Yazıçı Əlisa Nicatın verdiyi müsahibədə Səməd Vurğun haqqında dediyi fikirlər müzakirələrə səbəb olub.
Kulis.az mövzu ilə bağlı ədəbiyyat adamları arasında sorğu keçirib.
Görəsən, onlar Səməd Vurğun haqqında nə düşünür?
Fəxri Uğurlu:
"Səməd Vurğunun ünvanına böhtan, təhqir yağdıranlar onun ayağının tozu olmağa belə layiq olmayan adamlardır. Onunla bir vaxtda yaşasaydılar, onlar Səməd Vurğun kimi onlarla istedadı gözüyumulu güdaza verərdilər. Belələri həmişə istedadlı insana həm aşkar, həm də gizli nifrət bəsləyiblər. Öz kumirlərinə çevirdikləri Mircəfər Bağırov kimi. Belə bir cəlladı hörmətə mindirməyə çalışmaq repressiya şəhidlərinin əzablarına tüpürməkdir. Nə qədər vicdansız olmalısan ki, bu cür mənasız, səmərəsiz xəyallara düşəsən. Səməd Vurğun çox böyük istedad idi, başqa zamanda, başqa ölkədə yaşamış olsaydı, bundan qat-qat böyük şair olardı. Onun dünya poeziya tarixinin qızıl fonduna layiq "Mən tələsmirəm" şeiri haqqında bir essem var. Bu, şairin ruhunu şərləyən nanəciblərə mənim ən yaxşı cavabımdır".
Şərif Ağayar:
"Səməd Vurğun yüksək talantı, dil duyumu olan, gözəl şeirlər yazan, eyni zamanda bu və ya digər səbəblərdən sovet konyunkturasına uyub həm yaradıcılıqda, həm həyatda ciddi səhvlərə yol verən bir sənətkardır, nə ideallaşdırmaq lazımdır, nə də aşağılayıb xidmətlərini danmaq. Necə var elə qiymətləndirmək... Düzü düz, əyrini əyri..."
Firuz Mustafa:
"Dostum Əlisa Nicat müsahibədə deyir ki, SSRİ Elmlər Akademiyasında 200 erməni akademik, 100 gürcü akademik olub, amma orada bir nəfər də azərbaycanlı olmayıb...
Bilmirəm bu "faktı" o, haradan götürüb. Gerçəklikdə isə həmin akademiyanın 300-dən bir qədər artıq üzvü olub. Belə çıxır ki, orada erməni və gürcüdən başqa digər xalqların nümayəndəsi olmayıb... Təbii ki, bu, uydurma bir söhbətdir. Bizdən iki nəfəri mən şəxsən tanıyırdım ki, oranın müxbir üzvü idi: Həsən Abdullayev və Midhət Abbasov. Elə erməni və gürcülər də təxminən bu qədər idi. Əlisa bəy, danışanda ehtiyatlı ol. Xalqımızı və elmimizi aşağılama.
Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qədər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək: xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?
Özünüz də görürsünüz ki, şair haqqında hərcayı danışanlar, ona daş atanlar, dil uzadanlar daim təpki və təhqirlə qarşılanır.... Hərçənd mən heç bir təhqirə bəraət vermirəm...
Hələ orasını da demirəm ki, böyük şair öz əsərlərindən başqa, ədəbiyyata iki parlaq istedad da bəxş edib: Vaqif və Yusif”.
Ehtiram İlham:
"Səməd Vurğun yeganə məmləkət aydınıydı ki, 37-ci ili ölənədək yaşadı. Yalnız dünyasını dəyişəndən sonra o müdhiş qorxudan canı qurtuldu.
Amansız xəstəlik 49 yaşında canını saranda ölkənin əsas xəstəxanasında onu müayinə edən həkimlər əlacsız-əlacsız söylənirmişlər:
- 80 yaşlı bu qocanı niyə gətiribsiniz bura?
Biləndə ki, Adamın hələ 50 yaşı tamam olmayıb, Kremlin ən üzdə olan həkimləri heyrət içində qalıblar:
- Bunun ki orqanizmi 80 yaşlı adamınkından da qocadır.
Belə...
Səməd Vurğun repressiya olunmadı. Hacıbəyli kimi.
Dahi Üzeyir bəy qardaşı Ceyhunla bir yerdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzetlərinin redaktorları idi. "Qırmızı qaranlıq" (Əlibəy Hüseynzadə) ölkəmizin üstünü alandan sonra Ceyhun bəy Fransaya mühacirət edib, rus-sovet işğalına qarşı mübarizəsini aparmaqdaydı.
Üzeyir bəy repressiya olunmadı.
Səməd Vurğun bəy nəslindən, əsilli-köklü Vəkiloğlulardan idi. Dörd əmisi Cümhuriyyət parlamentində Müsavat firqəsinin deputatları idi. Ki, S. Vurğun ömrü boyu buna görə qınandı da. Və salamat çıxdı bu qovğaların içindən.
Ona görə ki, həm Üzeyir Hacıbəylini, həm də Səməd Vurğunu İosif Stalin şəxsən tanıyırdı. "Koba" kimi inqilabçı ömrünün gənclik illəri Bakıda keçdiyindən Azərbaycana az-çox bələd idi.
Bilirdi ki, bu ölkədə kim kimdir. Mircəfər Bağırovla görüşlərində və telefon danışıqlarında hərdən Üzeyiri və Səmədi soruşardı. Onların ikisini də ölümün pəncəsindən bu xilas elədi. Yoxsa Mircəfərin əlində onları gedər-gəlməzə yollamaq nə çətin iş idi ki...
Bu tarixi faktları böyük tarixçi Cəmil Həsənli işıq üzünə illər öncə çıxarıb. Necə var, eləcə.
Hər ikisi yaşadı və ölkə mədəniyyətinə ölməz incilər - "Koroğlu" və "Vaqif" bəxş etdilər. Həm də cəhənnəmin yaşandığı o qorxulu illərdə.
Hər ikisi təkcə yazıb yaratmaqla kifayətlənmədi, bütövlükdə mədəniyyəti irəli apardılar. İstedadlı gəncləri qabağa çəkdilər, kasıblara arxa-dayaq oldular, milli ruhun ən böyük daşıyıcıları kimi son anlarına kimi mübarizə apardılar.
Parlaq ədəbi gəncliyi Səməd Vurğun təkbaşına öz qanadı altına aldı. Azərbaycan poeziyasına Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, İslam Səfərli, Qabil, Əliağa Kürçaylı, Adil Babayev... kimi imzalar bəxş etdi. Özündən sonra isə möhtəşəm bir yol - Səməd Vurğun ədəbi məktəbi qoyub getdi.
Tanrı hər millətə Səməd Vurğun istedadında şair bəxş etməyib. Adı hələ sağlığında dünyanın ən ünlü söz ustadları ilə bir sırada çəkilib. Şəxsiyyəti, qüruru, ölməz poeziyası nəsillərə örnək olub. Onun varlığına görə bizə "şair xalq" deyiblər.
Səməd Vurğun tək bizim yox, bəlkə də, bütün cahanın Şair obrazıdır. Ölməz-itməz, əbədi-əzəli, həmişəcavan və müdrik.
Uca dağların əzəməti uzaqlardan daha çox sezilir. Eləmi?
O da bir zirvədi. Ona atılan daşlar öz başlarına düşəcək. Mütləq.
Fadeyev necə deyirdi:
"Nə yaxşı dünyada Səməd Vurğun var!"
Doğrudan da..."
Babək Məmmədli:
"Şübhəsiz ki, Səməd Vurğun Azərbaycan milli ədəbi kanonunun barmaqla sayılacaq qalalarından, nəhəng daşlarından biridir. Bu daşı yerindən dəbərtmək Sərdar Cəlaloğlu, Əlisa Nicat və s. kimi uğursuz, travmalı, özünü tapa bilməyən adamların balaca başlarının, balaca çiyinlərinin bacaracağı iş deyil. Buyurun, normal ədəbi polemika açın, ağlı-başı yerində olan sağlam, ciddi ədəbiyyatçıları, tarixçiləri, filosofları dəvət edin, müzakirə edin, xalq da həqiqətləri qoy onların dilindən eşitsin.
Daş demişkən, Qazaxda - Avey dağında xüsusi daş növləri var ki, içini oyub məişətdə su daşı kimi istifadə edirik, -suyu süzüb göz yaşı kimi duruldur. Səməd Vurğun bax həmin o su daşı kimi ana dilimizi, ədəbi dilimizi süzüb duruldan, funksionallaşdıran, şirinləşdirən müstəsna ədəbi fenomendir. Burası belə. Bir də bülöv daşı var, - indi onunla mətbəx bıçaqlarını itiləyirik, ancaq, bir vaxtlar qılıncımızı-xəncərimizi itiləmişik. Özünü tarixçi kimi, filosof kimi şərləmiş, verdiyi müsahibəsində Mircəfər Bağırovu qəhrəman qayırıb Səməd Vurğuna yaltaq demiş diletantın, qrafomanın, nəhayət, o məlum zatın Səməd Vurğunu kəsmək cəhdi qılıncın bülöv daşını kəsmək istəyi kimi absurd və gülməli bir işdir. Hansı ki, tiyəsini (oxu: dilini) həmin bülöv daşına sürtüb itiləyib. Sizin sorğunuzdan əvvəl tarixçi alimimiz Cəmil Həsənlinin bu barədə yazdığı postunu oxuyurdum. Adam fakt qoyub ortaya. Tarixi sənəd qoyub ortaya. Yəqin, saytlar paylaşarlar, onu oxuyun, görün, Mircəfər Bağırovun özü Səməd Vurğunun kimliyi barədə nələr deyib istintaqa. Keçmiş baş prokuror, İlyas İsmayılovun da müsahibəsi var idi, deyirdi, arxivi ələk-vələk eləmişəm, bir dənə də olsun dəlil, fakt yoxdur bu barədə.
Yox, əgər o məlum şeir səbəbindən Cavidin sürgünə göndərildiyini deyirsinizsə, ya çox sadəlövhsünüz, ya da qərəzli. Hüseyn Cavidin qızı Turan Cavidlə Səməd Vurğunun qızı Aybəniz xanımın yaxın rəfiqə olduqlarını sübut edən səmimi ortamda qoşa çəkdirdikləri bir neçə fotoşəkil var, zaman-zaman internetdə rastlaşmışıq çoxumuz. Cavid əfəndinin qızının necə inadkar və məğrur xanım olduğunu da bilirik. Bəs yaxşı, bir şeiriylə atasına ölüm hökmü kəsdirən adamın qızıyla salamlaşmaq bir yana, hələ şəkil çəkdirməyə bu inadkar, məğrur xanımı nə vadar edə bilərdi? Əminəm ki, bu cavabı siz də bilmirsiniz. Bəs onda həqiqətə Turan Caviddən daha yaxın olduğunu düşünən, aralarında yekə-yekə kişilərin də olduğu (kişilərdən də çox bu qaraguruhun, fitnənin içində ədəbiyyat adamlarını görməyimə məyus oldum) dedi-qoduçuların “Cavid təəssübkeşliyi”nin arxasında hansı məkr gizlənir? Mən bilirəm, ancaq millət, xalq adına zərərlidir deyə susuram. Qaldı ki, “Rəhbərə salam” şeirinə, burda da riyakarlıq edirlər. Çünki bu mədhiyyələr Müşfiqdə də olub, Üzeyir bəyin rəhbərə təşəkkür məktublarında da, Nazim Hikmətdə də. Mən də deyirəm ki, bəli, bütün babalarımız kimi (sözün əsl mənasında, orqanik, bioloji babalarımızı nəzərdə tuturam) sovet ideologiyasıyla beyini zəhərlənmiş, romantik kommunistlərdən biri olub Səməd Vurğun. Qorxmağı da mümkündür. Bütün canlılar kimi qorxu adlı ibtidai instinktdən o da xali olmayıb; onun da ailəsi olub, o da həbsdən, sürgündə ölməkdən qorxa bilərdi, necə ki, 70 il sonra, 21-ci əsrdə, müstəqil ölkədə bu gün də hamımız nələrdənsə qorxuruq. Guya 90 yaşlı Əlisa Nicat ömrünün postStalin sovet dövründə hansı qəhrəmanlığı göstərib ki? Lap elə müstəqillik illərində olsun,—bu yaşına qədər bir belə haqsızlıq görüb, harda səsini çıxarıb? Deputatdan(oxu: dövlətdən) ikinci evi qapazla, 500 manatla dolana bilmirəm deyib miskin görkəmdə sıtqamaqla ianələr hesabına evini təmir etdir, sonra da 70 il əvvəl NKVD maşınının altında əziləcəyi qorxusuyla xəstəlik tapıb oğlun yaşında, hətta az qala nəvən yaşında dünyasını dəyişmiş Sovet şairinə olan xalq sevgisini qısqanıb onu yaltaqlıqda suçla,- nə gözəl İstanbul…Mən susuram burda, siz deyin görək, bu hansı əxlaqın göstəricisidir? Filosofluğun açarı sayılan kamillik və müdriklik qatına 90 yaşında da ucala bilməyib şər-şəbədəylə, fitnə-fəsadla əlləşən qocanın arşınıyla ölçsək, gərək bugünkü Rusiya Şoloxovu, Fadeyevi "daş-qalaq" edəydi. Yaxın tarixdə Fadeevin "Gənc qvardiyası"na teleserial da çəkiblər hələ. Son olaraq: mənə inanmırsınızsa, buyurun, Səməd Vurğunla Əlisa Nicatın şəkilini ekranlara gətirin, hansının nadürüst olduğunu şəkil özü sizə deyəcək, əmin olun".
Aqşin Yenisey:
"Əlisa Nicat özü də bilmədən faydalı bir iş gördü. Bolşevizmin yaratdığı kollektiv təhtəlşüurumuzun həssas zonalarından birinə toxundu və oraya yığılmış dağıdıcı enerjinin az da olsa boşalmasına səbəb oldu.
Cəmiyyətimizin təhtəlşüuru hələ müstəmləkə dövründədir. Onun üzünə yaxdığı azadlıq kosmetikasını silən kimi altından balaca-balaca bolşeviklər çıxır".
Şəhriyar del Gerani:
"Könül istərdi, arxivlər açılsın və azərilər tanış olsun öz saxta ədəbi qəhrəmanlarıyla. Mən bu mövzularda Hüseyn Cavidin yanındayam - dünən və əbədi olduğu kimi".
Bəxtiyar Firuzə:
"Ədəbiyyat o vaxt cəmiyyətə təsir edir ki, müzakirə hadisələr və şəxslər ətrafında deyil, əsərlər, fikirlər ətrafında aparılır. Səməd Vurğun yaradıcılığının böyük hissəsi müasir düşüncə tərzi ilə səsləşməsə də, dil, üslub, şeiriyyat baxımından çox möhtəşəmdi. Onun yaradıcılığındakı Azərbaycan dili insanı valeh edir. O qədər parlaqdı, axıcıdı ki, ən kobud səhvlər belə gözə görünmür. Açığı, oğurluq fikirlərin, texnoloji tərcümə dilinin, baş-ayaq ifadələrin tüğyan elədiyi müasir ədəbiyyatımızda Səməd Vurğunun şairiliyinə çox az insan çatar. Quruluşlar, rejimlər davamlı dəyişir. Hələ bilmək olmaz, gələcəkdə Səməd Vurğun şeirləri eynən sovetlər dövründəki kimi təbliğ oluncaq, ya yox…
Əlisa Nicatın Səməd Vurğuna “yaltaq” deməsinə gəldikdə isə… Məncə, yaltaq olmayıb, həqiqiliyinə inandığı ideologiyanın yumşaq desək, qulluqçusuna çevrilib. Əvəzində də daha çox dərc edilib, yayılıb, təbliğ olunub, qonarar alıb, həyatda qalıb. Onun həmin dövrün mətbuat səhifələrindəki yazılarını oxuduqca təəssüf hissi keçirirsən, hiddətlənirsən. Hüseyn Cavid, Əhməd Cavad kimi şəxsiyyətləri o cür ağır ifadələrlə təhqir etməsini qəbul edə bilmirsən. İdeologiyası fərqli olan hər kəsin ölüm fərmanına həvəslə imza atıblar.
Bir gerçəklik də var. Əminəm ki, Səməd Vurğun əleyhinə bu gün odlu-alovlu danışanların çoxu o dövrdə yaşasaydılar, çox rahatlıqla onun etdiklərinin beş qatını edərdilər, amma yazdığı şeirləri yaza bilməzdilər".
Ramil Əhməd:
"Səməd Vurğun yaltaq idimi? Cavab “hə” olsa nə dəyişir, “yox” olsa nə?
Tənqid Sovet dövrünün yaratdığı vəziyyətədir, amma tənqid edən də məsələyə Sovet məntiqi ilə yanaşır: nümunəvi sənətkar obrazı yaratmaq, şəxsin mətnin önündə olması, yaradıcıların xüsusi kateqoriyaya bölünməsi və sair.
Ədəbi mətnin “səmimi”, “dürüst”, “cəsarətsiz” və sair kimi meyarları, ölçüləri yoxdur. Bu ədəbi mətni yaradan şəxsə aid olan keyfiyyətlər ola bilər. Bu da şəxsi bir məsələdir. Dünyanın ən gözəl ədəbi mətnlərini yaratmış adamlar ən müxtəlif xarakterə, ən müxtəlif dünyagörüşünə, həyat tərzinə sahib olublar.
Üstəlik, 2025-in reallığı ilə 1937-ni qiymətləndirmək də yanlış metoddur. S. Vurğunun hətta ən siyasi mətnlərindən olan “Komsomol poeması” belə estetika baxımından yüksək səviyyədədir. Oradakı fikirlər, düşüncələr, reallıqlar bu günlə səsləşməyə bilər, amma bu o demək deyil ki, 30-cu illərin belə bir reallığı yox idi.
Məncə, problem belə bir fikrin olmasında yox, “O, yaltaqdır” deyənlə “O, dahidir” deyən arasında mahiyyətcə, üslubca ciddi bir fərqin olmamasındadır.
Səməd Vurğun yaltaq idimi? Sizcə, cavab “hə” olsa nə dəyişir, “yox” olsa nə?