Ata ilə oğulun Kislovodsk macərası

Ata ilə oğulun Kislovodsk macərası
21 fevral 2013
# 08:00

Akif Abbasov

Nuru kişi ilə söhbət edirdim

(hekayə)

Oqtay atası Əhməd kişiylə Kislovodskyə dincəlməyə gedir. İstirahət evində yerbəyer olandan sonra həyətə düşürlər. Buralar hər ikisinin xoşuna gəlir. Elə bil cənnətə düşüblər. Təmiz hava, yaşıllıqlar qoynu, hər cür əyləncə, daha adama nə lazımdır?!

Kislovodskdə təkcə yeyib-yatmırdılar. Kefləri saz idi. Axşamlar konsertə, rəqsə, kinoya, gəzintiyə, restorana gedirdilər. Kənddə olanda Əhməd kişi çox vaxt narahat yatırdı. Burada isə gecələr xurt düşürdü, kəlləsini yerə qoyan kimi yuxu onu aparırdı.

Bir gün Oqtay yorulub istirahət evindəki otağına ertə qayıtmışdı. Bir az yatıb, indi də televizora baxırdı. Çayını içib saatına baxdı. Axşam saat on bir idi. Əhməd kişi nədənsə ləngiyirdi. Oqtay narahat olub ayağa qalxdı. Parkın içərisilə ətrafına göz gəzdirə-gəzdirə yol gedirdi. Qarşıdan adamlar iki-bir, üç-bir ona sarı gəlirdilər. Birdən Oqtayın gözləri atasına sataşdı. 35-40 yaşlarında sarışın bir rus qadınının qoluna girib şirin-şirin söhbət edə-edə gəlirdi. Oqtay cəld kənara çəkildi ki, atası onu görməsin. Sonra tez otağına qayıtdı və gözləməyə başladı.

Bir müddət keçmiş Əhməd kişi kefi saz otağa girdi:

– Axşamın xeyir, oğul. Əcəb yerdir, əcəb havadır. Gəzməkdən doymaq, yorulmaq bilmirsən. Adamın dərdi-səri dağılır…

Oqtay özünü bilməməzliyə vurub soruşdu:

– Ay ata, səhərdən haralarda qalmısan? Gözləməkdən gözümün kökü saraldı. Narahat olmağa başlamışdım.

Əhməd kişi özünü o yerə qoymayıb cavab verdi:

– Ay oğul, daha burada adam yeyən yoxdur ha. Allah saxlamış Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Bir də gördüm gecə yarı olub.

Oqtay soruşdu:

– Nuru kişi kimdir, ay ata?

– Gəl indi Nuru kişini də tanıma. Rayon sovetinin katibi.

Bu əhvalatdan bir neçə gün keçdi. İndi Əhməd kişi otaqda oturub Oqtayı gözləyirdi. Gecədən xeyli keçmişdi. Kişinin yuxusu ərşə çəkilmişdi. Oqtay gəlib çıxmaq bilmirdi. Və o gecə Oqtay həqiqətən gəlib çıxmadı. Nataşa ilə restoranda yeyib-içəndən sonra ona qoşulub Nataşanın otağında qalmışdı.

Ertəsi gün Oqtay istirahət evindəki otağına qaydanda Əhməd kişini qanı qara gördü. Çırtma vursaydın qanı çıxmazdı. Acıqlı-acıqlı oğlundan soruşdu:

– Ay oğul, adam belə iş tutar?! Yad yerdir, ürəyimin içini yemişəm. Harada itib-qalmısan?

Oqtay özünü sındırmadan:

– Ay ata, Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Sən düz deyirmişsən. Allah saxlamış yaman söhbətcil imiş, düz səhərə qədər o danışıb, mən qulaq asmışam. Nə edim, ağsaqqal adamdır. Fikirləşdim: xudahafizləşib evə gələrəm, birdən xətrinə dəyər. Odur ki, bir təhər dözdüm.

Əhməd kişi arif adam idi. Barmağını dişləyib bir söz demədi.

# 2213 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #