79-cu ev

79-cu ev
26 yanvar 2017
# 16:45

Arzu Murad

Neçə il idi ki, bağımıza aparan həmin piyada yolu getmirdim, amma elə bil heç illər keçməyib və ya mən getməyə fasilə verməmişəm. Yol elə qəşəng aparırdı məni, elə bil nənəm əlimdən tutub aparırdı. Kəndin içində iki qəbiristanlıq var idi, hər birinin girəcəyində dayanıb salavat çəkdim, eynən nənəm kimi. Sonra yenə yoluma davam etdim, çox dəyişilmişdi məhəlləmiz. Səssizliyindən adamın qulağı tutulurdu, küçəmizə sarı döngəyə çatanda “Günay, keç kölgəyə, ilan-çiyan olar, ay bala, tut ağacının altından bu tərəfə keçin, qarağata dəyməyin...” səslərini eşitdim. Özüdür ki var, bu səs B. kəndinin 79-cu qapısından buxarlanıb çıxırdı. Nənəm qapıda durub barmağıyla sakit olmağımı dedi və məni səssizcə içəri dəvət etdi. Hasarı tikilmişdi, o vaxtkı kimi daşı daş üstə qoymamışdılar. Sonra yenə içəridən uşaqların səsi gəldi, deyəsən Niyazi nəsə dəcəllik etmişdi, anası onu küncə qoyduğuyçun ağlayırdı. Həmişə belə səs-küylü, qonaq-qaralı olan bağımızdan gülüş səsləri, uşaq çığırtıları heç vaxt kəsilməz sanırdım. Yeməyə heç nə olmasa da nənəm qonaqların qarşısına qoymağa həmişə qarpız və pendir-çörək tapıb, isti nəfəsiylə birgə süfrəyə təqdim edərdi. Heç kəsin olmadığı bir vaxtda da nənəmin bağımıza öz şən mahnıları və zarafatlarıyla xoş ovqat qatan iki rəfiqəsi mütləq olurdu. Belə keçirdi 79-cu mənzilin güzəranı.

Daha heç nə əvvəlki kimi deyildi, sınıq-salxaq, amma mehribançılıqla dolu o bağdan əsər qalmamışdı deyə düşünürdüm. Qəfil burnuma nənəmin özünəməxsus bişirdiyi fəsəlilərin qoxusu gəldi. Nənəm həmişə bu fəsəliləri xüsusi həvəslə bişirib qalaq-qalaq edib nəvələrinin sayına əsasən paylaşdırardı. Nəvələrin də ki, maşallah, hərəsinin bir kaprizi var idi. Kənardan nəvələrinə qarşı soyuqqanlı görünən nənəmin uşaqlarının hər birinin fərqliliyi ilə seçilən zövqünə hazır olmasına hətta qonşumuz Elmira da təəccüblənərdi. Mənimlə birgə doqquz nəvəsi var idi, hərəsi də bir cür yeyirdi bu fəsəlini: kimi əncir mürəbbəsi, kimi heyva cemiylə, kimi şokolad, kimi “squşonka”yla... Az qalırdı gözlərinə təpsinlər, Niyaziylə mən stolun bu başından o başına bir-birimizi hər zaman “cığal” adlandırardıq, indiyə qədər də anlamadım ki, əslində cığal olan kim idi? Nənəm isə axşamçun bişirməyə hazırlaşdığı balqabaq qutabının xəmirini yoğurur, əllərini yora-yora, dilini də dinc qoymur, nadinc olduğumuza görə bizi məzəmmət edirdi. Balqabaq qutabını heç zaman sevməzdim, nənəmin xətrinə uzağı birini, lap özünü öldür, ikisini yeyib “doydum” bəhanəsiylə kənara çəkilirdim. Fəqət indi elə yeyirəm o balqabaq qutabını, darıxmağımla birgə içimə çəkib bütöv-bütöv uduram qutabları.

Sonra bayaq dayandığı yerdən enib aşağı gəldi və üzü tut ağacına sarı getdi, boylanmaq istədim içəri, qorxdum. Gördüm nənəm çox dilxordu, mənə sarı gəlir, kefsizliyinin səbəbini soruşanda, dodağının kənarı qəhərdən əsə-əsə: - “Alçaqlar tut ağacını kəsiblər –dedi- o tut ağacını ki, onun əmələ gəlməsində rəhmətlik kişiylə mən nə əziyyətlər qalmadı çəkmişəm”. Doğrudan da nənəm çox əziyyət çəkmişdi, nəinki o ağacçun, ümumiyyətlə bağın hər qarışında nənəmin canı çıxa-çıxa çəkdiyi zəhmətlər kadr kimi gözümün önündə canlanır. Axşamlar gün batandan sonra sulayar, ağacların dibini belləyər, artıq otları təmizləyər-bir sözlə bağban barını görmək istədiyi bağçun nə etməlidirsə, hamısını nənəm edərdi. Gizlənpaç oynayanda altında gizləndiyimiz meynəliklərdən tutmuş, başına kül olmuş tut ağacına qədər, bağ öz xatirələriylə birgə ölmüşdü, sahibinə vəfalı çıxıb onunla birgə canını tapşırmışdı. Nənəmi qəhərləndirən o ağac çox bərəkətli idi, nənəmin çətin vaxtlarında əlindən tutmuşdu. Qara tut ağacı olduğuyçun alıcıları çox idi, hər gün vedrə-vedrə dərilib satılardı vedrə-vedrə qətlə yetirilən o ağacın neməti.

Bağımız miras idi, bir neçə varisi var idi, amma ruhən, qəlbən bir varisini tanıyırdıq, o da nənəm idi. Sonradan “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”lar çıxdı və nənəmi ən çox incidən o oldu ki, bağın səmtini tanımayanlar onun satılan hər qarışına iddialı idilər. Nə deyəsən, insan çiy süd əmib, gözü heç zaman doymur, dəfələrlə deyildi ki, bu bağın satışından heç kəs xeyir görməyəcək, arvadın ürəyini incitməyin, dözməz, məhv olar. Söz dinləyən kim idi, satıldı, pul bölüşdürüldü, qəpiyindən xeyir görülmədi, amma əvəzində mən itirdim. Qüruru yerə-göyə sığmayan, mərhəmətindən mələklər utanan dağ boyda nənəmi itirdim. Nənəmin ruhu o bağdadır, bundan əminəm, çünki nə zaman yuxuma gəlsə, məkanı bağdır. Ölməmişdən aylar öncə çox ağrılı bir danışığımız olmuşdu, əslində o an üçün ağrılı gəlməmişdi mənə, ölümüylə bağlı fikirlərini bildirirdi. Babam öləndə nənəm qəbiristanlıqda böyük bir sahə aldırmışdı, onu dedi, kəfənini sağlığında almışdı, onu yarı zarafat, yarı ciddi dedi. Onda nənəmə acığım tutmuşdu, belə söhbətlər etdiyi üçün hirslənmişdim.

Təmirsiz, daşı daş üstə alın təriylə bitişdirilən bağımızı söküb üzərində nəhəng villa qaldırmışdılar, amma nə vaxt ordan keçirdik, içini boş görürdük. Qonşuların dediyinə görə hələ xeyir görən olmayıb ordan, heç səs də gəlmir içəridən, sanki heç kəs olmur orda. Uşaqlığım, gözəl günlərim, nənəmin bişirdiyi ləziz yeməklər-hamısı o villanın altında qalıb əzildi. Mən bilirdim, bilirdim ki, nənəmin yanında bu qədər qalmağım axırda ən çox məni ağrıdacaq. Nənəmsiz mənə çətin olacağını bilirdim, amma bu qədər yox. Dərd odur ki, illər o həsrəti ovutmur, əksinə, gün keçdikcə o günlər mənə dünən kimi gəlirdi. Nənəmin heç unutmadığım qoxusu qəfildən burnuma gələndə ətrafa nəzər salıb onu axtarıram, boşuna tədirgin olduğumu anlasam da, bu, burnuma gələn qoxunu yox etmir, az qalıram nənəmin qoxusu gələn bütöv bir havanı ciyərlərimə çəkəm. Hətta o öləndən sonra bağdan əşyalarını götürməkçün getmişdik, içəri girəndə bir anlıq mənə elə gəldi ki, nənəm indi evdən çıxıb gələcək və deyəcək ki, günün istisində gəlməyin deməmişəm sizə? Heç nəyə əl vura bilmirdim, toxunmaq istəmirdim onun əziz xatirəsinə, amma təəssüf ki, bunu biz etməsək, onsuz da edəcəklər, vəhşicəsinə, qəddarcasına söküb heç nə olmamış kimi həyatlarına davam edəcəklər. Ona görə də özümüz nəvazişlə, qoxlaya-qoxlaya, oxşaya-oxşaya boşaltdıq evi.

Şaxtalı bir gündə səhər telefonuma zəng gəldi, nənəm xəstədi, bizi çağırırdılar, anam çox qorxdu, tez nənəmin səsini eşitmək istədi, nənəm də son nəfəsini çəkə-çəkə danışıb, yaxşı olduğunu dedi. Axşam onunla telefonda danışanda çox şən idi, səhər bizə gələcəyini də demişdi, danışdıq ki, onunçün sevdiyi yeməyi bişirəcəm. Axı gecədən səhərə nə dəyişdi, onun halını nə pis etdi? Bağın satılmasını bir gün də olsun ağlından çıxara bilmirdi, axırda ürəyi dözməyib, infarkt keçirib. Zəngin gəldiyi andan özümü necə çatdırdım bilmədim, qarşıma dayım oğlu əlində nənəmin şəxsiyyət vəsiqəsiylə birgə çıxanda anladım, amma anama heç nə deyə bilmədim, içindəki işığı söndürməyə əlim gəlmədi. Nənəm necə ağır xəstəliklərdən ayağa qalxmışdı, ona görə biz inanırdıq ki, hər kəsdən çox inandığı Tanrı onu həmişə qoruyub, yenə qoruyacaq... Artıq gec idi, Tanrı da gecikmişdi onu ölümdən qurtarmağa. Heç olmasa o anında, ölüm anında yanında olaydım, bəlkə nəsə edə bilərdim. Mən çarəsizliklər ilk dəfə onda tanış oldum, ilk dəfə onda çarəsiz olduğumçun özümə nifrət etdim, imkanım olsaydı, o bağı şəxsən özüm alıb izin verməzdim nənəmin zəhməti və mənim uşaqlığım ağır texnikanın altında qalsın. İllər keçməsinə baxmayaraq bu narahatlıq mənim yaxamı buraxmır. Dəfnindən bir saat əvvəl uzaq yoldan özünü çatdıran rəfiqəsi nənəmin uzun illərdən bəri qəpik-qəpik yığdığı pulu uzadıb dediyi kəlimələr hamımızı göyə qaldırıb yerə çırpdı, əzildik, ən çox da qürurumuz əzildi, canımız ağrıdı.

- Bunu ölən günüyçün yığırdı ki, uşaqlarıma çətinlik düşməsin.

Çox illər keçdi... Beş? Yox! On, hə, on il keçdi üstündən, birdən birə hardansa xoşbəxtlik üz vermişdi mənə. Hələ onda, nənəm öləndə ona ürəyimdə söz vermişdim, bir o eşitmişdi, bir də mənim qüruru əzilmiş ürəyim, söz vermişdim ki, o bağı nə vaxtsa, ilk fürsətdə alacam, hər şeyi geri qaytarmağa çalışacam. Hə, çalışacam, çünki söz verə bilməzdim, bilirdim ki, tam olaraq bu mümkün deyil. On il sonra o bağı aldım, eynən onlar kimi mən də hər şeyi söküb başdan qurdum.

- Fuad, keç kölgəyə, ilan-çiyan olar, ay bala, qarağata dəyməyin...

Niyazi, uşaqlarına de, meynələrə dəyməsin... Uşaqlar, fəsəli, gəlin yeməyə, axşama da əla qutab olacaq, kim özünü yaxşı aparacaq, o da yeyəcək.

Bircə o tut ağacı yetişmədi, o boşluq tut ağacının qürurunun hamımızdan çox əzildiyini anlatdı. Nənəm xəfifcə əlini çiynimə toxundurub“ O düzələn deyil, sən əlində olanlardan bərk yapış” dedi, amma bu dəfə dodaqları titrəmədi, görünür azacıq da olsa, onu xoşbəxt edə bilmişdim.

# 1421 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #