Nisbilik nəzəriyyəsi olmasaydı naviqatorlar da işləməzdi- ARAŞDIRMA

Nisbilik nəzəriyyəsi olmasaydı naviqatorlar da işləməzdi- ARAŞDIRMA
29 noyabr 2016
# 14:00

Bəzən "nəzəriyyə" sözünün üzərində uzun-uzadı disputların, mübahisələrin getdiyinin şahidi oluruq. Əsasən tərcümə xətasından qaynaqlanır. Çox vaxt bizim dildə yalnız bir mənasıyla anlaşılır: Rreallığa söykənməyən, yalnız nəzəri cəhətdən mümkün olan hadisələr, anlayışlar" başa düşülür. H

Halbuki "nəzəriyyə" sözü dünya elmində həm "isbat olunmamış hipotez, konyunktura", həm də "isbat olunmuş fakt, olqu" mənasında işlənir. Məsələn, multivers (çoxlu kainat) nəzəriyyəsi birinci mənada nəzəriyyədi, çünki təcrübədə sübut olunmayıb. Eynşteynin məşhur nisbilik nəzəriyyəsi isə ekspriment vasitəsi ilə isbat edilmişdi. Bu yazıda nisbilik nəzəriyyəsinin nəinki isbat olunmağından, hətta onsuz müasir həyatda yarana biləcək çətinliklərdən söhbət açılacaq.

1905-ci ildə o vaxt üçün hələ məşhur olmayan Albert Eynşteyn çətinliklə də olsa, il ərzində 4 elmi məqalə dərc etdirir. Məqalələrin dördü də bəşəriyyətin kainatı qavramasında inqilabi əhəmiyyət daşıyır. Ona görə də sonradan 1905-ci ilə Eynşteynin “möcüzə ili” adı verilir. Həmin dörd məqalədən nisbilik nəzəriyyəsinin ilkin prinsiplərindən bəhs edir, Xüsusi nisbiliyin əsası qoyulur. Sonrakı illərdə xüsusi nisbiliyin əsasında Eynşteyn fəza və zamanın davranışını müəyyən edən Ümumi nisbiliyi də ərsəyə gətirir. Məlum olur ki, zaman mütləq deyil, məkan kimi o da obyektiv reallıqdı və onlar bir-birindən ayrı da deyillər, fəza və zaman birlikdə fəza-zaman birgəliyini yaradır. Bununla müasir elmin ortaya çıxmasından bəri ilk dəfə idi ki, zaman mütləqliyini itirirdi. Qısaca ifadə edəsi olsaq, xüsusi nisbilik ikicə ehkamın üzərində qurulur:

1. İşıq sürəti vakuumda bütün müşahidəçilər üçün sabitdi (Müşahidəçinin və ya işıq mənbəyinin hərəkətindən asılı olmayaraq sabitdi).

2. Fizikanın qanunları bir-birinə nəzərən bircinsli hərəkət edən müşahidəçilər üçün tamamilə eynidi.

Bu iki gümanı nəzərə aldıqda qeyri-adi nəticələr meydana çıxır. Beləliklə, nəinki məkan, hətta zaman da nisbilik qazanır, zaman da bəzən sürətlənə, bəzən yavaşlaya bilər. Nəzəri olaraq hətta dayandırmaq da olar. İşıq sürətinə yaxınlaşdıqca sürətlənən və ya yavaşlayan zamanlar arasındakı fərq saniyə yox aylar, illərlə ölçülə bilər.

İşıq sürəti olan bir kosmik peykdə ata-ana öz uşaqlarından cavan qalar, Yerdəki uşaqları yaşca və fiziki olaraq da ata-analarını ötüb, daha tez qocalacaqlar. Burda "fiziki olaraq" sözünə xüsusi diqqət yetirmək vacibdi. Məsələn, 35 yaşlı atanın 10 yaşında bir oğlu var. Ata işıq sürətinə yaxın sürətlə (işıq sürətinin 99%-i qədər) hərəkət edə bilən kosmik gəmidə qalaktikada səyahətə çıxır. O, səyahət boyunca Günəş sisteminə ən yaxın ulduz-Proksima Sentauriyə gedib qayıdır. Proksima Sentauri təxminən dörd işıq ili məsafədə olduğundan səfər təqribən on il sürəcək. 10 illik səyahətdən sonra Yer kürsəsinə qayıdan ata 20 yaşında təsəvvür etdiyi gənc oğlunun əvəzinə 81 yaşlı qoca adam görür. On il ərzində kosmik gəmidə ata yaşlanıb 45 yaşına çatmasına baxmayaraq onun oğlu üçün Yer kürəsində 71 il zaman keçmişdir. Özündən elə yaşca iki dəfə qoca oğluyla qucaqlaçıb görüşən atanın hisslərini təsəvvür etmək çətindi. Halbuki zaman hər ikisi üçün normal keçirdi. Fərq yalnız müqayisə edəndə əmələ gəlir. Nağıl kimi görünsə də faktdır. Əgər bəşəriyyət o cür yüksək sürətlə hərəkət edən kosmik gəmiyə sahib olsa, buna şahid olacağıq. Elm-qurğu janrında 2014-cü ildə istehsal olunmuş “Ulduzlararası” filmində uyğun hadisələr canlandırılır. Rejissor K.Nolanın “Oskar” mükafatlı həmin filmin elm məsləhətçisi nüfuzlu fizikaçı Kip Torndu.

İlk baxışdan bura qədər yazılanlar ancaq xəyallarda, filmlərdə mümkün kimi görünür. Amma nisbilik nəzəriyyəsi çoxdan isbat olunub, hətta tətbiq də olunur. Özü də müasir həyatın düz içindədi. Məsələn, gündəlik naviqasiyada, maşınlarda, telefonlarda istifadə olunan GPS nisbilik nəzəriyyəsinin prinsipləri nəzərə alınmazsa işləməz. İşləyərdi, ancaq indiki kimi obyektləri, olduğumuz yeri dəqiq müəyyənləşdirə bilməzdi. Ən yaxşı halda 10 km radiusda ətrafda nadəqiq bir yerdə göstərərdi, praktik lazımsız olardı. Xüsusi və ümumi nisbilik nəzəriyyələrinin diktə etdikləri prinsipləri nəzərə almaq məcburiyyəti yaranır.

GPS də, peyk antennaları kimi, Yerin ətrafında fırlanan süni peyklərlə əlaqəli işləyir. Süni peyklər Yerə çox da uzaq olmayan orbitlərdə saatda təxminən 14 min km sürətlə hərəkət edirlər. Bu yüksək sürətə görə peyklərdə zaman gündə 7 mikrosaniyə yavaşlayır. Başqa cür desək peykdəki bir adam üçün zaman hər gün 7 mikrosaniyə yavaş axır. Bu, xüsusi nisbiliyin töhfəsidir. Amma əlavə olaraq da, ümumi nisbiliyin təsiri də mövcuddur. Yerin səthindən yüksəkdə olduqları üçün həmin peyklərdə yerin cazibəsi azalır və peykdəki adam üçün zaman təqribən hər gün 45 mikrosaniyə sürətli axır.

Beləliklə, hər iki nisbiliyin təsiri ilə ümumilikdə, peykdə zaman hər gün 38 mikrosaniyə sürətli axır. Yəni peykdəki bir adam daha tez qocalır. Mikrosaniyə miqyasında belə xırda fərq bəs edir ki, GPS-lərdə kilometrlərlə nadəqiqlik əmələ gəlsin. Mikrosaniyənin saniyənin milyonda bir hissəsinə bərbər olduğunu xatırlatmaq yerinə düşərdi.

Maraq oyadan mövzu olduğundan təbii olaraq nisbiliklə bağlı yanlış interpretasiyalar mövcuddur. Nisbiliklə bağlı geniş yayılmış yanlışlardan biri odur ki, insan sevdiyi işlə məşğul olduqda zaman tez keçir və ya tez keçməsini istədiyi şəraitdə isə zaman yavaş keçir. Buna oxşar olaraq “uşaqlar üçün zaman yavaş keçir, böyüklər üçün tez keçir” kimi səhv məlumatlar da populyar ədəbiyyatda özünə yer eləyib. Lakin insan beynində zamanın bu cür qavranmasını psixoloji-sosioloji səbəblərdə axtarmaq lazımdı. Bunların nisbilik nəzəriyyəsi ilə əlaqəsi yoxdur.

Niyyət Bayramzadə

# 1646 dəfə oxunub

Müəllifin son yazıları

# # #