Günəş qürub edərkən

Günəş qürub edərkən
3 avqust 2017
# 17:13

Günəş qürub edərkən

Bundan sonra necə davam edəcəkdim həyatıma? Onunla danışmasam belə, eyni şəhərdə yaşamağımız, eyni havanı udmağımız kifayət edirdi mənə. Daha bundan belə nəfəsi də olmayacaq, bu şəhərin havasını ciyərlərimin dibinəcən çəkəndə onun qoxusunu hiss etməyəcəm. Yəni hər şey bu qədər asandırmı? Lalə... Bir andaca elə yox oldu ki, sanki məmləkətdə belə bir insan olmayıb və mən dəli kimi qeyri-mövcud bir obyekti sevmişəm. Axı o vardı, həm də necə vardı... adamı ilk andan maqnit dəmiri çəkən kimi çəkən gözləri, çatılanda büs-bütün məmləkətin dərdini anladan qaşları, susqunluğu dünyanın ən mənalı söhbəti...

Xəbəri alan kimi özümü onu son dəfə görməyə yetirdim. Nə qədər müddətdir onu bu qədər yaxından görməyəli, gözəlliyi hələ də üzərində idi, amma gözləri qapalı olduğundan günəşim qürub etmişdi. Şümşad əllərini əllərimdə hiss etdim, istədim toxunub ovcuma alım, hər zamankı kimi ovuclarımda isidim onun buz kimi əllərini, amma izin vermədilər, toxunmaq olmazmış, paklanıbmış, cənazə qüsulu alıbmış. Camaatın kimliyimdən nigaran baxışlarını görməməkçün qapadım gözlərimi və bu qapıya ilk gəlişimi xatırladım: nərdivanda oturmuşdum o gecə, hələ haqqımda heç bir şey bilmirdi, hardansa gəlirdi və qapısına yaxınlaşıb evinə daxil olmaq istəyəndə məni gördü, hətta diksindi də, sonra bir az heyrət, bir az maraq dolu baxışlarla kimliyimi soruşdu. “Bu güllər sizə çatacaq” deyib daha tək bir kəlimə etmədən qaçıb getdim. Səhərisi isə Əsmər xaladan eşitmişdi sorağımı. Əsmər xala da köhnə arvadlardan idi, məni gələndə görmüşdü, hətta Laləni gizli-gizli güdməyimi də, amma sağ olsun, bu barədə heç nə deməmişdi ona. Onu tək narahat edən mənim yaşımın 24 olmasıydı.

Gözlərimi açanda Əsmər xalanı qarşımda gördüm, parça-parça idi qadın: “onu nə sənin baxışların, nə də mənim xəbərdarlıqlarım qoruya bilmədi,- deyib hönkürdü,- dəfələrlə xəbərdarlıq etdim ona, amma nə fayda, söz dinlədə bilmədim”.

Əsmər xala Lalənin həm yaxın dostu idi, həm də qabaqgörəni olub. Hətta bir gün həyatında mənim peyda olacağımın da proqnozunu vermişdi, Lalə də gülüşlə qarşılamışdı onun bu sözlərini. Əsmər xala o qədər əmin idi ki, onun həyatına gələcəyimə, hətta artıq eyvanda gözləyirdi məni.

- Vaxtdı, vidalaşın, xanımlar, vidalaşın, getməliyik, ölünü də intizarda saxlamayaq- deyə bir kişi qadınları cuşa gətirdi, elə bunu eşidəcək bütün xanımlar hönkürməyə başladı. Əsmər xala qoluma girib məni çölə çıxardı. Yenə həmin nərdivanda əyləşdim, ilk gündəki kimi. Onda gəlişini gözləyirdim, indi isə çıxışını. Ortaq dostumuz olan Emmi də orada idi, nə yaxşı oldu burda olması, qəbir üstə də onunla gedərəm, bir az Lalədən danışar mənə, 2 il idi onu görmədiyim, elə qəribsəmişdim ki onun üçün, sanki vətənimdən ayrı idim. O, Lalənin son günlər bir az fikirli və dalğın olduğunu dedi, məni soruşmağa qüruru yol vermirmiş, amma gözləri hey məni gəzirmiş. İşə bax, onun gözləri məni axtaran zaman görən mən hansı cəhənnəmdə olmuşam?

- Bilirsən, Murad, gərəkdir ki, əvvəl-axır bunu biləsən, Lalənin o sözü sənə deməsinin səbəbi anan idi. O özünə söz vermişdi ki, sənin anan bir də “oğlumu evə göndər” sözləriylə onun qapısına gəlməyəcəkdi. Bu sözləri eşitmək ona çox ağır gəlmişdi, o vaxtacan Lalənin qadın mənliyi əzilməmişdi.

Öz-özümə düşünürəm ki, axı necə ola bilər bu? Anam evlənməyimçün qız görüm-baxım edəndə ona hələ evlənmək istəmədiyimçün səbəb olaraq Laləni sevdiyimi demişdim, düzdür əvvəllər bir az nəm-nüm etmişdi, mənimlə dalaşmışdı, amma sonda “olacağa çarə yoxdur” deyib sevgimi qəbul etdiyini demişdi. Bəs tutduğu bu nə işdir, iki il mənim qovrulduğumu bilə-bilə gözümün içinə baxdı, həm də heç nə olmamış kimi. Hələ üstəlik mənə təsəlli də verirdi, onu tezliklə unudacağımı deyirdi, o tezliklə-bu tezliklə, iki ili haqlamışdım. Bəs görən bu xəbəri eşidəndə o nə hiss keçirib, azacıq da olsun vicdan əzabı çəkibmi, çox demirəm, azacıq da olsa? Emmi fikirlərimə aydınlıq gətirmək, yanğıma su tökmək məqsədilə:-“bunları sənə evə gedib ananla dalaşasan deyə demədim, bilirsən, belə etsən, Lalənin də ruhunu incidəcəksən, ananın da qəlbini qıracaqsan. O sənin anandır, mütləq ki sənin xoşbəxtliyini istədiyi üçün belə etmişdir, əminəm ki, qəlbinin dərinliklərində bu xəbərdən sonra sarsılıb. Sən də heç nə olmamış kimi həyatına davam et”- deyəndə elə bil bədənimə tok yeritdilər. Necə yəni heç nə olmamış kimi? Bir igidin ömrü qədər sevgi yaşamışıq, yaşadıqlarımız onun ölümündən sonra da ömrümün sonuna qədər yetər, di gəl ki, bunlar heç nə olmamış kimi deyir. Budur, gəlib çatdıq məzarlığa, səssiz-səmirsiz maşından düşdüm. Emmi son sözünə görə ona darıldığımı anlamışdı deyəsən. İçimi çəkə-çəkə, hikkədən dodaqlarım əsə-əsə təkrar etdim:-“heç nə olmamış kimi...”. Bir oğlan dayanmışdı, kim olduğunu bilmirəm, əlində onun şəkli. Bu şəkli də mən çəkmişdim, özü də xüsusi özünəinamla çıxmışdım qarşısına və çəkmişdim şəklini. Elə bilmişdi jurnalistəm, belə bilməsi mənim də işimə yarayırdı. Onunla ilk mübarizəm gözlərindən başladı: baxışlarımı qaçırmağa çalışırdım, daha sonra isə onu bəyəndiyimi gizlətməyə çalışırdım, amma mümkünmü?! Dünya halından anlayan bir insan mənim gözlərimin dərdini anlamayacaqdımı? Həyata olan küsgünlüyümün tam da bir addımlığında dayanmışdı ona olan sevgim. Dəfn prossesi başlayanda oranı tərk etmək istədim, bu səbəbdən üzümü çevirib maşına tərəf gedəndə, lənət olsun, yenə gözlərinə toxundu gözlərim. Bəlkə son ana qədər yanında olmağa haqqı olan yeganə adam mən idim. Gözlərinə baxıb məzəmmət edirdim onu lal kəlimələrlə. Bu qədər müddətdə məni özündən uzaq saxlamaq istedadını necə tapıb özündə? Hikkəmin bir səbəbkarı da əslində o idi, yəni təkcə anamın üzərinə düşməyim ədalətsizlik olardı, elə deyilmi?! O günü səhərə kimi içdim, ağladım, özümü ovutmağa heç nə yetmədi mənə. Nələrisə sındırıb dağıtmasam, rahatlıq tapmayacaqdım. Məsələ bundadır ki, o təkcə həyatımdan deyil, həm də eyni zamanda bədənimdən, gözümdən, ağlımdan, bir də, hə, bir də dodağımdan getmişdi.

Səhər pəncərədən düşən günəş şüasının qəlpələri gözlərimi deşdi, ayılanda gördüm ki, axırıncı alkaş kimi stolun üstündə yatıb qalmışam. Görəcək günlərim varmış. Elə bilirdim bu məmləkətə bir də günəş doğmayacaq, sən demə günəş də abrını itiribmiş, doğdu, həm də təkrar-təkrar doğdu-batdı, beləcə günlər yel olub əsdi üzərimdən.

Bir neçə gün sonra onun qoxusunu ala biləcəyim tək insanı- Əsmər xalanı görmək keçdi könlümdən. Qapının zəngini basmağımla açılması bir oldu, hər zamankı kimi gələcəyimi hiss etmişdi:

- Bilirdim gələcəksən. Yeddi gün də belə ötdü, - qapıda dayanmışdım hələ, yan qonşusunun qapısında qalmışdı gözüm, elə bilirdim qapının “çık” səsi gələcək və ... ,– sən də mənim kimi qəbul edə bilmirsən onun yoxluğunu,-deyib boynuma sarıldı. Onun qoxusu gəlirdi çöldən, bu qoxunu az qala yeyib-bitirəcəkdim. İlk dəfə tam qarşımdan keçəndə onun ətrinin necə olduğunu bilmişdim. Ondan yadlara məxsus spesifik qoxu gəlmirdi, bu da onun mənə heç də yad olmamasını düşünməyimə əsas verirdi. Sonralar fikir verməyə başladım ki, hər zaman lavanda ətri qoxardı, sanki gecə-gündüz lavanda içində yatır. Əsmər xalaya Emminin mənə dediklərini dedim, əsəbiləşdi onun xəbərçiliyinə, amma sonra o da Emminin dediklərini təsdiq edib:- “anana acığın tutmasın,-dedi,- olan olub, nə edəsən, o da anadır, yəgin onun qalmaqallı xəbərini oxuyandan sonra ürəyinə qara fikirlər girib. Yadındadır da Lalənin aeroportda polislə qalmaqalı? Camaat elə bilir ki, evini yarmağa girən oğrular tərəfindən öldürülüb, amma elə deyil. Xaricdən zir-zibil daşıtdırırdılar axı ona, yenə uğurlu olmadı, polis tərəfindən tutuldu, amma bu dəfə uzandı iş. Ağzını açıb heç nə deməsin deyə evə buraxılmağından istifadə edib işini bitirdilər. Mən də səsə çıxdım, amma gecikmişdim. Çox əzab vermişdilər ona,-hönkürdü,- demişdim ona, demişdim ki, səni çox qaranlıq görürəm, yolun yaman dolaşıq gəlir, getmə bu dəfə. Məhəl qoymadı mənə”. Uzun-uzadı söhbətdən sonra Əsmər xalayla sağollaşıb çıxdım. Eşitdiklərim mənə ağır yük olmuşdu, özümə gəlməyimçün havaya çıxmalı idim.

Onunla olan xatirələrimin məbədini dağıtdılar, baxmayaraq nə xəyallar qurmuşdum, elə bil hamısına top atdılar. Hava çox isti idi, adamın bədənindən son damla tərini də axıtmayanadək özünə qoyulmurdu. Göy üzünün yaratdığı mənzərə isə köhnəlmiş foto-şəkli xatırladırdı. Maşını saxladığım yerə az qalmış park gördüm, kölgəlik yer də vardı, özümü həmin yerə zorla çatdırdım. Əyləşib ətrafa nəzər yetirdim, uşaqlar oynayırdı, yelləncək az olduğundan valideynlər növbəyə durmuşdular. Qulağımın ucuyla onun ölümündən danışdıqlarını eşidirdim, hərə öz təbiriycə müəyyən fikirlər yürüdüb, Lalənin ölümünə şərh verməyə çalışırdı. Qadın millətidir də, nə desən, boş, çarəsi durub eşşək sudan gəlincəyə qədər çırpmaq idi. Sonra özümə toxtaqlıq verdim ki, millətin ağzı torba deyil, qapayasan. Əlbəttə hərə bir şey danışacaq, hansına söz çatdıracaqsan ki? Öz həqiqətin özünə bəsdi, başqaları onsuz da danışıb-danışıb bezəcəklər. Qarşıdakı iki boş skamyadan birinin üzərinə daraşmış sərçələrin səsi sükutumu pozdu. Yaman ac idilər, dimdikləri boyda olan tikədən ötrü bir-birinin başına qonurdular. Bu mənzərədən xeyli xoşhal olduğumdan heç ərinməyib yaxınlıqdakı şirniyyatçıdan iki dənə smit alıb bayaq oturduğum yerə geri döndüm və başladım onlara smit qırıntıları atmağa.

Onunla ayrıldığımızdan bəri bura addımını belə atmamışdım, gözlərim bunca dəyişikliyə mat qalmışdı. İndi park saldıqları yerin tən ortasından illər öncə mən Laləni izləyirdim. Həmin o yer Lalənin evinə çox yaxın idi, daha dəqiq, burdan onun eyvanı çox rahat görünürdü. Mən də onu gizli aşiqlər kimi güdür, baxışlarımla evə gətirib qoyur, binaya daxil olan kimi isə hərlənib indiki yerə gəlirdim. Əvvəllər bura ağaclarla sıx örtülmüş vahimə dolu qapalı bir yer idi. Hətta adamlar arasında söz-söhbət də gəzirdi ki, guya kimsə kimisə öldürmək istəyəndə məhz bura gətirərmiş, yəni bu qədər vahiməli və xəlvəti bir yer... Mən isə bu sözləri qulağımın bir tərəfindən alıb o biri tərəfindən verirdim, ta ki həmin gecələrin birində bu meşə kimi yerdə 3 nəfər mənə yaxınlaşıb pul qabımı onlara verməyimi tələb edib, verməyəcəyim halda bədənimi aşsüzənə döndərəcəkləriylə hədələyənədək. Onlarla əlbəyaxaya çıxmışdım, səsə polislər də özlərini yetirmişdilər. Səhəri bütün məhəllə məndən danışırdı, hətta Əsmər xala da “gədə” deyirdi, ağzından düşmürdüm. Mənim üç nəfərə güc gəlməyimdən ağız dolusu danışıb dil boğaza qoymurdular. Lalənin mənim haqqımda aldığı ilk məlumat elə bu idi, elə bu hadisəylə varlığımdan xəbərdar olmuşdu, amma adımı Əsmər xalanın sayəsində “gədə” olaraq xatırlayırdı.

Bu ağac... bu ağac da yerində dururdu, görən nə əcəb kəsməyiblər? Bəlkə üzərində yaşayan sevgi etiraflarına qıya bilməyiblər? O günləri xatırlayanda çatma olan qaşlarım bir az da çatıldı, adətən doluxsunanda bu sifətə düşürəm. Bəlkə də bir tək mən bu ağaca öz sevgi etirafımı yazmamışdım. Əllərimi tənbəllikdən ütüləməyib, əzik-üzük geydiyim şalvarımın cibinə qoyub ağaca söykəndim. Anamın verdiyi sual həmişə qulağımı batırır:-“bu boyda ölkədə qız qəhət idi ki, gedib anan yaşında qadına ilişdin?”. Anamçun heç bir dəxli yox idi ki, mən Lalənin ürəyini çox gec ala bilmişdim. Bu boyda əziyyətimin qarşılığında “ilişdin” kəliməsini eşitmək məni əzirdi, axı mən ilişməmişdim, sadəcə bağlanmışdım... Hələ onu ilk dəfə öpməyim... O öpüşdən sonra blokda məni kimsə görməsin deyə tez evə salmışdı və məni danlayıb, təhqir edəcəyini, üstəlik yağlı şillə yeyəcəyimi düşündüyüm halda, o sadəcə susmaqla qarşılıq vermişdi. Soyuq bir qış gecəsiydi, öpüşümlə onu işitmişdim, elə isitmişdim ki, evdə yanan kamin də qələt edir. Çırtıltıyla yanan odunlar danışaraq səssizliyin dibindən böyük bir boşluğu dartıb çıxarırdı. Çox pərt idi, gözlənilməz olmuşdu onun üçün, üzünü pəncərəsinə söykəyib durmuşdu. Arxadan ona yaxınlaşdım, həmin pəncərəydi ki, o burdan baxanda mən onu görürdüm. Ona toxunmağa cürət etmədim, sadəcə şüşədəki əksiylə göz-gözə qaldıq. Qulağına qısılan kəlimələrdən utanıb səsimi çıxarmadım, halbuki alt tərəfi bir sevgi etirafı edəcəkdim. Sussa belə, bir ömür bəs edər, gözləri danışırdı, həm də durmadan.

Bir qoca qadın əsə-əsə gəlib özünü verdi yanıma, dərdləşməyə adam gəzdiyi hər halından bəlli idi, elə əyləşməyiylə də salamsız-kəlamsız dərd boğçasını açmağı bir oldu:

- Gəlin gətirdim ki, dayağım olsun, təkliyimi unudum, day da var-yoxdan çıxardı məni, özümə də qapını göstərdi, indi küçələrdəyəm. Getmişəm kiryə, pensiyam elə evin puluna gedir, kim də beş-üç manat verir, uşaq kimi sevinirəm...- arvadı dinləyirdim, amma öz havamda idim, eşitdiyim həqiqətlər illərlə rahatlığımı əlimdən alan qaranlıq məqamlara işıq salmışdı. Sən demə Lalə məni sevirmiş, o sözləri sadəcə dildə deyibmiş. İndi bundan belə həyatıma necə rahat, qaldığım yerdən davam edə bilərəm axı? Uzun zaman ürəyimdə böyük bir yer tutub məni qürur etməyə məcbur edən yalanlar həqiqətlə toqquşmuşdu... - halbuki evin kiryəsinə verdiyim pensiyamın pulu mənim başımdan gəlib, ayağımdan gedərdi. İndi mer-meyvəyə, ətə baxa-baxa qalıram, ala bilmirəm. Oğlum da ki oğraş çıxdı, arvadağız- qadına axıracan qulaq asmayıb ayağa qalxdım, əllərimi cibimdə gəzdirib xırda pul tapmadım. Cüzdanımı çıxarıb içindən beş manat götürüb qadına verdim, yenə əllərimi cibimə qoyub yola düzəldim.

Ondan sonra nə boyda boşluq qalmışdı. Əlimi hara atsam, hara getsəm, ona toxunurdum. Başımı dizinə qoyub yatanda bütün yorğunluğumu unudurdum, iki ildir ki, yorğunluğum çıxmır canımdan. Onunla ilk dəfə sevişəndə həyəcandan titrəməyim “birinci dəfədir?” sualıyla qarşılaşmışdı. “Sevdiyim qadınla hə!” deyə cavab vermişdim və... Doğrudan da bütün ilklərim onunla olmuşdu, çünki sevdiyim ilk qadın idi.

O ana qədər özümü unudulmaz hesab edirdim. Nə biləydim eqom yerə çırpılacaq, gümanımda yanılacağam? Birdən qənim kəsildi mənə, bütün səbəbsiz gileylərini yağdırdı üstümə. Demə anam etmişdi edəcəyini. Paslaşıb, top kimi ora-bura atmışdılar məni, amma soruşan olmamışdı ki, ay alçaq, sən necə istəyirsən?

Zaman keçmək bilmədi onsuz, yavaş-yavaş qürur damarıma basıb insanların üzünə gülməyə başladım. Bu məndə əla alınırdı, heç kəs hiss etmirdi Laləni sevdiyimi və ürəyimdə sanki kömür köz etmiş kimi bir yanğın olduğunu. Özümü qapadığım otaqları azad etdim ahımdan. Bunu heç düşmən düşmənə etməzdi, necə ki o etdi. Heç rəvamıdır ki, sən ürəyin istədiyi zaman gəl gir həyatıma, sonra heç nə olmamış kimi çıx get, düşünmə ki, bu şərəfsiz mənsiz necə edəcək? Yemək yeyəcəkmi, yata biləcəkmi, kimlə sevişəcək, başqa bədənə isinə biləcəkmi? Bir müddət eləcə sərgərdan gəzdim küçələrdə. İti quyruğundan bağlasan, durmayacağı bir havada mən itdən betər süləndim küçələri, amma fırlanmadım onun evinin həndəvərinə. Getmək istəyən ayaqlarımı daşa, ağaca çırparaq əzab verirdim. Yəni özümə əzab verməyimin adı idi Lalə. Hər kəs bir az ondan danışdı, hər kəs bir az ondan susdu və iki il başa çatdı.

O xəbərdən sonra da bir neçə gün evimə gedən yollardan uzaq qaçdım, anamın zənglərinə cavab vermədim. Çox bədbəxt insanam, anamın gözündən də itə bilmirəm, dərhal narahat olmağa başlayır, ürəyi ağzına gəlir, ona da qıya bilmirəm. Qapını döyməyə macal tapmamış anam artıq qapını açdı, ağlayıb ayaqlarıma qapandı:-“xəbəri eşidən kimi gic oldum, elə bildim...”- dili varmadı cümləni bitirməyə.

- Elə bildin özümü öldürmüşəm?

- Hə.

- Səncə yaşayıram ki? Tüpürüm belə yaşamağa. Boğulurame, düşünəndə ki, o yoxdur, nəfəsim kəsilir, ürəyim bulanır, qarnım sancılanır. Belə varlığım səni qane edirmi?

- Hə... Necə ki sənə onun sadəcə nəfəsi yetirdi, mənə də eləcə, sənin quruca nəfəsin də yetir.

Bir neçə il sonra anamın bəyəndiyi həmin qızla evləndim, nolsun adı Lalə deyildi, nə olsun günəş gözlü deyildi, nə olsun onun kimi sevişə, dadlı yeməklər bişirə bilmirdi. Ortaq söhbətimiz olmasa belə, ortaq övladlarımız-bir oğlan və bir qızımız olmuşdu. Yox, yox, elə bilməyin qızımın adını Lalə qoydum, amma inanmazsız, qızım da oktyabrın 5-i doğulmuşdu deyə, onu ilk dəfə qucağıma götürəndə gözlərinə baxmışdım. O da günəş gözlü idi, gözləriylə danışırdı. Bilirsiz nə deyirdi?

- Mən onun kimi tez qürub etməyəcəm, mən sənin əbədi parlaq günəşin olacam!

# 3135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #