İki sevgi arasında

İki sevgi arasında
26 noyabr 2013
# 11:34

Fidan Həsənova

Dəli bir sevda keçmişdi könlündən… Zamansız gələn, yaşanılmayacaq və eləcə də zamansız gedəcək. Kim deyirdi ki, eşq yalandır? İki eşqi birdən yaşayan qəlb var…

Küçələr sənə dar gəlir. Vücudunun ürəyinə dar gəldiyi kimi. Nə dənizin mavisi aça bilir könlünü, nə parıltılı göy üzü. Özünü daşıya bilməyəcəyin qədər böyüyürsən bəzən. Bəzən də yox olacaq qədər kiçilirsən. Boğazın tez-tez düyünlənir. Qəhər səni boğur. Yatmaq daha çətin, oyanmaq daha asan gəlir. Səni nə gecələr rahatlada bilir, nə gündüzlər. Arabir yuxular da görürsən: həyata keçməyini istədiyin…

Ürəyin sızıldayır, canın ağrıyır. Vurulmusan… Hislərin əsir düşüb bir başqa qəlbə. Zindanında qolu qandallı qalmısan sevdanın. Bağırırsan boşuna…

Bir könüldə iki sevda...

Sığarmı bir könülə iki sevda? Sən sığdırmısan.

Dizlərin taqətsiz, dilin lal. Yorulmusan. Susuz qalmısan. Biri gerçəyin, digəri gecikmiş xəyalın. Biri qismətin, digəri həsrətin. Biri əhdin, biri eşqin... Biri yanındakı, digəri ağlındakı.

Cismi öldürməyə qadir bir tək ürəkmiş zənnində. Amma sən indi bu sevdadan hər gün ölüb dirilirsən. Qəlbinin bu qədər xeyirxah olması səni də çaşdırıb. Yaşadığın, yaşayacaqların və yaşamaq istədiklərin bir müəmmaya sığışıb.

Bir addım irəlidə, on addım geridəsən. Çata bilməyəcəyin bir yolun sonuna doğru qaçırsan. Nə fayda?! Yetişməyəcəyini ki bilirsən...

Ağlının seçdiyinə qəlbin kölgə salıb. Sən o kölgədə bir iz axtarırsan. Mümkünsüzləri mümkün etmək olsaydı əgər ömür vərəqində yeni bir səhifə açardın. Keçmişə uzaq, gələcəyə yaxın. Keçmişi dağıtmadan gələcəyi quran.

Sən yar üstünə yar sevmisən. Ondandır bu əzablar! Həm də kinlə baxırsan. Bəs görən kimədir bu qəzəb?! Cümlələri dodaqlarının arasında dondurmusan. Amma qəlbinin odunu söndürməyə yetmir bu soyuqluq. Çırpınırsan uçmaq istəyən göyərçin təki: qolların – qanadın qırıq..

Söyləyə bilmədiklərin ağrı olub sinənə çöküb. Və sən hər nəfəs dərəndə bir kəlmə havaya uçur. Söyləmədiklərin havada qanad çaldıqca sənin qəlbin sinəni dəlmək istəyir. Fəryadını kim duyur səndən başqa? Özgə birinin gerçəyi sənin arzundur nəhayətdə. Bütün həqiqətlər silinirmi məgər: gözündən qəlbinə axan yaşlarda. ..

Ağlına gəlməyən başına gəlib. İki sevgi arasında iztirab çəkən qəlbinin odunu indi kim söndürməlidir. Ya sən, ya da “sən”. Biri məsum, digəri günahkar. Biri vəfalı, digəri xain, Biri eşqdən kül olan qəlbin nökəri, digəri çarəsiz ürəyə hökmranlıq edən ağlın sahibi...

# 2139 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #