Leytenant - Yeni hekayə

Leytenant - Yeni hekayə
11 oktyabr 2019
# 14:50

Kulis.az Nihat Piriyevin “Leytenant” hekayəsini təqdim edir.

...otaqdakı ölü sükutu yalnız masanın üzərindəki saat əqrəbinin taqqıltısı pozurdu. İndiki halda, bu taqqıltılar belə ona qəribə gəlirdi. Elə bil, əqrəblər də hər şeydən bezib, zamanı sürükləməkdən yorulmuşdular.

Hərbi düşərgənin məsul leytenantı əllərini qoynunda birləşdirib, gözünü saata dikmişdi. O qədər narahat, o qədər qayğılı idi ki, ard-arda yandırıb, külqabıda yarımçıq buraxdığı siqaretlərin fərqində deyildi. Könülsüz də olsa, daha birini alışdırıb, dərin bir qullab aldı. Tüstünün az da olsa acısını dindirməsinə ümid edirdi. Amma hələlik yanılırdı.

Ürəyi sıxıldı, hərbi formanın yaxa düymələrini boşaldıb, kürəyini arxaya söykədi. Gözlərini yumdu və siqareti digər aqibət yoldaşlarının yanına-külqabıya qoyub, dərindən nəfəs aldı. Bu, nəfəsdən daha çox aha bənzəyirdi. İçindəki qərarsızlığın elçisi idi bu ah.

Nəfəsinin gücündən külqabıdakı kül və bir-iki siqaret kötüyü masanın üzərinə səpələndi. Çarəsiz şəkildə portfelin üzərindəki məktuba təkrar nəzər saldı. Əlinə götürməyə qorxurdu elə bil.

"Müharibədə yaş və cinsiyyət olmur, leytenant. Bu qəti əmrdir və sənin borcun əmrə itaət etməkdir.

Düşərgədə dustaq etdiyiniz uşaqlar bu gün axşama kimi güllələnsin! Yoxsa 10 ildən sonra anamıza söyənlərin əsas səbəbkarlarından biri də məhz sən olacaqsan.

Mayor: K.M. "

Gözünü məktubdan çəkib, yenidən arxaya yaslandı. Daha bir siqaret yandırmaq istəsə də, bu fikrindən vaz keçdi. Ayağa qalxıb içəridə bir az dolaşdı, sonra pəncərəyə yaxınlaşıb, örtüyü bir az kənara sıyırdı. Düşərgənin ərazisinə göz gəzdirdi, ətrafda hər şey qaydasında idi. Əsgərlər nizamlı şəkildə düzülmüş, önlərində çıxış edən gizirin təlimatını dinləyirdilər. Bu dəm qapı döyüldü və baş çavuş H.B içəri daxil oldu.

- yoldaş leytenant, əmriniz üzrə uşaqlar yemək və su ilə təmin olundu. Sabah axşama...

- içəridə neçə uşaq var, yoldaş çavuş? - leytenant G.M çavuşa sarı dönmədən soruşdu.

- 14, yoldaş leytenant!

- uşaqları oradan çıxarın, gəlirəm indi...

- yoldaş, leytenant?..

Leytenant G.M ağır hərəkətlə masanın üzərindəki məktuba işarə edib, yenidən üzünü pəncərəyə sarı çevirdi. Çavuş masaya yaxınlaşıb, məktubu götürdü. Sürətli şəkildə mətni oxuyub, "aydındır” - deyib, otağı tərk etdi.

Leytenant G.M-in 26 yaşı var. Atası da hərbiçi olub. Uşaq yaşlarından məhz ona qarşı duyduğu heyranlıq hissi bir gün özünü də zabit kimi görmək həvəsininin əsas səbəblərindən idi. Xüsusən də, atasının hərbiçi olmağın ən həyəcanlı tərəflərini ona sevgi və heyranlıqla danışması, bitməz-tükənməz sərgüzəştləri və s. bu kimi amillər tez bir zamanda onu arzusunu gerçəyə çevirməyə təhrik edirdi. Beləcə günlər aya, aylar da ilə döndükcə içindəki həvəs və qərar, nəhayət, hərbi məktəbə yazılması ilə nəticələndi. Özü ilə elə qürur duyurdu ki... Atası da həmçinin...

Amma leytenant G.M özü üçün bir şeydə yanıldığını ötən ilin yayında verməkdə çətinlik çəkdiyi qərarı zamanı başa düşmüşdü. Onda atasında olan zabit hökmü qəti şəkildə yox idi.

Ötən il hərbi düşərgənin məlumatlarının sızdırılmasında günahkar bilinən bir qrup əsgərin güllələnməsi əmri ona tapşırılmışdu. Bu, o qədər şərəfli bir vəzifəyə çevrilmişdi ki, düşərgədə olan bütün zabit-gizir heyyəti, az qala, ona paxıllıq edirdi. Qərarın ona verilməsi də məqsədli idi. Komandir düşərgəyə yeni göndərilən zabiti tanımaq istəyirdi. Bu, bir növ onun sınaq mərhələsi idi.

Gözündəki qorxu, tərəddüd, rəhm və çarəsizlik kimi çırpıntıları kimin gözündən yayınsa da, komandirin gözündən yayına bilməzdi. Ertəsi gün səhər müşavirəsindən sonra komandir "səndən zabit olmayacaq” - deyəndə, sadəcə başı ilə təsdiqləməklə kifayətlənmişdi. Çünki bu, onun eşidə biləcəyi ən böyük həqiqət idi. Ki özü də bu həqiqətlə hər gün üz-üzə gəlirdi.

İndi oxşar vəziyyətlə təkrar qarşı-qarşıya idi. Birinci sınaqdan nə qədər uğursuz çıxsa da, heç vaxt özünü günahlandırmamışdı. Əksinə, ətrafında gəzib-dolaşan "zabit şərəfi” anlayışı ona getdikcə yadlaşır, indiki mühitdən baş götürüb qaçmağa, özünü sərbəst hiss edə biləcəyi yerə getməyə günbəgün daha da can atdırırdı. Müharibə, qan qoxusu, şiddət, aramsız silah səsləri, günahsız qətllər arasında özünü ən böyük günahkar kimi hiss edirdi.

Bura onun üçün deyildi.

Nəyin bahasına olursa olsun, özünün leytenant rütbəsindən imtina edəcəkdi. Amma indi əsas məsələ axşama kimi həll olunası əmr idi. Və mümkün itaətsizliyi ona çox baha başa gələ bilərdi.

***

- yoldaş leytenant, hazırdır! - çavuş təlaşla içəri girib, məruzə etdi.

Hələ də qərarsız olmasına baxmayaraq, leytenant G.M başqa çıxış yolunun olmadığını bilirdi. Formasını əynində qaydaya salıb, pəncərənin örtüyünü çəkdi. Masaya yaxınlaşdı, siyirmədən "Luger PO8” tapançasını götürüb, çavuşla birlikdə otağı tərk etdi.

***

Bəzən ölüm o qədər adiləşir ki, kiminsə ölümünə acımaq, kiminsə ağrısına yanmaq adama qəribə gəlir. İçində özün özünü sorğulayırsan, özün özündən hesab istəyirsən. Və başqalarının cavab verməli olduğu sualları cavablandırmaq kimi bir məsuliyyətlə üz-üzə qalırsan. Ki bu heç də asan iş deyil. Nəyinki ədalətli.

Məsələn, müharibə. Müharibədə ölüm ən adi haldır. Hansısa uzaq dağ kəndindən hərbi qulluğa çağrılmış bir əsgər silahı nə üçün günahsız adamlara tərəf tuşladığını bilmir. O, sadəcə əmri eşidir. O, sadəcə öldürməlidir. Həm silahının tuşlandırıldığı adamları, həm də içində özünə tabe edə bilmədiyi özünü.

***

...uşaqlar nizamla addımlayır, bəzisi qorxusunu, bəzisi isə, az qala, varlığını gizlətməyə çalışırdı. Əslində, düşərgədə qaldıqları bu bir neçə gün ərzində leytenant G.M-in göstərişi ilə onlara qarşı ən yumşaq davranış şəkli tətbiq olunmuşdu.

Bəziləri hətta düşərgəni özləri üçün sığınacaq hesab eləməyə başlamışdı. Amma, istənilən halda, bu cür "səyahət” onların uşaq ağlını təşvişə salmaya bilməzdi. Arxalarında onları addım-addım izləyən əsgərlərin öz "əcəl”ləri olmasından xəbərsiz olsalar belə, bu, onları qorxudurdu.

Düşərgədən, təxminən, 800 metr uzaqlaşmışdılar. Artıq irəlidəki sıx meşəlik görünməkdə idi.

Meşənin önündə dərin xəndəklər qazılmışdı. Xəndəklərin yan tərəfində yamaca bənzər təpəciklər vardı. Təpəciklərin üstünə isə daş və torpaqla doldudurulmuş kisələr düzülmüşdü. Bu, olası hər hansısa bir hücuma qarşı idi.

Leytenant G.M uşaqlardan arxada fikirli-fikirli addımlayır, arabir ölü nəzərlərlə uşaqlara baxır, onların içlərində hiss elədiyi qorxunu, özündə hiss edirdi.

Uşaqlığını xatırladı. ...atası ilə oyuncaq silahla "dava-dava” oyununu. ...atasını "öldürdüyünü”... Özünü bir anlıq onların yerində təsəvvür eləmək istədi. Günahsız bir ölümə məhkum şəkildə. Bacarmadı. Qorxdu.

Baş çavuş H.B-nin "dur” komandası onu ayıltdı.

Addımlarının sürətini artırıb, uşaqların önünə keçdi.

"Flyaqa”sından su içib, boğazını arıtladı. Həyəcanlı olduğu səsindən hiss olunurdu:

- uşaqlar, indi burdan hərbi təyyarələr keçəcək, təhlükəsizliyiniz üçün yerə uzanın və əllərinizlə qulaqlarınızı mümkün qədər möhkəm sıxın...

Leytenant G.M onların gözünə baxa-baxa əmr verə bilməyəcəyini artıq dəqiqləşdirmişdi.

Uşaqlar xəndəklərin ətrafında sıra ilə yamac boyu yerə uzandılar. Yarı qorxu, yarı həyəcan içində bir-birlərinə baxır, öz vəziyyətlərinin doğru olub-olmadığı ilə maraqlanırdılar. Elə bu vaxt onlardan fiziki cəhətdən ən zəifi yerdə uzanıqlı şəkildə geri çevrilib, leytenanta səsləndi:

- əmi, gör mən düz uzanmışam?

Bu sual ətrafdakı hər şeyi bir an içində sükuta boğdu.

Leytenant G.M bədənində qəribə istilik hiss eləməyə başladı. Elə bil birdən-birə bütün bədən temperaturu yüksəldi. Udqunmaq istədi, məktub gələndən bu yana yaşadıqlarını, içindəki çək-çevirləri udmaq istədi. Bacarmadı. Boğazı o qədər qurumuşdu ki, nəfəs almaqda belə çətinlik çəkirdi.

Əsgərlər əmrə hazır şəkildə gözləsələr də, onların da duruşunda qəribə hərəkətlilik hiss olundu. Sual onlardan da yan ötməmişdi. Hamı tərəddüd içində bir-birinə baxır, elə bil, özlərindən utanırdılar. Uşaq isə heç nə olmamış kimi cavab gözləyirdi. Sükutu çavuş pozdu:

- hə... yaxşıdı, balaca...

Keçən bu bir neçə saniyə ərzində leytenant G.M artıq qərarını vermişdi. Üzündəki kədər çarəsizlik şəkli qərarın yalnız özünə ziyan verəcəyini göstərirdi. Belə də oldu.

Ağır-ağır baş çavuş H.B-yə sarı döndü. Bu çarəsiz vəziyyət qarşısında o da eləcə donub qalmışdı. Leytenant G.M əlləri əsə-əsə "Luger PO8” tapancasını çıxarıb, başına dayadı. Bunu görən baş çavuş H.B təşviş və qorxu içində qışqırdı:

- yoldaş, Leytenant!

Leytenant isə gözündəki kədər və qəzəblə birlikdə verdiyi qərarın dadını çıxarmaqda idi:

- yoldaş çavuş, onlara deyərsən ki… onlara deyərsən ki, müharibə uşaqlar üçün həmişə haqsızdır...

Çavuşun yerindən sıçrayıb, müdaxilə etmək istəməsi ilə atəşin açılması bir oldu.

…uşaqlar qorxu içində çığırışır, əsgərlər nə edəcəyini bilmir, çavuş isə əlləri başında dizi üstə çöküb qalmışdı...

# 5086 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #