Səidə Haqverdiyev: "Ömür" povesti SON HİSSƏ

Səidə Haqverdiyev: "Ömür" povesti  SON HİSSƏ
10 aprel 2013
# 15:07

I hissə

D Ə Y İ R M A N

Atasından qalan var-dövlətə hökumətin qorxusundan ev-eşik düzəldə bilməsə də, qanında olan alicənablıq, tərbiyə, qanacaq sayəsində Əli yaşıdları arasında özünə çoxlu dostlar, el-oba içərisində hörmət-izzət qazanmışdı. Ancaq heç kəs onun bəy nəslindən olduğunu bilmirdi.

Artıq dörd il olardı ki, Ağdamın Çəmənli kəndində kasıb bir evdə kirayə qalır və dülgərlik edirdi. Darıxanda gedəcək yeri dostu Məmmədin dəyirmanıydı. Burada həmişə qələbəlik olardı. Un almaq üçün növbəyə duran kim, taxıl üyütmək üçün kisələri içəri daşıyan kim. Belə hallarda Əli həmişə Məmmədə əl tutar, növbənin çox böyüməsinə imkan verməzdi.

Günlərin birində un növbəsinə duran adamların içərisində, qucağında körpə uşaq olan ucaboy, mavi gözlü, sarışın gözəl bir qadın Əlinin diqqətini cəlb etdi. O, astaca Məmməddən soruşdu:

-O kimdir?

-Sarı qızı deyirsən?

-Hardan bildin?

-Çünki burada hamı onunla maraqlanır. Qonşu kəndəndi, Qara Hüseynin adın eşitmiş olarsan, onun bacısıdı, bəy nəslindəndi, bizim kimi dəyirmançı balası deyil. Babaları Ağdamda adla tanınıb, yaxşı var-dövlətləri olub. Amma indi həyətlərində qulluqçuluq eləyən adamlarla un növbəsinə durur.

-Əri yoxdu bəyəm?

-Ərə getməyib

-Bəs uşaq?

-Bacısınındı, həmişə bu uşaqla gəlir.

-Bəs bu un çuvalını tək necə aparacaq?..

-Eşşəyə yükləyəcək.

-Hava çox soyuqdu, Məmməd, onu tez yola sal getsin.

-Sən nə danışırsan, camaat öldürər məni, burda sübh tezdən növbəyə duranlar var.

-Onda mənim payıma düşəni ver.

-Boy, hələ axşam olmayıb axı…

-Narahat olma, mən axşama kimi sənə kömək edəcəm.

-Əli, sənə bir qardaş məsləhəti verim: ondan uzaq dur. Onunla evlənmək istəyən o qədər adam var ki, sən birinci deyilsən... Heç kimə üz vermir. Vaxtını boşa vermə.

Əli nəzərini yerə dikən və soyuqdan tir-tir əsən qıza yaxınlaşıb:

-Mənim bir az buğdam, bir az da unum var, əgər istəyirsənsə, onu verim sənə, hava çox soyuqdu, bir az da gözləsəniz uşaq donacaq...

-Bəs siz?

-Mən onsuz da axşamacan burdayam, sizin payınızı mən alaram. Bir çuval un bəs eləyər sizə?

-Əlbəttə bəsimizdi. Onsuz da mən bir çuval un alıram.

-Yaxşı, gözləyin gətirim.

Əli çuvalı uzunqulağın belinə yüklədi. Qız sevinə-sevinə, Əliyə çox sağol belə demədən, palçıqlı yolla evlərinə tərəf yollandı.

Əli içəri girən kimi yekəpər bir oğlan Əlinin yaxasından tutub kənara çəkdi:

-Bura bax, qaqa, sən kimsən bilmirəm, amma o qızın həndəvərində dolaşma. O qız mənimdi, bildin!

Əli təmkinini pozmadan:

-Doğrudan, bəs alacağın qıza niyə kömək etmədin, öz qarnını güddün.

-Mənə bax, gədə, bu dəqiqə sənin dərini boğazından çıxararam!

“Gədə” Qarabağda ən ağır söyüşlərdəndi. Əli bu sözü eşidəndə oğlanın ağzına elə bir kəllə vurdu ki, onun aqız-burnu qanla doldu. Adamlar tez araya girib onları ayırdılar. Qoca bir arvad əlini göyə qaldırıb:

-Bircə bu qarabaxtı kimsə alsaydı, kənddən dava yıqışardı - dedi.

Əli hirsli-hirsli, lakin gülümsünərək qarıya baxıb:

-Onu alıb aparan olacaq, elə bu gün!

Məmməd Əlini kənara çəkib:

-Əli, qadan alım, get evə,ununu özüm gətirəcəm, sən allah get, – deyə yalvardı.

-De görüm, o qız hansı kənddəndi?

-Lazım deyil, Əli.

-Deməsən, özüm axtaracam kəndbəkənd!

- Gülablıdandı, adı da Abuteldi…

-Yaxşı, mən getdim, yəqin yaxınlarda toyuma çağıraram səni…

***

Bu nə idi, ürəyi niyə belə titrəyirdi, dizləri niyə əsirdi, bədənini sanki ildırım vurmuşdu, bir yerdə qərar tuta bilmir, sanki uçmağa qanad axtarırdı. Əli bu yaşına çatmışdı, lakin belə hisslər keçirməmişdi.

O, səhər açılar-açılmaz ən yaxşı paltarlarını geyindi, çəkmələrini boyadı, əllərini isladıb tellərini daradı və yollandı Gülablıya. Kəndin tək-tük evlərinin hasarları daşdandı, qalan bütün evlərin hasarları, demək olardı ki, taxtadan, qarğıdan çəkilmişdi. Həyətlərin içini rahat görmək olurdu... Əli Abdal kəndində yaşayan dostu Ömərdən xahiş etmişdi ki, Gülablıya bir yerdə getsinlər. Abdal və Gülablı kəndləri bitişik kəndlərdi. Bu kəndlərin sakinləri biri-birilərini yaxşı tanıyırdılar. Əli fikirləşdi ki, Ömərlə bir getsə, heç kim yad adamın kəndə niyə gəlməsiylə maraqlanmayacaqdı.

Nəhayət ki, Gülablı kəndinə gəlib çıxdılar.

Ömər:

-Deyirəm, lap oyunsan ey, camaat yuxudan oyanmamış biz elçiliyə gəlmişik…

-Eybi yox, mən bu dəqiqə bir kəsmə-şikəstəylə onları oyadaram.

O, əlini qulağının dibinə qoyub, yanıqlı bir səslə oxumağa başladı.

Əzizinəm uludu,

Axar sular qurudu.

Dərdlilər dərdimi bilsə,

Öz dərdini unudur.

Əlinin zil və gözəl səsi vardı. Təəccüblü də olsa, bu vaxtacan heç Ömər də onun oxumağını eşitməmişdi.

Doğurdan da bütün kənd yuxudan oyandı. Axı, qarabağlılar gözəl səsin vurğunudurlar… Hamı hasardan boylanıb baxır, bu səsin sahibini görmək istəyirdi. Ağsaqqal bir kişi özünü saxlaya bilməyib dilləndi: “Var ol, yaşa, ürəyimin sarı siminə toxundun. Belə səs ancaq sevgiylə dolub-daşan ürəkdən qopa bilər!”

Bu sözlərdən Əli utandı, Ömərin arxasına sıxıldı.

-Əli, bu nə səsdi belə, ayağımın altından yer qaçdı! Sənin sirrini ağsaqqal, deyəsən, hamıdan tez başa düşdü. De görüm, bu kəndə kimə görə gəlmişik?

-O bir mələkdi – gözəgörünməz, o bir röyadı – izi görünməz, o bir arzudu - adı bilinməz, o bir həyatdı – yayı, payızı, qışı, yazı bilinməz!

-O bir Məcnundu – avazı bilinməz… A balam, bəlkə mənim qohumlarımdandı? Bu kəndin hamısı bizə qohumdu.

-Bu ev kimin evidi?

-Mahmud kişinin... Dayan, dayan, olmaya sən onun baldızına vurulmusan?

Əli heç nə demədən dırmaşıb hasardan içəri boylandı... Abutel həyətdə qab sürtürdü.

Ömər Əlinin ətəyindən dartıb:

-Əli, ay Əli, neynirsən, dava axtarırsan, olmaz axı... – deyə təlaşla pıçıldadı.

-Axtardığım yar idi...

-Yetirdi pərvərdigar?

-Özü də necə! – Əli sevincindən sanki divardan aşacaqdı. Birdən bərkdən qışqırdı:

-Ay ev yiyəsi, ay ev yiyəsi!

Abutel başını qaldırıb hasardan boylanan adama baxdı, Əlini tanıdı, amma heç təəccüblənmədi. Sanki onun gələcəyini bilirdi.

Mahmud kişi həyətə çıxıb hay verdi:

-Kimdi, a bala?

Əli:

-Yol adamıyıq... – deyib öskürdü, - boğazımız quruyub, bizə bir stəkan su...

-Su niyə, buyurun gəlin içəri, samovar qaynayır, bir stəkan çayımızı için.

Əli tez içəri keçdi. Ömərsə çəkinərək kənarda durdu. O çox narahat idi. Əlinin necə dəliqanlı bir oğlan olduğunu bilirdi. Qorxurdu ki, Əli bu kəndə niyə gəldiyini Mahmud kişiyə deyər və... ara qarışıb məzhəb itər.

-Ay oğul, sən niyə aralıda durmusan, keç içəri, yaman tanış gəlirsən, kimlərdənsən?

-Allahverdinin qardaşı oğluyam.

-Booy, deyirəm də, suyun şirin gəldi, keç, oğlum, keç, yad kimi durma. Eh, ay bala, bu hökumətin evi yıxılsın, ölkədə qıtlıq baş alıb gedir. Bəylərin, ağaların, elə kasıbların da... var-dövlətin alıb yedizdirdilər ruslara. Camaat bir tikə çörəyə möhtac qalıb.

Mahmud kişi zəmanədən, dövlətdən etdiyi giley-güzarın qonaqlara xoş gələcəyini güman etsə də onların qulaq asmadığını duydu. Ömərin gözü həyəcan içərisində Əlidə, Əlininsə gözü Abuteldə idi. Bu, Mahmud kişinin diqqətindən yayınmadı.

-Hə, bala, çayınızı içdinizsə, yolçu yolda gərək...

Ömər cəld ayağa qalxıb:

-Hə, sizi də işinizdən qoymayaq, – deyə üzünü Əliyə tutdu, - biz də tələsirik, Allah süfrənizi bol eləsin.

Əli qəfil ciddiləşdi və:

-Yox, mən tələsmirəm, - Mahmud kişiyə xitabən: -Bura gəlişimizin səbəbini sizə demək istəyirəm.

Mahmud kişi dünyagörmüş adam idi, nəzərlərini yerə dikib astaca dilləndi:

-Lazım deyil, bala, mən bilirəm nə deyəcəksən, amma bu, alınan iş deyil.

-Yox, Mahmud kişi, mənim fikrim ciddidir, sizin baldızınızla evlənmək istəyirəm, o da yetimdi, mən də…

Mahmud kişi əlini başı bərabəri qaldırsa da barmaqlarını yumruq şəklində sıxıb yerə endirdi. Astaca, lakin qətiyyətli səslə dilləndi:

-O, yetim deyil. Bir də səni buralarda görməyim! Onun nişanlısı var.

Ömər Əlini darta-darta küçəyə çıxardı.

-Gedək, qardaş, bu qızdan sənə yar olmaz...

Əli qəfil Ömərin əlindən çıxıb yenidən hasara dırmaşdı və bərkdən qışqırdı:

-Mahmud kişi, onsuz da o qız mənim olacaq...

Ömər Əlinin qolundan tutub oradan uzaqlaşdırdı.

-Mənə bax, dost, bu işin axırı yaxşı görünmür.

-Özümü saxlaya bilmədim, bağışla. Görəsən, o kimə nişanlıdı?

-Mənim bildiyimə görə, onu kənd sovetliyində işləyən qoca bir kişiyə vermək istəyirlər.

Əli xeyli fikrə getdi, dodağının altında nəsə dedi, bəxtindən gileyləndi və düz Ömərin qarşısında dayanıb:

-Mən bu kənddə qalıram, Ömər! - dedi. - Odunçuluq edəcəm, bənnalıq edəcəm, əlimdən hər iş gəlir.

A B U T E L

Əlinin qərarı qəti idi – Gülablıda özünə yeni yurd-yuva qurdu. Qısa zamanda yerli adamlarla qaynayıb-qarışdı. Meşələrdən odun qırıb satmaqla gün-güzəranını düzəltdi. Ən əsası isə fürsət düşən kimi Mahmud kişinin evinin ətrafında dolaşar, Abuteli görmək üçün oralarda vurnuxardı. Abutelsə qətiyyən ona məhəl qoymaz, yeri gələndə hətta acılayardı da. Abutel üçün Əlinin o biri oğlanlardan heç bir özəlliyi yox idi.

Bir gün Abutel kəhrizdən gələrkən Əli onun qabağını kəsib:

-Bilirsən ki, sənin dərdindən dəliyəm, öl desən - ölərəm, yan desən – yanaram! Bircə kəlməni eşitmək, səsini, nəfəsini duymaq üçün dünyanı verərəm!

Abutel başını qaldırmadan:

-Deyirsən, nə desəm elərsən?

-Əlbəttə elərəm!

Abutel sınayıcı nəzərlərlə Əlinin üzünə baxıb:

-Əgər məni sevirsənsə, çıx get bu kənddən. Səni and verirəm ölənlərin goruna, get, sən getsən, mən də dinclik taparam…

-Axı, nə üçün, nədir günahım?!

-Bilmirəm, daha sənlə qarşılaşmaq istəmirəm.

-Demək, məndən zəhlən gedir?

-...

-Yaxşı, sən deyən olsun. Bir-iki günə köçərəm, amma sənə bir sual verə bilərəm?

-Nə sual?

-Bilmək istəyirəm, sənin kimi gözəl, cavan bir qız dul, qoca kişinin nəyinə ərə getmək istəyir?

-Əgər sevirsə - gedər. Gözümdə ondan başqası yoxdur.

-Yaxşı, get, sənə xoşbəxtlik arzu edirəm…

Abutel gözləri yaşla dolan Əliyə baxıb gülümsədi:

-İnşallah xoşbəxt olaram…

***

Ev sanki Əlinin başına uçacaqdı. Özünə yer tapa bilmirdi. Abutelin sözləri bütün ümidlərini puç etmişdi. “Bəs, o təbəssüm? O niyə gülümsədi? Məni sevmirdisə, o təbəssüm nə idi?” Dolaşıq fikirlər, təzadlı anlar onun qəlbini gəmirirdi.

Əli Abutelə söz vermişdi – getməliydi. Evdə yır-yığış eləyib dostu Muradla sağollaşmağa getdi. Qapılarına yaxınlaşmışdı ki, Muradla doqqazın ağzında rastlaşdı.

Murad:

-Nə yaxşı oldu, Əli, nənəm xəngəl süzür, keçək içəri, qaynanan səni çox istəyəcək.

-Eh, Murad, nə anam var, nə qaynanam… Bağrımın başında yara yer saxladım, yara yeri qazandım…

-Nə yaman sızlayırsan, ay Əli?! Səni heç belə görməmişdim – həmişə deyən-gülən…

-Bəs eşitməmisən:

Əziziyəm, qəmdə gül,

Qəmdə danış, qəmdə gül.

Şadlıqda gülən könül

Mərd, igidsən - qəmdə gül.

-Murad, elə səninlə sağollaşmağa gəlmişdim, Çəmənliyə qayıdıram.

-Niyə, kimsə xətrinə dəyib?

-Yox-yox, sadəcə məni bura çəkib gətirən qüvvə indisə geri itələyir.

-Bildim-bildim. O qızın bütün ixtiyarı Mahmudun əlindədir. Mahmud da Nuh deyir, peyğəmbər demir.

-Yox, Murad, qiz istəməsə, verməzdi. Mən də sənin kimi düşünürdüm, bu gün özü mənə dedi ki, onu sevir.

-Bəlkə qorxusundan deyib...

-Kimdən qorxur, Mamuddan? Heç inanmağım gəlmir. Nə isə, sən atını bir neçə günlük mənə verə bilərsən?

-Bu nə sözdü, tövlədədi, nə vaxt istəyirsən götür.

-Sabah yola düşəcəm…

-Dayan görüm, belə tez niyə?

-Vaxtında getməyim məsləhətdi.

Əli bütün gecəni Muradla dərdləşdi, səhərə yaxın öz daxmasına gəldi. Dan yeri ağarmamış yuxulu-yuxulu düşdü yola. Atı mahmızlayıb mümkün qədər buralardan tez aralanmağa çalışırdı. Lakin kənddən çıxmamış at onu yıxdı. Bərk yaralandı, huşunu itirdi.

Həkim bildirdi ki, bir müddət yeriməyəcək, çoxlu sınıqları vardı. Kimsəsizlik Əlini yamanca sıxırdı – qohum-əqrəba yox, Gülçöhrə arvad rəhmətə getmiş, ürək qızdıran, can yandıran qəhətə çıxmışdı. Lakin Murad və digər dostları Əlini tək qoymadılar. Muradın nənəsi Həcər nənə hamıya təşəkkür eləyib bildirdi ki, Əliyə öz balası kimi baxacaq, ayağa duranacan onun yanında qalacaq.

Beləcə günlər keçir, Əli yavaş-yavaş özünə gəlirdi. Bir gün Həcər nənə Əlini tək qoyub öz evinə getməyə hazırlaşırdı ki, üst-başını dəyişsin. Bu zaman taxta qapı astaca açıldı. Əli:

-Həcər nənə, nəsə yadından çıxıb?

Səs gəlmədi, Əli başını qaldıranda gözlərinə inanmadı. Abutel düz qapının ağzında durub ağlayırdı.

-Gəlmisən görəsən ki, nə günə düşmüşəm…

Abutel Əlinin tikanlı sözlərinə qulaq asmaq istəmədi, üzünü çevirib gedəndə Əli yanıqlı səslə oxudu:

Öldü bulbul - soldu gül, istər ağla, istər gül!

Abutel hönkürərək qapıdan çıxdı. Əli bilərəkdən onun qəlbinə toxundu ki, dərdinin üstünə dərd gətirməsin, gözünə görünüb ürəyini dağlamasın.

Həmin gecə möhkəm qar yağırdı, hava yaman soyumuşdu. Sobaya atmağa bir-iki odun qalmışdı.

-Həcər nənə, deyəsən, odunumuz qurtarıb...

-Narahat olma, bala, Murada demişəm, gətirəcək. Sən rahat yat...

-Deyəsən, qapı açıldı, yəqin Muraddı.

Həcər nənə qapıya çıxdı və gözlərinə inanmadı - gələn Murad yox, Abutel idi.

Abutel əlində bir bağlama içəri daxil oldu...

Həcər nənə:

-Bıy, başıma xeyir, - deyib dala çəkildi. – Bala, xeyir ola?

-Gəlmişəm ki, burda qalam…

-Sənin başına hava gəlib? Milləti qana salmaq istəyirsən?!

-Daha heç nə vecimə deyil!..

Həcər nənə bu hənanın o hənadan olmadığını görüb, söhbəti başqa səmtə yönəltmək istədi:

-Bunun gününə bir bax... o səni alacaq haldadı?

Abutel Əlinin qarşısında dayanıb onun gözlərinin içinə baxdı və:

-Məni hələ də istəyirsən? – deyə gözləri dolmuş halda soruşdu.

Əli yataqda uzanıqlı halda Abutelin əllərindən tutdu və gözlərini sıxaraq:

-Sən mənim mələyimsən, sən mənim həyatımsan, sən gəldinsə, daha mən yataqda qala bilmərəm! - deyib, cəld ayağa durdu.

Həcər nənənin saçlarından öpüb dedi:

-Abırsızlıq etdim, bağışla, nənə, sənin zəhmətini heç vaxt itirmərəm!

-Bundan sonra nənəyə əziyyət vermərik, icazə ver yanında qalım. Sənə özüm qulluq edəcəm…

-Ay qız…

-Mən hər şeyi götür-qoy etmişəm, - deyə Abutel Həcər nənəyə sözünü bitirməyə macal vermədi.

O gecə ilan vuran yatdı, nə Əli, nə Abutel, nə də Həcər nənə yatmadı. Səhərin açılmasını heç istəmirdilər. Çünki bu səhər adi səhərlərdən olmayacaqdı...

Bütün kənd Abutelin dalınca gəlmişdi. Abutel əlləri dəyənəkli, silahlı, gözü qızmış adamların qarşısına çıxıb:

-Mən özüm gəlmişəm, onu istəyirəm, burdan da heç yana gedəsi deyiləm, bu qapıdan mənim meyidim çıxacaq! - deməsiylə camaatın ona hücum çəkməsi bir oldu.

Biçarə qızın saçından tutub həyətdə sürüməyə başladılar. Qadınlı-kişili hamı onu söyür, əllərinə keçəni başına çırpırdılar. Əli yerindən tərpənə bilmədiyindən sürünə-sürünə həyətə çıxıb Abuteli azğınlaşmış kütlənin əlindən almaq istəyəndə onu da Abutelin gününə saldılar. Bu zaman özlərini yetirən Əlinin dostları olmasaydı, yəqin ki, hər ikisini öldürəcəkdilər. Kütlənin əlindən xilas olan Abutel orağı götürüb boğazına tutdu və bərkdən hayqırdı:

-Əgər yaxınlaşsanız, sizi də, özümü də öldürəcəm! Çıxın gedin, bir Allah şahiddir ki, mən pis heç nə eləməmişəm!

Elə bu an Həcər nənə kənd mollasıyla həyətə girdi.

-Heç kəs narahat olmasın, onlar evləniblər, bu da molla, indicə kəsəcək kəbinlərini, -deyib adamların üstünə qışqırdı. - Di çıxın gedin evinizə, heç kim namusunu küçəyə atmayıb.

Yerdən kəlayağını götürüb, Abutelin başına örtdü.

-Namus-namus deyirsiz, amma bu qızın örpəyini ayaqlar altına atırsız. Mən ağbirçək adamam, axşamdan burdayam, əgər burda əxlaqsızlıq olsaydı, mən buna yol verərdim sizcə?!

***

Ömür Allah əmanətidi. Bu iki dəliqanlı gənc ömürlərini bir-birinə bağladılar. Evləndilər. Əli yuxularında həmişə rahatlandığı atası Nəriman bəyin evi kimi, böyük həyəti olan kürsülü bir ev tikdirdi. Həyətində də eynən, uşaqlıqda yediyi və hələ də dadı damağında qalan bir tut ağacı əkdi.

Əliylə Abutel sevgisi dillərdə dastan oldu. Hamı onlara qibtə ilə baxırdı. Ancaq görünür, başqa gözlə baxanlar da varmış… Abutel ikinci uşağını dünyaya gətirəndə…

O, Aminəni cəmi bircə gün görə bildi. Əlinin Abutelli ömrü burda sona yetdi. Ömrü boyu o, Abutellə olan xoşbəxtliyini arayıb-axtardı. Onun ətrini, bütün gözəlliyini bəxş etdiyi qızı Aminədən almaq istədi, lakin Aminə də onun ömründən tez silindi. Nə etmək olar, həyat ömürdən pərvazlanan ruhlarımızın əbədi məskənidir, ruhumuz yaşasın!..

S O N

# 2147 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #