Böyük “qazaxşina” ədəbiyyatı

Böyük “qazaxşina” ədəbiyyatı
21 iyul 2014
# 13:50

Ayna Məmmədova

Neçə gündür “qazaxşına” məsələləri ilə bağlı yazıları oxuyuram. Hərə öz fikirini ortaya qoyur. Əlbəttə ki, hər kəsin öz fikri var. Buna ağız büzmək, şəbədə eləmək olmaz. Amma məsəl var, imam üçün ağlayanda bir dəfə də Yezid üçün ağlayasan. Həm də subyektiv fikirlərin də bir ayaq üstə duracaq arqumentləri, faktları olmalıdı.

Ümumiyyətlə bugünkü ədəbiyyat sanki daxildə porno düşüncələrin qığılcımları saçan bir eroroman, erohekayə, eroşeir təsiri bağışlayır. Aydındı, publika üçün hesablanmış yazılar var. Bu şou-biznes aləmində də belədir. “Almalarınla” mahnısını “Qubanın ağ alması” ilə səhv salmaq olmaz ki... Ya Üzeyir Hacıbəyovu, Qara Qarayevi danmaq olarmı?

Eləcə də ədəbiyyatımızda bunu etmək olmaz axı, atam balası...

İndi bilmirəm ölən insanların ruhu inciyir, a yox...Ümumiyyətlə ruh incimə söhbəti o dünyada var, ya yox...Onu öləndə biləcəyik. Amma bir az insaflı olmaq lazımdı. Yerindən duran bir cənublu o tərəfdən, bir qarabağlı bu tərəfdən Səməd Vurğunu “an Azərbaycan” deməyin üstündə çək-çevirə salırlar. Belə getsə bir azdan deyəcəklər ki, Əhməd Cavad da himnimizi yazanda can sözündən çox istifadə eləyib.

Biri səfərə çıxır başına gələnləri oturub yazır bu olur roman, o biri nakam sevgi yaşayır, bir az da xarici mahnıdan-zaddan dinləyir, bir az da xarici ədəbiyyatı vərəqləyir. Səhər yuxudan durur deyir ki, şəhər nəsri belə, kənd nəsri belə...Soruşsan düz əməlli o xarici yazarların adını da bilməyəcək.

Atam balası, biz bilirik ki, ot kökü üstə bitər, sizinki deyəsən qazon otudu. Top da dayanmır üstündə. Ona görə mənəviyyatı, əsl sözü, əsl poeziyanı burdan ora ordan da bura vurursuz. Maşallah qapı yox, qapıçı yox, vur ki, vurasan...

Heç nə demirəm Səməd Vurğunun tərcümə ədəbiyyatımıza verdiklərini heç siz bir ömürlük yazı da yazsanız verə bilməzsiniz.

Mənim üçün “russkiyazıçnı”, “qruzinski oğlan” olublar.

Nəsə, sözümün canı odu ki, əsl sözə qara yaxmaq olmaz. “Qazaxşina” termini ona görə yaranıb ki, qazax ədəbiyyatı var və həmişə də olacaq. O torpağın, o suyun, o havanın təmizliyi, saflığı ləkə saxlamaz, atam balası...

Bir şair dostumun təbii ilə desək, qazaxlı Vaqif XVIII əsrdə böyük ədəbiyyat yaradanda Seymur Baycanın yerliləri Qasım bəy Zakirin diliylə desək, dana oğurluğu ilə məşğul idi.

Atam balası, di gedin, otarın quzularınızı...

P.S. Ramiz Rövşən düz deyib də: Kişilər bir olmur, atam balası...

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #