ürəyi sancırdı. Şadlıq evinin göz qamaşdıran işıqları alov topu kimi üz-gözünə çırpılırdı. Aldadılmışdı? Necə oldu ki, Sevil ona uşaq verdi. Fazillə arasında gözəgörünməz bir pərdə olduğunu hiss etmişdi. Həmişə fikirləşmişdi ki, ata-oğul arasında belə soyuqluq olur. Əsas odur qurub yaratdığı xanimana bir varis var. Belə düşünəndə rahatlıq tapırdı. İndiysə özünü ələ ala bilmirdi. Kürəyindən saplanmış xəyanət xəncərini əl atıb çıxarmağa çalışırdı, çırpındıqca, çapaladıqca yarası daha da didələnir, qanayırdı.

Bədəni büsbütün sustalmış, yorulmuşdu. Elə bil çiyinlərində yerbasan ağırlıq vardı. Əzablı günlər sanki dünən baş vermişdi. Ağrı-acısı hələ də ürəyindəydi, yorğunluğu hələ də canındaydı.

Xidmətçi oğlanın cibinə bir yüzlük basıb “al bu yüzlüyü də, ver onlara, yaxşı bir tanqo qoysunlar çalsın” − dedi. Bir anda musiqi dayandı, insanların əli havada qaldı. Tanqo çalınan kimi hamı bildi ki, bunu Ziyəddin sifariş verib. Ziyəddinin hər toyda gözəl bir qızı seçib tanqo oynamağı vardı.

Ziyəddin ayağa qalxıb Fazilin gətirdiyi qızı rəqsə dəvət etdi. Onun əlini tutan kimi bütün bədəni gümrahlaşdı, qan civə kimi damarlarında axmağa başladı. Qızın cavanlıq dolu nəfəsini içinə çəkdikcə əvvəlki Ziyyədin dirçəlirdi. “Yaşamaq lazımdır, daha həyat qabaqdadır” − özü-özünə dedi. Qızın zərif bədənində əlini gəzdirəndə yatmış duyğuları, öləziyən hissləri canlanırdı. Qızı şəstlə irəli-geri hərəkət etdirə-etdirə məğrurluqla onlara mat-məttəl baxan adamların gözlərinin içinə baxırdı. Hələ Ziyəddin ölməyib, hələ Ziyəddin dağ kimi yerindədi!

Yerinə oturanda tər-su içində qalmışdı. Sevil kinayəli təbəssümlə onun üz-gözünü sildi. Sevinci hədsizdi. Abı-həyat içmiş kimi canlanmışdı, ürəyi saat kimi dəqiq və sərrast döyünürdü. Fazilin acıqla toydan çıxıb getməyini belə vecinə almadı.

Əlini Sevilin buduna qoydu, bic-bic gülümsünüb göz vurdu: “Gedək evə, qabaqda uzun gecə var.” Sevil nə baş verdiyini çoxdan başa düşmüşdü.

Villanın giriş qapısı açıldı. Maşın onları düz villanın girişində düşürdü. Ziyəddin təmiz havanı hərisliklə ciyərinə çəkdikcə daha da dirçəlirdi. Əvvəl istədi Viaqra istifadə etməsin, ancaq, onsuz, iş aşmayacağını bilirdi.

Mətbəxə keçib Viaqranı suyla içdi. Sevil yataq otağına keçib əyin-başını dəyişirdi. Ziyəddin divanda oturdu. Qəribə bir həyəcan keçirirdi. Nə düşündüyünü özü də bilmirdi. Şübhə, qəzəb, ümid, həyat eşqi bir-birylə çulğaşmış, anlaşılmaz eniqmaya çevrilmişdi.

Ürəyi bərk-bərk döyünürdü. Qulağına uşaq səsi gəldi. Səs yataq otağından gəlirdi. Sevil ürəkdən qəhqəhə çəkib gülürdü. Ziyəddin ayağa qalxmaq istədi. Elə bil sinəsinə gürz çırpıldı, yerə sərələndi. Mərmərin soyuqluğu bədəninə keçirdi. Körpə iməkləyə-iməkləyə ona yaxınlaşdı. Son dəfə gözlərini açıb uşağı tanımaq istədi. Qaranlıq otaqda körpəni tanımaq qeyri-mümkün idi.

24.01.18

# 1272 dəfə oxunub

Müəllifin son yazıları

# # #