Pivə içsəydi, islah olardı

Pivə içsəydi, islah olardı
5 noyabr 2013
# 12:16

Herman MELVİL

Katib Bartlbi

(Voll küçəsinin hekayəsi)

Birinci hissə

Sıx məskunlaşmış, alçaq binalarda işləyən bütün hüquqşünasların sadiq qaldığı ənənəyə uyğun olaraq, mənim kontorumun da bir neçə açarı var idi. Açarlardan biri çardaqda yaşayan həftədə bir dəfə kontorun döşəməsini silən, hər gün otaqları süpürüb tozun alan qadında idi. İkincisini ehtiyat üçün Hinduşkaya vermişdim. Üçüncüsünü bəzən öz cibimdə gəzdirirdim. Dördüncü açarın kimdə olduğunu isə bilmirdim.

Bir bazar səhəri məşhur bir vaizin moizəsinə qulaq asmaq üçün Troitsa kilsəsinə gedəsi oldum. Evdən çox tez çıxdığımı anlayıb, kontoruma qədər yerimək qərarına gəldim. Xoşbəxtlikdən açar cibimdə idi. Qapını açmaq istəsəm də, açar içərindən nəyəsə ilişirdi. Təəccüb içində öz-özümə donquldandım. Açar içəridən buruldu, Bartlbi sısqa sifətini irəli uzadıb, pencəksiz və nimdaş ev geyimində yarım açıq qapının aralığında peyda olanda dəhşətə gəldim. O sakitcə üzrxahlıq edib hal-hazırda çox məşğul olduğunu, hələlik məni içəri buraxmamağa üstünlük verdiyini dedi, sonra küçəni iki-üç dəfə o baş bu baş gəzməyi məsləhət gördü, o vaxta qədər işini bitirərdi. Bazar səhəri kontorumdan istifadə edən Bartlbinin üzündəki centlemensayağı etinasız ifadə, səsindəki qətiyyət və özündən əminlik məni o qədər çaşdırmışdı ki, səssiz-səmirsiz öz qapımdan aralanıb verilən göstərişlərə əməl etsəm də, bu ağılərməz katibin səssiz həyasızlığı qarşısında aciz qaldığım üçün içimdə baş qaldıran üsyanın sancılarına dözmək çətin idi.

Doğrudan da mən onun heyrətamiz səssizliyi qarşısında özümü itirirdim. Yalnız özünü itirən adam işçisinə öz iradəsini yeritməyə icazə verə, katibinin kontordan getmək əmrinə tabe ola bilərdi. Məni başqa bir sual da narahat edirdi, Bartlbinin bazar səhəri, pencəksiz, yarıçılpaq vəziyyətdə mənim kontorumda nə işi ola bilərdi? Bəlkə kontorumu əxlaqsız əməllərinə alət eləmişdi? Yox ola bilməzdi. Bartlbinin əxlaqsız bir adam ola biləcəyini bir an belə ağlıma sığışdıra bilmirdim. Bəs kontorda nə işi var idi? Yazırdı? Bu da ola bilməz. Qəribəlikləri olsa da, Bartlbi ədəb qaydalarına son dərəcə bağlı bir insan idi, heç vaxt yarıçılpaq vəziyyətdə yazı stolunun arxasında keçməzdi. Üstəlik bazar günü idi. Nədənsə onun dinə zidd hərəkətlərlə bu günün müqəddəsliyinə xələl gətirə biləcəyinə ehtimal vermirdim. Ürəyimdəki narahatlıq isə azalmırdı, təlaş içində qapıya yaxınlaşdım. Açarı qıfıla maneəsiz salıb qapını açdım və içəri keçdim. Bartlbi gözə dəymirdi. Qorxa-qorxa yan-yörəmə baxdım, pərdənin arxasına boylandım. Getmişdi.

Otağa diqqətlə nəzər saldıqdan sonra başa düşdüm ki, Bartlbi boşqabsız, güzgüsüz, çarpayısız kontorda yeyir, geyinir, yatırmış. Ayağı laxlayan, mütəkkəli divan arıq, uzun bədənin izlərini daşıyırdı. Katibin stolunun altında yumrulanmış ədyal, neçə vaxtdır qalanmayan divar sobasında çəkmə yağı və fırça, stullardan birinin üstündə dəmir teşt, teştin içində sabun, tikə parça olmuş əl-üz dəsmalı, qəzetin arasında zəncəfilli kökə qırıntıları, bir tikə pendir tapdım. Bəli, mən düşündüm, Bartlbinin kontorumdan bekar evi kimi istifadə etdiyini göstərən yetəri qədər dəlil var. O necə də dəhşətli tənhalıq və kimsəsizlik içində yaşayır! - qəfil ağlıma gələn bu fikirdən sarsıldım.Bəli o çox yoxsuldur, amma tənhalığı daha dəhşətlidir. Bazar günü Voll küçəsi Petra (Xarabalıqları 1812-ci ildə Ərəbistan səhralarında aşkar edilən qədim şəhər ) kimi kimsəsizləşir, hər günün gecəsində nəhəng bir boşluğa çevrilir.

Gün ərzində işin və həyatın qaynadığı bu binada gecələr boşluğun boğuq əks-sədası eşidilir. Bazar günləri isə bura ümumiyyətlə kimsəsizləşir. Bartlbi bura sığınıb. Tənhalığın yalqız tamaşaçısı, Karfagenin xarabalıqların arasında fikrə getmiş, cildini dəyişmiş müasir Mariy (Roma sərkərdəsi və siyasətçisi Qay Mariy (e.ə 156-86) rəqibinin təqiblərindən qaçaraq Pun müharibəsindən sonra yer üzündən silinmiş Karfagen şəhərinin xarabalıqlarına sığınmışdı).

Həyatımda ilk dəfə idi ki, ürəyimi dağlayan acı melonxoliyaya təslim olurdum. Xiffət hissi mənə tanış idi, amma bu cür təsəllisiz kədərlə birinci dəfə idi, üzləşirdim. İnsanları bir – birinə bağlayan mərhəmət hissi məni qəsvətə sürükləyirdi. Qardaş ağrısı. Axı mən də Bartlbi də Adəm övladlarıydıq. Brodveyin Missisipi çayını xatırladan coşğusu içində Qu quşu kimi süzülə-süzülə, bayram təntənəsi ilə axıb gedən insan selində göz qamaşdıran ipək parıltılarını, işıq saçan çöhrələri xatırladım. Xatırladıqlarımı solğun bənizli katiblə qarşılaşdırıb fikrə getdim. Bəli, xoşbəxtlik işığa can atır, dünyanı özümüz kimi şad-xürrəm zənn edirik, səfalətin yad baxışlardan gizləndiyi isə ağlımıza belə gəlmir. Bu acı fikirlər, axmaq və xəstə beynin xəyalları Bartlbi ilə bağlı başqa düşüncələri də özü ilə birlikdə gətirdi. Ürəyimə damanlar mənə rahatlıq vermirdi. Gözlərimin önündə katibin tükürpədən soyuq kəfənə bürünmüş, etinasız yad insanlar arasında uzanıb qalmış heysiz bədəni canlanırdı. Bartlbinin açarı üstündə qalmış siyirtməsi diqqətimi cəlb elədi. Pis bir niyyətim yoxdur, marağımdan yanıb tutuşmuram, mən fikirləşdim, üstəlik siyirtmə də, içindəkilər də mənimdir, odur ki, açıb baxmağa cürətim çatar. Siyirmə qüsursuz dərəcədə səliqəli idi, kağızlar ehtiyatla üst-üstə yığılmışdı. Kağız bölməsi dərin idi, bütün qovluqları çıxarıb künc-bucağı əlimlə yoxladım. Bir azdan əlimə nəsə keçdi, dartıb çıxartdım. Köhnə, ağır, toxuma dəsmal idi, düyünlənmişdi. Düyünü açıb gördüm ki, dəsmaldan əmanət bankı kimi istifadə olunurmuş. Bartlbinin diqqətimi cəlb edən bütün qəribəliklərini xatırladım. Yadıma düşdü ki, o yalnız verilən suallara cavab vermək lazım gələndə danışır, bəzən boş vaxtı olsa da heç nə, hətta qəzet də oxumur, pərdənin arxasından çıxmadan saatlarla gözlərini tutqun pəncərədən görünən ölü kərpic divarlara dikirdi. Tamamilə əmin idim ki, o heç vaxt yeməkxanaya getmir, solğun bənizi şahid idi ki, heç vaxt Hinduşka kimi pivə, qəhvə və ya çay içmir, indi olduğu kimi hansısa zərurət xaricində heç yana getmir, haradan gəldiyini, qohum-əqrəbasının olub-olmadığını deməkdən imtina edir, nə qədər sısqa və solğun bənizli olsa da, heç vaxt sağlamlığından şikayət etmirdi. Ən əsası, hətta pərdənin arxasında gözlərini pəncərədən görünən kərpic divara dikib fikrə getdiyini dəqiq bildiyim vaxtlarda da məni ondan kiçik bir yardım istəməkdən çəkindirən, bütün göstərişlərinə itaətlə boyun əyməyə vadar edən qeyri-iradi dikbaşlığını, hədsiz qapalılığını xatırladım. Bütün bunları fikirləşib katibin kontorumu öz daimi yaşayış yerinə, evinə çevirməsi faktı ilə birləşdirdim və əlbəttə onun dəhşətli qaradinməzliyini də bura əlavə etməyi unutmadım. Bu dəfə içimdə özünüqoruma instinkti baş qaldırdı. İlk hiss etdiklərim səmimi kədər və mərhəmət olsa da, Bartlbinin tənhalığı təsəvvürümdə böyüdükcə kədər qorxuya, mərhəmət isə nifrətə çevrildi. Doğrudan da, müəyyən bir həddi keçdikdən sonra başqasının səfaləti insanda isti duyğular oyandırmır. Bunu insan qəlbinin anadangəlmə xudbinliyi ilə əlaqələndirənlər səhv edirlər. Bu daha çox həddən artıq irəliləmiş ağır bir xəstəlik qarşısında acizlikdən irəli gəlir. Həssas insanlar mərhəmətin ağrısını tez-tez hiss edirlər. Mərhəmətlə heç nəyi həll eləməyin mümkün olmadığını dərk edəndə isə ağlı insana dərhal bu hissdən xilas olmağı diktə edir. O səhər gördüklərim məni Bartlbinin sağalmaz və anadangəlmə xəstəliyin qurbanı olduğuna inandırmışdı. Ona sədəqə verə bilərdim, amma Bartlbinin bədəni ağrımırdı, ruhu isə mənim üçün əlçatmaz idi.

O səhər planlaşdırdığım kimi Troitsa kilsəsinə getmədim. Nədənsə gördüklərimdən sonra kilsəyə getməyə həvəsim qalmamışdı. Bartlbi ilə necə rəftar etməli olduğumu düşünə-düşünə evə qədər yeridim. Səhəri Bartlbiyə keçmişi ilə bağlı bir neçə sual verəcək, heç nəyi gizlətmədən açıqca cavab verməkdən imtina etsə (güman ki, cavab verməməyə üstünlük verəcəkdi), ona borcum olandan qat – qat artığını, yəni iyirmi dollar verib, artıq xidmətlərinə ehtiyac duymadığımı, lakin başqa hər hansı kömək tələb olunarsa, xüsusən harada olmağından asılı olmayaraq doğma yurduna qayıtmaq istəsə, yol xərcini ödəməyə hazır olduğumu söyləyəcəkdim. Bundan başqa evə qayıtdıqdan sonra da nə vaxt köməyə ehtiyacı olarsa, mənə göndərəcəyi məktubun cavabsız qalmayacağından əmin ola bilərdi.

- Bartlbi, - pərdənin arxasındakı katibə nəvazişlə səsləndim.

Cavab gəlmədi.

- Bartlbi – mən daha da mülayim səslə dedim. Bura gəl, səndən eləməməyə üstünlük verəcəyiniz heç nə istəməyəcəyəm. Səninlə danışmaq istəyirəm.

Sakitcə pərdənin arxasından çıxdı.

- Bartlbi, deyə bilərsənmi, harada doğulmusan?

- Deməməyə üstünlük verərdim.

- Heç nə demək istəmirsən?

- Heç nə deməməyə üstünlük verərdim.

- Niyə mənimlə danışmaq istəmirsən? Mən ki səninlə yaxşı rəftar edirəm.

Bartlbi üzümə baxmırdı, gözlərini başımın üstündəki Siseron heykəlinə dikmişdi.

- Cavabın nədi? - bir müddət dillənməyini gözlədikdən sonra soruşdum.

Göyərmiş dodaqları azca titrəsə də, Bartlbinin üzündəki ifadə dəyişmədi.

O:

- Hal-hazırda heç bir cavab verməməyə üstünlük verərdim – deyib xəlvətə çəkildi.

Etiraf edim ki, onun bu hərəkəti məni bir az əsəbiləşdirdi. O, inadkarlığı ilə təkcə etinasızlıq nümayiş etdirməmiş, həm də ona göstərdiyim mərhəmətə və yaxşılıqlara qarşı naşükürlük etmişdi.

Yenə də masamın arxasına keçib nə etməli olduğumu götür-qoy etməyə başladım. Hərəkətlərindən incisəm də, kontora daxil olarkən onu işdən azad etməkdə tərəddüd etməsəm də, ürəyimdə çırpınan mövhumi bir inanc məni bu fikirdən daşındırmağa çalışır, dünyanın bu ən tənha insanına bircə ağır söz deməyin belə əclaflıq olduğunu deyirdi. Nəhayət, stulumu pərdənin arxasına çəkib dedim

- Bartlbi, eybi yox, istəmirsən, danışma. Amma bir dost kimi sənə yalvarıram, kontordakı qayda-qanuna riayət et. De görüm sabah ya da heç olmasa o biri gün sənədləri yoxlamağa kömək edəcəksənmi? Bir ya iki gün sonra şüurlu hərəkət etməyə başlayacaqsanmı? Söz ver, Bartlbi.

- Hal-hazırda şüurlu hərəkət etməməyə üstünlük verərdim- o, boğuq səslə astadan cavab verdi.

Bu vaxt ikilaylı qapı açıldı, Qısqac bizə yaxınlaşdı, deyəsən gecə yatmamış, həmişəkindən də ağır mədə pozulmasından əziyyət çəkmişdi. O, Bartlbinin axırıncı sözlərini eşitmişdi.

- Üstünlük verərdin, hə? – Qısqac dişlərini qıcadı. – Yerinizdə olsaydım, ser, - üzünü mənə tutub dedi. – bu tərs keçiyə üstünlük verməyi göstərərdim. Yenə nəyi eləməməyə üstünlük verir?

Bartlbinin tükü də tərpənmədi.

- Cənab Qısqac, - mən dedim. – Hələlik getməyinizə üstünlük verərdim.

Son vaxtlar özümdən asılı olmadan yerinə düşsə də, düşməsə də “üstünlük verərdim” deməyə başlamışdım. Bartlbi ilə ünsiyyətin ağlıma pis təsir elədiyini düşündükcə canımdan soyuq üşütmə keçirdi. Kim bilir, məni hələ ortaya çıxmamış neçə zehni pozuntu gözləyirdi. Bir tərəfdən də bu narahatlıq məni qəti tədbir görməyə tələsdirirdi.

Qısqac sir-sifətini turşudub qaşqabaqla uzaqlaşırdı ki, Hinduºka ədəb-ərkanla bizə yaxınlaşdı.

- Bağışlayın ser, - o dedi.- Dünən burada Bartlbi haqqında fikirləşirdim, məncə, o, hər gün bir kvart (0.95 litr) pivə içməyə üstünlük versəydi, bu ona islah olmağa, sənədləri yoxlamağa kömək edərdi.

- Bu söz sənin də dilinə düşüb? – mən bir az həyəcanla soruşdum.

- Bağışlayın, hansı söz, ser? Hinduşka bir tərəfdən bu sualı verir, bir tərəfdən də ehtiramla pərdənin arxasındakı daracıq yerə soxulmağa çalışırdı. Məni o qədər sıxışdırdi ki, istəmədən Bartlbinin çiyninə toxunmalı oldum.

– Hansı söz, ser?

- Burada tək qalmağa üstünlük verərdim, - Bartlbi sığınacağına soxulmağımızdan incimiş kimi dedi.

- Bu söz, Hinduşka, bu söz.- mən dedim.

- Hə, “üstünlük vermək”. Bəli, qəribə sözdür. Özüm bu sözü heç vaxt işlətmirəm, deyirdim ki, o üstünlük versəydi...

- Hinduşka, - katibin sözünü ağzında qoydum. – Zəhmət olmasa, çıx.

- Əlbəttə, ser, əgər getməyimə üstünlük verirsinizsə.

O çıxıb getmək üçün ikilaylı qapını açanda, Qısqac aralıqdan boylanıb hansısa sənədin ağ yoxsa mavi kağıza köçürülməsinə üstünlük verdiyimi soruşdu. Üstəlik o bu sözü xüsusi vurğu ilə tələffüz eləmədi, deməli, “üstünlük vermək” təsadüfən ağzından çıxmışdı. İşçilərimin ağıllarını olmasa da, dillərini artıq korlamış bu dəlidən mütləq xilas olmalıydım, lakin tələsmək ehtiyatsızlıq olardı.

Ertəsi gün Bartlbinin işləmək əvəzinə gözünü ölü divarlara dikib ayaqüstə dayandığını görüb niyə işləmədiyini soruşdum. O, daha işləməmək qərarına gəldiyini dedi.

- Nə? Necə?! – qışqırdım. – Heç nə yazmayacaqsan?

- Heç nə.

- Səbəbi nədi?

- Səbəbi özünüz görmürsünüz – o, etinasızlıqla cavab verdi.

Bundan sonra ona diqqətlə baxdım, gözləri bulanıqlaşmış sanki şüşə ilə örtülmüşdü.

Pəncərənin zəif işığında görülməmiş ciddi-cəhdlə işləyən Bartlbinin görmə qabiliyyəti korlanmışdı.

Çox təsirlənmişdim. Təsəlli üçün bir neçə söz dedikdən sonra bir müddət yazmağa fasilə verməyin ağıllı addım olacağı ilə razılaşdım. Fürsətdən istifadə edib açıq havada gəzintiyə çıxmağı məsləhət gördüm. Əlbəttə, məsləhətim yenə qulaq ardına vuruldu. Bir neçə gün ötdü. Kontorda ikimizdən başqa heç kim yox idi. Bəzi məktubları təcili poçtla göndərmək lazım olduğundan düşündüm ki, başqa bir işi olmayan Bartlbi bu dəfə tərsliyindən əl çəkib məktubları aparar. Amma o qəti etiraz elədi. İşim çox olsa da, poçta özüm getməli oldum.

Günlər ötdü. Bartlbinin gözlərinin sağalıb-sağalmadığını deyə bilmərəm. Mənə elə gəlirdi ki, sağalıb, lakin gözlərinin vəziyyətini özündən xəbər almağa çalışanda heç bir cavab vermirdi. Hər halda heç bir iş görmürdü. Nəhayət, soruşmaqdan usanmadığımı görüb sənədləri köçürməyin daşını birdəfəlik atdığını bildirdi.

- Nə?!- mən qışqırdım. – Tutaq ki, gözlərin sağaldı, əvvəlkindən də yaxşı gördü. Yenə işləməyəcəksən?

O:

- Daha yazmayacağam - deyib üzünü çevirdi. Əvvəlki kimi kontorumdan heç yana tərpənmirdi. Nə etməli idim? Heç bir iş görmürdü, niyə kontorda qalmalı idi? Daş olub boğazımdan asılmışdı, üstəlik boyunbağı kimi təkcə gərəksiz yox, həm də dözülməz dərəcədə ağır idi. Ona hələ də yazığım gəlirdi. Bartlbiyə görə narahat olduğumu desəm, yalan söyləmiş olmaram. Bircə dostunun və ya qohumunun adını çəksəydi, dərhal məktub yazıb bu yazığı hansısa sığınacağa yerləşdirməyi tələb edərdim, amma deyəsən Bartlbinin bu dünyada heç kimi yox idi. O, Atlantik okeanının ortasında qəzaya uğramış gəmidən fərqlənmirdi. Hər halda işlə bağlı zərurət qalan bütün fikirlərdən ağır gəlirdi. Bartlbiyə altı gün içində kontoru şərtsiz-şəksiz tərk etməli olduğunu dedim. Bacardıqca nəzakətlə xəbərdarlıq elədim ki, bu müddət ərzində özünə yaşamaq üçün başqa yer axtarsın. Kömək üçün ilk addımı özü atarsa, bu işdə ona kömək etməyə də söz verdim.

- Bartlbi, biz ayrıldıqdan sonra səni çətin vəziyyətdə qoymayacağam. Yadından çıxmasın. Bu dəqiqədən etibarən altı gün.

Möhlət tamam olduqdan sonra pərdənin arxasına boylandım, və... Bartlbi orada idi.

Pencəyimi düymələdim, özümü ələ alıb yavaşca ona yaxınlaşdım, çiyninə toxundum və dedim.

- Vaxtdı. Getməlisən. Təəssüflər olsun. Götür bu pulu. Amma getməlisən.

- Getməməyə üstünlük verərdim – o çevrilib üzümə baxmadan cavab verdi.

- Getməlisən.

Bartlbinin dürüstlüyünə şübhə eləmirdim. O, diqqətsizlikdən yerə saldığım altı penslikləri və şillinqləri dəfələrlə özümə qaytarmışdı. Odur ki, bundan sonra danışacaqlarım da təəccüb doğurmamalıdır.

- Bartlbi, - mən dedim. – sənə on iki dollar borcum var. Al bu otuz iki dolları. Qalan iyirmi dollar da sənindir. Götür. - əsginasları Bartlbiyə uzatdım, lakin o, yerindən qımıldanmadı. Pulu stolun üstünə, basmanın altına qoydum. Sonra şlyapamı və əsamı götürüb getdim, qapıya çatanda dönüb sakitcə əlavə elədim: - Sözsüz ki, əşyalarını topladıqdan sonra qapını kilidləyəcəksən, kontorda səndən başqa heç kim qalmayıb, zəhmət olmasa, açarı payandazın altına qoy ki, sabah tapa bilim. Səni bir də görməyəcəyəm. Əlvida. Yeni yaşayış yerinə köçəndən sonra köməyim lazım olsa, mənə məktub yazmaqdan çəkinmə. Sağ ol, Bartlbi, əlvida.

O heç nə demədi. Xarabalığa çevrilmiş məbədin sonuncu sütunu kimi otağın ortasında səssiz və tək-tənha qaldı. Fikir içində evə doğru addımlayarkən şöhrətpərəstliyimin səsi artıq mərhəmətimi susdurmuşdu. Bartlbidən ustalıqla xilas olduğum üçün özümdən çox razı qalmışdım. Məncə, qərəzsiz düşünən hər kəs özümə yaraşdırdığım “ustaca” sözü ilə razılaşardı. Bartlbi ilə rəftarımın gözəlliyi sakitliyimi tam qoruyub saxlamağımda idi. Mən nə hədə-qorxuya əl atmış, nə kobud bir söz işlətmiş, nə ötkəmlik nümayiş etdirmiş, nə katibimə gözdağı vermiş, nə də otaqda var-gəl eləyə-eləyə, qışqıra-qışqıra ona cır-cındırını yığışdırıb getməyi əmr etmişdim. Heç biri. Cılız insanlar kimi qışqırıb – bağırıb getməyi tələb eləmək əvəzinə, nə üçün getməli olduğunu əsaslandırmağa çalışdım. Mən Bartlbinin getməli olduğunu əsas götürmüş və onunla söhbətimi də bu faktın üzərində qurmuşdum. Ustalığımı xatırladıqca özümə valeh olurdum. Əfsus ki, səhər yuxudan oyananda bu əminliyimdən əsər-əlamət qalmamışdı. İnsan ən çox səhər yuxudan oyandıqdan dərhal sonra soyuqqanlı və sayıq düşünə bilir. Bartlbi ilə rəftarımı nəzəri baxımdan hələ də qüsursuz hesab edirdim, lakin əsas bu əməlimin təcrübədə verəcəyi nəticə idi. Katibin nəyə üstünlük verəcəyi mənim gümanımdan asılı deyildi. Bartlbi üçün güman və fərziyyələr yox, hal –hazırda nəyə üstünlük verdiyi vacib idi. Səhər yeməyindən sonra bütün ehtimalları fikrimdə götür-qoy edə-edə şəhərin mərkəzinə tərəf addımlamağa başladım. Gah bütün cəhdlərimin boşa çıxacağını, Bartlbinin həmişəki kimi sağ-salamat kontorda olacağını güman edir, gah da pərdənin arxasındakı stulun boş olduğundan tərəddüd etmirdim. Brodveylə Kanal küçəsinin kəsişdiyi tinə bir-birləri ilə qızğın mübahisə edən insanlar toplaşmışdı.

- Mərc gəlirəm ki, qalacaq - onlardan biri dedi.

- Getməyəcək? Razılaşdıq – mən cavab verdim. – Pulu çıxarın.

Özüm də pul çıxarmaq üçün qeyri-ixtiyari əlimi cibimə aparmışdım ki, seçki gününün yetişdiyini xatırladım. Eşitdiyim sözlərin Bartlbiyə heç bir aidiyyəti yox idi. Söhbət mer vəzifəsinə namizədlərdən birinin seçilib – seçilməyəcəyindən gedirdi. Başqa heç nə haqqında düşünə bilmədiyimdən mənə elə gəlmişdi ki, bütün Brodvey həyəcanıma şərikdir və mənimlə birlikdə eyni sualı götür-qoy edir. Ani dalğınlığım küçənin səs-küyündə nəzərə çarpmadığı üçün şükür edib yoluma davam elədim.

Planlaşdırdığım kimi kontora həmişəkindən tez çatdım. Əvvəl dayanıb qulaq asdım. İçəridən səs gəlmirdi, deyəsən getmişdi. Qapının dəstəyini yoxladım, bağlı idi. Bəli, sehrli tədbirim nəticə vermişdi. Görünür, doğrudan da gedib. Nədənsə sevinmək əvəzinə kədərləndim, demək olar, parlaq uğurumdan peşmanlıq keçirirdim. Bartlbinin payandazın altına qoymalı olduğu açarı axtarmaq üçün aşağı əyildim, dizim təsadüfən kontorun qapısına çırpıldı, cavabında içəridən səs gəldi:

- Hələ yox, məşğulam. – Bartlbi idi.

Yerimdə donub qaldım. Vaxtilə Virginiyada buludsuz günlərdən birində ildırım vurduqdan sonra ağzında qəlyan dayandığı yerdə donub qalmış adam kimi bir anlıq yerimdən tərpənə bilmədim. O, bürkülü bir gündə kimsə toxunub meyitini aşırana qədər pəncərənin taxtasına söykənmiş vəziyyətdə qalmışdı.

- Getməyib – nəhayət, burnumun altında donquldandım. Yenə də əsrarəngiz katibimin üzərimdəki qarşısıalınmaz təsirinə tabe olub, yavaşca birinci mərtəbəyə endim və küçəyə çıxdım. Binanın ətrafında var-gəl edə-edə bu görülməmiş vəziyyətdə nə etməli olduğumu götür-qoy etdim. Bartlbini zor gücü ilə qova bilməzdim, ona ağır sözlər deməyi özümə yaraşdırmazdım, polisə müraciət etmək istəmirdim. Digər tərəfdən onun mənim üzərimdə qazandığı canlı meyit qələbəsindən həzz almağına da göz yuma bilməzdim. Bəs nə etməli idim? Hətta heç nə etmək mümkün olmasa da, başqa bir güman məni xilas edə bilərdimi? Bir müddət əvvəl Bartlbinin gedəcəyini güman elədiyim kimi, indi də onun artıq kontorda olmadığını təsəvvür edə bilərdim. Beləliklə, tələsik kontora daxil ola, özümü Bartlbi otaqda deyilmiş kimi apara, qarşımda heç kim yoxmuş kimi düz onun üstünə yeriyə bilərdim. Belə rəftar mütləq nəticə verəcəkdi. Bartlbi güman prinsipinin təcrübədə tətbiqinə çətin ki, dözə biləydi. Di gəl ki, bir az ölçüb-biçdikdən sonra bu da mənə inandırıcı görünmədi. Onunla bir də danışmağı qət elədim.

- Bartlbi, - üzümdə tamamilə ciddi bir ifadə ilə kontora daxil olub dedim – Narazıyam. Çox narazıyam. Çox incimişəm. Səni alicənab adam hesab edirdim, elə bilirdim, kiçik bir dilemma anında sənə kiçik bir eyham vurmaq kifayət edər. Görünür, çox yanılmışam. Niyə pulu götürməmisən? – dünən axşam qoyduğum yerdəcə qalan əsginasları göstərib səmimiyyətlə soruşdum.

Bartlbi cavab vermirdi.

Tərcümə: Ülkər Nəsibbəyli

# 1874 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #