Pərdə arxasında qalan tənqidçi

Pərdə arxasında qalan tənqidçi
27 aprel 2019
# 17:33

Bir tədbirin fonunda yaranmış fikirlər montajı

“...Azərbaycabn Yazıçılar Birliyinin “Natəvan” klubunda AYB və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə millət vəkilləri, AYB-nin rəhbərliyi, tanınmış ədəbiyyatşünaslar, yazıçılar, AMEA-nın əməkdaşları və media nümayəndələri iştirak edirdilər”.

(Saytlarda gedən məlumatlardan)

“Hörmətli oxucu! Bu yerdə hər hansı bir tanınmış qələm sahibinin – tənqidçinin sözü ola bilərdi... Mən bunu istəmədim. İstəmədim ki, ön söz müəllifinin şöhrəti, qəbul olunmuş tənqidçi reputasiyası oxucuya kitab haqqında hansısa qərarı çıxarmağa təsir göstərsin. Mən bunu, sadəcə, istəmədim”.

(Nərgiz Cabbarlının kitabında öz söz əvəzi etirafdan)

Kimsə bu düşüncəni qavrama müstəvisində üslub ibarəliyinin günahına girə də bilər. Olsun... Amma bu insanın mənəvi-ruhi probleminin cizgilərinə bəlli olan hər kəs əminliyində yəqinlik duyacaq; yox, adamın başının üstündə Allah var, qız boğazdan yuxarı söyləmir.

Mən müəllifin qərarına “şöhrətpərəstlikdən uzaqdır” epitetini tələm-tələsik şamil etməzdim. Sadəcə və sadəcə, yaxşı mənada eqosu var, öz yolu ilə özünütəsdiq məqamına doğru irəliləyir.

AYB katibi İlqar Fəhmi: “Bu günü AYB tarixində unikal hadisə adlandırmaq olar. Mənim yadıma gəlmir ki, bir tədbirdə bu qədər kitab təqdim olunsun. Nərgiz xanımı bir ədəbiyyatşünas, tədqiqatçı kimi xarakterizə edən əsas əlamət zəhmətkeşliyidir. O, hər yazdığı, araşdırdığı obyektə sevgi ilə yanaşır”.

Özü demiş, məşhur musiqiçi də ola bilərdi Nərgiz xanım, riyaziyyatçı da, müəllim də. Amma Sözün ahənrübası çəkdi onu özünə. Böyük sözə simsar olmağa qərar verdi. Söz bağının pasibanına çevrilib onu cır meyvələrdən qorumaq missiyasını boynuna götürdü. Sözün ağrısını duymaq, sözün çat verdiyi yerdə məlhəm olmaq qədərincə peşəkarlıq səviyyəsinə çatdı.

“...və hər zaman qarşılaşdığım çətinliklərin, üzləşdiyim problemlərin içindən çıxmaq üçün sözə doğru getdim. Amma bəzən onun nə dərəcədə gücsüz olduğunu anladım. O hər yerdə və hər adamla ünsiyyətdə işə yaramaya bilər... Amma onu da deyim ki, adilər içində bəzən gücsüz olan sözün dünyasında yaşamaq daha gözəl! Ona doğru qaçmaq daha düzgün. Hər halda, onun sərhədsizliyinin içində səni xilas edəcək, səni qoruyacaq, səni yaşadacaq, səni həyata bağlayacaq Enerji çoxdur. Mən bunun çoxdan anladım...” (Nərgiz Cabbarlının kitabında ön söz əvəzi düşüncələrdən).

Nərgiz Cabbarlı zehniyyəti özündə fundamentallığı, nəzəri-konseptual yanaşmanı, hərtərəfli zəngin bilgini ehtiva edir. Onun araşdırmalarında, tənqidçi qeydlərində, sadəcə, cümlələr arasında fikir bağını yaradan, nəfəslik cümlə və ya ifadə tapmaq qeyri-mümkündür. Kitablarından misal çəkdiyim cümlələr də daxil olmaqla, etirafları, düşüncələri adi bir ön söz deyil. Məna tutumuna, bilgi yükünə görə esse əvəzidir. Və ya zəngin intelektli ziyalının ucadan düşündükləridir.

Akademik Nizami Cəfərov: “Nərgiz Cabbarlı artıq sözü eşidilən ədəbiyyatçımızdır. Onun bir cümləsindən bilmək olur ki, bunu Nərgiz Cabbarlı yazıb. Nərgiz xanım, ilk növbədə, ədəbiyyat tənqidçisidir. İstedad olmasa, zəhmət təhlükəli hal alar. Nərgiz xanımda isə istedadla zəhmət vəhdətdədir. Onun bütün araşdırmalarının, işlərinin önündə “yeni”sözü işlənir. Bu yenilik, əslində, onun yanaşma tərzinə də aiddir”.

Onun yaradıcılığında Azərbaycan şeirinin inkişaf meyilləri, yeni nəsil poeziyasının başlıca yaradıcılıq istiqamətlərinin təsnifatlaşdırılması, postmodernizmin xüsusiyyətlərinin təhlili, dünya ədəbiyyatı konteksində Azərbaycan ədəbiyyatına obyektiv nəzər, ədəbiyyat və siyasət prizması, bir sözlə, ədəbiyyat və ədəbiyyatşünaslıq üçün gərəkən bütün istiqamətlərdə mükəmməl araşdırmanın sonucu, qərəzsiz, dürüst qənaət var. Bu, Nərgiz Cabbarlı qənaətidir.

Akademik Nizami Cəfərov: “Nərgiz xanımın tərcümələri də uğurludur. O, yazıçının üslubunu mənimsəyə bilir. Çingiz Aytmatov rus dilində, amma qədim türk sintaksisində yazıb. Azərbaycan dili isə bu qədim sintaksisdən çox uzaqlaşıb. Ona görə də Aytmatovu Azərbaycan dilinə tərcümə etmək çox çətindir. Yazıçının “Kasandra damğası” romanının tərcüməsi timsalında Nərgiz Cabbarlı bu işin öhdəsindən layiqincə gəlib”.

“...Və bu dəfə əvvəlcə söz yarandı. Bir zamanlar olduğu kimi... O ölməz süjetdə necə yazılmışdısa, bax beləcə... Bundan sonra baş verənlər, sadəcə, sözlə deyilənlərin nəticəsi idi...” (Çingiz Aytmatovun “Kassandra damğası” romanından. Tərcümə Nərgiz Cabbarlınındır).

Şair-publisist Vaqif Bəhmənli: “Əminliklə deyə bilərəm ki, Nərgiz Cabbarlının üzərində çalışdığı 20 kitabın hər biri dəyərlidir və onların arasında təsadüfi kitab yoxdur. Bu kitablar Azərbaycan ədəbiyyatı üçün çox faydalı nümunələrdir. Nərgiz xanım başqa tənqidçilərdən fərqli olaraq yazıçıya xeyli yaxındır. Nərgiz Cabbarlı tənqidi araşdırmalarında da, məntiqi xəzinəmizin qaynaqları ilə bağlı tədqiqatlarında da, dünya ədəbiyyatından nadir incilərin tərcüməsində də, nəşriyyat sahəsindəki fəaliyyətində də əlavə olaraq bir maarifçilik missiyasını həyata keçirir. Nərgiz xanım milli məfkurəyə, xalq təfəkküründən qaynaqlanan və dünya sənəti ilə inteqrasiya olunan ədəbiyyata fədakarlıqla xidmət edir”.

Professor Vaqif Yusifli: “Mən yaşca ondan böyük olsam da, bəzən yazılarından bəhrələnirəm. Nərgiz xanımın yazıları özünəməxsusluğu ilə seçilir. Elmi, publisitik üslubun vəhdətindən doğan dəst-xəti var ki, bunun sayəsində hər kəs onun yazılarını oxuyub anlaya bilir. O, hər bir yazıçının özəl keyfiyyətini, özünəməxsusluğunu aşkara çıxarmağı bacarır”.

“Bir etirafım var; bu kitabda toplanan yazıların hər biri – fikirlərin bəzən kəskin, bəzən yumşaq ifadəsindən asılı olmayaraq, sevdiyim, istedad kimi dəyərləndirdiyim və müasir Azərbaycan ədəbiyyatında yerini, rolunu gördüyüm yazarlar haqqındadı. Bu kitabda bir nəfər də olsun istedadını qəbul etmədiyim şair, yazıçı adına rast gəlməyəcəksiniz. Buna əmin olun” (Nərgiz Cabbarlının öz kitabına yazdığlı “Ön söz əvəzi etiraf”dan).

Professor Vaqif Yusifli: “Nərgiz xanım bir tənqidçi kimi dünya və rus ədəbiyyatına yaxşı bələddir. Onların tənqidini də oxuyur və yeri gələndə onlardan sitat da gətirir, hətta qüvvətli arqumentlərlə onların fikirlərinə qarşı da çıxır”.

Bəli, məhz dünya ədəbiyyatını dərindən bilməyi, ən əsası, yüksək bədii-estetik zövqə malik olması sayəsində o, ədəbiyyata daha uca zirvədən, əhatəli, polifonik rakursdan baxa bilir. Onun müqayisəli təhlilləri daha obyektiv olur. Nərgiz Cabbarlı həm də vaxtaşırı dünya və rus ədəbi tənqidinin sərkərdələri haqqında Azərbaycan oxucusuna məlumat da verir. Xorxe Luis Borxesin, Umberto Ekonun, Andrey Moruanın, Nortrap Frayın, Oktavio Pasın, Yuri Lotmanın, Rolan Bartın ədəbi tənqidlə bağlı düşüncələri məhz Nərgiz xanımın tərcüməsində təqdim olunub.

AYB katibi Rəşad Məcid: “Nərgiz Cabbarlı hər işində olduğu kimi, keçirdiyi tədbirdə də fərqlənməyi bacardı. Təqdimat olunan kitablar uzun zamandır aktiv fəaliyyətlə məşğul olan ədəbiyyatşünasın, tərcüməçinin 15-20 ildə çəkdiyi zəhmətin layiqli nəticəsidir”.

Nərgiz Cabbarlı AYB-nin üzvüdür, müxtəlif illərdə “İlin tənqidçisi”, “Yeni nəfəs”, “İlin gənci”, “Yeni nəsil tənqidçisi”, “İlin jurnalisti”, “İlin gənc alimi”, “Şahmar Əkbərzadə”, “Feyzi Mustafayev” mükafatlarına layiq görülüb. İki dəfə Prezident təqaüdçüsü olub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. “168 saat”, “Ekspress”, “525-ci qəzet”lərdə müxbir, “Ulduz” jurnalında, “Ədalət” qəzetində şöbə redaktoru, Mədəniyyət Nazirliyinin “Yaddaş” qəzetində baş redaktor , “Beşik” nəşriyyatında direktor, “XAN” nəşriyyatında baş redaktor kimi fəaliyyət göstərib.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə: “O, istedadının və böyük zəhmətinin sayəsində layiqli tənqidçi, ədəbiyyatşünas və publisist kimi formalaşıb. Nərgiz xanımın yazılarının hamısında qadın zərifliyi, insani münasibət görürəm. Bu onun ədəbiyyata, insana sevgisidir”.

“Hər dəfə özümdən ayrılıb başımı qaldıranda güclü qadın obrazı oynamağa çalışan nə qədər qadın görürəm. Görürəm, dəhşətə gəlirəm, təəssüflənirəm... Ətrafım belələri ilə doludur. Kişilər belə onlardan çəkinməyə, ehtiyat etməyə adət edirlər!!! (Nə gözəl?!) Amma heç kəs açıq gözlə baxıb görə, fərqində ola bilmir ki, o güclü qadın simasının altında, əslində, nə cür zərif, haradasa qorxaq, hardasa küskün, hardasa incə duyğulu insan gizlənir... Nə vaxtsa gizləndiyi yerdən onu tapıb çıxara biləcək birini gözləyən və “gizlənqaç” oynayan uşaq kimi...” (Nərgiz Cabbarlının kitabından)

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq: “Nərgiz Cabbarlını həm gənc nəsil sevir, həm də orta və yaşlı nəslin ona rəğbəti var. Nərgiz xanımın tənqidi səmimi və obyektivdir. Ondan ötrü insanın (yazarın! – H.İmamnəzərli) yaşı yoxdur, onun təfəkkürünün təvəllüdü var, keçmişi və sabahı var”.

Yazıçı Seyran Səxavət: “Adam var, 1 kitaba 20 təqdimat keçirir. Nərgizin təvəzökarlığı və böyüklüyü bundadır ki, o 20 kitabı bir təqdimatda birləşdirib. Səmimi qələm adamıdır Nərgiz Cabbarlı”.

“Bu yazıçının son kitabı da bu cür həqiqtlərlə doludur. Onun bir araya gətirib, birdən-birə insanların dözümünü və iradəsini yoxlamadan canlarına yeritmək istədiyi həqiqətlərlə... Onu ittiham etmək olar...” (Nərgiz Cabbarlının Seyran Səxavət haqqında yazdığı “Kənara atılmış Dosteyevski və ya yeddi rəng”yazısından).

Yazıçı Kamran Nəzirli: “Nərgiz Cabbarlı müəllifdən yox, mətndən danışan ədəbiyyatşünas alimdir”.

“Bir də əmin olun ki, nöqsan bilib dilə (qələmə) gətirdiklərim yazıçıya necə yazmağı öyrətmək istəyi ilə yox, yazdığına kənar gözlə baxmaq üçün şərait yaratmaq istəyi ilə yazılıb” (Nərgiz Cabbarlının kitabından).

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin: “Nərgiz Cabbarlının şəxsi və yaradıcılıq fəaliyyətində ən çox sevdiyim cəhət obyektiv və cəsarətli olmasıdır”.

“...Görəsən, mənasız və primitiv yaradıcılıq nümunələrinin təqdimatına bu qədər yer verən insanlar özləri onları oxuyurlarmı?.. “Absurd” adı ilə təqdim etdiyi hekayələr onun dünyaya, gerçəkliyə tamam yeni bir müşahidə bucağından baxdığından xəbər verir” – deyən tənqidçi Elçinin üç hekayəsi – “Ordenli yazıçı ilə görüş”, “Mehmanxana nömrələrində görüş”, “Xüsusi sifariş” hekayələrində mənasız, absurd görünən şeylərin – qarışıq zamanların, koordinatları dəqiq məlum olmayan məkanların, real məntiqə söykənməyən düşüncə tərzlərinin, sonda konkret bir mənanı dilə gətirməsindən danışır” (Nərgiz Cabbarlının kitabından).

Nərgiz Cabbarlının istedadı ilə cəsarəti ədəbi nümunədə uğurlu alınan forma və məzmun vəhdəti qədərincə təqdirəlayiq və dəyərlidir. Kriteriyaların itdiyi, zövqsüzlüyün kütləviləşdiyi bir zamanda, hər kəsin şeir, hekayə yazıb özünü dahi saydığı və oturub-durub, yeri gəldi-gəlmədi “mən öz şeirimdə yazıram ki” müdaxiləsi ilə urvatlı mövzuları abırdan saldığı bir məkanda ədəbiyyat işi, ədəbi tənqidlə məşğul olmaq hər kişinin işi deyil. İllah da qadın ola! Üstəgəl, inadkarlıqla, çəkinmədən doğru sözün çətirini başı üstə tutaraq...

“Mən uzun illər etirazdan yaranan bütün enerjimi sözə yönəltməyi öyrəndim. Mən bunu bacarmış biriyəm. Çünki söz yeganə məkandır ki, orada kimdənsə güclü, kimdənsə istedadlı olduğunu başqalarının köməyi olmadan da sübut edə bilirsən. Söz yeganə məkandır ki, orada kiminsə əlinin başının üstündə olmasına ehtiyac duyulmur. Özün özünlə, sözünlə qalmağı bacarır və gücün çatdığı, səmimiyyətin yetdiyi qədər istədiklərini söyləyə bilirsən. Mən ədəbiyyatı həm də buna görə sevdim...” (Nərgiz Cabbarlının kitabından)

Nərgiz Cabbarlı haqqında yazımın, daha doğrusu, fikirlər montajının adını “Pərdə arxasında qalan tənqidçi obrazı” qoydum. Onun Xalq yazıçısı Anar haqqında bir söz fərqi ilə bu adda təhlili var. İstəkli oxucu! Nərgiz Cabbarlının obrazını az da olsa yarada bildimmi?..

Hafiz İmamnəzərli

Yazıçı, ssenarist, kulturoloq

# 3395 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #