Uilyam Folkner: “Amerikada yazıçı it kimidi”

Uilyam Folkner: <span style="color:red;">“Amerikada yazıçı it kimidi”
6 iyul 2023
# 15:00

Bu gün dahi yazıçı Uilyam Folknerin anım gündür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Material Folknerin müsahibələri əsasında hazırlanıb.

Kitablarının yazılma müddəti

Sual: “Bir romanı nə qədər vaxta yazırsız?”

Folkner: “Mən öləndə”ni altı həftəyə, “Hay-küy və hiddət”i altı aya, “Avessalom! Avessalom!”u üç ilə yazmışam”.

Qeyd: Folkner “Avessalom! Avessalom!” romanını 10 aya (30 mart 1935-ci ildən 31 yanvar 1936-cı ilə qədər) yazıb. Roman haqqında ilk qeydləri isə 1926-cı ilə təsadüf edir.

Şeir və nəsr

“21 yaşımda elə bilirdim ki, çox yaxşı şeirlər yazıram. 22 yaşıma qədər şeir yazmağa davam elədim. 23 yaşımdan nəsrə üz tutdum, poeziya ilə üzülüşdüm. Ancaq mənim nəsrim elə poeziyadır.”

Müharibə

“Müharibənin yeganə müsbət cəhəti odur ki, müharibə vaxtı qadınların kişilərdən azad olması üçün şərait yaranır”.

XIX əsrin ən yaxşı romanları

Sual: “XIX əsrin ən yaxşı romanları hansılardır?”

Folkner: “Yəqin ki, rus romanlarıdır. Mən daha çox rus yazıçılarının adını xatırlayıram, nəinki başqalarını”.

Missisipi universiteti, 1947-ci il

Sual: “Müasir yazıçılardan beş nəfərin adını çəkə bilərsiz?”

Folkner: “1. Tomas Vulf. 2. Con Dos Passos. 3. Ernest Heminquey. 4. Uilla Kezer. 5. Con Steynbek.”

Qeyd: Bu sualdan sonra auditoriyadakı müəllim sualı verən tələbəyə deyir:

“Məncə siz mister Folknerin təvazökarlığından istifadə edirsiz”.

Müəllimin bu sözündən sonra Folkner siyahıda aşağıdakı düzəlişi edir:

1. Tomas Vulf - bu adam böyük cəsarət sahibi idi və elə yazırdı ki, sanki ölümünü hiss edirdi (Tomas Vulf 38 il yaşayıb - red.).

2. Uilyam Folkner; 3. Dos Passos.

4. Heminquey - o cəsarətli deyil, heç vaxt ayağını nazik buz qatına basmayıb. Heç vaxt oxucunu çətinə salmayıb.

5. Steynbek - bir vaxt ona böyük ümidlər bəsləyirdim. İndi əmin deyiləm”.

Folknerin Heminquey haqqında fikirləri kontekstdən çıxarılaraq bütün ölkəyə yayılmışdı. Bundan sonra yazıçı dəfələrlə fikirlərinin düzgün yozulmadığını, Heminqueyin düzgün qiymətini verməyə çalışdığını söyləmişdi.

1947-ci ilə qayıdış

1955-ci ildə Harvi Brayta müsahibə verən yazıçı 1947-ci ildə Missisipi Universitetində ona verilmiş suala qayıdır:

“Mənə elə gəlir ki, təzədən yazmaq mümkün olsaydı, mən “Pritça”nı daha yaxşı yazardım. Bütün yazıçılar kimi mən də sevimli əsərlərim haqında bu cür düşünürəm. Tamamlanmış əsər heç vaxt yazıçını qələmə sarılmağa vadar edən mükəmməllik arzusu ilə müqayisə oluna bilməz. Mən “Heminquey cəsarətli deyil” deyəndə bax bunu nəzərdə tutmuşdum... Mən o mükəmməllik arzusunu və məğlubiyyəti nəzərdə tutmuşdum ki, arzuları ilə yarışa çıxmaq istəyən ən yaxşı müasir yazıçılar bununla qarşılaşmışdılar. Məndən xahiş etmişdilər ki, ən yaxşılarından başlayaraq beş müasir yazıçının adını çəkim. Mən Vulfun, Heminqueyin, Dos Passosun, Kolduelin və öz adımı çəkdim. Vulfun adını birinci, öz adımı ikinci çəkdim. Heminqueyin adını axırda çəkdim. Dedim ki, biz hamımız uğursuz yazıçılarıq. Bizim heç birimizə mükəmməllik arzusu ilə rəqabət aparmaq nəsib olmadı və mən yazıçıları mümkünsüzə can atmaqla uğradığı məğlubiyyətin böyüklüyünə görə qiymətləndirdim. Mən əminəm ki, Vulf bizim hamımızdan çox mümkünsüzə can atırdı. Məncə Vulfdan sonra buna ən çox mən cəhd etdim. Heminqueyi isə ona görə axırıncı dedim ki, o nəyə qadir olduğunu yaxşı bilir. O bunu əla edir, heç vaxt mümkünsüzə can atmır... Mən bu yazıçıları mükəmməllik arzusuna can atmaqda uğradıqları məğlubiyyətin dərəcəsinə görə qiymətləndirdim.

Bunun onların yaradıcılığına, keyfiyyətinə dəxli yoxdu. Mən yalnız məğlubiyyətin əzəmətindən, insanın imkanları daxilində mümkünsüzü əldə etmək cəhdindən danışmışdım”.

“Mən insanlardan yazıram”

“Bəlkə də, kitablara hansısa simvol və obrazlar daxil olur, bilmirəm. Yaxşı dülgər nəsə düzəldəndə mıxı hara lazımdırsa, ora vurur. Ola bilər, sonda mıxların papağından gözəl naxış alınsın, ancaq dülgərin məqsədi o deyildi axı. Mən sadəcə yazıçıyam.

Vətəndaş müharibəsi haqqında yazıram. Çünki ömür boyu müharibə haqqında əhvalatlar eşitmişəm. Hər bir döyüşün baş verdiyi yeri bilirəm. Balaca oğlan olanda bir dəfə general Lonqstriti görmüşdüm. Mən ona yaxınlaşdım və soruşdum:

“General, Qettisberq yaxınlığındakı vuruşmada sizə nə olmuşdu?”

Qoca az qala başımı üzəcəkdi”.

Fransızların təsiri

“Mənə Flober və Balzak təsir edib; sonuncunun əyri-üyrü qələmi ilə hər şeyi ard-arda yazmaq manerası məni heyrətləndirir. Və əlbəttə Berqson. Mən özümü həm də Prusta çox yaxın hiss edirəm. “İtmiş zamanın axtarışında”nı oxuyandan sonra: “Bax bu, odur!” - dedim. Malronu tanıyıram, çünki onun incəsənətin psixologiyası haqqında son əsərlərini oxumuşam. Ancaq ki, nə Sartrı tanıyıram, nə də Kamyunu”.

Amerikada yazıçı

“Birləşmiş Ştatlarda yazıçı ölkə mədəniyyətinin tərkib hissəsi sayılmır. O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi”.

Ustadlarım

“Hər il “Don Kixot”u oxuyuram. Dörd-beş ildən bir “Mobi Dik”i, “Madam Bovari” və “Karamazov qardaşları”nı oxuyuram. Hər on-on beş ildən bir “Əhdi-ətiqə” müraciət edirəm. Məndə Şekspirin bütün əsərlərinin yer aldığı bircildlik var, hər yerə özümlə aparıram və demək olar ki, davamlı oxuyuram. Dikkensdən, Konraddan nəsə oxuyuram... Kimləri ustadım hesab edirəmsə, kimlərin mənə təsiri olubsa, onların adını çəkdim.

Naturaya yox

“Yer üzündə o qədər yazmalı əhvalat var ki... Mənə elə gəlir ki, personajları həyatdan götürüb yazmağa ehtiyac yoxdu”.

Sevimli şairlər

Sual: “Sevimli şairləriniz kimlərdi?”

Folkner: “İngilislərdi, birinci növbədə də Yelizaveta dövrü şairləri. Sonrakı dövr şairlər də xoşuma gəlir: böyük məmnuniyyətlə Poupu, həmçinin Miltonu oxuyuram. Ancaq mənim sevimli şairlərim Şekspir, Bomont və Fletçer, Marlo olaraq qalır. Marlonu Şekspirdən üstün tuturam. Kempion da məni cəlb edir, Tomas Kempion.

Az-maz fransız poeziyası ilə tanışam. Almanlardan, böyük almanlardan mən, əlbəttə, Höteni oxumuşam”.

# 1356 dəfə oxunub

Müəllifin son yazıları

# # #