Yatağa söykənib əsirsən-YENİ ŞEİR

Yatağa söykənib əsirsən-<span style="color:red;">YENİ ŞEİR
9 sentyabr 2014
# 09:27

Kulis.az yazar Bəxtiyar Elcanın yeni şeirini təqdim edir.

Şeydi...

Onu deyəcəkdim axı...

Bir yaşa gəldikdən sonra

ağrıkəsicilər ağrı verir adama.

Kəklikotu çayı təzyiqi salmır...

Görürsən, duyursan hər şeyi,

amma heç nə yadında qalmır...

Hər şey qurama olur... qurama

Şeydi...

Onu deyəcəkdim axı...

Bir yaşa gəldikdən sonra

durub hamıya arsız-arsız sevgidən danışırsan,

uzun-uzadı...

Axırda da ”yoxdu” deyirsən...

Görürsən, amma korsan,

Eşidirsən, amma karsan,

Yeriyirsən, amma nə fayda?..

Belə qəribə olursan... qəribə...

“Şah Edip”ə baxıb gülürsən,

Cem Yılmaza baxıb ağlayırsan...

Gül alırsan, verəcək biri yox,

Ulduzları sayırsan

yadına düşənin yox...

Belə qəribə olursan... qəribə...

Şeydi...

Onu deyəcəkdim axı...

Bir yaşa gəldikdən sonra

bütün şəhərin uyuyub daşa dönən vaxtında

yatağa söykənib kəpənək qanadı kimi əsirsən...

Baxırsan yanında heç kim yoxdu

getməyə tələsirsən...

# 2085 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #