Xəyanəti unutmaq üçün

Xəyanəti unutmaq üçün
1 yanvar 2013
# 08:00

Cəmilə Kərim

Bunu daha dəqiq bilmək üçün həm yaşanan, ancaq indi yaşaya bilmədiyimiz xatirələri xatırlayan olmalıyıq, həm də unutmaq məcburiyyətində olanlardan olmalıyıq. Əlbəttə, bu hissləri yaşamış bir adamdan soruşsaq öz vəziyyətinin daha çətin olduğunu söyləyəcək.

Bəs nə üçün unutmaq və ya unudulmaq məcburiyyəti yaranır? Daha çox sevənlər arasında yaşanan bu problemlər nədən qaynaqlanır? Məncə yanlış seçimlərdən, birinin digərinə xəyanətindən, birinin o birinə güzəştə gedə bilməyəcəyi səhvlərdən, bir tərəfli olan sevgidən və ailələrin yanlış seçimləri qarşısında boyun əyməkdən yaranır.

Yəni həyatımızda bu qədərmi yanlış seçim, bu qədərmi bağışlanmaz səhv və xəyanət var? Təəssüflər olsun, bəli. Yaşadığımız, insanların çirkinləşdirdiyi bu həyatda bu gün kim bilir neçə xəyanət, bir xoşbəxtçiliyə son qoyan neçə səhv işlədildi. Unutmaq və unudulmaq acısı da elə burdan yaranır.

Bəzən seçim edərkən geniş düşünmürük. Bəlkə də düşünməyə qorxuruq. Çünki indi aldandığımız şirin xəyallardan ayılmaq istəmirik. Bu şirin xəyalların heç zaman bitməyəcəyinə aldanırıq. Əlbəttə, seçimlər fərqli olduğu kimi problemlər də fərqlidir. Minlərcə dəyəri olan nişan üzüyü kimisi üçün nəyinki barmağını sıxan, hətta ruhuna ağırlıq gətirən bir yük olduğu halda, kimlər üçünsə də barmağında sadə bir üzük olmasa belə onun var olduğunu xəyal etməsi ruhən sakitlikdi.

Kimlərəsə xoşbəxtliyin zərrə qədərini belə bəxş etməyən qızıl həriflərlə nikah şəhadətnaməsinə həkk olan imza, kimlərəsə də hələ o imza həkk olunmamış xoşbəxtliyin ən gözəlini yaşadır. Danmıram nikah sevginin ən önəmlilərindəndir, amma yalnız nikah demək sevgi demək deyil. Sevgi nikahdan belə əvvəl yaranan müqəddəs hissdir. Təssüflər olsun ki, bu gün gənclər bəyənməklə sevgini səhv salır və bu yolda tez qərar verirlər.

Sevgi bir insanı yalnız görünüşcə sevmək deyil, bir insanın saf ruhuna aşiq olmaqdır. Bir insanı nə qədər sevirsənsə onu həmişə yalansız, yanlışsız qalmağını istəyirsən. Bəlkə də vaxtı ilə onun üçün nələrdən keçib nə fədakarlıq etmisən. Gələcəyini onun xəyalları ilə süsləmisən. Amma onu ilk görəndə necə olub o cür sevmisən.

Onun dəyişkən xasiyyətini görəndə onu bağışlamır, onun bugünkü halını qəbul etmirsən. O demək deyil ki, sən onu sevmirsən, sadəcə onun bugünkü vəziyyəti ilə barışmırsan. Ona nə qədər nifrət bəsləsən də unuda bilmirsən. Xatırladığın xatirələri bir də yaşamaq istəyirsən, amma unutmaq məcburiyyətindəsən. Unutmağa çalışırsan, dəfələrlə özünə söz verirsən bu son xatırlamamdı deyirsən.

Amma son dediyin bir də yaşanır. Birdə...birdə. Beləliklə son dediyin sonsuza çevrilir. Amma sənin unuda bilmədiyin, indi qarşında duran çirkin hərəkətlərin baisi olan deyil, sənin unuda bilmədiyin, onu öz ürəyində yaratdığın səhvsiz, qüsursuz idealındır. Və ya ailənin seçimi qarşısında boyun əyərək xoşbəxt olacağın bir insandan keçib sənə ömür boyu əzab verəcək bir ömrü seçmək məcburiyyətindəsən. Bu zaman da unutmaq məcburiyyəti yaranır. İstər dostluqda olsun, istər sevgidə.

Onu unutmağın bir yolunu bəzən kimlərsə onu bir başqası ilə əvəz etməkdə görür. Amma unutma ki, onu əvəz edən şəxsi heç vaxt özü kimi görmürsən. Yerinə qoyduğun insan kimi görürsən. O insanı özü olduğu üçün sevmirsən, sevdiyinin yerinə olduğu üçün sevirsən.

Bununla da xəyanət edəni unutmaq üçün bu dəfə də sən bir başqasına xəyanət etmiş olursan. O insanı sevdiyinin yerinə qoyduğun üçün sevməyin o insan üçün xəyanət deyilmi? Bütün bunları anladıqdan sonra indi əzab çəkən səndən başqa biri daha olur-sevdiyinin və ya dostunun yerinə qoyduğun həmin şəxs. İndi çətin də olsa unutmaq məcburiyyətində qalan o olur.

Və yaxud son zamanlarda kütləvi informasiya vasitələrindən tez-tez eşitdiyimiz üsullardan biri olan intiharlar. Bəli, bu da sadaladıqlarımın doğurduğu pis nəticələrdən biri, bəlkə də ən acısı olan intihar. İntihar edən şəxs onun intiharına səbəb olan nöqsanları nə inandığı insana yaraşdırır, nə də bunu ona bağışlaya bilir. Bağışlamadığı qədər də unuda bilmir.

Bütün olanlara yaşadıqlarına etiraz əlaməti olan intiharı seçir. Bəs xəyanətə, unutmağa etiraz edən bu şəxs özü bu sadaladıqlarımı etmiş olmurmu? İlk öncə canına qıymaqla ona verilən can əmanətinə xəyanət etmiş olur, digər tərəfdən özündən sonra arxada buraxdığı insanları bir ömür xatırlamaq və unuda bilməmək acısıyla qarşı-qarşıya qoyur. Bəs çarə nədir? Çarə dərin düşünmək və düşünülmüş addım atmaq. Əsas olan həyatında kimlərinsə olması deyil, əsas olan bir ömür tərəfindən sevilə biləcəyin və sevə biləcəyin birinin olmasıdı.

# 10460 dəfə oxunub

Müəllifin son yazıları

# # #