Çay evində işləyən qızlar

Çay evində işləyən qızlar
3 dekabr 2014
# 12:40

O gün məşhur çay evlərindən birindəydim. Gec saatlara qədər işləmək üçün kompüterimi də özümlə götürmüşdüm. Uzun müddət işlərim, gecə saat dördə işləyirdi, dedilər ki, məkan bağlanır və yeganə müştəri də mən idim.

Məndən başqa orada çalışan bir xanım və bəy qalmışdı, hesabı ödəyib qapıdan çıxmışdım ki, xanım soruşdu ki, taksi var? Yoxdu, piyada gedəcəyimi söylədikdə, dedi, hansı tərəfə gedirsən? Dedim, burada yaxınlıqdakı filan yerə (işləməyə davam etmək üçün başqa açıq kafeyə gedirdim). Dedi, gözlə, bizim arxamızca taksi gəlir, birlikdə gedərik. Nəsə, taksini gözlədik, gəldi və mindik taksiyə, enəcəyim yerə çatdıqda isə xanım söylədi ki, neynirsən ora-bura gedirsən, bağlı olar, qalarsan bayırda, gəl gedəcəyin yerə qədər ötürək səni. Dedim, yox, işimi davam etməliyəm və sağollaşaraq endim maşından.

Xoş niyyətli insanlarla dəfələrlə rastlaşdığım üçün bu hadisə mənim üçün fövqəladə bir şey deyil, amma olduqca düşündürücüdür. Ona görə düşündürür ki, yaşadığım binada öpüşüb görüşdüyüm qonşuların mən piyada yol ilə gedərkən yanımdan maşınla keçib getdikləri ilə dəfələrlə rastlaşmışam, getdikləri yola qədər ötürməməkləri bir yana, heç maşını saxlayıb hara getdiyini belə soruşmurlar. Məşhur filmdə deyildiyi kimi söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadı.

Çay evində işləyən xanım qədər diqqətli olmayan insanlar, sonra söhbət düşəndə çay evlərində, “pub”larda işləyən qızların hamısı barədə eyni düşüncədə olaraq ağızlarına və ağıllarına gələn səviyyəsiz söhbətləri edirlər. Bir çox məsələyə diqqətlə yanaşdığım üçün bu xanımlar da hər zaman mənim diqqətimi çəkiblər və düşündürüblər. Çoxundan fərqli olaraq, hər zaman bənzər məkanlara gedərkən səmimi və etika çərçivəsində zarafat və söhbətlər edərək onlara xoş əhval bəxş etməyə çalışıram və bu mənim çox xoşuma gəlir.

2013-cü ilin yeni il gecəsi yenə bənzər bir məkanda, dostlarla yeni ili qeyd edirdik. Orada 3-4 ofisiant xanım çalışırdı. Təsəvvür edin gecə saat 11-12 radələrində səhər saat 6-ya qədər bir dəqiqə dayanmadan ayaq üstə işlədilər. Səs-küyün içində, tüstülü havada, özü də bayram günü... Siz və hətta mən təsəvvür edə bilmərik ki, o qədər saatı ayaq üstə qaçaqaçla işləmək nə deməkdir. Əksəriyyəti 5-10 manatı var deyə harınlamış, özünü heyvan kimi aparan, dünya görüşü “belə məkanda işləyirsə əxlaqsızdır” dərəcəsində dar olan insanlar qarşısında... Düşünmürlər ki, əxlaqsız olan kəs bütün o gecəni orada çalışmaqdansa, seks-bizneslə məşğul olardı (pul qarşılığında sekslə məşğul olmağın etik ifadəsi – müəl.).

Bacardığınız qədər insanlara görünüşünə və işinə görə qiymət verməyin. İnanın ki, belə etmək, özü bir tərbiyəsizlikdir. Hər kəsin hər hansı bir mühitə düşmə səbəbi müxtəlifdir və bu da hər kəsin eyni olmadığını dərk etmək üçün kifayət edir.

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #