Gənc rejissor: “İncəsənət Universitetində elə bilirlər Fellini makarondur” - SÖHBƏT

<span style="color:red;">Gənc rejissor:  “İncəsənət Universitetində elə bilirlər Fellini makarondur” - <span style="color:red;">SÖHBƏT
6 oktyabr 2017
# 14:05

Kulis.az Sevda Sultanovanın kinoman, rejissor İlqar Quliyevlə söhbətini təqdim edir.

- İlqar, kinodan elə sevgiylə, coşquyla danışırsan ki... Kinoya sevgin hardandır?

- Heç bu barədə düşünməmişəm. Bizdə kinoman çoxdur, deməzdim ki, mən ən yaxşısıyam.

- İzlədiyim, tanıdığım kinomanlar var, çoxunda dərs vermək iddiası hiss edirəm. Bu, səndə yoxdur.

- Özümü tanıyandan kino xəstəsi olmuşam. Dostlarım kompüter zallarında oyun oynayanda, mən sadəcə filmə tamaşa etməyi xoşlayırdım. Anam pul verirdi ki, sən də oyna. Mən də o pulları yığıb video-kasetlər alırdım.

- Hansı filmləri?

- 1980-90-cı illər nəslindənəm. O vaxt Arnold Şvartsenegger, Stallone dəb idi. Onların, Lui de Fünesin oynadığı filmləri alırdım. Amma ciddi kinoyla tanışlığım qardaşımın sayəsində baş verib. Bir dəfə işə gedəndə pul verdi ki, vaxtım yoxdur, Mərkəzi Univermağa gedərsən, kaset tapşırmışam, alarsan. “Siciliya klanı” adlı film idi, 1969-cu ildə çəkilib. Fransız rejissoru Anri Verneyin filmiydi. O vaxt internet yoxuydu, belə filmlər çətin tapılırdı. Baxdım o filmə və ciddi kinonu kəşf elədim.

- Kinotənqidçi “peşəkar tamaşaçıdır” deyirlər, kinoman kimdir bəs?

- Kinoman kinotənqdiçidən fərqli olaraq öz fikrini yedirtmir ki, filan şey gərək belə olaydı. Kinoman loyaldır. Düzdü kinomanam, amma bu o demək deyil ki, ucdantutma hər filmə baxıram. Populyar filmlər var ki, baxmamışam. Məsələn, “Troya”, “Qırmızı nazik xətt”... Prinsipial olmasa da, hamının baxdığı, haqqında çox danışılan filmlərə baxa bilmirəm. Sanki qayda qoyurlar ki, bu film hitdir və mütləq baxılmalıdır. Bu, məni hardasa qıcıq edir. Xoşlayıram özüm seçim eləyim. Xüsusən də yadda qalmayan, az tanınan filmləri axtarıb üzə çıxarmağı xoşlayıram. Həddən artıq məşhur filmlərə baxmıram.

- Oxucularımıza hansı az tanınan filmləri məsləhət görərdin?

- Məsələn, Klod Leluşun “Taleyin ərköyünlüyü”, Ektor Babenkonun “Pişote”, Roberto Rosselininin “Azadlıq haradadır?”, Jül Dassenin “Kişi dava-dalaşları”, Franko Bruzatinin “Çörək və şokolad”, Semuel Fullerin “Şok dəhlizi”, Dino Rizinin “Qadın ətri”. Al Paçinonun çəkildiyi “Qadın ətri” Dino Rizinin filminin remeykidir. Amma zəif filmdir, italyan versiyasına çata bilməz.

- Filmləri adətən necə tapırsan?

- Criterion Collection adlı şirkət var, Amerikada yerləşir. Bu şirkətin əsas məqsədi bədii cəhətdən əhəmiyyətli filmləri yaymaqdır. Onların diskləri yüksək keyfiyyəti ilə fərqlənir. Araşdırırlar, filmləri tapırlar, ehtiyac varsa öz hesablarına köhnə lentləri bərpa edirlər. Məsələn, Berqmanın “Monika ilə yay” filmini bərpa elədilər, sonra məlum oldu ki, həmin filmə daxil olmayan 20-30 dəqiqəlik hissə var, onu tapıb bərpa etdilər. Çaplinin “Diktator” filminin rəngli versiyasını tapdılar. Bu şirkətin özəlliyi ondadır ki, o filmə aid olan sənədli çəkilişləri, müsahibələri, reportajları da diskə daxil edir. Ona görə, bir film bir necə diskdən ibarət olur. Məhsulları çox bahadır və bir diski 60-70 dollardır. Rusiya istəyirdi ki, müqavilə bağlayıb satışını orda da təşkil eləsin, razı olmadılar. Onların saytında kataloq var, ordan seçirəm filmləri. Ordakı kataloqdan “Yoxolma” adlı film tapdım, 1988-ci ilin filmidir, niderland rejissoru Georg Sleyzer çəkib. Əla təəssürat bağışladı.

- Kolleksiyanda neçə film var?

- 15-20 min. 7-8 min disk, qalanı kasetdir. 1997-ci ildən toplayıram. Amma hamısına baxmamışam. 50 faizinə baxmışam. Əsasən italyan filmləri yaxındır mənə: De Sika, Pazolini, Rosselini...

- Niyə?

- Onların bir komediyası var, “Cinayətkarlar yenə naməlum qaldı” 1959-cu ildə çəkilib, Mario Moniçellinin filmidir. Amerikanın nuar filmlərinə parodiyadır. Komediya janrının içində faciə də, dram da verməyi bacarırlar. Yəni, filmləri birqatlı deyil. İtalyan həyatı material kimi kinoya çox gəlir, bəlkə ona görə. Bir itaıyan filmi var, “Müqəddəs Yanuari əməliyyatı”, onu o vaxt AzTV-nin arxivindən 7 şirvana yazdırmışdım kasetə.

- Dino Rizinin filmi. Mənim də çox sevdiyim filmlərdəndir. Yadıma gəlir, “Retro”da da tez-tez göstəriridilər. Deyəsən, Maykl Ceksonun əsərlərini də yığırsan?

- Mindən çox diski, plastinkası var. Hamısı da orijinaldır, internetlə almışam. Bu kolleksiyanı 2000-ci ildən yığıram. Yaradıcılığını sevirəm, tam bilirəm. O, bir mahnı üzərində 8 il işləyirdi, albomun yox ha. Hər bir səsi seçirdi min səsin içindən, heyrətamiz eşitmə duyumu vardı. Misalçün, bir gün evdə beyninə səs gəlir, bilmir onu necə ifadə etsin. Kisənin içinə sınıq şüşələri doldurub pilləkəndən aşağı buraxıb. Səsi tapıb. Çox perfeksionist idi. Mövcud olmayan səsləri icad edirdi. Ona görə sevirəm. Bir albomu üçün 200 mahnı işləyirdi, amma son nəticədə ora 14-nü salırdı. Öləndən sonra o mahnıları üzə çıxdı, məlum oldu ki, mükəmməl mahnılardır.

- Rəqs də qurmusan onun mahnılarına.

- Həm rəqs qurmuşam, həm də oynamışam. Xobbi kimi, bu sahənin peşəkarı deyiləm. Telekanallarda nümayiş olunub. Dəvətlər alırdım tədbirlərə. Maykl Cekson öləndən sonra marağım da itdi.

- Hər gün film izləyirsən?

- Yaxınlara qədər minumum hər gün bir film izləyirdim. Bir az məişət problemlərimlə bağlı sıx-sıx baxa bilmirəm. Filmi adətən ovqatıma, ya havaya uyğun seçirəm. Buludlu havada Kyeslovskini izləyirəm. O, kinoda mənim üçün ali bir nöqtədir. Günəşli havada italyan komediyalarını, qarda fentezi. Kompüterdə baxmağı sevmirəm. Böyük ekranlı televizorda baxım gərək.

- Təzə filmlərə baxırsan?

- Ceyms Bondun bütün premyeralarına gedirəm. Stress atmaq üçün. Amma ciddi filmlərə kinoteatrda baxa bilmirəm. Ciddi filmə baxanda qapılar örtülür, telefon söndürülür, pəncərələr bağlanır, nəfəs alan da olmasın gərək. Tək baxmalıyam. Bizim kinoteatrlarda hələ mədəniyyət yoxdur. Biri telefonla oynayır, biri popkorn yeyir, biri xırıldayır, biri filmdə hansısa epizoda gülür, söz atır. Belə ortamda baxa bilmirəm. Fikrim yayınır, sapı itirirəm.

- Son illərdə təsirləndiyin hansı film olub?

- “Vəhşi hekayətlər”

- Mənim də sevdiyim filmdir. Hamıya məsləhət görürəm.

- Tamaşaçını nokauta salan gözlənilməz filmdir. İdeal ssenariləri var.

- Sən özün də film çəkirsən.

- İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu fakültəsini bitirmişəm. Təəssüf ki.

- Niyə?

- Biz ora böyük ümidlərlə, xəyallarla daxil olmuşduq. Acı reallığı görəndə ümidlərimiz suya düşdü.

- Neçənci illərdə oxumusan?

- 2006-10. Amma daxil olduğum fakültədə oturmurdum, kinorejissorların dərsində otururdum. İncəsənətdən savayı hər şey keçilirdi, ssenari, yaradıcılıq öyrətmirdilər. Heç inanmıram ki, indi də öyrətsinlər. Hər gün dərsdən çıxandan sonra mənim kimi bir neçə entuziastla filmlərə baxırdıq. Qərara aldım ki, tələbələr üçün seanslar təşkil edək, evdəki disklərimi gətirim. Sadəcə bir otaq versinlər. Mənə buna görə qadağa qoydular ki, olmaz. Çünki sən bunu göstərəcəksən, tələbələr dərsə gələcək, dərsə maraq artacaq, qayıb da olmayacaq, bu, bizə sərf etmir. Məni dəli edən onların bunu bu qədər açıq deməsiydi. Orda müəllimlər var ki, Berqman kimi klassiki tanımır. Bir Fellinini tanıyırlar. Onu da, yəqin elə bilirlər ki, makarondur. İndi bilmirəm orda vəziyyət necədir. Tələbə vardı ki, əsgər getməmək üçün daxil olmuşdu. Təbii ki, entuziastlar vardı.

- Filminin çəkilişləri nə yerdədir?

- Keşən il Kinematoqrafçılar İttifaqının keçirdiyi "Yeni nəfəs–2” qısametrajlı ssenari müsabiqəsində indi çəkdiyim filmin ssenarisinə görə ikinci yeri tutdum.

“Sovetski” mövzusudur. “Sovetski”də doğulub böyümüşəm, 29 il orda yaşamışam. 2013-cü ilin ortalarında xəbər yayıldı ki, söküləcək. Bizim ev mərkəzi küçədə idi. Birinci bizə gəldilər. Mən əlimdə bloknot başladım bir-bir evləri gəzməyə ki, kim ev problemini necə həll etməyə çalışır. Məlumatlar əsasında bu ssenari ortaya gəldi. O ərəfədə nənəm də rəhmətə getdi, onun da ölümünü saldım ssenariyə. Yəni diqqəti çəkən detalları saldım, ələkdən keçirdim, iki nəfərin problemi üzərində qurdum. Həbsdən çıxan bir adamın “Sovetski”dəki evinin sökülməsindən bəhs edir. Final açıqdır. Müsabiqədə dedilər ki, niyə açıq final qoymusan, nə demək istəmisən. İstəyirəm, tamaşaçı düşünsün, cavabı da o versin.

- Bu ilk filmindir?

- Universitetdə tələbə işlərim olub, amma o haqda danışmağa dəyməz. Aktyorlar həvəskardır. Heç vaxt filmə çəkilməyiblər. Onlar daha uyğun gəldi. Prinsipim odur ki, məşhur aktyor olmasın. Məşhur aktyora elə aktyor kimi baxırlar, qəharman kimi yox.

- Maliyyə məsələsini necə həll etdin?

- Büdcəsiz filmdir. “Aranfilm” Yaradıclıq Mərkəzi filmə texniki dəstək verir. Bədii rəhbəri Tahir Tahiroviçə təşəkkür edirəm. Postprodakşn işlərini də onlar həll edəcək.

# 2189 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #