Dodaqların simfoniyası

 Dodaqların simfoniyası
16 may 2019
# 15:27

Zakir Qurban

1981-ci ildə Qazaxıstan Respublikasının Cambul vilayətinin Cu şəhərində anadan olub. Ulu babası Molla Qurban 1937-ci ildə repressiya olmuş azərbaycanlılardandır. Əsli Cənubi Azərbaycanın Efsar tayfalarındandır. Hazırda Sankt-Peterburqda yaşayır...

Başımın Daşı

Azadlığın güzgülənən,

Meydanların hanı, Vətən?

Ayna əvəzi könlümə

Bax, özünü tanı, Vətən!

İndi daha yer süpürür

Azadlıq hayqıran səsim.

Allahın yadından çıxıb,

“İncil” – səsim, “Quran” – səsim.

Vaxt vardı, qırğın düşürdü,

Yanaqda bir xal üstündə,

İndi şair təzim edir,

Bircə qarın yal üstündə.

Şəhid-şəhid damcılayır,

Ürəklərdən adın sənin.

Qarabağda itkin düşüb,

Bir ağız bayatın sənin.

Başıma düşən daşların

Sənsən elə ən böyüyü.

Mən cəhənnəm, qadan alım,

Bir az da, bir az da böyü.!!!

Dodaqların simfoniyası

Bu şeirimi sən pıçılda, ilahi,

Gül qoxulu yuxusuna o qızın.

Səndən gələn ayrılıq da, ölüm də,

Qoy bələnsin qoxusuna o qızın.

O gözlərə özün söylə, ilahi,

Danışmasın ayrılığın dilində.

Baxışlarım gecə-gündüz can verir,

Küləklərə gülümsəyən telində.

Havalanıb sinəmdəki duyğular,

Könlümdəki bu sevginin ətrinə.

Daha səndən incimirəm, ilahi,

Verdiyin bu xoş əzabın xətrinə.

Bax, o qızın dodaqları çiyələk,

Həyat özü həyat alıb dadından.

Nə yaxşı ki, dadmamısan, ilahi,

Allahlığın çıxacaqdı yadından.

Qəbri üstə dərdi yanır şam kimi,

Neçə-neçə talesizin, yalqızın.

Bu üşüyən ürəyimi, ilahi,

Dur, dəfn elə, dodağında o qızın.

Eşq

Ah, o qızın yanağında,

Bir körpə çiçək ağlayır.

O diksinən öpüş yeri,

Nə gözəl-göyçək ağlayır.

Dur, şəhid ol, göz yaşında,

Damla-damla səni yuyar.

Sərər dodağı üstünə

İslanmış adın quruyar.

Ağrı kəsən dərman kimi,

Adını qoy dilin üstə.

Bir qonaq get xəyallara,

Əli qonsun əlin üstə.

Yayın əcəlin gözündən,

Bu ömürdə bircə saat.

Bağışlayar, o qız üçün,

Lap istəsən Allahı sat...

Qürbət Məktubu

Bu gördüyün suyun üzü

Gözlərim tək nəmdi, anam.

Bir adımı sən qoymusan,

Bir adım ki, qəmdi, anam.

Mənə çaldığın laylanın,

Düzü bir az çox düşübdü.

Bəxt hamıya bir şey verib,

Mənə isə “yox” düşübdü.

Bu köynəyi qanlı ümid,

Hansı bəxtin güzgüsüdü?!

Üzünə adam çilənib

Gözü dolmus güzgü-sudu.

Üst-başı qürbət qoxulu,

O adamı cağır, anam.

Göz yaşını borc ver ona,

Qoy sevinsin fağır, anam...

Əli xınali əcəlin,

Ovcunda bir anam, anam..

Mən bir qürbət misrasıyam,

Dodağımda: anam, anam...

Sürreal şeir

Gözlərinin sahilində balıqlar,

Kirpiyinə dənizlərdən danışır.

Öp o daşın doluxsunan gözündən,

Dəniz-dəniz yuxuları qarışır.

Səndən sənə kim yazdı bu məktubu,

Havalanıb sətirləri, sözləri.

Ciblərinə bir yaxşı bax, ilahi,

Harda qalıb bəs o qızın gözləri?!

Əllərindən düşüb getdi əlləri,

Əlin yoxdu əl etməyə dalınca.

Hər gecəni götür qara qələm tək,

Göz yaşınla ömrünü yaz balınca.

Sən yadında saxlamadın, ay adam,

Dərdin candan çıxıb gedən vaxtını.

Barı çevir bir misranın başına,

Bu taleyin olan-qalan baxtını.

Bir bəri bax, kömək elə, ilahi,

Çox çətindir tamamlamaq bu şeiri.

Gözlərinə məktub yazdım o qızın,

Baxışında misra-misra yu şeiri.

Zəhra

(Balaca şəhid Zəhra üçün)

Bax ürəyin xal yerindən,

Yarasının al yerindən,

Körpə dilin lal yerindən,

Bir misra çək, bir misra çək.

Vətən, düşşün daş başına,

Qar tez yağır yaddaşına.

Qələm batır göz yaşına,

Bir səhra çək, bir səhra çək.

Bir layla sərin üstünə,

Bu körpə qəbrin üstünə.

Allah, öz səbrin üstünə

Bir Zəhra çək, bir Zəhra çək.

Uzat Əllərini

Götür bu qərib könlümü,

Bağışlayım sənə, getsin.

Çıxım gözünün seyrinə,

Neçə-neçə sənə getsin.

Yanağını əzbərləyim,

Öpüş-öpüş, dodaq-dodaq.

Bir mən olum qiyamətdə,

Bir sən, bir də tənha otaq...

Sətir-sətir döyür qələm,

Hər gün bəxtin qapısını,

İnan, çoxdan itirmişəm,

Mən bu vaxtın qapısını.

Xəyalımdan kölgən düşür,

Sinəmdə sözün üstünə.

Həsrətdən çəkdiyim ahı,

Qoyuram gözün üstünə.

Ürəyimi kirpiyindən,

Nə vaxtdı asıb qalmışam.

Uzat mənə əllərini

Gözündə azıb qalmışam.

Qürbət Köynəyi

Oxsa bu dərdin saçını,

Körpə, dəcəl balan kimi.

Pıçılda bir qulağına,

Doğruları yalan kimi.

Qeyrət də çırpıb qapını,

Adını süpürüb, gedib.

Nə yaxşı ki, son gedişdə

Üzünə tüpürüb, gedib.

Havalar ta istiləşir,

Çıxar olmayan papağı.

Birdən səni kişi bilib,

Soruşarlar Qarabağı...

Ömrü Ağdam şərabı tək,

Bala-bala çək başına.

Təsəlli ver öz-özünə:

“Mən neyləyim tək başına?!.

Eynimde qurbet koyneyi,

Her gun tezelenir,veten.

Sairler oz derdi ile

Bele mezelenir,veten!

Adam

Nə vaxtdır özünü gəzirsən, adam,

Gəzirsən bir belə adam içində.

Nə vaxtdır yolunu gözləyir sənin,

Oturub bir qərib adam içində.

Ömründən nə qədər yolları çırpdın,

Budağı çırpılan tut ağacı tək.

Qonub budağına əcəl quşları,

Barı bircəsini tut, şəklini çək.

İçimdə dəfn etdim mən bu səhəri,

Əllərim batıbdır ümid qanına.

Dur söz işığında, qoy səni görüm,

Görməsəm qıyaram, inan, canına.

Bir ovuc kənd idim şəhər içində,

O kəndin üstündən keçib getdilər.

Göz yaşım dağıldı küçələr boyu,

Allahı su kimi içib getdilər.

Hardasa bir mələk cibindən salıb,

Mənə gətirəndə bəxt kağızımı.

Qanıma batırıb öz əllərimlə,

Yazmışam ovcuma alın yazımı.

Mən sənə gün verdim, işıq vermədim,

Haqqın var üzümə nə desən, adam.

Bu şeirin gözünə kül üfür gedək,

Nə mən adam oldum, nə də sən adam.

Unutmağın ətri

Dodağımda çiçəkləməz,

Bir də o qızın əlləri.

Ta könlüm dərd ocağıdı,

Gəl, bir az qızın, əllerim.

Unutmadım saçlarımda,

Gülümsəyən barmaqları.

Ürəyimdən bir ah qopub,

Sevindirir varaqları.

Bax, necə bələnib dünya,

Unutmağın qoxusuna.

Hər gecə daş atır ürək,

Misraların yuxusuna.

Duz kimi səp xatirəni,

Bu yaramı ovutmağa.

Dur, gəl mənə kömək elə,

Səni bir az unutmağa.

O əllərin pıçıltısı,

Hər gün gözlərimdən yağır.

Allah, qapını döyürəm,

Get, özün o qızı çağır

# 3629 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #