Xoşbəxtlik nə zaman bitir?

Xoşbəxtlik nə zaman bitir?
9 mart 2017
# 11:33

Kulis.Az Lalə Niftəliyevanın “6 №-li palata” yazısını təqdim edir.

Yazılara giriş vermək önəmlidir, bilirəm, amma mən sizi yormadan elə birbaşa demək istəyirəm ki, əziz oxucular, kapitalizm ədəbiyyatı məhv edib. Niyə belə düşünürəm? İndi deyəcəm. Özüm də bu həqiqəti dərk etməyimə təəccüblənirəm, əslində. Baş verən hər bir prosesin bizim daxilimizdə olduğuna inanır və inandığımız hər şeyin gerçəkləşməsinin mümkünlüyü ilə yaşayan biriyəm. Güclü motivasiyadır! Dinlərin, təriqətlərin hər şeyin yaradıcısı adını verdiyimiz Tanrının özü belə motivasiyadır bizim üçün. Bunlar o qədər incə detallardır ki, bizi rahatlaşdırır, vicdansızlığımızın üstünə bir pərdə çəkir və biz yaşamadan ölüb gedirik. Bunların ədəbiyyata nə dəxli var deyəcəksiniz bəlkə də. Dəxli çoxdur. Ədəbiyyat həyat sənətidir. Biz onun vasitəsilə, vicdanımıza pərdə asmağı yox, onu yırtmağı öyrənməliyik. “Bütün xoşbəxtliklər daxildən gəlirsə, barmağın qapının arasında qalanda niyə ağrıdan çığırırsan?” deyə “6 nömrəli palata”da yaşayan dəli bir həkimə sual verdi. Hə... Biz tək ruhdan ibarət deyilik. Fiziki olaraq da hiss edirik. Şiddətli soyuğu, xəstəliyin ağrılarını, aclığı...

“Hər kəs yaşadığı həyata layiqdir” deməklə, biz vicdanımızın üstünə pərdə çəkirik. Baş verən hər hadisəyə sakit reaksiya verdiyimizin heç fərqində belə deyilik. Bu sözləri rahat yaşayan, gününü mütaliəyə həsr edən, hər şeyə qarşı öz fikri olan insanlara aid edirəm. Hər kəs həyatda müəyyən bir yerdədir və bu ona şərait yaradır ki, o, tanıdığı mühitə, gördüyü insanlara, aid olduğu yerə xidmət etsin.

“Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş bir filigel vardı”. Çexovun “6 nömrəli palata” hekayəsi bu cümləylə başlayır. Ədəbiyyat dərin fəlsəfi fikirlərdən yox, xırda məişət hadisələrinin düz ortasında yaranmalıdır. Bunun ən gözəl nümunəsini göstərən yazıçının təfəkkürünün, müşahidə qabiliyyətinin qarşısında baş əyirəm. Hər hekayəsində ayrı bir həyat var. Lakin bu hekayə insana elə bir şillə vurur ki, gözündən qığılcım çıxır.

Bəli, dəlixana və oranın sakinləri. Hər şey necə varsa, elə də təsvir olunub. İntellektual həkim olan Andrey Yefimıç şəhər xəstəxanasına baş həkim təyin olunur. O özünü kübar, vicdanlı, ağıllı bir insan olaraq tanıyır. Şəhərdə və xəstəxanada olan ilk təəssürat çox dəhşətli olur. O, ilk vaxtlar çox xəstə qəbul edir, əməliyyatlar edir, onlara baş çəkir. Lakin bir müddət sonra bu hərəkətində heç bir məna olmadığını görür. Hər kəs bir gün öləcək. Xəstə, ya sağlam bunun heç bir mənası yoxdur. Andrey bu qənaətə oxuduğu fəlsəfi kitablar vasitəsilə gəlmişdi. O, düşünürdü ki, insan yalnız mənəvi xəstə ola bilər. Və sağalmaq da, xoşbəxt olmaq da onun öz əlindədir. Bir gün baş həkim 6 nömrəli palatada təqib edilmə xəstəliyindən əziyyət çəkən ruhi xəstə İvan Dimitriçlə tanış olur. Elə ilk ünsiyyətdən dəlinin ağıllı fikirlərinə heyran qalır. Həkimin hər gün öz xəstəsinə baş çəkib onunla söhbət etməsi cəmiyyət tərəfindən xoş qarşılanmır. Və Andreyin də dəli olduğunu sanıb onu 6-cı palataya salırlar. Həkim bir müddət öz fəlsəfəsinə sadiq qalaraq, evdə və ya dəmir qapıların arxasında üfunətli bir yerdə yatmağın heç bir fərqi yoxdur deyə özünü təsəlli edir. Lakin bu təsəlli onun siqaret çəkmək və pivə içmək vaxtının gəldiyi an bitir. Qaçmağa cəhd edən “dəli” ilk dəfə döyülür və fiziki ağrını hiss edir.

Həyat bu imiş sən demə. Qalan hər şey saxtadır. Yaşamaq o zaman başlayır ki, sən fiziki ağrını izləyərək və oxuyaraq yox, yaşayaraq hiss edirsən. Ac qalanda və bunun nə zaman bitəcəyini bilməyəndə sən yaşayırsan. Oruc tuturuq ki, guya ac insanların keçirdiyi hissləri anlayaq. Sən axşam azan oxunanda artıq yemək yeyəcəyini bilirsən. Bax bizim həyat anlayışımız da elə budur. 6 nömrəli palatada İvan Dimitriç ağıllı həmsöhbətdir. Lakin sən o palatada həkimsənsə o dəlini anlaya bilməyəcəksən.

Ol səbəbdən deyirəm ki, ədəbiyyat bizi daxilən motivasiya etməli deyil. Xoşbəxtlik fiziki ağrını hiss etdiyimiz an bitir. Ətrafımızdakı insanlara sözlərdən çox, əməllərimizlə xidmət etsək daha gözəl olar.

# 899 dəfə oxunub

Müəllifin son yazıları

# # #