Qıza görə məni işdən qovdular – REPORTAJ

Qıza görə məni işdən qovdular – <span style="color:red;">REPORTAJ
12 noyabr 2015
# 08:00

Telefon mağazaları. Orda işləyən insanlar. Şüşənin arxasından baxdığın telefon və işçilər. Biz telefona kənardan baxırıq, alanda isə onun necə bir şey olduğunu görürük. Orda işləyənlər də elədi.

Telefon mağazasından ibarət dünya

Yeniyetmə vaxtı adamın qanı qaynayır, bir yerdə dura bilmir. Qız sevir, avaraçılıq edir, kafelərin daimi müştərisinə çevrilir, damino daşlarından özünə tale yazır, gecələr yuxusuzluq, oyana bilməmək, evdə hamı işə gedərkən sənin hələ daş kimi yatağın içində qalmağın... Qəhrəmanımız Emin bir gün papağını qabağına atıb düşünüb ki, ey dadi-bidad, vaxt gedir, həyat belə sürməz, gərək qolları çırmalayıb işə girişəsən: “Artıq işləmək vaxtım idi. Əvvəl atamla bir reklam şirkətinə getdik, bir-iki imtahandan keçdim, amma ingilis dilini yaxşı bilmədiyim üçün mənə dedilər ki, get qardaş (gülür). Bir il öyrən, sonra gələrsən. Amma bir qulağımdan alıb bir qulağımdan ötürdüm. Tənbəllik elədim, öyrənmədim. Hər nəysə. Bir yaxınımızın telefon mağazası vardı, elə-belə bekar qalmayım deyə onun yanında başladım işə, bir də gözümü açdım ki, artıq beş ildən çoxdur bu sahədəyəm”.

Hardan haraya?! Həyat belədir: bəzən ummadığın bir yerdə uzun müddət qalırsan. İndi Eminin dünyası telefon mağazasından ibarətdir.

- Haralısız?

- Elə hər iki tərəfli Naxçıvandanam. Atam Asan Xidmətdə işləyir. Uşaq vaxtı bir müddət ailəmlə rayonda, daha sonra isə Türkiyədə yaşadım. Beşinci sinifdən isə Bakıdayam.

- Necə bir uşaqdın?

- Uşaq vaxtı futbola marağım olub, hər uşaq kimi. Sumqayıtın “Standart” komandasında məşqlərə də getmişəm. Dəcəl olmuşam, amma eyni zamanda çalışqan biri olmuşam. – gülür.

- Nə olmaq istəyirdin uşaqlıqda?

- Vallah, yadıma düşmür. – başını qaşıyır. – İndi təzədən uşaq olmaq istəyərdim daha çox. Amma onda nə olmaq istədiyim yadıma gəlmir.

“Millət oyanıb, aldatmaq olmur”

Əvvəllər işin yaxşı getdiyini deyir Emin. Heç kim Dubayın yolunu tanımırdı deyə alver əla gedirdi: günə on beş, ya da daha çox telefon satılırdı.

Son cümləsini çox təntənəli deyir: “İndi isə, ümumiyyətlə, ticarətin hər sahəsində alver zəifdi”.

- Müştəriləri necə aldadırsan? – məzələnirəm.

- Müştəriləri aldadırıq deyəndə... – fikirləşir, üzünə təbəssüm qonur. – Dubaydan telefon gətirirdilər, ucuz qiymətə. Onları satanda yaxşı pul qalırdı. Amma indi etmək olmur, hər kəsin Dubaya gedən tanışı var. Millət oyanıb, aldatmaq olmur. Ucuz gələn telefonu baha sırımaq olmur. – gülür.

- Daha çox kimlər telefon alırlar? Həm də yaraşıqlı oğlansan. Qızlar səndən telefon alanda nömrələrini də verməyiblər ki? – qızarır.

- Təbii ki, qızlar daha çox telefon alırlar və mən də onlara satıram. Satıram deyəndə ki, özləri gəlir, bir az söhbət edəndən sonra alırlar və bu hər dəfə təkrarlanır hər yeni model çıxanda. Bəzilərinə telefonu tərifləyib baha satmaq da olur, yəni endirimsiz. – gülür. – Nömrə istəyəndə olub, verən də. Hətta biri mənimlə bir dəfə şəkil çəkdirib instagram səhifəsində paylaşmışdı. – gülürük.

- Müdiriniz necə adamdır? Dalaşıb eləmirsiniz ki? Mübahisələriniz nə üstündə düşür?

- Çox müdirlə işləmişəm mən. Bir az məsuliyyətsiz adamam, bunun üstündə dalaşırıq. İşə vaxtında gəlmirəm, iş vaxtı harasa uşaqlarla gəzməyə, qız tutmağa-filan gedirəm. – gülür. – Məsələn birini deyim. Bundan qabaqkı işimdə bir günlük “vxadnoyumda” rayona getdim və ondan sonra iki gün işə gəlmədim. Rayondan qayıdandan sonra qapını göstərdilər ki, davay, bas bayıra. – gülüşmə. – İndi özüm yer götürmüşəm, müdirim yoxdu demək olar. Adamın öz işi olanda məsuliyyəti də artırmış. İndi onlara haqq qazandırıram...

“Bizə atış gəldi o qadın”

İşə təzə başladığı zamanlar. Bir xanım iş yoldaşı 45-50 yaşlı bir qadına beş illik qaranti ilə telefon satıb. Hardasa üstündən üç il keçdikdən sonra həmin qadın tövşüyə-tövşüyə gəlib çıxıb. Emini tapıb, yaxasına çöküb ki, bəs deməzsənmi, mən sizdən bu tarixə telefon almışam, indi işləmir, sönüb, yanmır.

- Aha... Sonra?

- Beş illik qaranti var axı. Həmin yerdə işlədiyim qız da çoxdan olar işdən çıxıb. Nə isə, xanım iki ayağını bir başmağa dirəyib ki, mənim telefonumu dəyişin, ya da pulumu qaytarın. Həmin telefonun da platası xarab idi və təmiri mümkün deyildi. O telefondan da yox idi. Biz də qaytarmaq, ya da dəyişdirmək istəmirdik. Getdi, AzTV-də tanışı vardı, onu çağırdı ki, bəs bunlar məni aldadırlar. Qadın hay-küy saldı ki, mənə fırıldaq gəliblər. Axırı, söz-söhbət, qan-qaraçılıq, müdir başımız ağrımasın deyə telefonun pulunu qaytardı. Hələ də yanıb tökülürəm o telefona görə. Bizə atış gəldi o qadın.

Qəhrəmanımız tanınmış bir aktivist qızla da bir yerdə işləyib: “Gülən adam deyirdik ona. Mən artıq köhnə müdirimlə dalaşıb yeni dükana keçəndə Türkan orda işləyirdi. Elə ilk vaxtlardan yaxşı yola gedirdik. Mənə ilk dəfə kitab oxuma həvəsini Türkan aşılamış və Alber Kamyunun “Yad” kitabını da hədiyyə etmişdi. Onu hər zaman gülməyin yaraşdığı çox gözəl bir xanım olaraq xatırlayacağam.

- Kitab oxuyursan? Nə oxuyursan indi?

- Hə, Türkan həvəsləndirdi. İndi Elxan Elatlını oxuyuram.

- Bəs sən o dükandan ayrıldın?

- Mən daha əvvəl çıxdım ordan. Müdirlə yola getmədim, dalaşdım. Onun sonradan nə səbəblə çıxdığını bilmədim. Hal-hazırda özüm aksesuar yerindəyəm, oranı işlədirəm.

- Nə qədər maaş alırsan?

- İndi kişidən maaş soruşmazlar. – gülür. – Özümü dolandırıram.

- Boş vaxtında neyləyirsən?

- Boş vaxtımda ya 28 MOL-da yeni gələn geyimlərə baxıram, ya hansısa qızla görüşdə oluram, ya da ki sosial şəbəkələrdə avaralanıram – gülümsəyir.

Qızlara görə bada gedən telefon

Daha bir maraqlı əhvalat danışır Emin. İşə yeni başladığı vaxtlar vitrinlərində işlənmiş “Nokia – 6300” modeli varmış. Müştəri gəlib, telefonun o yanına, bu yanına baxıb, qiymətlə maraqlanıb.

- 100 manat dedim, dedi, 90 manata ver alım. Dedim, qardaş, yox, sonu yüzdür. Nə isə, razılığa gələ bilmədik, bu getdi, elə bu dəmdə başqa bir klent girdi, dedi, 6300 lazımdı. Telefonu verdim, qardaş da başladı baxmağa. Bir azdan iki qəşəng qız girdi içəri, ağlım qarışdı qızlara, çox gözəl idilər. – gülür. – Nə isə, bir də çöndüm ki, klient telefonu götürüb aradan çıxıb.

- Qızların ucbatından telefonu bada vermisən.

- Heyf. Neyləyim, gözümü ala bilmədim. – dişlərini ağardır.

- Bəs necə tanış olursan qızlarla? Onlarla necə münasibət qurursan? Qaqaşlar demiş, fırladırsan qızları?

Bir-birimizə baxıb qımışırıq. Sonra Emin danışmağa başlayır:

- Qızlarla münasibətim yaxşıdır, bəzi hallarda qısqanclıq da olur. Telefon dükanında işlədiyim üçün tanış olmaq asan olur, çünki istər-istəməz ünsiyyət qurursan. Biri yaxınlaşır, nəsə soruşur, telefon alır, sonra məndən nömrə istəyir ki, bəs nəsə bilməsəm, sizdən soruşum. – elə bil gözünün qabağına gətirir o mənzərəni və üzündə gülüş yaranır. – Və beləliklə, yeni tanışlıqlar olur, amma o tanış olmalar əvvəllər olurdu. Fırlatmağa çox pis baxıram. Ciddi deyirəm. Alınmır, ayrılırıq, vəssalam. Fırlanmaq istəyən qızı da aparıram şeytan çarxına bir “kruq” fırlanıb qayıdırıq. – öz dediyi xoşuna gəlir, vurmağım üçün əlini irəli uzadır. Mən də xətrinə dəyməmək üçün şappıldadıram.

Son

Bu ayini icra etdikdən sonra yaranan sükutdan istifadə edib ona son sualımı verirəm və Eminlə sağollaşıb başqa insanların talelərinə qarmaq atmağa gedirəm.

- Həyatında nəyi dəyişmək istərdin?

Bir xeyli fikirləşir və qəfil arxasında dayandığı telefon dükanını göstərib deyir:

- İş yerimi. – bu dəfə isə gülmür.

Ayxan Ayvaz

# 2055 dəfə oxunub

Müəllifin son yazıları

# # #