Cinsi ayrı-seçkilik mətbəximizdən başlayır

Cinsi ayrı-seçkilik mətbəximizdən başlayır
7 avqust 2013
# 13:00

Dünən qonaq olduğum evdə maraqlı bir hadisə ilə qarşılaşdım. Əslində bu heç hadisə də deyil, sadəcə klişeyə çevrilmiş tipik azərbaycanlı cinsi-ayrı seçkiliyi idi. Evdən tələsik çıxdığımıza görə yemək yeyə bilmədim və çox ac idim. Evin xanımı gözəllik ustası olduğu üçün bığlı, saqqallı bir xanımı qarşısına qoyub yolmaqla məşğul idi. Özümə çay süzüb yenicə oturmuşdum ki, yoldaşım ac olduğunu, mümkünsə, yemək hazırlamağımızı istədi. (Ev sahibləri ərk etdiyimiz insan olduğu üçün bunda bir saqınca yox idi.)

Yolma, qırxma işlərini yekunlaşdıran ev yiyəsi sonunda təşrif buyurdu, mənim ona yardım etməyimi ehmallıca rədd edərək yeməyinin hazır olduğunu söylədi. Bir neçə dəqiqə keçməmiş, masaya 2 boşqab yemək gəldi. İlk öncə təəccübləndim, çünki yoldaşım üçün toyuq çığırtması, mənim üçünsə “qalina blanka”da bişmiş düyü supu gətirilmişdi. “O kişidir, bizdən eybi yox, sup yeyək”, deyərək məni ev sahibəsi masaya dəvət etdi. Lakin bu dəvət məni əməlli-başlı qəzəbləndirmişdi. Bu qədər açıq-aşkar ayrı-seçkilik? Yəqin indi düşünürsüz ki, mənim reaksiyam necə oldu. Çox bəsit. Təşəkkür etdim, çox nazikcə ac olmadığımı söylədim.

Sizə əmin edim ki, hər kəsin qarşısına quru çörək qoyulsaydı, o mənimçün çox normal sayılardı, lakin gözümün önündə bu qədər insanı yeməklə alçatmaq mənimçün dözülməz idi. Bir neçə dəqiqə sonra evdə işlərimin olduğunu bəhanə edərək oranı tərk etdik.

Əgər evin xanımı sadəcə mənə qarşı bunu etsəydi, yenə də bu qədər pis olmazdim. Evdə olan 12-13 yaşlı qız uşaqları, digər 3 xanım və özü üçün də düyü supu çəkmişdi. Çünki biz qadın cinsindən idik, amma yoldaşım kişi olduğu üçün ən yaxşı yeməyi yeməli idi.

Evə gəlincə düşündüm, əslində bu bizim üçün klişeləşmiş bir durumdur. Siz heç ananız, yoldaşınız, bacınız və digər xanımlar yemək çəkəndə diqqət etdinizmi? Mən bunu xüsusən toyuqdan hazırlanmış yeməklərdə görmüşəm. Toyuğun ən dadlı və böyük tikələri kişilər, oğlan uşaqları üçün çəkilər, boyun, qanad kimi hissələr daim qadınların boşqabında sümürülmək üçün gözləyər.

Məsələ yeməkdə və ya nə yediyinizdə deyil, qonaq getdiyiniz evdə və ya elə öz mətbəxinizdə qarşınıza yumurta da qoyula bilər. Və ya o ət yeyərkən, siz quru çörək də yeyə bilərsiniz, amma “o kişidir, bizə eybi yox” düşüncəsi ilə qazanınızda da ayrı-seçkilik edilirsə, bu fədakarlıq deyil. Hətta öz ailəmdə belə çox şahidi olmuşam, yeməyimiz az olub, anam bizi doydurmaq üçün özü ac qalıb. Lakin bu olay tamamilə analıq hissiyyatındandır, bəhs etdiyim olayla heç bir əlaqəsi yoxdur.

Ola bilsin, kimdəsə o xanıma haqq qazandırmaq üçün “bəlkə imkanı yox idi” düşüncəsi formalaşa bilər. Düzdür, horrası ilə o xanım mənə “biz kasıbıq” siyasi mesajını vermək istəsə də, bu alınmazdı. Çünki su üçün açdığım soyuducu üzərimə hər an tökülə bilərdi.

Bəli, bizdə ayrı-seçkilik elə mətbəxdən başlayır, evdə, işdə, çöldə, hər yerdə də beləcə davam edir. Mən bərabərlik dərdində də deyiləm. Heç mənə toyuğun budunu da versələr, sevmədiyim üçün yemərəm. Amma qadını dəyərsiz edən elə məhz qadınlarımızdır. Məni sorsanız, belə bir şeylərə əsla evimdə, mətbəximdə yol vermərəm. Məsələn, toyuğun içalatı üstündə yoldaşımla biz savaşırıq, kim birinci tapsa, o yeyər.

P.S. Evə gəlincə, anamın o gözəl pizzalarından yedim, bu yazımı yazaraq.

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #