Qaraçı qız nəğməsi

Qaraçı qız nəğməsi
30 aprel 2014
# 10:45

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın tərcüməsində özbək şairlərinin şeirlərini təqdim edir.

Osman Əzim

Osman Əzim-çağdaş özbək poeziyasının görkəmli nümayəndələrindən biri, Özbəkistan xalq şairi, “Şəkil parçaları”, “Dərs”, “Aprelin ikisi”, “Oyanma əzabı”, “Qüssə” və.s. kitabların , dünya şeirindən bir sıra tərcümələrin müəllifidir.

***

Dan titrəyir son payızın qucağında,

Ulduzları söndürmədə əlvan şəfəq.

Canım, ruhum şeyriyyətin bıçağında

Yer də tilsim, göy də tilsim, şeir edir qərq...

Mən əzabda, xəyalların qanadında

Dənizləri qaldıraraq yorğun uçdum.

Ulduzları çox görmüşəm həyatımda,

Dənizdəki ulduzları, dedim, qucum.

Göyə baxdım, od qaladı o canıma...

Lay-lay bulud qatlarında nə sirr-soraq?

Heyrət içrə öldürəcək bir gün səma,

Məni burax, qoy bir uçum, ana torpaq!

Mən yar dedim... Leylimidi, Şirinmidi,

Və ya yeni doğulacaq nazlı mələk?!

Göz önümdə parlayaraq “mənəm!”-dedi,

“Mənəm!”-deyə şeirdən baxdı tək bir ürək!

Ulduzları söndürmədə əlvan şəfəq,

Dan titrəyir, son payızın qucağında.

Şeir gəlir... Əzab, sənə eşq olsun, eşq!

Canım, qəlbim şeiriyyətin bıçağında...

Hələ bütün Yer kürəsi Şeir olacaq,

Yalnız hədər sayıb aram qucağını,

Bu dünyanı sirr içində görsən ancaq

Qəlbə sancıb şeiriyyətin bıçağını!

Qaraçı qız nəğməsi

Mən yollarda doğulmuşam,

Ayrılmaram yollardan.

Ömür keçər yollarda şən,

Gəzə-gəzə verərəm can.

Ürəyimə həmdəm indi,

Bir yad duyğu nədəndi.

Bu duyğular ötərgidi,

Təkcə yollar əbədi!

Keçib gedirdim bir kənddən,

Ağlım aldı bir oğlan.

Qala bilsəm o kənddə mən,

Dərdim olardı yalan.

Yar olmağı o igidə,

Necə arzu edərdim...

Amma arzu ötərgidi,

Tək bu yollar əbədi!

Sirdaşım bu tonqal ilə

Yandım çox şeyi duyub.

Əlimdəki qaval ilə

Qəmlərimi oxuyub.

Eşqin də qasırğa kimi

Təlaşının yox həddi.

Ancaq sevgi ötərgidi,

Tək bu yollar əbədi!

Tərk etmədən məhəbbətim,

Qəlbimdə atsa pöhrə.

Göz qırpmadan şücaətim

Boğar onu bilmərrə.

Hər şeyə qalib gələrəm,

Adi məhəbbət nədi!

O sönəcək...mən bilirəm-

Tək bu yollar əbədi!

***

Göyə də atacam daş,

Günahkar olsa günəş.

Günahkardırsa günəş,

Geri dönməz həmin daş.

Göydə kəsilib qənim,

Yerə düşsə nə qəmim!

Neçə belə daş görüb,

Dağ kimi başım mənim.

Yanıqlı nəğmə

Sevirsən, get sev özgəni,

Mən də sənsiz ölmərəm.

Gəl yanıma,-deyə məni

Çağırsan da gəlmərəm.

Səni belə sevdim nədən,

Bu acizlik haradan?..

Gözəl deyil, sadəcə sən

Məkrləri bol qızsan.

Düzün desəm, dəyməzsən də

Nə sevgim, nə şeirimə.

Əlin çatmaz! Zirvədəyəm!

Get bir tay tap özünə...

Necə dedin?! Xeyir əsla

Gözümdəki yaş deyil.

Yaş olsa da, səndən yana

Axıtmıram...

Yaxşı bil!..

Di getsənə... sevmirəm ki...

Məni burax tək, yalqız!

Səbrim tükənməkdə...təki

Önündə çökməyim diz...

Daş bitiklər arzusu

Kağızlara yazdım... kağızlar yandı,

Bir sirri taparaq əmin oldum ki,

Yox, Osman deyiləm, Alptəkinəm mən-

Yenisey bağrında çırpınan ülgü!..

Kağız əl verməyir mənim günümə,

Ona həkk olunmur alışan ürək.

Əpriyən kağızlar yarar nəyimə,

Dərdimi yazmağa mənə daş gərək.

Küləklər qurutdu gözümdə yaşı,

İllərin təkindən zorla atdı dan.

Əsrlər şəfəq tək yaxdı yaddaşı-

Şüurun ox kimi sancıldığı an.

Mənə bir daş verin – göy üzünə tən,

Qəzəb kimi ağır, qəm kimi tənha.

Mənə bir daş tapıb verəmmədin sən,

Daşları torpağa çevrilmiş dünya!

Osman Qoşqar

Osman Qoşqar- istedadlı şair və tərcüməçi, “Yuxudakı minarə”, “Ağır karvan”, “Əkssiz sədalar” kitablarının müəllifi, Azərbaycan ədəbiyyatından çoxsaylı nümunələrin, o cümlədən, Hüseyn Cavidin “Topal Teymur” və “Şeyx Sənan” pyeslərinin, “Qətl günü” romanının tərcüməçisi.

***

Tanrım, bir soruşum, yeri gəlmişkən,

Canımı almadan bir gün minnətin.

Bu yanmış ürəklə, kösöv qəlb ilən

Qoynun açacaqmı mənə cənnətin?!

Səbr elə demişdin, elə deyilmi,

Mən dözmədən yandım...

Necə baxassan?

Artıq kül olmuşam,

Mənim nəyimi,

Hansı cəhənnəmdə yandıracaqsan?

Ya Rəbbülaləmin,

Sözün yenilməz!

Ancaq mənə gülür el-oba artıq.

Məhəbbətdən başqa şeyə əyilməz,

Günahkar bəndən nə cəzaya layiq?

Eşqdən başqa heç bir kəlam bilmədən,

Bilmədim aramın mənası nədir.

Sevən, sevdiyinə tövbə etməyən

Bu asi könülün cəzası nədir?!

***

Zəng vurursan bir gözəl anda,

Xəyalımı tərk edir ölüm.

Yerdə sükut, de görüm indi,

Nə var, nə yox, göylərdə gülüm?

Burda heç kim gəlməz arayıb,

Sükunətə alışdı gözüm.

Orda necə, işığın yayıb,

Parlayırmı qoşa ulduzum?

Yerin hələ çıxmır cınqırı,

Qaranlıqda könül sınıqdı.

Pis gözlərdən uzaqda barı

Ayın hüsnü elə qalıbmı?

Yerin işi yalnız qəm yemək,

Çox vaxt yoxdu ona da halı.

Yerə qismət deyilmiş, demək,

Peyğəmbərin bir cüt hilalı!

Yerdə ümid darda qalınca,

Şübhələrlə dolu küncləri.

Düşməyib ki, göydə dalınca

Böyük-kiçik Ayı bürcləri?

Yerin çoxdu hələ də qəmi,

Hər addımda min dərdi-səri.

Səmadan bir xatirə kimi

Parlayacaq nə vaxt ülkərim?

Yerdə yenə qalmaqal, fəğan,

Dünya yaman gündədi belə.

Göyə haçan yüksələr Çolpan,

Dan çağına çox varmı hələ?!

***

Sən harda qaldın, gülüm,

İçim alışdı, yandı.

Bu bağlara mənim könlüm

Neçə fəsil yubandı.

Bu çalın-çarpaz dağlarda,

Günahın heç idi, gülüm.

Sən açanda bu bağlarda,

Nə qədər gec idi, gülüm.

Mənim bu kəsik ağacım,

Yarpaqlarını tökərdi.

Sən gəldin-o çiçək açıb,

Dinməzcə yenə göyərdi.

O səmirsiz pöhrə atdı,

Səmalara dikərək göz.

Yazam deyə əl uzatdı,

Ancaq qarşıladı payız.

Bəlkə, onu bəxt gözləyir,

Bəlkə, tufan var yolunda.

Göyərib yazın özləyir,

Bir ağac payız qoynunda...

***

Bu dünyanın yağışlarında,

Çatmadı heç kəsə zarlarım.

Qışın qara ağuşlarında,

Qalıb getdi mənim qarlarım.

Ayaqların altında qalan,

Ağ qar sənə heç etmədi kar.

Dedin, yazdan başqası yalan,

Səmalara baxıb ümidvar.

Odur, sənin günəşin güldü,

Parladı ay, hüsnü məsumun.

Gülüm, sənin baharın gəldi,

Gəldi sənin yağış mövsümün.

Sənindir bu mavi asiman,

Qəmər ilə ulduz-güllərin.

Görüşünə tələsir yaman,

Bənövşə və novruzgüllərin.

Saçlarınla oynayır külək,

Sənin kimi qəm bilmir o da,

Mənə yandı-qındı verərək,

Hər şey işıq saçır dünyada.

Buludların gələndə axıb,

Şimşəklərin sinə gərəndə,

Mən qorxuram-Səmaya baxıb,

Üşənirəm yağış görəndə...

***

Fikir vermə sən bu zarlara,

Yağışlarla oyna, çiçəyim!

Yalnız qışda qalan qarları,

Xəyalından qovma, çiçəyim!

Eşq deyilən qismətin nəmli

Gözlərində yaşa döndüm mən.

Damla-damla qüssəli, qəmli...

Bir gün, gülüm, daşa döndüm mən.

Mən daş idim, odlar, atəşlər

Kar etmədi, kar edəmmədi.

Yazlar, yaylar, payızlar, qışlar

Əritmədi, əridəmmədi.

Sən gəlincə dəyişdi dünya,

Ey ömürdə yeganə fəslim!

Hər şey sənin yolunda fəda,

Hər şey sənin önündə təslim.

Mən daş kimi nə tapmışamsa-

Bir mövsümə verib gedəcəm.

Əriyərək yağışlarında

Öz gülümü dərib gedəcəm!..

Xasiyyət Rüstəmova

Xasiyyət Rüstəmova – çağdaş özbək şeirinin yenilikçi istedadlarından biri, “Göydəki ev”, “Qurtuluş”, “Divar” və s. kitabların, türkdilli poeziyadan gözəl tərcümələrin müəllifidir.

Şeiriyyət

Yubansam da gəlib çatdım axırda,

Nədən kirpiyimdə

Durmur göz yaşı?..

Mən erkən çıxmışdım yollara... amma

Bulanıq sulara getdim qarışıb.

Otuz il

Dolandım...

əlacsız, tənha,

Otuz il hicranda yalnız çəkdim ah!

Məni qovalama qoynundan, səma,

Mənim ürəyimə qəhmər çıx, Allah!

***

Ürək döyüntüsü - Haqqa ibadət,

Ürəyim döyünür Haqdan ibarət.

Bir daha inandım şeirin gücünə,

Özümü dəfn etdim Sözün içinə!

***

Ay məndən döndərmədi üz,

Ay getdikcə yaxınlaşır.

Pəncərəmdən üzmədən göz,

Yazıq uşaq necə baxır!..

Gecə alıb ağlın-huşun,

Bağlara boylanır süzgün.

Yenib gələcəkdi bir gün

Əllərimdən tutmaq üçün.

O məndən heç çevirməz üz,

Yaxınlaşa-yaxınlaşa.

Pəncərəmdən çəkmədən göz

Necə baxır yazıq uşaq!..

Aksioma

Gündüz. Kirəli ev. Eyvan. Pəncərə.

Küçənin səs-küyü.

Gün bata-bata,

Qonşum paltar yuyur.

Bir qonşum da ki...

Dolanmaqda gül sata-sata.

***

Xeyr, belə yaşamaq olmaz:

Yaşadıqca hiss edirsən ki,

Sən bu canı Allahdan deyil,

Başqasından almısan sanki.

Vallah, belə yaşamaq olmaz!

Hər bir ağac,

Hər bir bitki

Necə fağır, necə yava...

Dünya edir bildiyini,

Baxmır ağına-bozuna.

Xeyr, belə yaşamaq olmaz!

Ələ alsan özünü özün,

İçərini dağıdır fəryad.

Bir az çox yaşasan dözüb,

Tənələrin yağdırır həyat.

Xeyr belə yaşamaq olmaz!

***

Xalqım, sənin kimi

Xalq görmədim mən,-

Bəxt arzu edirsən

Yazıq halınla.

Sanki yarayacaq

Kasıb gününə,

İt də bağlamısan

Evin önünə.

İtin də sınıxdı

Özün sayağı,

Özgə küçələrə

Yaddır ayağı.

Bir yerdə bağlıdı

İl-on iki ay!

Axı, qorumalı nə var evində?!

***

Düşünsəm, nəfəsim kəsilir belə,

Vahimə içində alışır canım.

Vətən, varırammı şairliyimə,

Getsəm nə olacaq körpəmin halı?!

Körpəm deyə qucdum göy cücərtini,

Çat atmış yerlərə

Üzləndim yanıb:

Sabah sən körpəmi ağlatmazsan ki,

Gedə bilərəmmi sənə inanıb?!

Ad günümə

Eşidilir ürək döyüntüm,

Demək hələ soyumamış qan.

Dostlar, mənim bir diri günüm

Güllər üçün nə qədər ziyan!

Bu nə haldı,

Bu necə cəza?!

Niyə güllər qaldırmır üsyan?

Mənim cansız bir vücuduma

Bu boyda gül kəsilir qurban!

***

Bu gün heç getməyim gəlmir,

Nədən sakit buraxmır yol?..

Ağaclar da hələk-yesir,

Pəncərəmə uzadır qol.

Bayırdan səsləyir yağış:

“Gəlin gedəlim dağlara!”

Evdən yağır başqa baxış-

Bir Fazil Hüsnü Dağlarca.

Rəfdən allanıb yenər,

Katso Ratsin – qırmızı.

Başdan-başa qara geyər

Pasternak ilə Tabidze

Gör, nə çoxdu mənim dərdim,

Motsart başlar təranəsin...

Hamısın alıb gedərdim,

Çiynimə sığmayır evim.

***

Gurultudu. Külək hər anda

Pəncərəmə püskürür qarı.

Mənim küləklərim yanında

Kəsəri yox bu küləklərin.

Pəncərəmin lap yaxınında

Yağan yağış çevrilir selə.

Mənim yağmurlarım yanında

Bu yağışlar nədi ki hələ!..

# 2601 dəfə oxunub

Müəllifin son yazıları

# # #